Qonaq Kitabı
DİBDAT BƏY

M e h d i   b ə y. Yox, yox, mən razı deyiləm. Doktoru yoldan eləməyin. Nağı bəy ölər, cavabdeh biz olarıq.

R ü s t ə m   b ə y. Mehdi bəy doğru deyir, qoy Azad bəy gedib naxoşuna baxsın, sonra gəlib bizimlə səhərə kimi kef edər.

A z a d   b ə y. Mən özüm Zeynal bəyin qonaqlığından gəlirəm. Orada məni buraxmırdılar. Söz verdim ki, Nağı bəyə baxıb qayıdaram. Səfdərqulu bəy, doğrudan da, bu nə qonaqlıqdır? Hələ orada Zeynal bəyi padşahlıq dumasına vəkil seçmək münasibəti ilə şampanski içib ura-ura qışqırırlar. Buradakı ura-ura kim üçündür?

S ə f d ə r q u l u   b ə y. Qospoda, bu nə deyir? Vot tebe na! Mənəm deputat, yoxsa Zeynaldır?

V ə l i   b ə y. Həkim səhv edir, vəkil sənsən.

R ü s t ə m   b ə y. A pir olmuş, azarlı orada can verir. Sən burada bizə leksiya oxuyursan.

M e h d i   b ə y. Azad bəy, Rüstəm bəy doğru deyir, yolunla düz gedə bilmirsən? Sənə nə borcdur ki, burada nə qayırırıq.

A z a d   b ə y. A lotular, bu nə kələkdir? Nə üçün kişini aldadırsınız?

M e h d i   b ə y. Rica edirik ki, bizlə Səfdərqulu bəyin arasına girməyəsiniz, vəssalam.

A z a d   b ə y. Mən də sizdən rica edirəm ki, sabah Səfdərqulu bəy həqiqəti bilib baş-gözünüzü əzdikdə, mən həkimin üstə yüyürməyəsiniz, vəssalam. (Çıxır.)

S ə f d ə r q u l u   b ə y. Qospada, bu nə işdir? Vot tebe na!

M ə ş ə d i   S ə m ə d. Səfdərqulu bəy, əslinə baxsan bizim işimizin hamısı vot tebe nadır.

 

Gülüşürlər.

 

M e h d i   b ə y. Dostum, diqqətlə mənə qulaq asmağını rica edirəm. Əgər mən deyən fikrə şərik olmasan, Azad bəy buyurduğu kimi, qol-qabırğamızı qır. İndi qulaq as, Zeynal bəy və qeyri bəyin bu işə girişməkdə məqsədi nədir? Məncə bircə şeydir: ona dibdat bəy desinlər, vəssalam. Madam ki, iş belədir, mən öz tərəfimdən və bu dostlarım tərəfindən sənə söz verirəm ki, elə bir tədbir görüm ki, bu dibdat bəy ləqəbi sən ölənə kimi, xeyr, yüz illərcə, daha doğrusu, min illərcə üstündə qalsın. Şübhə edirsən? Qospada, bu 52 vərəqdən düzəlmiş kart nə vaxt məhv olacaqdır?

R ü s t ə m   b ə y. Bütün bəşəriyyət məhv olanda.

M e h d i   b ə y. Doğru.

V ə l i   b ə y. Kart, bəşəriyyət, dibdat bəy... anlamıram.

M ə ş ə d i   S ə m ə d. Sən anlamırsansa, mən çox gözəl anlayıram. Mehdi bəy, dalını söylə.

M e h d i   b ə y. Qospada, bu andan bizim aramızdan valetsaldat ləfzləri götürülür...

M ə ş ə d i   S ə m ə d. Yerinə bir dibdat bəy qonur.

R ü s t ə m   b ə y. Bravo!

V ə l i   b ə y. A... indi başa düşdüm. Məncə şahın yerinə dibdat bəy qoyaq.

M e h d i   b ə y. Xeyr, xeyr, şahların yerləri möhkəm deyil. Saldat hər zaman olacaqdır.

S a ş a   b ə y. Səfdərqulu bəy, sənin kela, o qarlı, şaxtalı Peterburqda nə işin var?

V ə l i   b ə y. Bundan əlavə padşahlıq dumasının vəkili olmaq çox xatalı işdir.

R ü s t ə m   b ə y. Doğrudur, birdən artıq-əskik söz söylədin, bəlaya düşdün. Zarafat deyil, həmişə vəzirlər qabağında, bəzən padşah hüzurunda danışacaqsan.

M e h d i   b ə y. Ağızdır, bir xatalı söz buraxdı, içindən qəmbərqulu çıxdı.

M ə ş ə d i   S ə m ə d. Biriniz soyuqdan dəm vurursunuz, o biriniz danışıq qorxusundan, lakin heç biriniz əsli mətləbə yaxın düşmürsünüz. Səfdərqulu bəy bir gün plovsuz olmaz. Hələ bunun turşulu qovurması, dolması var.

V ə l i   b ə y. Küftəsi var.

R ü s t ə m   b ə y. Dovğası var.

S a ş a   b ə y. Bozbaşı var.

S ə f d ə r q u l u   b ə y. Sizin deməyinizə görə o yekəlikdə şəhərdə bunları bişirən tapılmayacaqdır?

 

Gülüşürlər.

 

M e h d i   b ə y. Gəlsənə aşpaz Qolubyakin sənə bir piti də qoysun. Ya şam kababı da bişirsin?!

S ə f d ə r q u l u   b ə y. Zakaz verərəm, bişirər. Vot tebe na.

M e h d i   b ə y. O da sənə dəyər: mən qovurmaçı Cəbi deyiləm, vot tebe na.

 

Gülüşürlər.

 

V ə l i   b ə y. Rusiyada bir bişmiş tapmazsan ki, ona donuz əti qatmasınlar. Canım, Allahın kələm suyu, borşu istəyirsən, içindən sosiska çıxır.

S ə f d ə r q u l u   b ə y. Siz öləsiniz, şoqəribin adını çəkəndə ürəyim bulanır. Nə yaxşı məni secməyiblər. Vsyo k çortu. Vot tebe na. Nəbi, aşpaza de plovu çəksin.

H a m ı. Sağ olsun bizim deputat bəy!

M e h d i   b ə y. Qospada, cümə axşamı bu günkü kefin mabədi bizdədir. Rəhim, Kərim, siz də gələrsiniz.

R ə h i m. Mehdi bəy, mən də sizə söz verirəm ki, ona kimi bir rəng icad edim, orada çalaram, xoşunuza gəlsə, adını "Rəngi-dibdat bəy" qoyarıq.

R ü s t ə m   b ə y. Ay sağ ol!

K ə r i m. Mən də bir təsnif düzəldərəm, oxuyaram. Bəyənsəniz, adını "Təsnifi-dibdat bəy" qoyarıq.

M e h d i   b ə y. Dostum, eşidirsənmi, daha sənin üçün ölüm yoxdur. Zeynal bəy müvəqqəti deputat bəydir, sən isə dünya durunca... Sağ olsun Səfdərqulu bəy!

H a m ı. Sağ olsun Səfdərqulu bəy! Ura...

N ə b i. Ağa, süfrə hazırdır.

S ə f d ə r q u l u   b ə y. Qospada, süfrəyə buyurunuz.

 

Rəhim çalır, Kərim qaval vurur, hamı yemək otağına keçir.

 

P ə r d ə

 



[1] Kifayətlənmək



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info