ETİRAZ
Demə, canım, ki, örtüb gözlərin qəflət müsəlmanın, Olubdur qisməti, zənn eyləmə, möhnət müsəlmanın.
Çəkil, bir bunca töhmətləndirib islamı, xar etmə, Oğurluq elminə alim, mürüvvətdən kənar etmə. Nə olsa qoy olur-olsun, nihan et, aşikar etmə, Qaçaqlıq, rahzənlik, pişəsi-sirqət müsəlmanın, Xəyanət, hiyləgərlik, bədəməl, bidət müsəlmanın.
Mürüvvətsiz! Bəyənmirsən məgər ahil müsəlmanı, Deyirsən tənbəlü biqeyrətü kahil müsəlmanı. Cahanə bildirirsən cahilü qafil müsəlmanı, Və halonki iki dünyadadır rəhmət müsəlmanın, Libasi-jendəsilə, huriyi-cənnət müsəlmanın.
A canım, bəs deyilmi bunca şuriş, ahü vaveyla, Məgər bir cifeyi-murdarü gəndidə deyil dünya? Bu dünyayə məgər bel bağlıyar mömin kişi, la, la! Olubdur axirətdə dövlətü nemət müsəlmanın, Neçin dünyadə olsun qisməti zəhmət müsəlmanın?
Bu beş günlük fəna dünyayə aldanmaz müsəlamnlar, Olub da əhli-dünya, atəşə yanmaz müsəlmanlar, Topaldır, səsləmə hərgiz, ayaqlanmaz müsəlmanlar, Qımıldanmaz, vücudunda hanı qüdrət müsəlmanın, Həvəs, eşqü məhəbbət, cövhərü qüvvət müsəlmanın.
Şəmşirək
|