Qonaq Kitabı
GÖZƏL BAHAR

Ona görə bizə olmuş bir düşman.

 

(Boranı göstərir).

 

Günəş

Sınayırıq indi onun gücünü,

Biz alarıq gücsüzlərin öcünü.

 

Boran

Səndən qorxan yox, gücünü gəl, sına!

 

Külək

Tülküyə bax, qarşı çıxmış aslana.

 

Boran

Tülkü sənsən, bu Boran pəhləvandır!

Oğlum Ayaz, atam Qış qəhrəmandır.

 

Su

Ay, mərhəba, böyük əslin, nəslin var!

 

Torpaq

Artıq qışın əlində yox ixtiyar.

 

Günəş

O qəhrəman atan söylə bir hanı?

 

Boran

Sən uşaqsan, neylərsən qəhrəmanı?

 

Günəş

Qəhrəmanlıq öyrənməkdir məqsədim.

 

Boran

Çıx meydana, sənə qoy mən öyrədim.

 

Torpaq

Ha... Ha, tamam igid oğlu igiddir.

 

Su

Zalım oğlu barıtdır, ya kibritdir,

Ha... ha... ha... ha...

 

Boran

Əylənməyin mənimlə!

 

Torpaq

Yaxşı oldu, bu yerdə keçdin ələ,

Əlimizdən sənə yoxdur qurtuluş.

 

Günəş

Çıx meydana, ay yapalaq, ay bayquş!

 

Günəş Borana hücum edir. Boran onun üzərinə atılır. Qanad-qanada çarpışırlar. Günəşin alnındakı şəfəq Boranın üzünə düşdükcə Boran bihal olur. Yavaş-yavaş qol-qanadı yanına düşür. Birdən-birə yıxılıb ölür.

 

Günəş

(Küləyə, Buluda).

Siz də gəlin, işə orda baxarıq,

Dostu sevər, düşmanları yaxarıq.

 

Günəş, Torpaq, Su Bulud və Küləyi aralarına alıb çıxarırlar. Uzaqdan musiqi səsi gəlir. bir saniyə sonra Durna, Qırqovul, Turac, Tovuz tar, saz, kamança, dəf çala-çala gəlirlər. Qaranquş Bənövşə ilə, Bülbül Qızılgüllə, Arı Zanbaqla, Kəpənək Qərənfillə qol-qola ayaqlarını, əllərini oynada-oynada gəlib otlu, çiçəkli bir yerdə dayandılar. Hamısı ətrafı şən baxışlarla süzdükdən sonra

 

Bülbül

(çalğıçılara)

Çal, çalğıçı, çal, ruhumuz şənlənsin!

Çal, bu otlu çəmən də bir əylənsin.

Çal ki, bahar çağıdır,

Bu şənlik oynağıdır.

Çal ki, paslı dərdləri

Şaqraq tellər dağıdır.

 

Qızılgül ortalığa atılır, əllərini yoldaşlarına uzadıb oxuyur.

 

Qızılgül

Doğdu günəş qırmızı,

Can, gülüm, can, can!

 

Hamısı əl-ələ halqa vurub oynaya-oynaya oxuyur.

 

Hamı

Doğdu günəş qırmızı,

Can, gülüm, can, can!

 

Topladı oğlan-qızı,

Can, gülüm, can, can!

 

Hər birimiz bir çiçək,

Can, gülüm, can, can!

Bir bağçanın ulduzu,

Can, gülüm, can, can!

 

 

Qaçdı Ayaz, Qar, Boran,

Can, gülüm, can, can!

Bizə qaldı çöl, orman...

Can, gülüm, can, can!

 

El şənlənir, canlanır,

Can, gülüm, can, can!

Sevinc içində hər yan,

Can, gülüm, can, can!

 

Qış bir etdi, on verdik.

Can, gülüm, can, can!

Ölümdən bir don verdik,

Can, gülüm, can, can!

 

Ordusunu dağıtdıq,

Can, gülüm, can, can!

Qara günə son verdik,

Can, gülüm, can, can!

 

Pərdə

 

 

ÜÇÜNCÜ   PƏRDƏ

 

Səhnə baharı təsvir edir. Uzaqda yaşıl dağlar, yarpaqlanmış, çiçəklənmiş ağaclar görünür. Yer üzü lətif otlarla döşənmişdir. Sel şırıltı ilə dərədən axıb gedir. Bənövşə ilə Qaranquş, Bülbüllə Qızılgül, Qərənfillə Kəpənək, Arı ilə Zanbaq, Sünbüllə Bildirçin qol-qola, gülə-gülə, danışa-danışa içəri girirlər. Uzaqdan musiqi səsi gəlir. Hamı o tərəfə baxır. Musiqinin ahənginə uyğun olaraq əl-qol ata-ata o tərəfə gedirlər. Gözəl Bahar, alov rəngində atlazdan don geyinmiş, çiçəklərdən başına bir çələng qoymuşdur. Alnında bir ulduz parıl-parıl yanır. Ətrafında çiçəkləri təsvir edən uşaqlar. İrəlidə Durna, Qırqovul, Qu, Turac, Tovuz əllərində tar, saz, kamança, dəf, zurna-balaban çala-çala gəlirlər. Günəş, Torpaq, Su, Bulud, Külək Gözəl Baharın arxasında, gənc qız və oğlan şəklində əsgərvari yeriyirlər. Dəstə çəməndə dayanır. Çəməni bir tərəfi qalın meşə, bir tərəfi uca, otlu, çiçəkli, meşəli dağlar, dərələrdir. Göydə qövs-qüzeh. Gözəl bahar otlar, çiçəklərlə bəzənmiş bir kötük üstündə oturur. Musiqi başlayır, hamı birağızdan oxuyur.

 

Hamı



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info