Qonaq Kitabı
1911

 

79

SUAL

 

Eyb ikən şəxsə görə nəfsini öymək, əcəba,

Şeyxülislam özünü bunca nə təqdir ediyor?

 

İlk dəfə “Günəş” qəzetində (2 yanvar 1911, â„– 1) imzasız çap olunmuşdur.

 

CAVAB

 

Molladır çünki, o öz gördüyü röyalərini

Başqadan sormayır, ancaq özü təbir ediyor.

 

 

80

LƏNƏT SƏNƏ, EY CƏHL, NƏ BIDAD EIDYORSAN!

 

Lənət sənə, ey cəhl, nə bidad ediyorsan!

Hər gün yeni min məl`ənət icad ediyorsan!

Sərməşq edərək Habilü Qabil[i] hərəkatın,

Qardaşları qardaşlara cəllad ediyorsan!

Nakəslərə imdad ilə, bikəslərə bidad –

Bir gör kimə yardım, kimə bidad ediyorsan?!

 

İlk dəfə “Günəş” qəzetində (4 yanvar 1911, â„– 3) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

81

QAFIL YAŞAMAQDANSA GÖZƏL KARDIR ÖLMƏK

 

Qafil yaşamaqdansa gözəl kardır ölmək,

Hərçənd ki, qəflətlə dəxi ardır ölmək;

Zənciri-cəhalətdə bu alçaq yaşayışdan,

Cahil, sənə dar üzrə səzavardır ölmək!

 

İlk dəfə “Günəş” qəzetində (10 yanvar 1911, â„– 8), az sonra isə Həştərxanda çıxan “Bürhani-tərəqqi” qəzetində (21 yanvar 1911, â„– 131) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

82

MƏMDƏLİ DEYİR Kİ:

 

Nasirülmülk[ii], sənə boylə gümanım yox idi

Ki, bu tezlikdə qohuçluq odunu sərd edəsən;

Mən Ədesdən sürünəm Berlinə didarın üçün,

Qapına üz tutam ümmid ilə, sən tərd edəsən[iii]...

 

İlk dəfə “Günəş” qəzetində (13 yanvar 1911, â„– 11) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

83

NASİRÜLMÜLK BAKIDAN İRANA AZİM OLDUQDA

 

Məncə, İranə əbəs əzm ediyor Nasiri-mülk,

Göz önündə görürəm çünkibudur İranı;

Var ikən parlaman içrə bu qədər qasiri-mülk –

Bir nəfər Nasiri-mülkün nə olur imkanı?!

 

İlk dəfə “Günəş” qəzetində (14 yanvar 1911, â„– 12) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

84

MÜXBİRÜSSƏLTƏƏYƏ[iv]

 

Yapdığın hiyləni hər günkü qəzetdə oxudum,

Axırında yenə gördüm ki, yazılmış: “Sonu var”.

Nə xəbərdir, deyə sordum, dedi müxbir ki, hələ

Birini göstərirəm, işbu rəqəmdən onu var!..

 

İlk dəfə “Günəş” qəzetində (14 yanvar 1911, â„– 12) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

85

ƏCDADINA ÇƏKDI, PƏDƏRIN MÜTLƏQ UNUTDU

 

Əcdadına çəkdi, pədərin mütləq unutdu,

Məbusləri məclis ilə atəşə tutdu,

Bir mərtəbə zülm eylədi ki, Məmdəli mirza,

Zöhhakə[v] də, Çingizə də min rəhmət oxutdu.

 

İlk dəfə “Günəş” qəzetində (17 yanvar 1911, â„– 14) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

86

MÜHAVİRƏ

 

-         Qafqaz əhli üç il ərzində nə emal eylədi?

-         Məktəbə hər yerdə onlar hümmət eylədi!

-         Mərhəba! Səd mərhəba!..

-         Bəs bu az müddətdə məktəblər qapandı ya nədən?

-         Həp çocuqlar dövreyi-təhsili ikmal eylədi!..

-         Mərhəba! Səd mərhəba!..

 

İlk dəfə “Günəş” qəzetində (18 yanvar 1911, â„– 15) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

87

MÜXABİRƏ

 

Məmdəli:

Sevgili sultan babam, söylə, sənin halın nədir?

Mən ki, bir şux madmazel eşqində əldən getmişəm!

Şəhrdən şəhrə gəzib, Avropanı uğraşmışam,

İt qızı ram olmadı, hər dürlü ilhah etmişəm!

 

Həmid:

Məmdəli, artıq maranqozluq məraqım qalmamış,

Kərki, mişarı qığıb başqa evə göndərmişəm!

Ölkədə tək-tək vəba var, derlər, ondan qorxmuşam,

Xanəmə daru yığıb bir aptekə döndərmişəm!

 

İran şahı Məhəmmədəli ilə Türkiyə sultanı II  Əbdülhəmidin söhbəti şəklində yazılan bu satira ilk dəfə “Molla Nəsrəddin” jurnalında (18 yanvar 1911, â„– 3) imzasız çap olunmuşdur.

 

 

88

ABBAS AĞA[vi] DEYİR Kİ:

 

Can verib millətə, ali, əbədi nam alırız,

Nə ziyan eyləyiriz, can veririz, kam alırız.

Qətlimiz yövmü bizə sanma müsibət günüdür,

Biz o gün həzrəti-həqdən yeni bayram alırız.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info