Qonaq Kitabı
DİL MƏSƏLƏSİ

 

Dil var ikən kəlin lisan deməyək,

Döndərib farscaya, zəban deməyək.

Hər kəsin var sözü, dili, ağızı,

Ağıza, and içək, dəhan deməyək.

Ərabi göndərək öz evlərinə,

Farsa, qal biz də mihman, deməyək.

Göz dururkən yazaq nə eyn, nə çeşm,

Gizlini gizlədib, nəhan deməyək.

Var ikən türklərin oxu, yayı,

Kirpiyə tir, qaşa kəman deməyək.

Ya günə ruz, ruzigar yelə,

Gecələr söyləyək, şəban deməyək.

Buğdaya kəndüm, arpaya dəxi co,

Əkməyə, suya ab, nan deməyək.

Tazə bir kəlmə çıxmış, istismar,

Türkcədir cılxa lap, yalan deməyək.

Rüx yüzə, sər başa, zənəx çənəyə,

Burma altun saça ilan deməyək.

Şer yazdıqda türkcəyi gözədək,

Mu tükə, ortaya miyan deməyək.

Bir neçə qafiyə düzəltmək üçün,

Yuvamız vardır, aşiyan deməyək.

Ya bu kim, bir rədif uğrunda,

Yerə ərz, göyə asiman deməyək.

Saət olsun hövür, dəqiqə çimir,

İsnişək, əsnəşək, yaman deməyək.

Gülməyə xəndə, giryə ağlamağa,

Bəkçiyə heç də pasiban deməyək.

Birliyə ittihad, bilgiyə elm,

Qızlar, arvadlara zənan deməyək.

Kişitək söz verək hamı birdən,

Kim dönüb qaçsa, pəhlivan deməyək.

Dilçilər gülməsin bu təsfiyəyə,

Pozulub Kefsizin də başı, deyə.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1927, â„– 5.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info