QURBANƏLİ BƏY
Hava qaraldıqdan sonra pristavın otaqlarında çıraqları yandırdılar və qonaqlar məşğul oldular kart oynamağa. Saat on bir də qonaqları genə dəvət elədilər xörəl otağına və genə ağalar və xanımlar xörək stolunun ətrafına düzülüb başladılar şam eləməyə. Naçalnik cücənin ətindən bir-iki tikə yeyəndən sonra götürdü çaxır butulkasını və başladı əvvəl öz stəkanını, sonra qonşularının stəkanını doldurmağa və sonra ayağa durub stəkanı uzatdı pristavın arvadına tərəf və dedi: - Bu gün bizim buraya yığışıb belə ləzzətlə vaxt keçirməyimizə siz səbəb olubsunuz. Buna cəhət mən bu stəkanı içirəm sizin sağlığınıza. Bu sözləri deyib, naçalnik stəkanı vurdu xanımın stəkanına və çaxırı içib oturdu. Yavuqda oturanqonaqlar da stəkanlarını uzadıb xanımın stəkanı ilə çaqqıldatdılar və içdilər. Qurbanəli bəy də yerindən qalxıb, dolu stəkanını götürüb vurdu xanımın stəkanına və xanımın başının üstündə durub dedi: - Mən özüm bugün xoşbəxt hesab eləyirəm ki, bu məclisdə varam. Allah sənin ərin Mixail Pavloviçi bizim mahaldan uzaq eləmisən. Ondan ötrü ki, çünki nə qədər ki, Mixail Pavloviç bizim mahalda deyildi, bizim kəndlilər də bədbəxt idilər, mən də bədbəxt idim. Ondan ötrü ki, bilmirəm nədəndirsə keçən pristavları mən o qədər istəməzdim ki, Mixail Pavloviçi istəyirəm. Amma beş-on il bundan irəli burda bir pristav vardı; çox lotu oğlan idi. Mənə bir tula bağışlamışdı. Allah onu da sağ eləsin, səni də sağ eləsin, hamımızı sağ eləsin. İçirəm mən sənin sağlığına, a xanım, urra! Bu sözləri deyəndən sonra Qurbanəli bəy çaxırı çəkdi başına və içəndən sonra stəkanı çöndərib ağzı yerə tərəf tutdu ki, görsünlər stəkanda bir qətrə də şaxır qalmayıb və keçib oturdu yerində. Bir qədər keçəndən sonra pristavın arvadı götürdü çaxırı və naçalnikin stəkanını, öz fincanını və qonşularının stəkanlarını doldurub üzünü naçalnikə tutdu və dedi: - Mən özümü borclu hesab edirəm sizdən razılıq eləməyə ki, bu uzun yolu zəhmətlə buraya gəlib məni sərəfraz buyurursunuz. Sözlərini deyəndən sonra xanım fincanını tutdu dodaqlarının qabağına. Qonaqlar da stəkanlarını uzadıb vurdular naçalnikin stəkanına. Qurbanəli bəy yerindən qalxıb, əlində dolu stəkan gəlib durdu naçalnikin yanında və dedi: - Naçalnik ağa, içirəm mən bu stəkanı sizin sağlığınıza. Allah da buna şahiddir ki, nə qədər bizim vilayətə naçalniklər gəlib dedib, mən onların heç birini o qədər istəməmişəm. Naçalnik ağa, sən bizim başımızın sahibisən. Nə qədər ki, bizim mahalda camaat var, onlar hamısı sənin yolunda başlarından keçərlər. Mən özüm sənin yolunda oda girərəm. Qurban sənə mənim canım. Nə qədər ki, mən sağam nökərəm sənə. İçirəm mən bu stəkanı naçalnik ağanın sağlığına. Urra! Bu sözləri deyən kimi Qurbanəli bəy stəkanı çəkdi başına, stəkanın ağzını çöndərdi yerə, guya bir qətrə də qalmadı; sonra gedib oturdu yerində. Qonaqlar genə məşğul oldular yeməyə. Bir qədər keçəndən sonra xanımın əri pristav götürdü çaxır şüşəsini, əvvəl öz stəkanını doldurdu, sonra qonşularının stəkanını doldurdu və sonra ayağa durub dedi: - Ağalar və xanımlar! Məlumdur ki, bir düşmən istəyə bizim üstümüzə hücum çəkə, bizi saxlayan qonşularımız olacaq. Buna cəhət mən içirəm bu stəkanı bizim qonşularımızın əfsəri Nikolay Vasilyeviçin və onun xanımı Anna İvanovnanın sağlığına. Pristav bu sözləri deyib stəkanı uzatdı bir əfsərə və onun yanında oturan arvada tərəf. Qonaqlar da habelə stəkanlarını çaqqıldadıb içdilər. Qurbanəli bəy də ayağa durub dolu stəkanını uzatdı əfsərə və arvadına tərəf dedi: - Ay əfsər ağa, ay xanım, mən içirəm sizin sağlığınıza. Allah sizin kölgənizi bizim başımızın üstündən əskik eləməsin. Allah düşmən qabağında sizin qılıncınızı kəskin eləsin. Yəni mən bu sözləri ondan ötrü demirəm ki, düşməndən qorxuram. Hansı düşmən cürət eləyib mənim qabağıma çıxa bilər! Bu xəncəli mən soxaram onun qarnına! Mən heç düşməndən qorxmuram. Sizin dövlətinizdən mən heç bir kəsdən qorxmuram. Nə qədər canım sağdır, mən nökərəm sənin xanımına. Sağ olsun Anna xanım, urra!.. Bəy çaxırı çəkdi başına. Bu qayda ilə ağaların və xanımların bir-bir sağlığına içdilər. Hər dəfə Qurbanəli bəy dururdu ayağa, hərənin barəsində bir nitq söyləyir, bir dolu stəkan içirdi və otururdu. Yavaş-yavaş çaxırın buxarı qalxdı bəyin başına və lap axırda bəy bərk kefləndi. Qonaqların hamısının sağlığına içəndən sonra qonaqlar başladılar Qurbanəli bəyin sağlığına içməyə. Xanımlar bir-bir stəkanlarını uzadıb vurdular bəyin stəkanına. Qurbanəli bəy şadlığından az qaldı özündən getsin. Qonaqların hamısı bəyin sağlığına içəndən sonra bəy stəkanı yuxarı qalxızıb dedi: - Ağalar və xanımlar! Siz ki, mənim sağlığıma içdiniz, qurban olsun sizə mənim canım. Mən ölənə kimi bu günü yadımdan çıxarmanam. Amma, ağalar, mənim sizdən bir xahişim var. Mən ölüm, mənim sözümü yerə salmayın. Mən sizin hamınızı sabah öz evimə qonaq təklif eləyirəm. Vallah, billah, atamın goru haqqı, mən bilmirəm necə sizin xəcalətinizdən çıxım?! Mən lap əriyib yerə girirəm ki, bu qədər xanım mənim sağlığıma içsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığıma içsin? Mən bu xanımların ayağının torpağı da ola bilmənəm. Vallah, billah, atamın goru haqqı sabah bizə qonaq gəlməsəniz, mən özümü öldürərəm. Mən istəyirəm sizə qulluq eləyim. Mən istəyirəm sizə nökərçilik eləyim. Sabah bizə gəlməsəniz, mən bu xəncəli soxaram qarnıma. Cənab naçalnik, səndən də çox təvəqqə eləyirəm, ay xanım, səndən də təvəqqə eləyirəm. Anna İvanovna, qurban olsun sənə mənim canım, səndən də təvəqqə eləyirəm. Ağalar, xanımlar! Hamınızdan təvəqqə eləyirəm. Hər kəs gəlməsə, namərddi. Aman dünüdü, özümü öldürərəm! Qurban olsun sizə mənim canım. Sağ olsun xanımlar. Urra!.. Urra!.. Bəy stəkanı çəkdi başına. Naçalnik siğarı damağına salıb, üzünü tutdu pristavın xanımına və dedi: - Gələsən sabah qonaqlığa gedək, Qurbanəli bəyə qonaq olaq? – Xanım baxdı ərinin üzünə və dedi: - Mən çox xoşhallıqla gedərəm. Yaxşı olar. Bəyin arvadını da görərəm. Görərəm necə paltar geyir. Əfsər də arvadından soruşdu: - Gedərsənmi? – Arvadı dedi: - Gedərəm. Qonaqların biri də dedi ki: - Əgər bəy bizə bir yaxşı müsəlman plovu versə, gedərəm. Qurbanəli bəy plov sözünü eşitcək tez qalxdı ayağa və çığırdı: - Necə plov? Atamın goru haqqı, sizə elə bir plov verərəm ki, ömrünüzdə yeməmiş olarsınız. Mənim aşpazım bişirən plovu kim bişirə bilər? İnanmırsınız Kəblə Qasımdan soruşunuz. Hanı Kəblə Qasım, Kəblə Qasım! Qurbanəli bəy başladı ucadan Kərbəlayı Qasımı çağırmağa; guya ki, Kərbəlayı Qasım buradadır. Pristavın nökərlərindən biri içəri girib dedi ki, burada Kərbəlayı Qasım yoxdur. Bəy hirslənib nökərə dedi ki: - Çağırın o axmaq oğlunu gəlsin. Nökər çıxdı getdi və bəy özü də qapıya tərəf yeridi. Pristavın arvadı bəyə dedi ki: - Sən zəhmət çəkmə, nökərlər çağırırlar gələr. Bəy genə başladı plovu tərifləməyə. - Mən siznən mərc gələrəm. Həyə bir yanda elə plov yemiş olsanız, tüpürün mənim üzümə. Qonaqlar güldülər. Naçalnik də gülə-gülə dedi: - A bəy, söz yox ki, evdəki tərifli atını da bizə görsədərsən. Qurbanəli bəy naçalnikə yavıqlaşıb hər iki əllərini qoydu gözünün üstə və dedi: - Bu gözlərim üstə, hansını bəyənsən, peşkəşdi. Lotu lotuyana deyirəm, mən təzvir-məzvir bilmənəm. Hansını xoşlasan, atamın goru haqqı peşkəşdi sənə. Nökər girdi içəri və dedi ki, Kərbəlayı Qasım yatıb. Bəy nökərin üzünə baxıb əvvəl dinmədi və sonra xəncərinin dəstəsindən yapışıb dedi: - Get, o haramzada oğlu haramzadaya de ki, bu saat durub bura gəlməsə, bu xəncəli gedib soxaram onun qarnına! Nökər çıxdı eşiyə. Pristavın arvadı bəyə üzünü tutub dedi: - Niyə bişarə kişini oyadırsan? Nəyə lazımdır? Bəy cavab verdi: - Ay xanım, başına dolanım, necə nəyə lazımdır? Ağzı nədi bu tezliklə yatsın. Qoy gəlsin görək kimin hünəri var mənim aşpazım bişirən plovu bişirsin?! Qonaqlar genə gülüşdülər. Kərbəlayı Qasım şişmiş gözlərini bərəldib, girdi içəri. Ağası genə əlini xəncərin dəstəsinə aparıb dedi: - Kəblə Qasım, mən səni öldürərəm! Qonaqlar genə gülüşdülər. Kərbəlayı Qasım əllərini döşünə qoyub, alçaq səslə dedi: - Niyə, başına dönüm, ağa? Bəy hirsli və uca səslə: - Hələ soruşursan da niyə? Gəl gör bu ağalar nə deyirlər. Mən ha deyirəm ki, bizim Əli bi.irən plovu heç kəs bişirə bilməz, bunlar inanmırlar. Kərbəlayı Qasım alçaq səslə cavab verdi: - Bəli, ağa, Əli yaxşı plov bişirir. Qurbanəli bəy üzünü qonaqlara tutub sevincək və ucadan dedi: - Di, gördünüz? Di, gördünüz? İndi sözünüz nədi? Qonaqların çoxusu cavab verdi: - Doğrudu, doğrudu, inanırıq. Kərbəlayı Qasım çıxdı eşiyə. Yarım saatdan sonra qonaqlar başladılar dağılmağa. Qurbanəli bəy atını və Kərbəlayı Qasım yabısını minib düşdülər yola. Bəy başını saldı aşağı və başladı mürgüləməyə. Hərdən bir yuxudan ayılıb atı saxlayırdı, üzünü çöndərirdi Kərbəlayı Qasıma və deyirdi: - Bu xəncəli soxaram sənin qarnına! Çox vaxt Kərbəlayı Qasım cavab vermirdi və gah vaxt deyirdi: - Niyə, başına dönüm, ağa? Bəy gah vaxt Kərbəlayı Qasıma cavab vermirdi, amma gah vaxt deyirdi: - Kimin hünəri var Əli bişirən plovu bişirsin?! İki saatdan sonra ağa və nökər yetişdilər kəndə. Kəndin içindən üç-dörd köpək hürə-hürə hücum çəkdilər Qurbanəli bəyin üstünə. At hürküb özünü verdi bir tərəfə, az qaldı bəyi salsın yerə. Qurbanəli bəyin börkü düşdü yerə və Kərbəlayı Qasım özünü atdan salıb ağasının börkünü qalxızıb verdi bəyə. Qurbanəli bəy xəncərini sıyırıb, atını sürdü itlərin üstünə. İtlər başladılar qaçışmağa. Yekə imarətin darvazasının qabağında atlar dayandılar. Kərbəlayı Qasım yerdən bir daş götürüb başladı qapını döyməyə. Yekəpapaq bir kişi qapını açdı və Qurbanəli bəyin yanına qaçıb yapışdı atın cilovundan. Qurbanəli bəy hələ atdan yenməyib, xəncərin tiyəsini qalxızdı kişinin üstünə və dedi: - Əli, bu xəncəli soxaram qarnına! Nökəri cavab verdi: - İxtiyar sənindi, ağa! Sonra bəy atdan yenib girdi həyətə və pilləkəni qalxıb girdi otağa. Bəyin qaravaşı bir qoca arvad çıxdı ağasının qabağına və dedi: - Ay ağa, nə gec gəldin? Xanım səndən ötrü çox niyaran oldu. Bəy xəncərin tiyəsini arvada göstərib dedi: - Gülpəri, bu xəncəli soxaram sənin qarnına! Arvad dinmədi və çəkildi kənara. Bəy o biri otağa girib, gördü ki, arvadı paltarlarını soyunmamış dayanıb yastığa və yuxulayıb. Əvvəl gedib durdu arvadının yanında. O, xəncərin tiyəsini arvadının üstünə qalxızıb dedi: - Bu xəncəli soxaram sənin qarnına! Arvad ayılmadı. Qurbanəli bəy dəxi dinmədi və xəncəri atdı yerə. Sonra börkünü çıxarıb atdı bir səmtə və başladı soyunmağa. Paltarlarını və çəkmələrini çıxarıb hirslə hərəsini atdı bir yana, bir az su içdi və uzandı yerinə. Bəyi yuxu tutdu. Qurbanəli bəyin arvadı sübh vaxtı ayılıb gördü ki, əri gəlib yatıb; yavaşca paltarını geyib çıxdı eşiyə. Qaravaş süpürgə ilə həyəti süpürürdü. Kərbəlayı Qasım əlində xəlbir tövlənin qabağında durub, arpa təmizləyirdi ki, aparıb versin atlara. Aşpaz Əli aşpazxananın qapısının yanında əlində xəkəndaz samavara kömür salırdı. Həyətin bir tərəfində toyuq-cücələr dən yeyirdilər və sərçələr hərdən bir dəstə ilə toyuq-cücələrin yanına yenib başlayırdılar dənlərdən yeməyə; amma bir səs eşitcək genə dəstə ilə qalxırdılar tut ağacına. Qaravaş xanımı görcək əlində süpürgə getdi xanımın yanına, salam verdi. Xanım gözlərini ova-ova soruşdu ki, bəy nə vaxt gəlib yatdı? Qaravaş cavab verdi ki, gecədən çox keçmişdi ki, gəldi. Xanım Kərəblayı Qasımı çağırdı. Kərbəlayı Qasım tövlədən çıxıb tez gəldi və baş yendirib durdu xanımın qabağında. Xanım Kərbəlayı Qasımdan soruşdu ki: - Niyə belə gec gəldiniz? – Kərbəlayı Qasım cavab verdi: - Qonaqlıq çox uzun çəkdi, onun üçün gec gəldik. – Xanım genə soruşdu: - Pristavın qonağı çox idimi? – Kərbəlayı cavab verdi: - Bəli, xanım, çox idi. – Xanım soruşdu: - Kim idilər qonaqlar? – Kərbəlayı Qasım cavab verdi: - Ay xanım, nə bilim, bir çoxlu böyük adamlar idi. Çoxlu xanım idi. Naçalnik özü də orada idi. Çox adam vardı. – Xanım genə soruşdu: - Kəblə Qasım, xanımlar da elə kişilərnən bir yerdə oturmuşdular, ya ayrı oturmuşdular? – Kərbəlayı Qasım cavab verdi: - Yox, elə hamısı qarışmışdı bir-birinə. Qaravaş bu sözləri eşitcək öz-özünə dedi: - Bıy, aman allah! Xanım oturdu pilləkənin pilləsinin üstündə, Kərbəlayı Qasımı bir az yavığa çağırdı və dedi: - Sən allah, Kəblə Qasım, nağıl elə görək qonaqlıq necə keçdi, qonaqlara nə verdilər, ağan nə qayırırdı, kimnən danışırdı, nə danışırdı? Sən allah, Kəblə Qasım hamısını nağıl elə. Kərbəlayı çuxasının ətəyini qalxızıb ağzının və burnunun suyunu sildi. Tövlədən atlar başladılar bir-birinin üstünə çığırışmağa və Kərbəlayı Qasım üzünü tövləyə tərəf tutub çığırdı: - Buna bax ha! – Xanım genə Kərbəlayı Qasıma dedi: - Sən allah, Kəblə Qasım, nağıl elə, görək. Kərbəlayı Qasım cavab verdi: - A xanım, dəxi nə deyim? Çox qonaq vardı. Nəçəlnik də orda idi. Xanım genə Kərbəlayı Qasımdan soruşdu: - Kəblə Qasım, urus arvadları bə kişilərnən nə danışırdılar? – Kərbəlayı Qasım cavab verdi: - Xanım, mən nə bilim ki, nə danışırdılar? Mən onların axı dilini bilmirəm ki? Xanım genə soruşdu: - Kəblə Qasım, doğrusunu de görək, ağan da urus arvadlarıynan danışırdımı? Kərbəlayı Qasım genə üzünü tövləyə tutub, şığırdı atların üstünə və xanıma cavab verdi: - Ağam urus arvadlarıynan az danışdı; amma nəçəlniknən çox danışdı. Aşpaz Əli samavarı gətirdi və çıxarıb qoydu pilləkənin üstə. Qaravaş süpürgəni dayadı divara, qalxdı pilləkənin üstünə və samavarı qalxızıb apardı evə. Aşpaz Əli yenib durdu xanımın qabağında və soruşdu: - Xanım, du gün nə bişirim? Xanım qaravaşı çağırıb dedi: - Bə Qurbanəli bəy gecə demədi ki, nə bişirək? Qaravaş əlində çay qabı xanımın yanına gəlib cavab verdi: - Gecə ağa elə hirsli idi ki, hələ məni istəyirdi öldürsün. – Xanım təəccüb elədi və dedi: - Yaxşı, yaxşı, elə danışma! Dəli olmamısan ki! - Vallah, a xanım, ağam evə girən kimi xəncəlini çıxartdı və mənə dedi: “xəncəlnən səni öldürərəm!” Xanəm bir qədər dinmədi və üzünü tutdu Kərbəlayı Qasıma: - Kəblə Qasım, ağan niyə hirslənmişdi? Kərbəlayı Qasım cavab verdi: - Ağam heç zada hirslənməmişdi. Ancaq kəndə yetişəndə köpək oğlunun itləri töküldülər üstümüzə və atlarımızı hürkütdülər. Xanım durdu ayağa və dedi: - Kəblə Qasım, yəqin ağan genə keflənmişdi. – Kərbəlayı Qasım cavab verdi: - Xeyr, keflənməmişdi.
|