Qonaq Kitabı
HEKAYƏTİ-MÜSYÖ JORDAN HƏKİMİ-NƏBATAT VƏ DƏRVİŞ MƏSTƏLİ ŞAH-CADUKUNİ-MƏŞHUR

Şahbaz bəy. Əmi, qanmıram ki, siz necə Paris əhlinin adət və xəvassından xəbərdarsınız?

Hatəmxan ağa.Bu saatda mən sənə qandırım, balam! Mənə yəqin hasil olubdur ki, bizdə hər adət və xasiyyət var isə, əksi Paris əhlindədir. Məsələn biz əlimizə həna qoyarıq, firənglər qoymazlar; biz papaqlı oturarıq, onlar başı açıq oturarlar; biz başmaq geyərik, onlar çəkmə geyərlər; biz əlimiz ilə xörək yeyərik, onlar qaşıq ilə yeyərlər; biz aşkara peşkəş alarıq, onlar gizlin alırlar, biz hər zada inanarıq, onlar heç zada inanmazlar; bizim arvadlarımız gödək libas geyər, onların arvadları uzun libas; bizdə çox arvad almaq adətdir, Parisdə çox ər almaq.

Şahbaz bəy. Əmi, bunu başa düşmədim.

Hatəmxan ağa.Niyə başa düşmədin, balam? Çox arvad almaq ibarətdir ondan ki, bir kişi bir arvada iktifa etməsin və çox ər almaq da ibarətdir ondan ki, bir arvad bir kişiyə iktifa etməsin. Əvvəlki adət bizdədir, sonrakı – Parisdə. O kitablara görə ki müsyö Jordan bu uzun qış onların məzmununu müttəsil bizə helayət edibdir, dəxi hamı zadı bu qərar ilə fərz eylə, bifayda Parisə getmək niyyətindən düş!

Müsyö Jordan (rişxənd ilə).Xa-xa-xa! Hatəm ağa, təəccüb edirəm ki, sizin kimi qəvaidi-məntiqiyyətdən müttəle, əqilli və fərasətli, mərdi-gühənsal bu zamana qədər məşvərətxanaların birisində ərkani-məşvərət silkinə daxil olmuyubsunuz; əgərçi mən siz təqrir etdiyiniz qaidəyə bir bəhs varid edə bilmənəm, lakin istərdim ki, mən bir neçə kəlmə ərz edəydim, əgər rüsxətiniz olsa.

Hatəmxan ağa.Buyurun, həkim sahib! Sizin hər sözünüz bizə xoşdur.

Müsyö Jordan (vüqar ilə).Hatəmxan ağa, mənim qəsdim bu idi ki, Şahbaz bəyi Parisə aparıb, əvvələn, özüm onun tərbiyəsinə mütəvəcceh olub, firəng dilini və ülumunu bəqədri məqdur ona təlim edib, saniyən, onu kralımıza tanıdıb, burada mənim haqqımda zahir etdiyiniz yaxşılıqların və zəhmətlərin əvəzində kraldan ona bir bəxşeyiş alıb geri qaytaram; çünki mən kralın məxsus öz təhti-himayətində olan darülelmin hükəma və üləmasından və o əlahəzrətin müqərrəbi və mötəmədiyəm; amma çün sizin təqriratınızdan müşəxxəs oldu ki, siz səfərin fəvaidinə münkirsiniz; ona binaən mənə lazım olur ki, səfərin fəvaidini müvafiqi-vaqe məsəl ilə sizə isbat edim. Əgər, məsələn, mən Qarabağa gəlməsəydim (əlini uzadıb cibindən bir dəftər çıxarıb, açıb içində səliqə ilə düzülmüş bir neçə otları göstərib), əgər mən Qarabağa gəlməsəydim, kim biləcəkdi ki, Qarabağın yaylaqlarında bu otlar mövcuddur? Bundan əvvəl bizim ətibba və hükəmalarımız cənab Linney və Turnefort və Bartram belə güman etmişlər ki, bu nəbatat ancaq Alp dağlarında və Emerikada və Afrikada və Şveysariya dağlarında mövcud olur. Amma indi mən buraya gəlmək səbəbi ilə Parisin darülelminə isbat edəcəyəm ki, məzkur hükəmalar bilkülliyə səhv ediblər. Bu nəbatat Qarabağın dağlarında kəsrətlə mövcuddur və bu nəbatatın mahiyyətini, təhqiq və xəvassını təcrübə ilə müşəxxəs edib, o xüsusda ətibbanın istühzarı üçün təsnifi-cədid aləmdə məşhur edəcəyəm. Məsələn, bu ot ki görürsünüz (əli ilə bir kiyaha işarət edib), latınca bunun adı aqantusdur ki, mənim təcrübəmə görə qarın ağrısına çox faydası var. Cənab Linney bunu fərz edir üçüncü dərəcədə və cənab Turnefort onu fərz edir dördüncü dərəcədə, amma mən onu ikinci dərəcədə fərz edəcəyəm və bu otun adı latınca serastrum alpinumdur ki, göz ağrısına nəhayət mənfəəti var. Cənab Linney bunu fərz edir yeddinci dərəcədə və cənab Turnefort onu fərz edir altıncı dərəcədə, amma mən onu fərz edəcəyəm onuncu dərəcədə və bu otun adı latınca qamlina afriqanadır ki, diş ağrısının əlacı münhəsirdir buna. Cənab Linney bunu fərz edir beşinci dərəcədə və cənab Turnefort onu fərz edir üçüncü dərəcədə, amma mən onu səkkizinci dərəcədə fərz edəcəyəm. Bu otun adı latınca qombretumdur ki, bu zamana qədər Yevropada hərgiz məşhur deyildi, ancaq onu Amerika nəbatatından bilirdilər. Indi mən çox sevinirəm ki, onu Qarabağın dağlarında tapmışam ki, soyuqdəymə üçün nəhayətdə nafedir; cənab Linney onu altıncı dərəcədə fərz edir, cənab Turnefort beşinci dərəcədə fərz edir, amma mən onu dördüncü dərəcədə fərz edəcəyəm. Və hamı tapdığı nəbatatın və ələfiyyatın mahiyyətini və xasiyyətini bu qərar ilə yazıb aləmə bildirəcəyəm. Və mənim ismü rəsmim bu cəhətdən cənab Linneyin hamisi Georq Qllifordun ismü rəsmindən ərfə və əcəll və ülum üçün göstərdiyim xidmət Germaniyanın məcməyi-üləması kartoflu azarını axtarıb tapdıqları cəhət ilə vətənlərinə göstərdikləri xidmətdən əla və əfzəl olacaqdır.

Hatəmxan ağa.Həkim sahib, vallah, heç başa düşmədim ki, nə danışdınız, Qlliford kimdir? Linney kimdir? Turnefort kimdir? Niyə onlar zəhmət çəkib otlara dərəcə qərar veriblər? Germanı nədir, kartofl kimdir, o niyə azarlamışdır, o nə böyük şəxsdir ki, vətən bu mərtəbədə onun etidali-məzacına və tuliömrünə talibdir? (Bir qədər sükut olunur. Müsyö Jordan gülür, sonra genə Hatəmxan ağa). Yoxsa, həkim sahib, bizim Şahbazı da aparıb belə tapmacalardan öyrədəcəksiniz?

Müsyö Jordan.Hatəmxan ağa, bağışlayın; doğru buyurursunuz, indi bildim ki, sizə nə qisim gərək misal gətirmək; məsələn, bir ay bundan əvvəl Qarabağın əlyetməz çölündən köhlən at altında gəlib sizə qonaq olan xoşbəxt adam ki, adı yadımdan çıxıbdır, əgər Qarabağa gəlməyəydi, bu qədər dövləti haradan ələ salardı?

Hatəmxan ağa.Həkim sahib, bax, bu söz necə aşkardır! Doğru buyurursunuz, əgər o, Qarabağa gəlməsəydi, heç vaxt dövlətə çatmazdı.

Şəhrəbanu xanım.Başına dönüm, əmican, rüsxət verin, müsyö Jordan ilə gedim, əgər mənim xoşbəxt olmağımı istəyirsiniz, heç vaxt belə fürsət ələ düşməz. Necə ki, səfərin faydasını hər ikiniz də iqrar etdiniz.

Hatəmxan ağa (bir az fikir edib).Həkim sahib, nə müddətə Şahbaz Parisə gedib qayıda bilər?

Müsyö Jordan.Bir il çəkər gedib-gəlməyi, ziyadə çəkməz. Bir ildən az qalsa, getməyindən mənzur olan fayda bilkülliyyə hüsula gəlməz; çünki ümdəsi firəng dilini öyrənməkdir.

Hatəmxan ağa (üzünü arvadına tutub).Arvad, dəxi nə eləyək, qoy getsin. Papağın çevirərsən, il gələr keçər. Uşaqdır, könlü istəyir, getsin, Parisi görsün. Həkim sahib də bir yaxşı adamdır, onun hüzurunda bir para mərifət kəsb edər; yaxşı, yamanı görər. Kraldan bəxşeyiş alar, il başında Qarabağda hazır olar, o vaxtadək biz də onun toy tədarükünə məşğul olluq, gələn kimi toyun başlarıq.

Şəhrəbanu xanım (yerindən qalxıb çığıra-çığıra).Kişi, nə danışırsan, sənin fikrin haradadır? Istəmirəm onun Parisə getməyin də, mərifət kəsb etməyin də, firəng kralından bəxşeyiş almağın da! Bu sözlər tamam bəhanədir. Şahbaz istir getsin Parisə, məclislərdə, yığıncaqlarda üzüaçıq gəzən qız, gəlinlər ilə kef etsin, danışsın, gülsün, vəssəlam!

Hatəmxan ağa (təngə gəlib).Ay arvad, bəsdir, Allahı sevirsən, çığırma! Dəxi mən neyləyim? Bacarırsan, qoyma getsin! Göydə uçan qanadlı quşu əyləmək olursa, Şahbazı da güc ilə əyləmək olar. Rüsxət verməsəm, atılar minər atına, hoppanar Arazın o tayına, sonra mən onu haradan tapım? Sən onu tanımırsan məgər ki, necə höccətdir?

Şəhrəbanu xanım (dəxi də bərk çığırıb).Mən ondan da höccətəm! Qoymanam gütsin! Əgər Şahbazı Parisə getməyə qoysam, bu ləçək çəngilərin ləçəyi olsun! (Əlini uzadır örpəyinə).

Şahbaz bəy (gülə-gülə, arxayın). Allahu əkbər! Əmidostum bilmirəm hansı qaravulları ilə məni dustaq edəcək?

Şəhrəbanu xanım (çığıra-çığıra).Görərsən; sən də öz bildiyindən, mən də öz bildiyimdən! (Qalxıb damdan çıxır).

Hatəmxan ağa.Arvadların işi xətadır.

 

Müsyö Jordan təəccüb edir və Şahbaz bəy qeyzlə samit qalır.

 

Pərdə salınır.

 

 

ÜÇÜNCÜ  MƏCLİS

 

Üçüncü məclis yenə orada vaqe olur. Damın bir tərəfində Şəhrəbanu xanım oturubdur. Bir tərəfdə Şərəfnisə xanım yun darayır. Bu halda birdən qapı açılır, Şərəfnisə xanımın dayəsi Xanpəri içəri girir.

 

Xanpəri.Səlam-əleyk.

Şəhrəbanu xanım.Əleykəssəlam! Xanpəri, bilirsən, iş necə keçdi? (Şərəfnisə xanım qulaq asır). İş belə keçdi ki, Şahbaz gedir Parisə. İndi səni ondan ötrü çağırdım ki, əgər bir əlacın var isə eylə. Hatəmxan ağa, özün bilirsən bir xamırağızkişidir. Əvvəldən yaxşı danışdı, amma sonra birdən boşaldı. Müsyö Jordanın və Şahbazın bir para ağılsız sözlərindən terdən oldu. Amma mən gərək ya öləm, ya Şahbazı qoymayam getməyə. Doğrusu, Şərəfnisəni gözüyaşlı görə bilmənəm! Allah götürərmi Şahbaz getsin Parisdə kef etsin, on beş yaşında gül üzlü uşağım ah çəksin, qan tüpürsün, saralıb sapa dönsün, incəlib ipə dönsün?

Xanpəri.Xanım, əlac odur ki, bayaq sənə deyirdim. Nə lazımdır ki, Hatəmxan ağadan və ya özgəsindən minnət çəkəsən. Göndər qonşuluqdan, Ağcabədi kəndindən, Qızılbaşdan gələn dərviş Məstəli şahı gətirib necə ki, sənin muradındır, bu işi elə düzəltsin. Onun cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə, bu saatda məni qocamdan boşadar.

Şəhrəbanu xanım.Xanpəri, mən də onun cadusunun gücünü eşitmişəm. Amma genə bir az səksəkəliyəm; o etdiyi işlərdən heç bilirsənmi? De görüm ürəyim dürüst qızasıdırmı? Çünki bu iş çox çətin işdir.

Xanpəri.anım, ağcabədili Kərim koxanın arvadı Səlminazı o boşatdırıb oynaşına verdirmədimi? Muğanlı Səfərəli kişinin qızını sevgilisinə qovuşdurmadımı? Dədəsinin ki, qızı verməyə razı olmurdu, cadu ilə öldürmədimi? Cavadlı kərbəlayı Qənbər qızı Şahsənəmin ərini, bir illik yoldan arvad almasın deyə, qaytarıb gətirmədimi? Onun əlindən heç zad qurtarmaz!

Şəhrəbanu xanım.Gözüm Xanpəri, bəs tez oğlun Əlmərdanı bu saatda göndər Məstəli şahı Ağcabədi kəndindən alıb gətirsin! Desin, xanım çağırır. Hər nə istəsə vəd eləsin. Xülasə, axşam çıraq yanan vaxtda gərək Məstəli şah bizim evdə hazır olsun!

Xanpəri. Baş üstə, xanım, bu saatda göndərrəm! Amma gərək Məstəli şah Hatəmxan ağadan, Şahbaz bəydən xəlvət bura gəlsin. Allah eləməmiş, əgər Şahbaz onu burda görsə, onu da öldürər və məni də sağ qoymaz.

Şəhrəbanu xanım.Əlbəttə, mən indi bu saatda çıxaram. Hatəmxan ağanı da, Şahbaz bəyi də ilxıya baxmağa göndərrəm və tapşırram ki, gələndən sonra Şərəfnisənin evində yıxılsınlar-yatsınlar ki, gecə bu damda su qoyub Şərəfnisənin başın yuyub çimdirəcəyəm. Sən dur get, dərvişin dalınca oğlunu göndər.


Hər ikisi gedir. Sonra Şərəfnisə xanım yalqız ayaq üstə.

 

Şərəfnisə xanım. Ux, Allah, kərəminə şükür, bir az ürəyim dincəldi! Yox olsun o ölkə ki, onda cadu, pitik olmaya! Əgər məməm deyən dərviş olmasaydı, şəksiz, müsyö Jordan Şahbazı aparacaqdı, günümü göy əskiyə tikəcəkdi.

 

Bu halda qapı açılır, Şahbaz bəy içəri girir.

 

Şahbaz bəy. Şərəfnisə, qadan alım, bilirsən ki, əmidostum bu gün nə tufan elədi? Müsyö Jordanın yanında əmimim üstünə çır-çır çığırdı, məni də hədələdi.

Şərəfnisə xanım. Şahbaz, heç özün etdiyindən xəbərin yoxdur, əmidostunun çığırmağı gözünə görükür.

Şahbaz bəy. Qadan alım, Şərəfnisə, mən özüm nə eyləmişəm?

Şərəfnisə xanım (tez yeriyib, əlin uzadıb hanasının dalısından bir neçə yarım səhifə kağız çıxardıb açır). Şahbaz, bu şəkilləri bəs mənə kim gətirdi? Bunları sən gətirib demədinmi ki, Paris qızlarının, gəlinlərinin şəkilləridir, gör Parisdə necə gözəl qızlar var? Bu qızlar, gəlinlər tamam üzləri üçıq məclislərdə, yığıncaqlarda oğlanlar ilə bir yerdə oturub-dururlar? Hələ mən bu şəkilləri utandığımdan əmidostuma göstərməmişəm.

Şahbaz bəy. Bıy, Şərəfnisə, necə uşaq-uşaq danışırsan? Bu şəkillər müsyö Jordanın kitablarının içində idi. Müsyö Jordan kitablarını açıb baxanda gözü bunlara sataşdı, çıxardı, mənə verdi, apar adaxlına göstər və dedi ki, bu il Parisin qızları və gəlinləri belə paltar geyirlər. Keçən il ayrı tövr paltarları var idi. Gələn il bir özgə qayda ilə paltar geyəcəklər. Hər il Parisdə libas geymək sayağı dəyişilir. Mən də gətirdim sənə verdim; bundan gələsi nə var?

Şərəfnisə xanım. Bundan gələsi o var ki, sən bu qızların havasına yellənib uçursan, istəyirsən Parisə gedəsən!

Şahbaz bəy. Şərəfnisə, bu nə sözdür deyirsən? Tamam Parisin qızları qurban olsun sənin bir tükünə! Mənim ki, sənin tək gözəl yarım var, behişt huriləri gözümə görükməz. Sənsiz mənim bir günüm olmasın!

Şərəfnisə xanım. Bəsdir, Allahı sevirsən, bu bazıları bizə az gəl, sənsiz bir günüm olmasın deyən oğlan Parisə getməz. Sən məni heç sevmirsən!

Şahbaz bəy (uzanın onun boynundan qucaqlayıb öpür). Şərəfnisə, doğrudan, sən məndən belə bədgüman olubmuşsan! Mənim ürəyimə bir ox vursaydın yaxşıdı ki, bu sözü üzümə dedin. Axır bir soruş gör ki, Parisə nə səbəbə gedirəm?

Şərəfnisə xanım (ağlaya-ağlaya Şahbaz bəyin əlin boynundan qopardıb). Nə işim var soruşum; səbəbini özüm çox yaxşı bilirəm. Səbəbi bulardır ey! (Şəkil kağızların dişin-dişinə qısıb əlində bərk-bərk övgələyir, salır ayağı altına).

Şahbaz bəy. Vallah, yox, səbəbi olar deyil, sən bilmirsən. Mənim tay-tuşlarım tamam mərifət sahibi olub, qulluq edib, hörmət-izzət tapıb, xoşbəxt olublar. Mən qalmışam elə bu qamışlıqla adsız, sansız.

Şərəfnisə xanım. Əvvələn, bu yalandır ki, deyirsən, kim bizlərdən mərifət ilə, qulluq ilə xoşbəxt olubdur? Bu gördüyünüz xoşbəxtlər tamam özgə yol ilə bəxtə yetişiblər. Ikinci, əgər qulluq etmək istəyirsən, get Tiflisə, orda qulluq elə. Bir azdan sonra əgər istəyirsən, get başqa şəhərlərə ki, əl çatsın, ün çatsın. Parisə bizlərdən nə gedən var, nə gələn var!

Şahbaz bəy. Doğru deyirsən, amma adamın hər işdə gərək vasitəsi olsun. Tiflisdə və o biri şəhərlərdə məni tanıyan yoxdur. Mənə kim vasitə olub məni qulluğa qoyduracaq və hörmət tapdıracaq? Amma bu firəngi bir yaxşı adamdır, məni də sevir, ocağımızı tanıyır. Bu məni Parisə aparıb firəng dilini öyrətməkdən və krala tanıtmaqdan məşhur ollam, qayıdandan sonra hər yerdə yerim olar.

Şərəfnisə xanım. Bu sözlər tamam fənn və feldir. Məni aldatmaq üçün bəhanədir. Nə sözdür ki, sənin kimi cavan, kamallı oğlan Tiflisdə qulluq tapmaz?

Şahbaz bəy. Parisdən qayıdandan sonra genə gedib Tiflisdə qulluq edəcəyəm.

Şərəfnisə xanım (ayağı ilə şəkil kağızlarını itələyib). Parisdə sənin kimi oğlan bu poşaların əlindən sağ qurtara bilərmi ki, qayıdıb gələndən sonra adam kimi durub-otura? Heç vaxt sən Parisə gedə bilməzsən. Ha vaxt getsən, öyün!

 

Bu halda Hatəmxan ağa qaim səs ilə Şahbaz bəyi çöldən çağırır. Şahbaz bəy tez damdan gedir.

 

Pərdə salınır.

 

 

DÖRDÜNCÜ  MƏCLİS

 

Dördüncü məclis Hatəmxan ağanın damında vaqe olur. Bir tərəfdə Şəhrəbanu xanım oturubdur, bir tərəfdə Şərəfnisə xanım, bir tərəfdə onun dayəsi Xanpəri. Gecədən iki saat keçibdir. Şəhrəbanu xanım başını yuxarı qovzuyub üzün Xanpəriyə tutub darıxmış soruşur.

 

Şəhrəbanu xanım.Xanpəri, necə oldu, dərviş gəlmədi.

Xanpəri.Xanım, tələsmə, bu saat gələr.

 

Birdən qapı açılır, Məstəli şah-caduguni-məşhur qaş-qabağı tökülmüş içəri girir.

 

Məstəli şah (başın).Səlam-əleyküm!

Şəhrəbanu xanım (Başın yuxarı qovzuyub).Əleyküməssəlam, baba dərviş, xoş gəldin! Gəl otur.

Məstəli şah (oturub).Xanım, mənə nisbət nə qulluğunuz var? Buyurun, can-baş ilə bitirməkdə müzayiqə yoxdur!

Şəhrəbanu xanım.Baba dərviş, bir cüzvi, yüngül işdən ötrü sənə zəhmət vermişəm! Mətləb budur ki, bizim Şahbaz lap yolundan azıb: bir firəngi qonağımız var, xəyalındadır ki, ona qoşulub Paris şəhərinə getsin, mənim bu oturan, gül üzlü uşağımı ki, onun adaxlısıdır, iyirmi gündən sonra toyu başlanacaq, ağlar-sızlar qoysun. Mən də Hatəmxan ağa nə qədər yalvardıq, söylədik, qulaq asmadı; gərəkdir ki, bir iş edəsən ki, bizim Şahbaz Parisə gedə bilməsin və müsyö Jordan ondan əl çəksin, apamasın.

Məstəli şah.Xanım, bu cüzvi, yungül iş deyilmiş; bəlkə çox böyük və çətin iş imiş. Gərəkdir ki, bu işdə mənim cadumun əsəri ya Parisin, ya müsyö Jordanın başında çatlasın.

Şəhrəbanu xanım.Baba dərviş, mən anlamadım, necə gərək cadunun əsəri, ya Parisin, ya müsyö Jordanın başında çatlasın?

Məstəli şah.Xanım, məsələn, əgər Şahbaz bəyə əl vursam, lazım olar ki, onun bədəninə bir cin müsəllət edim ki, bu səfərin xəyalını onun başından çıxarsın. Amma olar ki, bu işdən o qorxsun, ağlına rəxnə yetişsin, ya azarlasın, ya çolaq olsun, çünki çox uşaqdır, cavandır.

Şəhrəbanu xanım.Bıy, Allahı sevirsən, baba dərviş, belə danışma, bu işlər tamam ondan ötrüdür ki, Şəhbaz bir gün gözümüzdən uzaqlaşmasın. Necə olar ki, onun canına cin müsəllət olmağa razı olaq!

Məstəli şah.Bu surətdə gərəkdir ki, divlərə, ifritələrə əmr edim ki, Parisi xarab etsinlər, altını üstünə çevirsinlər ki, Şahbaz bəy dəxi ora getmək niyyətindən düşsün, yainki Mərrix ulduzuna hökm edim ki, müsyö Jordanın boynunu vursun ki, Şahbaz bəyi aparan olmasın. Bu işin bundan başqa heç çarəsi yoxdur.

Şəhrəbanu xanım.Bu necə mümkün şeydir, baba dərviş, belə iş eləmək olarmı?

Məstəli şah.Pəh, bu mənim işimdir, xanım, nə şübhə yeridir! Məgər eşitməmisiniz ki, bir neçə şəyatinə əmr etmişəm ki, həmişə Şişə qalasında üsuli və şeyxi mollalarının arasında fitnə və fəsad salıb heç vaxt onları dinc qoymasınlar. Ondan ötrü ki, onlar minbərə çıxıb aşkara xalqa vəz edirmişlər ki, cadugunə və sairə inanmayın. Aya, mən deyiləm ki, Kilcan adlı ifritin ruhunu ki, şeytənətdə və məzərrətdə fəridi-əsrdir, Ağa Vəli Əliqulu oğlunun bədəninə müntəqil edib Səlyan xalqının canına müsəllət etmişəm ki, gecə-gündüz onun qorxusundan evlərində rahat yata bilməzlər! Hələ Səlyan xalqına az qisas etmişəm. Ondan ötrü ki, olar bildir məni Səlyana qoymayıb qovdular ki, bura darülmöminindir. Sən dərviş və cadukunsən, bura ayaq basma! Hansı işlərimi söyləyim? Bu işlər yaxın zamanda etdiyim əməllərin əlamətidir. On bir il bundan irəli Araz qırağına gəlmişdim; istəyirdim ki, Naxçıvan və Şərur mahallarının qabağından keçib İrəvana gedəydim. Hər iki mahalın xalqı mənə mane oldular ki, səni qoymanıq bu torpağa keçəsən. Ondan ötrü ki, əlində təzkirən yoxdur. Naməlum, təzkirəsiz adamlara yol vermək, bu tərəfə keçirmək qanun ilə qadağandır. Bavücudi ki, əlləm-qəlləmlər özləri gecə-gündüz qaçaq mala gedən təzkirəsiz adamları o yana, bu yana bələd olub keçirirdilər. Nə qədər yalvardım-yapışdım, sözümə qulaq asmadılar. Aşağı getdim, yuxarı getdim, olmadı; axırda lap acığım tudu. Əcinnələrə, ifritələrə hökm etdim ki, tamam Naxçıvan, Şərur mahallarının damlarını qaldırıb yer ilə yeksən etdilər ki, zərbindən Ağrı dağının bir tərəfi də qopub tökülüb Akur kəndini batırdı. Oranın biçarə erməniləri də yaman qonşularının səbəbindən fənaya getdilər. Xülasə, Murova desəm, yerindən qop, qopmazmı? Araza desəm, axma, axarmı?

Şəhrəbanu xanım (təəccübdən əlin dodağına aparıb).Allah, dərdini əsirgə...

Məstəli şah.Xanım, gecə keçir, durmaq vaxtı deyil. Indi siz mənə buyurun görüm, müsyö Jordan havaxt gedəcək?

Şəhrəbanu xanım.On gündən sonra.

Məstəli şah.Çox yaxşı, indi mən bu saatda, xanım, sizin gözünüzün qabağında Parisin heykəlin bərpa edib, burda onu pozacağam. Və divlərə və ifritələrə hökm edəcəyəm ki, haman dəqiqə Parisi yıxsınlar və on günə qədər xəbərini müsyö Jordana çatdırsınlar ki, Şahbaz bəyi aparmaq fikrindən düşsün; yainki bir böyük xoruzu qabağında tutub adın qoyacağam müsyö Jordan, bu saatda onun boynunu vurub Mərrix ulduzuna əmr edəcəyəm ki, bu tövr ilə o da on günədək həqiqətdə müsyö Jordanın boynunu vursun; taki Şahbaz bəy ondan xilas olsun. Indi buyurun görüm, cənabınız Parisin xarab olmağınımı istərsiniz, ya müsyö Jordanın boynunun vurulmağın?

Xanpəri (tez əlin yuxarı qovzuyub, çalıb).Hər ikisini, baba dərviş! Firənglərə yazığımızmı gələcək?

Şəhrəbanu xanım.Bıy, arvad, sənin ürəyin daşdır, nədir? Biçarə parislilər bizə nə eləyiblər ki, evlərin, imarətlərin başlarına yıxaq, min-min adamın qırılmağına bais olaq? Bu qalmaqala bizi ancaq o çör-çöp döşürən müsyö Jordan salıbdır. (Üzün Məstəli şaha tutub). Baba dərviş, hər nə bilirsən ona eylə! Burada xoruzun boynunu vur, Mərrix ulduzuna hökm et ki, o da müsyö Jordanın Arazdan keçəndən sonra boynun vursun. Şahbaz yalqız qalsın. Genə bu taya keçsin, qayıtsın gəlsin. Bir təqsirli adamın ölməyi çox yaxşıdır min-min günahsız xalqın qırılmağından isə.

Şərəfnisə xanım. Can ana, elə demə, müsyö Jordan yazıqdır! Çox yaxşı adamdır. Bu yaylaq hər gün qəribə güllərdən, çiçəklərdən dəstələr bağlayıb Şahbaz bəylə mənə göndərirdi ki, apar adaxlına ver, görsün neçə ildir bu yaylaqları gəzirlər, heç bu gülləri və çiçəkləri görübdürmü və mənə bir güzgü bağışlayıbdır ki, Parisin əcayibat bağında bitən Yengi Dünya güllərin surəti dalısında çəkilmiş. Məni öz qızı kimi istərdi. Mən özümü öldürrəm, qoymaram müsyö Jordanın boynu vurulsun! Paris dağılsın, bizə nə? Əgər orda qızlar, gəlinlər üzüaçıq gəzməsəydilər, Şahbaz heç vaxt ora getməzdi. Paris yıxılsın, qız-gəlini də qırılsın!

Şəhrəbanu xanım.Vallah, bilmirəm hansına razı olam? Amma dəxi necə eyləyək? Şərəfnisə də doğru deyir, müsyö Jordan yazıqdır, yaxşı adamdır, hələ bircə bu işdə təqsirlidir ki, Şahbazı yoldan çıxarıb Parisə getməyi beyninə salıbdır. Məlum ki, Parisdə yaman adamlar var imiş. Qəza bu dərvişi bizə yetiribdir ki, bunun cadusu ilə oranı yıxdırıb xarab edirik. (Üzünü Məstəli şaha tutub). Baba dərviş, buyur divlərə, ifritələrə Parisi qaldırıb altını üstünə çevirsinlər!

Məstəli şah.Baş üstə, xanım! (Üzün Xanpəriyə tutub). Xanpəri xala, çıx çölə, mənim şagirdim Qulaməliyə de ki, mənim xurcunumu tez atın üstündən alsın, gətirsin gəlsin.

 

Xanpəri tez qalxıb çıxır.

 

Məstəli şah.Xanım, Hatəmxan ağa, Şahbaz bəy indi haradadırlar?

Şəhrəbanu xanım.O biri damda. İlxıdan qayıdıb yatırlar.

Məstəli şah.Xanım, bu sirdən gərək olar və ya başqa adam nə indi, nə sonra xəbərdar olmasın ha! Və illah cadu heç əsər bağışlamaz!

Şəhrəbanu xanım.Bu cəhətdən xatircəm ol, baba dərviş!

 

Bu halda qapı açılır.

 

Qulaməli (əlində xurcun Xanpəri ilə məclisə daxil olur).Səlam-əleyküm!

Məstəli şah.Əleykəssəlam! Xurcunu yerə qoy, ağzının bağını aç, içində, üstündə əşkal çəkilmiş taxta parçaları çıxart!

Qulaməli (farsi dili ilə ki, oturan ünas tayifəsi anlamasın).Mixahi çe bekoni?

Məstəli şah.Mixahəm ki, heykəli-şəhri-Parisra bərpa nümudə, bədivhə və ifritha hökm günəm ki, dər türfətüleyn zirü zəbərəş künənd: misli onki əl`an dər pişi-çeşmi-in xatun (gözü ilə Şəhrəbanu xanıma işarə edir) mən heykələşra zirü zəbər xahəm gərd.

Qulaməli (gülümsənmiş).Vase çe?

Məstəli şah.Vase səd danə bacaqluyi-tazə ki, hala əz in xatun bərayi-həmin mətləb xahəm gereft.

Qulaməli (gülümsənmiş).Xub, in xatun ba paytəxti-firəng və əhləş çe ədavət darəd?

Məstəli şah.İn hekayet xeyli dirazəst, təqrirəş küncayişi in məqam nədarəd, təxtəparəhara əz xurcun birun gün!

Qulaməli.Həmin saət, əmma hiç əqləm bavər nəmikunəd ki, in əmri müşkil surətpəzir gərdəd; nəmidanəm şuxi mikuni, ya nə? Dər türfətüleyn Paris xərab şəvəd, yəni çe?

Məstəli şah (gülümsənmiş).Çera yəni çe, mərdəke? Hala in xatuni-mükərrəmə səd danə bacaqluyi-tazə bərayi in mətləb be mən xahəd dad və dəh ruz həm möhlət həst ki, caduyi-mən əsəri xudra be bəxşəd və kəsi həm bədin sirr vaqif nist və nə xahəd şod. Bəd əz giriftəni bacaqluha dəst və pa güşadəəm. Məgər ta dəh rus nəmitəvanəm ki, xudra be on tərəfi Ərəs beyəndazəm, məra dər onca ki, peyda xahəd kərd? Bə`d əz mən hər çe badabad! Əgər ta dəh ruz Paris xərab şəvəd bacaqluha biqilü qal əz həzmi-rabe xahəd güzəşt. To çe midani, bəlkə ta on müddət besaniheyi əz sanihat. Paris xərab şəvəd. Məgər in növ hadisati-əcibə dər aləm kəmtər vüqu yaftəəst?

Qulaməli (taxtaparaları xurcundan çıxarıb gülümsənmiş).İn fəqəreyi-əxirəra hərgiz əqləm qəbul nəmikünəd, xəyali-xaməst.

Məstəli şah (gülümsənmiş).Bəs fəqəreyi-sabiqra əqləm qəbul mikünəd? On həm ki, xəyali-xamnist?

Qulaməli (gülümsənmiş).Ari, dər on çe şəkkəst?

Məstəli şah.Xub, digər həvəssəmra ba sualhayi-bifaidə məğşuş məkun. Bero pişi-əsbha, müntəzir baş. Mən həm bə`d əz yek saət əməli-xudra tamam kərdə mirəsəm, səvar mişəvim, baz migərdim (Qulaməli gedir). Xanpəri xala, dur qapını bərk bağla. Adam-madam gəlməsin.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info