QURBANƏLİ BƏY
Xanım girdi içəri və yavaşca Qurbanəli bəyin yanına yavıqlaşıb gördü ki, bərk yuxudadır. Sonra çıxdı eşiyə və aşpaz Əliyə on altı qəpik verib dedi: - Əli, get, iki girvənkə ət al gətir, boşbaş pişir! Əli pulları aldı və dedi: - Baş üstə. Kərbəlayı Qasım və Əli üz qoydular aşpazxanaya tərəf getməyə.
* * * Gün qalxdı, günorta oldu. Kərbəlayı Qasım oturmuşdu tut ağacının dibində və hərdən bir daş götürüb atırdı ağacın başına və tut quşlarını qovurdu və hərdən bir yerə tökülən yetişmiş tutlardan götürüb yeyirdi. Qaravaş da gəldi Kərbəlayı Qasmın yanına və başladı tutları seçib yeməyə. Bir az keçdi xanım da gəldi bunların yanına və başını qalxızıb, bir qədər yetişmiş tutlara baxdı və Kərbəlayı Qasıma dedi ki, çıxsın ağaca, bir az tut silkələyib töksün. Qaravaş evdən bir çarşov gətirdi. Aşpaz Əli də bunların yanına gəldi və dedi: - Siz çarşavı tutun, mən çıxım silkələyim. Əli çıxdı ağaca. Xanım, qaravaş və Kərbəlayı Qasım çarşovu tutdular və Əli ağacın budağının birini tərpətdi və yekə-yekə yetişmiş ağ tutlar töküldü çarşova. Budağa bir-iki təpik vurandan sonra Əli qaxdı bir aaz da yuxarı. Ağacın başından kəndin ətrafı əl içi kimi görünürdü. Bir tərəfdə düzülmüşdülər “Sapıç” dağları, dağların ətəyində “Sapıç” kəndi aşikar görünürdü. Kəndin aşağısında “Əhəmdxan gölü” ağarırdı. Gölün yanında hacı Heydərin dəyirmanı meşəsi daha da açıq görsənirdi. Dəyirmandan “Qapazlı” kəndinə kimi düzülmüşdülər taxta-taxta yaşıl zəmilər, yoncalıqlar və qara şum yerləri. Bax, görürsən, gah burada, gah orada kotanlar və cütlər şum yerləri sürürlər. Həmin tamaşagaha bir qədər nəzər salandan sonra Əlinə gözünə bir belə şey də sataşdı: hacı Heydər dəyirmanının yanında kəndə sarı bir dəstə atlı gəlirdi. Əli əvvəl buna qulaq asmadı və başladı budağın birini silkələməyə. Amma sonra genə diqqət saldı və gördü ki, atlılar kənd əhlinə oxşamırlar. Bunu görüb, Əli üzünü tutdu aşağı və dedi: - Kəblə Qasım, kəndə çoxlu atlı gəlir; amma kəndliyə oxşamırlar. Kərbəlayı Qasım, xanım və qaravaş bir qədər baxdılar bir-birinin üzünə. Xanım dilləndi: - Kəblə Qasım, çıx aşpazxana damına, gör neçə atlıdılar? Kərbəlayı Qasım gedib qalxdı alçaq divara, oradan qalxdı aşpazxana damının üstünə və sağ əlini gözünün üstünə qoyub başladı diqqətlə yola baxmağa. Kəndin yavığında Kərbəlayı Qasımın gözünə əvvəl iki atlı göründü. Bunlar atlarını bərk çapırdılar. Dəxi bunlardan savayı yolda bir şey görünmürdü. Amma bir qədər keçdi, “Mərəzə”nin yanında söyüd ağaclarının dalından bir dəstə atlı çıxdı. Bunların içində naçalnik və pristavların düymələri və xanımların şlyapaları aşkar bilinirdi Kərbəlayı Qasım tez yendi aşağı, qaçıb gəldi xanımın yanına və tövşüyə-tövşüyə dedi: - Xanım, bu gələnlər deyəsən elə dünənki qonaqlardı. – Xanım çarşovun ucunu saldı yerə, gəldi Kərbəlayı Qasıma yavıq və dedi: - Dünənki qonaqların burda nə işləri var? Kərbəlayı Qasım əllərini qoydu bir-birinin üstünə və cavab verdi: - Mən nə bilim, a xanım? Bu heyndə küçədə mərəkə qopdu. İtlərin hürüşməsi, adamların qaçışması, at tappıltısı. Və bir az keçdi, küçə qapısı döyüldü. Xanım qaçdı içəri və pəncərədən içəri baxıb gördü ki, küçə doludur atlılarla; hamısı rus qulluqçuları və rus xanımları. Kərbəlayı Qasım qapıya çıxıb gördü ki, dünən pristavın evindəki qonaqların hamısı gəlib dayanıb qapıya. Xanım tez qaçdı eşiyə və Əlini çağırıb dedi: - Get, de ki, ağa evdə deyil. Əli qaçdı küçə qapısına və xanım qaçdı evə. Qurbanəli bəyi oyatdı. Bəy “a... a...” eləyib çöndü o biri səmtə, arvadı dedi: - A kişi, dur, dünənki qonaqlar gəliblər bizə. Qurbanəli bəy genə “a... a...” eləyib gözlərini açdı və arvadına dedi: - Cəhənnəm ol! – və genə gözlərini yumdu. Arvadı genə dedi. Qurbanəli bəy göxlərini açıb, qalxdı oturdu və soruşdu: - Nə deyirsən? Arvadı sözünü bir də dedi. Bəy dik qalxdı ayağa, bir şey fikir elədi, qaçdı otağın o tərəfinə-bu tərəfinə, arvadına dedi: - Qoy desinlər ağa evdə deyil. Arvadı genə qaçdı eşiyə və bəy mələfəni götürüb çarşav kimi saldı başına, çıxdı həyətə, qaçıb soxuldu tövləyə və girdi atın axuruna. Nökərlər qonaqlara dedilər: - Ağa evdə deyil. Naçalnik bu cavabı eşidib təəccüb elədi; habelə qeyri qonaqlar mat qaldılar. Kəndlilər başladılar qonaqların atlarını dolandırmağa. Naçalnik çıxardıb papirosunu yandırdı və nökərlərdən soruşdu: - Bəy hara gedib ki, evdə deyil? – Nökərlər cavab verdilər: - Bilmirik. Naçalnik bir qədər dinməyib genə soruşdu: - Bəs o ki, özgə yerə gedəcəkdi, bizi niyə qonaq çağırdı? Nökərlər cavab verdilər ki: - Bilmirik. Xanımların biri bir stəkan su istədi. Kərbəlayı Qasım qaçdı evdən kasada su gətirdi. Qonaqlar bir qədər bir-birinin üzünə baxıb dedilər ki: - Dəxi niyə dururuq, qayıdaq gedək. Naçalnik də buna razı oldu; amma Kərbəlayı Qasıma üzünü tutub soruşdu: - Bəyin atları tövlədədir? Kərbəlayı Qasım dedi: - Bəli. Bu heyndətövlədə atların biri başladı kişnəməyə. Naçalnik yoldaşlarına belə təklif elədi: - Çox əcəb. Biz bu qədər yolu zəhmətlə gəlmişik; barı heç olmasa bəyin atlarına baxaq, sonra qayıdaq. Yoldaşları razı oldular. Naçalnik genə Kərbəlayı Qasımdan tövləyə getməyə izin istədi. Kərbəlayı Qasım dedi: - Buyurun! Naçalnik, iki pristav, mal həkimi, xanımların ikisivə kazak əfsəri girdilər həyətə və üz qoydular tövləyə tərəf. Qurbanəli bəyin arvadı həyətdə qonaqları görüb, qaçdı soxuldu otağa və qonaqlar girdilər tövləyə. Naçalnik qabaqdakı atı görüb dedi: - Bu helə bəyin dünənki atıdır. Sonra qonaqlar yeridilər içəri və bir kəhər atın yanında dayandılar. Naçalnik atın qabağına keçib Kərbəlayı Qasından soruşdu: - Budurmu bəyin tərifli atı? – Kərbəlayı Qasım dedi: - Bəli. Qonaqlar başladılar atın o tərəfinə-bu tərəfinə dolanmağa. Naçalnik axura tərəf hərəkət eləyib istədi atın ağzına baxsın. Axura yavıqlaşan kimi naçalnik dik atıldı və çığırdı: - Ax, çort vozmi! Axurun içində guya kəfənə bürünmüş bir çey naçalnikin gözünə sataşdı. Naçalnik yanındakı pristavın əlindən yapışıb yavaşca yeridi axurun yanına və diqqət eləyib gördü ki, axurdakı Qurbanəli bəy özüdü. Bunu görcək naçalnik çəpik çalıb, qəh-qəh çəkib güldü və dedi: - A... a... a... rəfiq, sən burda imişsən!!.. Qonaqlar da bir-bir gəlib bəyə diqqət ilə baxdılar və çəkilib durdular kənarda. Qurbanəli bəy yerindən heç tərpəşmədi. Qonaqlar çıxdılar küçəyə, atları mindilər və üz qoydular getməyə.
|