Qonaq Kitabı
HEKAYƏTİ-MÜSYÖ JORDAN HƏKİMİ-NƏBATAT VƏ DƏRVİŞ MƏSTƏLİ ŞAH-CADUKUNİ-MƏŞHUR

 

Xanpəri durur, qapını bərk bağlayır, gəlir oturur.

 

Məstəli şah (öz-özünə farsi dili ilə).İn tayifeyi-zənan əcəb biçarə və sadəlövhənd, biduni-təsəvvür və təəmmül bavər mikünənd ki, mən dər Qarabağ nişəstə Parisra dər türfətüleyn zirü zəbər mitəvvanəm kərd və ya Mərrixət dər on tərəfi Ərəs kərdəni müsyö Jordanra vəqti rəftən mitəvanəd zəd.

Şəhrəbanu xanım.Baba dərviş, nə danışırsınız?

Məstəli şah.Məhzər oxuyuram, xanım ki, işimiz avand olsun. Divlər, ifritələr xəbərdar olsunlar ki, nə fikrdəyəm. (Bundan sonra Məstəli şah palazı qovzuyub əvvələn bir müdəvvər cızıq çəkir, deyir). Bu Paris şəhərinin dairəsi. (Sonra taxtaparaları bir-birinə yapışdırıb on-on iki böyük, kiçik hücrə və otaq şəklində çızığın içində evlər yapıb deyir). Bu da Parisin imarətlərinin və evlərinin şəkli. (Sonra üzün Şəhrəbanu xanıma çevirib). Xanım, buyurursunuzmu Parisi gün-fəyəkün etdirim, altını üstünə çevirtdirim?

Şəhrəbanu xanım.Bəli, dəxi necə edək, Allah səbənkara bəla versin! Qurunun oduna yaşlar da yanacaq, biçarə parislilər bizə bir zad etməmişdilər. Bunun babalı olsun oların qızlarının, gəlinlərinin boynuna ki, məclislərdə həmişə oğlanlar ilə, kişilər ilə bir yerdə üzüaçıq oturub, söhbətə və ixtilata məşğul olub, xalqı azdırıb yoldan çıxardırdılar. Baba dərviş, işinə məşğul ol.

Məstəli şah.Xanım, divlərin əl muzdunu, ənamını kərəm edin!

Şəhrəbanu xanım.Baba dərviş, divlərə ənam nə lazımdır?

Məstəli şah.Pəh, xanım, məgər mənim divlərim İran sərbazı idi ki, müftə qulluq edələr? Məgər mən vəzir Hacı Mirzə Ağası idim ki, onlara heç zad verməyəm, ancaq söyəm, qorxudam?

Ma qulamani in Əli şahim,

Əz təmami zəmair agahim,

Nə məvacib, nə cirəivü nə əliq,

Novkəri qürbətən iləllahim.

Şəhrəbanu xanım.Baba dərviş, məgər Hacı Mirzə Ağası sərbazlara heç zad vermirdi? Ancaq söyüb qorxudurdu?

Məstəli şah.Xanım, vallah, mən Tehranda bir yol öz gözüm ilə gördüm ki, Hacı Mirzə Ağası topxana meydanında Mirvarid topuna baxırdı. Birdən yeddi yüz sərbaz onun dövrəsin çevrəyib başladı məvacib istəməyə. Haman saat Hacı Mirzə Ağası əyilib, ayağından başmağının bir tayını çıxarıb, əlinə alıb, beş min yaman ilə, alıcı quş kimi, cumuldu onların üstünə. Sərbazlar kəklik sürüsü kimi onun qabağından dağılıb qaçdılar. Heç birisini tuta bilməyib, qayıdıb topun yanına gəldi, üzün hüzurda duran xanlara tutub xitab eylədi: “Həzərat, gördünüz? Belə qorxaq qoşunilə bilmirəm Heratı necə alacağam. Yaxşı ki, mən hələ qılınc ilə onların üstünə cumulmadım. Onda onların qaçmağı bilmirəm harada dayanacaq idi, Fəəmma bunu yalqız onların qorxaqlığına həml eləmək olmaz. Mənim rüstəmanə şücaətimin vahiməsindən ki, birdən olara həmlə elədim, onlar belə ürküb dağıldılar” Sərkərdənin... cürətində çox sirr var idi. Indi siz, xanım, güman eləməyin ki, mən divlərimi quru nağıl ilə bəsləyirəm; bəlkə mən gərək belə işlərdən ötrü onlara ziyaft edəm, oları oxşayam, oynadam, şihabi-saqib düşüb oları qıranadək.

Şəhrəbanu xanım.Necə şihabi-saqib oları qıranadək? Baba dərviş, nə deyirsən? Məgər oları sonda şihabi-saqib düşüb qıracaq?

Məstəli şah (gülə-gülə).Əcəb fikir edibsiniz! Bəs divlər, ifritlər nahaq yerə o qədər bigünah xalqın həlakətinə bais olurlar və gözəl şəhəri nahaq yerə xarab edirlər? Belə günahi-əzimin cəzasında Allahın qəzəbi onlara yetişməz?

Şəhrəbanu xanım.Yaxşı, baba dərviş, çünki belədir, niyə canlarından qorxmayırlar? Niyə belə işə ayaq qoyurlar?

Məstəli şah.Əvvələn, o səbəbə ki, mən buyururam, ikinci o səbəbə ki, axmaqdırlar və təbiətlərinin təqazasıdır. Əgər belə etməsələr, dincələ bilməzlər. Şəyatin olmasaydı, dünyada heç bir yaman əməl olmazdı və bəni-adəmi yaman işlərə heç kəs düçar etməzdi.

Şəhrəbanu xanım.Doğru deyirsən, baba dərviş! Nə qədər gərək divlərə ənam verək?

Məstəli şah.Artıq istəmirəm, nə qədər ki, vədə edibsiniz, xanım, yüz bacaqlı.

Şəhrəbanu xanım.Baba dərviş, çox olmazmı.

Məstəli şah.Xub min-min tümənə dəyən şəhəri xarab etdirirsiniz, yüz bacaqlı versəniz çoxdur?

Şəhrəbanu xanım(üzün qızına tutub).Şərəfnisə xanım, balam, pul sandıqçasını bura gətir. (Şərəfnisə xanım tez qalxıb yükdən pul sandıqçasını alıb anasının qabağına qoyur, Şəhrəbanu xanım sandıqçanın ağzını açır, yüz dənə təzə bacaqlı çıxardır, deyir). Balam, Şərəfnisə, toy xərcinə dəxi heç pul qalmadı.

Şərəfnisə xanım. Neynək, ana, bir-iki yüz toğlu satarıq genə pul olar.

Şəhrəbanu xanım.Doğru deyirsən, balam, burun-qulaq başa sədəqə. (Üzün çevirir). Al, baba dərviş!

 

Qızılları verir Məstəli şaha. Dərviş qızılları alır, qoynuna qoyur, tez biləklərini çırmayıb xurcundan bir kitab çıxardır, kitabı açıb vərəqləyir, bir para naxışlı səhifələrinə baxır, başını qovzuyur.

 

Məstəli şah.Bəli, Paris şəhəri Əqrəb bürcünün altında vaqe imiş, əməl tamamdır. Bu bürcün təsirindəndir ki, bu şəhərdən heç vaxt bəla əskik olmaz... (Sonra qalxır ayağa, əlində bir dəyənək, üzün Şəhrəbanu xanıma və qızına tutub). Xanımlar, qorxmuyun, ürəyinizi bərkidin! (Sonra gözlərin çevirir, surətin heybətli edir, bu məntəri oxuyur).

Dəğdəğəha fətəndi,

Tübbəl-kəra kərəndi,

Tübbəl-kümü kümuha,

Biyəndi, yəndi, yəndi. 

(Sağına-soluna üfürür, heybətli səsi ilə divləri, ifritələri adları ilə çağırır, buyuruq verir). Ya Məlixa, ya Səlixa, ya Bəlixa! Qaldırın Parisi yerindən, vurun yerə, bu saatda necə ki, mən bu heykəli vurub zirü zəbər edirəm (Bir qədəm geri çəkilir, dəyənək ilə cızığa üz qoyub içindəki taxtaparalardan yapılmış balaca evlərin və otaqların əşkalını çırpıb darbadağın dağıdır, sonra bir ləmhə dayanıb üzün Şəhrəbanu xanıma tutur). Xanım, gözünüz aydın olsun, Paris dağıldı! Razı oldunuzmu?

Şəhrəbanu xanım.Bəli, baba dərviş, çox razı oldum! Amma gərək Parisin dağılma xəbəri tez müsyö Jordana çata ki, öz başının hayına qala, Şahbazdan əl çəkə. amma Parisdən bura bu xəbəri tezliklə bilmirəm kim çatdıracaq.

Məstəli şah (qəhqəhə ilə).Xa-xa-xa-xa! Xanım, bir adam ki, buradan Parisi göz açıb yuman saatda bərbad edə, onun xəbərin bir dəqiqədə, bir saatda, bir gündə, on günədək bura çatdıra bilməz? Nə xəyal edirsiniz?

Şəhrəbanu xanım.Doğru deyirsən, baba dərviş, amma əcəb olardı ki, bu xəbər elə bu saatda müsyö Jordana çataydı, başımızdan olaydı.

 

Bu halda birdən damın bağlanmış qapısı taraq-taraq döyülür. Az qalır qapı sınsın. Müsyö Jordanın səsi iztirab halətində qapının dalısından məlum olur. Dərviş Məstəli şah cəld taxtaparaları döşürüb tökür xurcuna, atır çiyninə, girir yükün qabağında asılan pərdənin dalısına, gizlənir. Müsyö Jordan qapını taraq-taraq döyür, az qalır qapını sındırsın; çağırır.

 

Müsyö Jordan.Hatəmxan ağa, Şahbaz bəy, qapını açın!

 

 Şəhrəbanu xanım sərasimə yerindən qalxır, qorxu ilə gedir qapıya sarı. Qızı Şərəfnisə xanım tir-tir titrəyir. Xanpəri dizinə çırpır, yavaş səs ilə.

 

Xanpəri.Dədəm vay, nənəm vay!

 

Şəhrəbanu xanım qapını açır.

 

Müsyö Jordan(nəfəsi tutula-tutula).Hanı Hatəmxan ağa, hanı Şahbaz bəy?

Şəhrəbanu xanım(qorxa-qorxa).İkisi də Şərəfnisənin damında yatırlar, bu gün ilxıya baxmağa getmişdilər, çox qorulmuşdular. Axşamdan yıxılıb yatıblar.

Müsyö Jordan(qaim bir səs ilə, təngnəfəs).Xanım, gərək bu saatda onlar duralar. Mən gedirəm, dayana bilmənəm. Heyf sənə, Paris, heyf sənə Tülyeri, heyf sənə, gözəl paytaxt, gözəl səltənət! Fransa bədbəxt oldu! Dimaj, Paris! Mon diyö! Mon diyö!

Şəhrəbanu xanım.Həkim sahib, nə var, nə olub?

Müsyö Jordan.Paris dağıldı, Tülyeri yıxıldı, Fransa xarab oldu. Dimaj Paris! Dimaj Tülyeri!

Şəhrəbanu xanım.Allah, sənə şükür, yəni Allah dərdini əsirgə!

Müsyö Jordan.Gözəl şəhər, gözəl səltənət! Bir türfətüleyndə viran, kəan ləm-yəkun olubdur. Ağıl kəsmir ki, bu necə işdir, bu necə sehrdir! Setefre, mon diyö, mon diyö!

Şəhrəbanu xanım.Bu necə sehrdir? Məgər sehr ilə Paris yıxılıb! Nə deyirsiniz, həkim sahib?

Müsyö Jordan.Əlbəttə, sehridi, mat qalmalı işdir. Bir türfətüleyndə qəflətən Paris xarab olubdur.

 

Bu sözlərdən Şərəfnisə xanım dəxi qaim başlayır titrəməyə. Gözü dərviş gizlənən pərdədə.

 

Xanpəri(xısın-xısın).Dəmə vay, nənəm vay!

 

Bu halda qalmaqaldan Hatəmxan ağa və Şahbaz bəy yatdıqları damdan yuxudan oyanıb, dəstpaça, köynəkcək müsyö Jordanın səsinə yüyürürlər.

 

Müsyö Jordan(onları görən kimi).Ax, gəldiniz! Hatəmxan ağa, Şəhbaz bəy, sizi tarı, tez mənə at hazır edin, gərək bu saatda gedəm, dayana bilmənəm, özünüz də atlanın məni Arazdan keçirdin, qayıdın!

Hatəmxan ağa (heyrətlə).Həkim sahib, nə vaqe olubdur? Belə tələsik getməyə səbəb nədir?

Müsyö Jordan(qaim səs ilə).Paris dağılıb, Tülyeri yıxılıb, Fransanın səltənəti pozulub, kral avara düşüb. Bu saatda Təbrizdə oturan ingilis konsulundan sizin divanbəyiniz mənə kağız yetirdi; konsul bu əhvalatı bildirəndən sonra yazır ki, Londona vacibi kağızlar ilə bu saat çapar gedir. Arazın kənarında mənə müntəzirdir. On iki saatadək gərək mən özümü ona yetirəm. Əgər təxir etsəm, çapar gedər, sonra mən özümü tezliklə yalqız krala çatdıra bilmənəm, Lui Filipp ingilisə qaçıbdır. Mon diyö, mon diyö!

Hatəmxan ağa (təhəyyür ilə).Həkim sahib, Parisi kim dağıdıbdır, kim yıxıbdır?

Müsyö Jordan(iztirabla).Şəyatinlər, əcinnələr, divlər, ifritələr, bəd əməllər. Hansını deyim! Aman, Hatəmxan ağa, at hazır edin, dayanmaq mümkün deyil! Dimaj Paris! Tülyeri! Mon diyö, stefr!

 

Bu sözlərdən Hatəmxan ağa bir az mütəhəyyir qalır. Amma Şərəfnisə xanım başlayır çox bərk titrəməyə. Şahbaz bəy onun halətini duyur. Təəccüb edib, ona sarı üz qoyur. Yavıqlaşıb yavaş gülümsənmiş soruşur.

 

Şahbaz bəy.Sən niyə titrəyirsən, ay fəsad? Yoxsa Parisi sən buyurub yıxdırıbsan ki, mən dəxi ora gedə bilməyim?

Şərəfnisə xanım(titrəyə-tirəyə, nazik səsi ilə gözü dərviş gizlənən pərdədə). Yox, vallah, Quran haqqı, dayım canına mənim heç zaddan xəbərim yoxdur, mənim heç təqsirim yoxdur!

Şahbaz bəy(gülümsənmiş).Bax, bax, necə and içir! Necə şirin dil ilə yaxasın qıraq çəkir! Dəxi niyə titrəyirsən? Əgər sən tək pərilər padşahı Parisi yıxdırsa da halaldır.

Şəhrəbanu xanım(üzünü müsyö Jordana tutub).Həkim sahib, Şahbazı da aparırsınızmı? (Şahbaz bəy adın eşidib geri çevrilir).

Müsyö Jordan.Nə söyləyirsiniz, xanım, özüm başımı qoymağa yer tapmıram. Şahbazı hara aparacağam! Hatəmxan ağa, amandır, tez olun, atlanın, məni ötürün! Gərək səhərdən Araz qırağına çatam. Tülyeri. Mon diyö, mon diyö!

Hatəmxan ağa.Şahbaz, gəl gedək, görək necə edirik, bu necə iş idi oldu?

 

Hər ikisi damdan çıxır, dallarınca müsyö Jordan, onlardan sonra yavaş, pərdənin dalısından dərviş Məstəli şah xurcun çiynində çıxır. Başı aşağı, heç məclisdə qalan övrətlərə mütəvəcceh olmayıb qaçır, gözdən itir; sonra:

 

Şəhrəbanu xanım.Xanpəri, gördün, necə iş oldu?

Xanpəri.Xanım, mən sənə demədim ki, bu dərvişin əlindən heç zad qurtarmaz? Mən hələ ondan qorxuram ki, Parisin yıxılmağının zərbindən özgə şəhərlər də bərbad ola. Naxçıvan, Şərur mahallarının yıxılmağının zərbindən Ağrı dağının bir parçası qopub tökülən kimi, necə ki, dərviş deyirdi.

Şəhrəbanu xanım.Bəli, bundan sonra bu təəccüb deyil: təəccüb odur ki, kişilər həmişə bizə deyirlər: caduya, pitiyə inanmayın! Necə ibabnamaq olar ki, adam gözü ilə belə işlər görür?

Xanpəri.Eh, xanım, kişilərin əgər ağlı var, niyə biz onları hər qədəmdə min yol aldadırıq, öz bildiyimizi edirik?

 

 

Şərəfnisə xanımsakit və samit qorxub qurumuş mat qalır.

 

Pərdə salınır.

 

Tamam olur.

 



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info