İSTİBDAD HÖKUMƏTİ MƏCMUƏLƏRİNİN MÜNDƏRİCATI
Ey böyük ölkəmizin şanı, yalan! Səltənət şiveyi-ünvanı, yalan! Ölkənin çar, qraf, xanı, yalan, Əsgəri, zabiti, sultanı, yalan! Qələsi, topları, qalxanı, yalan!
Hankı bir evdə ki, mehman sənsən, Hanki xəlq içrə ki, xəndan sənsən, Hanki yurdda ki, nümayan sənsən, Qaplayar sətvəti hər yanı yalan, Ey böyük mülkümüzün şanı, yalan!
Sən bizim ölkəmizin zinətisən! Dövlətin ərlərinin qiymətisən! Hərb ərkanımızın qüvvətisən! Həm bütün təbənin imanı, yalan! Ey böyük ölkəmizin şanı, yalan!
Həp səninlə düzələn işlərimiz, Qəlbi-ədayə batır şişlərimiz. Sirr olur ellərə keçmişlərimiz, Yüz sözün, on düzü, doxsanı yalan, Ey böyük mülkümüzün şanı, yalan!
Varlığınla basırız düşməni biz, Qırırız soləti-əhriməni biz, Doğru tək xəlqə satyoruz, səni biz, Oynadır, aldadırız anı yalan! Ey böyük ölkəmizin şanı, yalan!
İstəriz hərbi, edək ta qələbə, Gedək İstanbula, Berlin, Hələbə, Həqliyiz çünki bunu biz tələbə, Bu qəzet dərdləri dərmanı, yalan! Ey böyük mülkümüzün şanı, yalan!
Bir dilək, bir qərəzi var hərənin Bax gəlir gündə biri məxtərənin Quluyuz bir böyük İngiltərənin, Veririz oxlar üçün canı, yalan! Ediriz tərk bu dünyanı, yalan! Axır ursetlilərin qanı, yalan! Ey böyük mülkümüzün şanı, yalan!
“Sijimqulunamə”
|