Qonaq Kitabı
KİŞMİŞ OYUNU

N u r ə l i. Xeyr, Soltan ağa, heç bir şey yoxdur (Nurəli sonra  Hüseynqulunun yanına qısılıb, başlayır onunla pıçıldaşmağa).

 

V ə l i s o l t a n. Gədə, Nurəli, nə var axı? Nə bir elə gizlin sözünüz var ki, pıçıldaşırsız? Hüseynqulu, nə var, Şirəli, nə olubdu?

 

Ş i r ə l i. Xeyr, ağa, bir şey yoxdu.

 

 

Ermənilər diqqətə baxıllar kəndlilərin üzünə, Cəfər də həmçinin başlayır uşaqlar ilə pıçıldaşmağa.

 

  

V ə l i s o l t a n (qayım səslə). Olan, nə var axı? Nə xəlvət işiniz var ki, bizdən gizlin danışırsız? Hər nə sözünüz var deyin, biz də eşidək də. Burada ki, yad adam yoxdur.

 

N u r ə l i. Soltan, bir tədbirimiz var, amma cürət eləmirik ki, cənabınıza ərz edək. Çünki bilirik ki, izin verməyəcəksiniz. Haman mətləbi öz aramızda hələlikdə gizlin götür-qoy eləyirik.

 

V ə l i s o l t a n. Nə tədbiriniz var?

 

N u r ə l i. Xeyr, bir tədbirimiz yoxdur, daxı nə baş ağrısı verək. Siz ki, izin verməyəcəksiniz.

 

V ə l i s o l t a n. Olan, axı bir de görək necə tədbirdir? Bəlkə elə yaxşı işdi; daxı niyə izin vermirəm?

 

N u r ə l i. Xeyr, əlbəttə yaxşı tədbirdi, çox gözəl tədbirdi. Amma xeyr, daxı nə lazım baş ağrısı olsun? Siz ki, izin verməyəcəksiniz, daxı nə lazım ki, söyləmək?

 

V ə l i s o l t a n (guya ki, acıqlı). Vallahi ki, qəribə adamsız. Olan, siz bir mətləbi mənə deyin, mən də baxım görüm izin verməlidi, ya verməli deyil.

 

 

Ermənilər heyrətlə baxırlar.

 

  

N u r ə l i. Soltan ağa, doğrusu budur ki, bu saat, elə bu dəqiqə padşahlıq yolu ilə Qalaya Araz tərəfindən bir karvan kişmiş aparıllar. Aparanlar əvvəl-axır iki yava dəvəçilərdir. İkisi də piyada. Yoldan indi bu saat bizim kəndə gələn var. Dəvəçilərin özü ilə danışıbdır. Deyir dəvəçilər özləri kişmişi belə tərifləyirlər ki, guya o tayda indiyə kimi belə kişmiş əmələ gəlməyibdir. İndi biz uşaqlarnan elə haman mətləbi pıçıldaşırdıq. Soltan ağa, əgər sizin izniniz olsa, biz bu saat gedib, karvandan bir tay kişmiş gətirrik. Vallah, Soltan ağa, heç belə fürsət ələ düşməz; heç belə kişmiş olmaz. Əgər bir tay gətirsək, bütün qış bizə bəsdir.

 

V ə l i s o l t a n. Pəh, pəh! Afərin, afərin! Nurəli, məgər kişmişi çöldə töküblər? Tayı sizə kim verər gedib gətirəsiz?

 

N u r ə l i. Soltan ağa, vallah, karvanda iki dəvəçidən artıq heç kəs yoxdur. Oların hərəsinin cibində bircə dana çuvalduz var. Vəssəlam. Amma biz altı-yeddi nəfərik, özümüz də, söz yox, tüfəng, tapança götürəcəyik. Əliboş ki, getməyəcəyik?

 

S ə r k i z (təəccüblə, qorxa-qorxa). Yəni istəyirsiz gedib zor ilə gətirəsiniz?

 

N u r ə l i. Xeyr, aşna, nə lazım olub zor ilə gətirək. Biz bir tay çatarıq at üstə; dinməz-söyləməz gətirrik. İki dəvəçi bizim qabağımızda nə danışacaq ki, zor da lazım ola.

 

V ə l i s o l t a n. Vallah, Nurəli, mən qorxuram izin verməyə; çünki qorxuram gedəsiz, əlinizdən bir xata baş verə, ondan sonra di gəl divana düş, cavab ver.

 

E r m ə n i l ə r   h ə r  i k i s i. Doğrudan xatalı işdir.

 

N u r ə l i. And olsun o bizi yaradana, bu işdən heç bir xata bizə və sizə toxunmaz. Belə tutaq ki, elə dəvəçilər bizim qabağımıza durdular. Biz onların başını batırdıq, kim nə biləcək ki, bizik? Məgər biz işi o qədər ehtiyatsız tutacayıq ki, altımıza su çıxa?

 

V ə l i s o l t a n. Vallah, dəxi nə deyim? Əgər özünüzə belə arxayınsız, özünüz bilin, gedin. Amma aman günüdür, uşaqlar, ehtiyatı əldən qoymayın!

 

N u r ə l i. Soltan ağa, sən lap arxayın ol. (Yoldaşlarına). Yoldaşlar, durun, gedin. Hamınız yaraq-əsbablarınızı hazır eləyin, gəlin bura; buradan bir yerdə yola düşək gedək.

 

K ə n d l i l ə r.  Baş üstə.

 

 

Çıxırlar.

 

 

K a r a p e t. Soltan ağa, gərək uşaqlara izin verməyəydin. Bu iş çox qorxulu işə bənzəyir. Soltan ağa gərək izin verməyəydin. Məssəb haqqı, bu işdən qan qoxusu gəlir.

 

V ə l i s o l t a n. Vallah, elə mən özüm də peşimanam ki, izin verdim. A kişi, axı nə çarə qılım başıma? Deyərəm xeyr, olmaz; qoymaram, izin vermərəm, başlayıllar and-amanı ki, bu işdə bir xata yoxdu. Doğrusu, öhdələrindən gələ bilmirəm. Bir ay yoxdu ki, haman cahıllar ki, getdilər kişmiş oğurluğuna, üç ermənini padşahlıq yolunda soyub, birin də yaralayıb, beş-on manat pullarını, bir gümüş kəmərlərini gətirmişdilər. Elə indi bu saat hamısı silist altındadılar. Eh, doğrudan, aşnalar, müsəlman çox nadinc millətdi.

 

S ə r k i z. Soltan ağa, bizi yola sal gedək. Allah atana rəhmət eləsnn. Yolumuz uzaqdır.

 

K a r a p e t. Soltan ağa, bizi yola sal gedək. Allah ömrünü uzun eləsin.

 

V ə l i s o l t a n. Yox, yox, heç olmaz. Bu saat nökər çay və çörək gətirəcək sizə. Və bir də ki, gecə vaxtı nə olubdur ki, gedəsiz? İnşallah, gecə qalarsız burda, tezdən öküzün də pulun alıb, yola düşərsiz. İndi Nurəligil kişmiş gətirəcək, bir az da qoyarsız dəsmalınıza, apararsız uşaqlarınıza.

 

K a r a p e t. Yox, yox, Soltan ağa, başına dönüm bizə kişmiş lazım deyil. Bizi yola sal.

 

 

Nurəli yaraqlı və qıvraq girir içəri.

 

 

N u r ə l i. Hələ uşaqlar gəlməyiblər, ağa?

 

V ə l i s o l t a n. Yox, hələ gəlməyiblər. Nurəli, gələsiz, bu daşı ətəyinizdən tökəsiz. Doğrusu, mən qorxuram.

 

N u r ə l i. Soltan ağa, nədən qorxursan? İnşallah, heç zad olmaz.

 

K a r a p e t (Nurəliyə). Ay allah bəndəsi, belə işlərdən nə töküləcək? Xatadı, vallah, oturun aşağa. Bir tay kişmiş nədi ki, ondan ötəri özünüzü bəlaya salırsız?

 

N u r ə l i. Doğrusu Karapet, xonaxa [2] belə fürsət ələ düşməz. Bu kişmiş belə o sən deyən kişmişlərdən deyil. Heyifdir bu cür kişmişi əldən çıxartmaq. Yoxsa əlbəttə kişmiş nə bir elə bahalı şeydir ki?

 

K a r a p e t (Sərkizə). Zarmaneli bana [3].

 

 

Daxil olurlar  k ə n d l i l ə r, qıvraq və yaraqlı.

 

 

K ə n d l i l ə r (Nurəliyə). Nurəli, biz də hazırıq, gedirsən gedək.

 

N u r ə l i. Yaxşı, gedək.

 

 

Hamı kəndlilər uzaqlaşırlar.

 

 

V ə l i s o l t a n. Xoş gəldiz. Aman günüdür, uşaqlar, ehtiyatlı tərpəşin.

 

K ə n d l i l ə r (uzaqdan). Arxayın ol. Soltan ağa, heç xof eləmə!

 

V ə l i s o l t a n (ermənilərə). Bir də, dostum, siz nahaq yerə ehtiyat eləyirsiz. İnsanın alnına hər nə ki, yazılıb, o olacaqdır. Hər kəsə hər nə qismətdi--yetişəcəkdir. Əgər o kişmişlər bizim uşaqlara qismətdi, göydə də olsa, gətirəcəklər. Yoxsa nə olacaqdı bir mənə de körüm. Karapet kirvə, əgər mən səndən aldığım öküzün pulu sənə qismətdi, hər vaxt olsa, yetişəcək; yoxsa qismət deyil, al görüm, pulunu məndən necə alacaqsan!

 

K a r a p e t. Soltan, hərgah öküz indi bu saat sənə lazım deyil, elə yaxşısı budur ki, ver aparaq. İndi mənim özümə öküz çox lazımdı.

 

V ə l i s o l t a n. Yox, dostum, verə bilmərəm. Öküz mənim özümə də lazımdır. Ancaq puluna sözüm yoxdur. İnşallah, gedəndə pullarını sanıyıb, qoyaram ovcunuza, apararsız.

 

 

Uzaqdan bir neçə güllə səsi gəlir.

 

V ə l i s o l t a n. Bu nə tüfəng səsidir? Yəqin ki, bizim uşaqlar olacaq.

 

 

Karapet və Sərkiz qorxa-qorxa dururlar ayağa.

 

  

S ə r k i z. Karapet, yaxşısı budur biz gedək, sonra gəlluq, pulu alluq.

 

K a r a p e t. Soltan ağa, heç zərəri yoxdur, qoy pul qalsın. Doğru indi bizim yolumuzu kənddə gözətləyirlər. Əgər getməsəm, çox nigarançılıq olar. Allah qoysa, bir özgə vaxt gəlluq qulluğunuza.

 

V ə l i s o l t a n. Yox, yox, vallah mən sizi gecənin bu vaxtı ac və susuz heç vədə yola salammaram.

 

K a r a p e t. Yox, vallah, Soltan ağa, heç zəhmət çəkmə. Biz çörək-zad yeməyəcəyik. Elə biz getsək, çox yaxşıdır.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info