Qonaq Kitabı
KİŞMİŞ OYUNU

 

S ə r k i z (yapışır Karapetin qolundan). Elə, Karapet, gedək. Getməyimiz yaxşıdır. Pulu sonra gəlib alarsan.

 

V ə l i s o l t a n (qabaqların kəsib). A kişi, siz nə təhər adammışsınız? Axı bu soyuqda gəlmisiz, bir istəkan çay içməyə nə var? Ondan sonra genə gedərsiz da. Yoxsa belə də zad olar ki, mənim evimə gəlib bir istəkan da çay içməyəsiz? Bu harada görünübdür? Gədə, Kərim, çay necə oldu?

 

K a r a p e t. Ağa, elə çaydan vacib o Kərimi yolla körək kimmiş tüfəng atan?

 

 

Bu heyndə kənardan tappıltı və qeylü-qal səsi gəlir, ermənilər istəyirlər qapını açıb çıxsınlar.   N u r ə l i   və   Ş i r ə l i  və  C ə f ə r  və  H ü s e y n q u l u    bir tay sürüyürlər otağın içinə. Ermənilər qorxub çəkilib qısılırlar  bucağa və mat-mat baxırlar və kəndlilər tövşüyürlər.

 

  

V ə l i s o l t a n. Ədə, Nurəli, nə tez gəldiniz? Deyəsən, qoçaqlarım, əlidolu gəlmisiniz?

 

N u r ə l i. Soltan ağa, oqatımız təlxdi, işimiz pis getdi. Allah axırın xeyir eləsin.

 

V ə l i s o l t a n. Nə var, Nurəli, olmaya əlinizdən bir xata çıxmış ola? O tüfəng səsi nə idi bayaq gəlirdi?

 

N u r ə l i. Eh, Soltan ağa, qəzadı da. Adam nə bilir ki, başına nə gələcək? Bir işdi olubdur.

 

V ə l i s o l t a n. Gədə, Nurəli, nə danışırsan? Yoxsa əlinizdən bir xata çıxıbdır?

 

 

Qalan kəndlilər dəvəçinin ölüsünü sürüyüb salırlar otağa. Vəlisoltan mat qalıb, ermənilərin rəngi qaçıb və gözləri böyüyüb.

 

  

 

N u r ə l i. Soltan ağa, gördün başımıza nə iş gəldi, necə xataya düşdük? Aman günüdür, Soltan ağa, bizə bir tədbir elə!

 

 

Kəndlilər dəvəçinin ölüsünü salıb ortaya, kor-peşiman çəkilib kənarda başıaşağı mütəfəkkir baxırlar.

 

 

V ə l i s o l t a n (kəndlilərə). Olan, səfeh uşağı səfeh, bu iə iş idi elədiz? Gədə, köpək uşağı, dəli olmusuz? Adam da bir tay kişmişdən ötəri adam öldürər? La-ilahə illəllah! Nələt sənə şeytan! Haramzadalar! İndi mən nə tədbir töküm? Siz dəli olmuşduz, keflənmişdiz ki, getdiz nahaq qana bais olduz, ay it uşağı! Siz hələ silisdən qutarmamısınız. Siz lap elə quldurmuşsuz, yol kəsən imişsiz. Siz vilayətin adın batırdız. Bərgüşad hara, belə işlər hara? İndi gəl divana cavab ver.

 

N u r ə l i. Soltan ağa, iş işdən keçibdir, durmaq vaxtı deyil. Sən bizə bir tədbir tök. Sən genə dünya görmüş adamsan.

 

V ə l i s o l t a n. Nələtə gələsiz sizi görüm! (Bir az fikir eləyir). Gədə, durmayın daxı götürün ölünü də, kişmişi də, aparın töylədə peyin içində basdırın. Sabah olsun görək başımıza nə gəlir.

 

N u r ə l i. Soltan ağa, xeyr, ondan fayda yoxdur; iş çox pis gətirəcək. Biz qəflət eləmişik.

 

V ə l i s o l t a n. Necə qəflət eləmisiz? Yoxsa gələndə adama-zada rast gəlmisiz?

 

N u r ə l i. Xeyr, biz heç kəsə rast gəlməmişik. Deyirəm çox xam iş tutduq.

 

V ə l i s o l t a n. Necə məgər!

 

N u r ə l i (ermənilərə tərəf başı ilə işarə edib Vəlisoltana). Heç, deyirəm ki....  (yenə baxır ermənilərə və başını buluyur).

 

C ə f ə r (öz-özünə). Mən bilmirəm bu ermənilər hardan gəlib çıxdılar bura! Zəhirmar olsun buların öküzü də, haqq-hesabı da!

 

 

Kəndlilər başlayırlar pıçıldaşmağa.

 

  

N u r ə l i. Doğrudan, Soltan ağa, çox xam iş tutmuşuq. Gərək biz işin əvvəlindən tədbiri elə götürəydik ki, kənar adam bizim işimizdən xəbərdar olmayaydı.

 

V ə l i s o l t a n. Necə kənar adam? Bilmirəm siz kənar adam kimi hesab eləyirsiz?

 

 

Kəndlilərin bir neçəsi əyilib baxır ermənilərin üzünə, pıçıldaşırlar.

 

 

N u r ə l i. Doğrusu, Soltan ağa, biz bu işi heç vədə basdıra bilməyəcəyik. Bu ermənilər bizi girə verəcəklər. Bunlara nə etibar var? Erməni heç vədə müsəlmanın sirrini saxlamaz.

 

K a r a p e t. A canım, biz sizə nə vaxt yamanlıq eləmişik? Nə vaxt sizi girə vermişik? Ermənidən heç belə işlər görünməyib. Yer haqqı, göy haqqı, biz bu işi heç bir yerdə açıb ağartmarıq, arxayın olun.

 

S ə r k i z. Va, olan, niyə deyiruq? Biz qonşu deyilük? Qonşu qonşunun sirrin açar?

 

V ə l i s o l t a n. Xeyr, Nurəli, siz bulardan arxayın olun. Yox, bular elə adam deyillər.

 

N u r ə l i. Xeyr, Soltan ağa, heç olmaz. Yox, heç ağlım kəsmir, bizi bular gurultuya verəcəklər. Erməniyə etibar yoxdur.

 

Ş i r ə l i. Allaha and olsun, elə burdan çıxan kimi gedib pristova xəbər verəcəklər.

 

K ə n d l i l ə r. Əlbəttə, belədir. Yəqin ki, xəbər verəcəklər.

 

K a r a p e t (yalvara-yalvara). Başına dönüm, Soltan ağa, bizi əldən qoy, çıxaq gedək allah rizasına.

 

N u r ə l i (qeyz ilə). Yox, dostum, gedə bilmərsiz; heç yana tərpəşə bilməssiz.

 

S ə r k i z. Canım, biz gedirik, Karapet, gəl düş qabağa, gedək.

 

C ə f ə r. Nurəli, aman günüdür, qoyma getsinlər! Yoxsa bular bizim evimizi yıxar!

 

N u r ə l i. Ədə, kimin nə cürəti var ayağın bayıra bassın?

 

 

Kəndlilər başlayır pıçıldaşmağa.

 

 

K a r a p e t (yavaşca). Soltan ağa, aman günüdür, bizə bir çarə elə, o uşaqların fikri özgədir. Bizi çövür balalarının başına.

 

V ə l i s o l t a n. Dostum, qaçmaqdan savay bir əlacı yoxdur. Görün bir təhər qaça bilərsiz.

 

 

Ermənilər qaçırlar, kəndlilər "Ədə qoyma!" deyib ermənilərin dalısınca, erməniləri bir az qovub qayıdırlar otağa. Ölü qalxır.

 

 

N u r ə l i. Soltan ağa, mən ölüm, bu ermənilər bir də bu kəndə ayaq basallar?

 

V ə l i s o l t a n. Bəli, o hörməti ki, biz bulara qoyduq, tez gələllər. Afərin!

 

K ə n d l i l ə r   h a m ı   b i r d ə n. Sağ ol, Nurəli!

 

 

 

Tamam olur, pərdə salınır.

 

 

P ə r d ə

 

 

 

[1]   "Oğlan" demək istəyir.

[2]   Ən yaxın adam, qonaq.

[3]   Qəribə şeydir

 



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info