Qonaq Kitabı
DİBDAT BƏY

S ə f d ə r q u l u   b ə y. Ay gədə, nə deyirsən? Vot tebe na. İndicə səsləri gəlirdi. Qumar oynayırdılar.

N ə b i. Ağa, bəlkə, yuxunda görmüsən?

S ə f d ə r q u l u   b ə y. Ay gədə, nə deyirsən? Vot tebe na. Başına at təpibdir nədir? İndicə buradan Vəli bəyin, Mehdi bəyin səsləri gəlirdi. Piyan saldat kimi, vot tebe na, evə gəlib gedəndən də xəbərin yoxdur. O biri otağa bax. Gör oradadırlarmı?

N ə b i. Bu saat oradan gəlirəm, heç kəs yoxdur.

S ə f d ə r q u l u   b ə y. Allahü əkbər, vot tebe na. Ay gədə, mən dəli olmamışam ki, indicə bu qulaqlarımla eşitdim ki, vot tebe na, Vəli bəy Mehdi bəyə deyirdi ki, kartını açmasan getmərəm.

N ə b i. Ağa, and içkinən ki, sənə acığım tutmayacaq, düzunü deyim.

S ə f d ə r q u l u   b ə y. Yaxşı, acığım tutmaz, de görüm.

N ə b i. Xeyr, Mələknisa xanımın goruna and iç, deyim.

S ə f d ə r q u l u   b ə y. And olsun Mələknisa xanımın goruna. Vot tebe na! Acığım tutmaz. İndi de.

N ə b i. Ağa, özün buyurmuşdun ki, məni tez oyat, axşama qonaqlarım var, gərək bazarlıq edəm. Mən də nə qədər çağırdım, qışqırdım, oyanmadın. Axırda naəlac qalıb Cəbi və Ovanes ilə bəylərin qumar oynamaq təqlidini çıxartdım ki, bəlkə onların səslərinə oyanasan. Düzü budur.

S ə f d ə r q u l u   b ə y. Ha-ha-ha... Ay gədə, Nəbi, sən nə lotusan. Bəs Cəbi, Ovanes hanı?

N ə b i. Ağa, onlar səsini eşitcək qorxub bayıra qaçdılar.

S ə f d ə r q u l u   b ə y. Çağır buraya gəlsinlər.

N ə b i (qapını açıb çağırır.) Cəbi, Ovanes, buraya gəlin, ağa çağırır.

 

Cəbi və Ovanes daxil olurlar, baş eyirlər.

 

S ə f d ə r q u l u   b ə y. Adə, siz nə bicsiniz, indi də bizim təqlidimizi çıxardırsınız? Vot tebe na. Cəbi, de görüm Mehdi bəy nə tövr karta gedir?

C ə b i (səsini dəyişdirir.) Doqquzluq napi pee... Yenə üzə düşdü. Atanti.

S ə f d ə r q u l u   b ə y. Ha-ha-ha... Siz öləsiniz lap Mehdi bəyin özüdür. Adə, Ovanes, sən de görüm, Saşa bəy nə tövr oynayır?

O v a n e s. Altılıq uqol, xalına da üç manat.

S ə f d ə r q u l u   b ə y. Ha-ha-ha... (Barmağı ilə qorxudur.) Əlbət Saşa bəyi, vot tebe na, görərəm. Bəs sizdən kim uddu?

C ə b i. Ağa, pulumuz haradaydı ki, puldan oynayaq.

S ə f d ə r q u l u   b ə y (onlara pul paylayır.) Ala, bu sənin, bu sənin, bu da sənin. (hərəsinə bir manat verir.)

Ü ç ü d ə. Sağ olsun Səfdərqulu ağa!

S ə f d ə r q u l u   b ə y. Bu gün məni seçsələr, hərənizə bir xələt verəcəyəm.

C ə b i. Ağa, sizdən artıq kim var ki, onu seçələr.

N ə b i. Bu doğrudur, bizim ölkədə ikinci Səfdərqulu ağa tapılmaz.

O v a n e s. Ağa, çox sağ ol, kela allah sizi bizim üstümüzdən əskik etməsin.

C ə b i. Ağa, izin ver gedək.

S ə f d ə r q u l u   b ə y. Yaxşı, gedin.

C ə b i və O v a n e s baş endirib çıxırlar.

S ə f d ə r q u l u   b ə y. Nəbi, biz də gedək, bəylər üçün içkidən-zaddan alım, gətir. Aşpazın hər şeyi hazırdırmı?

N ə b i. Bəli. Səfdərqulu bəy. Onda gedək.

 

Çıxırlar.

 

P ə r d ə

 

 

İKİNCİ ŞƏKİL

 

Birinci pərdənin səhnəsi. Pərdə qalxdıqda Səfdərqulu bəy görünür.

 

S ə f d ə r q u l u   b ə y. (saata baxır.) İndi seçki gərək qurtara. Nəbi! Nəbi!..

 

Nəbi daxil olur.

 

N ə b i. Nə buyurursan, ağa?

S ə f d ə r q u l u   b ə y. Ədə, oxuyan-çalanlara xəbər vermisənmi?

N ə b i. Bəli, vermişəm.

S ə f d ə r q u l u   b ə y. Bəs niyə gəlməmişlər? Bu saat bəylər gələcəklər, vot tebe na. Get gör nə üçün gecikmişlər.

 

Nəbi çıxır, sonra Mehdi bəy. Vəli bəy. Rüstəm bəy. Məşədi Səməd, Saşa bəy səsküylə daxil olurlar.

 

H a m ı. Urra... Urra... Sağ olsun Səfdərqulu bəy! Sağ olsun bizim deputat!

 

Səfdərqulu bəyi götürüb yuxarı atıb-tuturlar.

 

S ə f d ə r q u l u   b ə y. Qospada! Bir dayanın, vot tebe na, nəfəsimi alım.

V ə l i   b ə y. Ədə, bu oxuyan, çalanlar harada qaldılar?

 

Rəhim və Kərim daxil olurlar.

 

M e h d i   b ə y. Yaxşı vaxtda gəlmişsiniz, tez bir "Uzundərə" çalın.

 

Çalırlar.

 

V ə l i   b ə y. Mehdi bəy, Səfdərqulu bəyin havası o deyil.

M e h d i   b ə y. Vəli bəy, rica edirəm, iki dostun arasına girmə. (Oynayır, sonra Səfdərqulu bəyin əlindən tutur.) Gəl oynayaq, vəfalı dostum.

 

Oynayırlar, qeyriləri də çırtıq çalırlar, sonra otururlar.

 

R ü s t ə m   b ə y. Qospada, səhərə kimi buradayıq. Yeyəcəyik, içəcəyik, oynayacağıq. Qumar vuracağıq. Ancaq gərək qabaqca işimizi qurtaraq. Ruslarda bir məsəl var, deyərlər: Kuy jelezo poka qoryaco.

M ə ş ə d i S ə m ə d. Rüstəm bəy, mənasını deyinizki, məndə başa düşüm.

R ü s t ə m   b ə y. Yəni dəmiri qızğın ikən yastıla. Məşədi Səməd, indi başa düşdünmü?

M ə ş ə d i   S ə m ə d. Bəli, çox yaxşı başa düşdüm. Siz deyirsiniz ki, Məşədi Səməd, belə fürsət ələ düşməz, Səfdərqulu bəydən qırx manat dükan borcunu almaq vaxtı gəlmişdir.

R ü s t ə m   b ə y. Rəhmətliyin oğlu, sən Nuhinəbinin borcundan dəm vurursan. Mən hal-hazırdan danışıram. Bu adamlar şahiddir ki, mən Səfdərqulu bəyin deputat seçilməsi yolunda nə qədər çalışmışam. Qospada, doğrudurmu?

H a m ı. Doğrudur.

R ü s t ə m   b ə y. Ona-buna mən ölüm demişəm. Cürbəcür hiylə qurmuşam, axırı özümü onun seçki qutusuna nəzarətçi təyin etdirmişəm. Qospada, doğrudurmu?

H a m ı. Doğrudur.

R ü s t ə m   b ə y. Özünüz bilirsiniz ki, bizim adamların əksəri seçki işinə bələd deyillər. Bundan istifadə edərək xam adamları belə aldatmışam: Əmi, heç seçki görmüsən? - xeyr, oğlum, görməmişəm. Al bu yumru şeyi özün sal. - Xeyr, əmi onu eləmək olmaz, ancaq sənə kömək elərəm, - onun əlindən tutub qutunun pərdəsini qaldıraraq, - bax, əmi, şarı belə salarlar, deyə kişinin əli ilə ağ şar saldırmışam. Bax, imanımı belə satmışam. (Gülüşürlər.) Bu üsul ilə nə qədər şar salmışam, özüm də hesabını itirmişəm.

M e h d i   b ə y. Sənin dediyindən belə çıxır ki, hamı işləri sən görmüsən?

R ü s t ə m   b ə y. Xeyr, Mehdi bəy, mən haqqı itirən adam deyiləm. Hamınız işləmisiniz. Xüsusən siz, Mehdi bəy.

S a ş a   b ə y. Rüstəm bəy, kela çox uzun danışmaq lazım deyil. Borcunu de görüm.

 

Gülüşürlər.

 

R ü s t ə m   b ə y. Hər ağ şara bir manat istəməyə haqqım var, onu da dedim ki, hesabını itirmişəm, ona görə 80 manata iktifa[1] edirəm.

V ə l i   b ə y. Çox insaflı adamsan, mən çalışmağımı hesab etmirəm, çünki dost, dost yolunda canını qoyar. Lakin Səfdərqulu bəydən halalca altmış manat qumar borcunu istəyirəm.

M e h d i   b ə y. Qospada, sizdən sual edirəm, bu işin banisi kimdir və bu yolda hamıdan artıq çalışan kim olmuş?

H a m ı. Siz.

M e h d i   b ə y. Vəli bəy, sən vəkilsən, belə işlərdə məharətin var, məsələn, bir belə işi götürüb sudda udsan neçə alardın?

V ə l i   b ə y. İki mindən az almazdım.

M e h d i   b ə y. Mənciyəz yüzcə manat istəyirəm.

S ə f d ə r q u l u   b ə y. Qospada, hamınızı razı edəcəyəm, hələ kef zamanıdır.

R ü s t ə m bəy. Yox, yox, şərti belə kəsdik ki, əvvəl borc, sonra kef. Qospada, belədirmi?

H a m ı. Bəli, bəli... (Onu əhatə edirlər.) Tez ol ver.

S ə f d ə r q u l u   b ə y. Qospada, bir dayanın, vot tebe na.

H a m ı. Tez ol ver.

S ə f d ə r q u l u   b ə y. Görünür, bir Saşa bəyə borcum yoxdur.

S a ş a   b ə y. Kela, necə yoxdur. Ağlamayan uşağa süd verməzlər? Dünən gecə özün demədinmi, Saşa, bu bangi aparsam, sənə əlli manat dəsxoş verəcəyə. Apardın, amma vermədin. Kela, kişinin sözü bir olar.

 

Gülüşürlər.

 

M e h d i   b ə y. Saşa bəy doğru deyir, hamımız şahidik. Dünən bizdən dörd min manat pul aparmısan.

S ə f d ə r q u l u   b ə y. (cibindən portmonetini çıxardır.) Ala, bu sənin, bu sənin, bu sənin, bu sənin, bu da sənin.

N ə b i (yemək otağından qaçaraq gəlir.) Ağa, mən qaldım.

S ə f d ə r q u l u   b ə y. Ala, bu da sənin.

H a m ı. Sağ olsun Səfderqulubəy! Sağ olsun bizim deputat! Urra...

M ə ş ə d i S ə m ə d. Rüstəm bəy, ura-ura deməkdən boğazım qurudu. Yaşlamaq lazımdır.

S a ş a   b ə y. Məşədi Səməd, kela lap ürəyimdən dəm vurdun.

 

Doktor Azad bəy paltolu, əlində əsa daxil olur.

 

A z a d   b ə y. Qospada, bu nə ura-uradır. Yoxsa Səfdərqulu bəyə toy edirsiniz?

M e h d i   b ə y (kənara). Nə pis vaxtda gəldi.

S ə f d ə r q u l u   b ə y. Həkim, xoş gəlmisən, buyurunuz. Nəbi, Nəbi... (Nəbi yemək otağından gəlir.) Adə, doktorun paltosunu tut.

A z a d   b ə y. Xeyr, xeyr, gedəsiyəm. Küçədə Nağı bəyin oğlu gözləyir. Atası ağır xəstədir, dalımca gəlmiş, vaxtım yoxdur.

S ə f d ə r q u l u   b ə y. Mənim sağlığıma bir stəkan şampanski içməyə də vaxtın yoxdur? Vot tebe na!



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info