Qonaq Kitabı
Al gəldi (13-cü nömrədə “Yetim cücə”yə cavab)

Bir para axmaq-uxmaq çünkü qalıblar bikar,

Pəs indi neyləsinlər onunçun yazıllar əşar.

Amma nə söyləyirlər bir bax nə söz, nə iqrar,

İrana mərhəbalar, iranlılar sağ olsun.

 

Qafqazda yoxdur aya, iranlıca dirayət,

Hər kəndə, şəhrə bir bax, bir etgilən ziyarət,

Eşşəkçilikdə varmı Uluxanlıtək vilayət?

İranlı olmasın, qoy Uluxanlılar sağ olsun.

 

Bakı zavodlarında aya, kim iş görərdi?

Dərd etmə nuri-çeşmim, fərmayişin hədərdi.

Hər kənddə yüz rəiyyət, hər bir bəyə nökərdi,

Bakıya lazım olsa, dehqanlılar sağ olsun.

 

Dərviş, molla, seyyid, həm rövzəxan, rəmmal

Minlərcə Naxçıvanda hər şəhr bunca timsal,

Şirvanı üstə qoysaq min şeyx cəm dərhal

İranın olmasın, qoy şirvanlılar sağ olsun.

 

Sən ki sual edirsən - pəs tası kim qurardı,

Kimlər fala baxardı, kim meymun oynadardı,

Kim rövzəxan olardı, kim cinləri tutardı,

Aləm nə tövr olardı iranlı olmasaydı?

 

Pəs guş ver əzizim – mən söyləyim cavabı,

Şah təxti rövzəxanın – varmı zəmində babı?

Tasıquran deyirsən – yoxdur sayı-hesabı,

Gəncə, Şəki, Rəvanda – gör Ordubad Qəhabı,

Falabaxandı hər yan – cindar haydı-haydı,

Şirvanlılar sağ olsun – iranlı olmasaydı,

İranlı olmasaydı – imanlılar sağ olsun.

 

Bir mətləbim də qaldı – iranlı satmaq üstə

Yüz il tamam yatmaq – namusu atmaq üstə.

Qardaş, nə söyləyirsən – divanəsən, ya xəstə?

Bax bir bizim diyara - molla medalpərəstə,

Xan ilə bəy də yekdil - cəmən tutublar dəstə,

Hərrac, getdi millət! Hərrac, üzün ağ olsun,

Hərrac, üzün ağ olsun – iranlılar sağ olsun.

 

İmza:: Yesir cücə

 

“Molla Nəsrəddin”,

2 may 1914, â„– 17

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info