Qonaq Kitabı
TIQ-TIQ XANIM

 

TIQ-TIQ XANIM

 

Gəlin, sizə uşaqlar,

söyləyim bir hekayət.

Dozanqurdu edirdi

yalqızlıqdan şikayət.

Soğan qabıqlarından

bir çadra tikdi, şıq-şıq.

Fındıq qabıqlarından

çarıq geyindi, tıq-tıq.

Ətir vurdu başına,

bəzək verdi özünə;

Qara yaxdı qaşına,

sürmə çəkdi gözünə.

Naz ilə yavaş-yavaş,

yola düzəldi birbaş.

Çöl-çəməni gəzirdi,

axtarırdı bir yoldaş...

Göy təpənin döşündə

oturmuşdu bir çoban.

Dedi: - A dozanqurdu,

hara gedirsən? Dayan!

Dozanqurdu çevirdi

qara, muncuq başını,

Acıqlayıb dayandı,

oynatdı göz-qaşını,

Dedi: - Ehey, ay çoban,

bir yaxşı aç gözünü,

Bax, gör kiməm, anla bir

söylədiyin sözünü!

Mənə eldə-obada

Tıq-tıq xanım deyirlər.

Bir az düşünüb danış,

kobud olma o qədər.

Çoban dedi: - Bağışla,

qurban o şirin dilə.

Tıq-tıq xanım, de görüm,

hara gedirsən belə?

Tıq-tıq xanım oynatdı

qara, muncuq başını,

Gözlərini süzərək,

çatdı qara qaşını,

Dedi: - Çoban, bağışla,

ömürlər çox gödəkdir,

Bu çöllərdə yalqızam,

mənə yoldaş gərəkdir.

Çoban yanaşdı ona,

söylədi: - Ay qaraqaş,

Bu ellərdə tapılmaz

mənim kimi bir yoldaş.

Gəl burda qal dost kimi,

səni tutaram əziz.

Ağzıma bir tikə də

inan, qoymaram sənsiz.

Tıq-tıq xanım söylədi:

- Acıqlandırsam səni,

Doğru söylə, ay çoban,

nəylə döyərsən məni?

Çoban qapdı çomağı,

dedi: - Bununla. Bir bax...

 

Dozanqurdu qorxudan

qaçdı tez ordan uzaq...

Getdi... getdi... Bu dəfə

tülküyə oldu düçar.

Tülkü dedi: - Bir dayan,

dozanqurdu, sözüm var!

Gəlin kimi özünə

vurub yaraşıq, bəzək,

Hara gedirsən belə?

Durma, söylə, a göyçək!

Dozanqurdu çevirdi

qara, muncuq başını,

Acıqlı bir tövr ilə

oynatdı göz-qaşını,

Dedi: - Nə söyləyirsən?

Gözlərini yaxşı sil!

Diqqətlə bax, gör kiməm?

Danışdığın sözü bil!

El bilir, ölkə bilir,

Tıq-tıq xanımdır adım!..

Tülkü dedi: - Ay xanım,

bağışla, tanımadım.

Adını bilməyirdim,

xanım, bağışla məni,

Dilim-ağzım qurusun,

yaman incitdim səni.

Ay Tıq-tıq, şıq-şıq xanım,

hara gedirsən belə?

Gəl bu tülkü lələni

nigaran qoyma, söylə!

Tıq-tıq dedi: - Ay tülkü,

ömürlər çox gödəkdir,

Bu çöllərdə yalqızam,

mənə yoldaş gərəkdir.

Tülkü dadlı dil ilə

söylədi: - Ay qaraqaş,

Bu ellərdə tapılmaz

mənim kimi bir yoldaş.

 -Çox gözəl, bir sözüm var,

durma, başa sal məni

Məni nəylə döyərsən

acıqlandırsam səni?

Tülkü dedi: - Salaram

səni iti dişimə,

Çeynəyərəm, didərəm,

gedərəm öz işimə...

Dozanqurdu bu sözdən

diksinərək, qorxaraq,

Çadrasını yelləyib

qaçdı tez ordan uzaq...

 

Tıq-tıq xanım gedirdi

arxasına baxmadan,

Birdən onun yolunu

əsdi bığlı bir siçan.

Qarşısında şöngədi,

qulağını diklədi.

Şirin-şirin dil açdı,

ona belə söylədi:



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info