Qonaq Kitabı
ALLAHA MÜRACİƏT

 

(1913-...cü illərdə Gəncə mahalında olan quraqlıq və bundan naşi çörək və ot qəhətliyi münasibətilə yazılmışdır)

 

Nədir bu isti, ilahi, bilad suzandır!

Məhal, küçə və ev, çöl misali-nirandır!

Ev içrə kölgədə boylə libasım islanmış,

Yağır təpəmdən ərəq, öylə bil ki, barandır!

Mənim kibi oturan kölgədə olar üç-beş,

Günün önündə yananlar beş-altı milyandır,

Yayın günü, gün uzun, isti çox, ağızlar oruc,

Ölülər ac, susuz, qulların yarım candır!

Sənin qulundur ümumən bu taifə axır

Deyil məcus, brəhmən, hamı müsəlmandır!

Bulaqları qurudubsan, tapılmır içməyə su,

Quyuların suyu var isə də, nə çəndandır.

Yağış yüzünə beş aydır ki, həsrətik, yağmır,

Su yoxsa göydə də yoxdur, bu hansı dövrandır?

Avuc-avuc bölüşürlər suyu əkinçilər,

Bu nəzr şərbətidir, ya bir özgə dərmandır?

Suyu görən, çevirir içməmiş iki sələvat,

İçən doyunca su, axşamacan sənaxandır.

Hamı nəmazı-su yoxdur – qılır təyəmmüm ilə,

Nə oğru kabla Məhəmməd, nə molla Səlmandır.

Yaratdığın bu gözəl xəlq, ayaqyalın yeksər,

Su istəməkliyə, dərgahına şitabandır.

Yetibdir iş o məqamə ki, ermənilər də

Keşişlər ilə müsəlladə didə giryandır!

Nə bais oldu belə baxmamaqda yüzlərinə?

Sənin ki, bəndələrə rəhmətin fəravandır!

Əsirgədin kişilərdən beş-altı damcı suyu,

Dənizlərin nədir acı suyu, məgər qandır?

Alışdı, yandı susuz bitəmam məzrəəcat

Nə səbzəvat, nə pambuq, nə bağ, nə bostandır.

Taxılları doluya döydürüb bitirtmişdin,

O gunə kim, baxan olsa, deyərdi xırmandır.

Bu gunə bir çörəyə qaldı qulların möhtac,

Olurmuş ac yaşasınlar? Bu, daş deyil, candır!

Qarın, bağırsaq acından  qurulduyur, qur-qur,

Quri-buri azarı xəlqdə nümayandır!

Bu gunə getsə bütün qulların olur nabud,

Əlində kərçi yaratmaq dübarə asandır.

Kimə açıb əlini istəsin kömək, əkmək?

Yaxın qoyar özünə kim bu xəlqi-bir candır!

Qəniləri özünə vermisən vəkil qərar

Ki, ac əyalinə versin libasdır, nandır.

Niyə, özündə qoyub salğayırsan özgələrə?

Özündə ki, hamıdan mal-pul fəravandır!

Gərək özün qalasan qeydinə yaratdığının

Nə salğamaqdır, o nə loğalıq, nə fərmandır?

Bu, imtəhanmı, bəlamı, nədir, necə işdir?

Bu nə iradə və hikmət, nə sirri-pünhandır?

Bu gunə şuxluq olurdu ki, eylədin bizlə?

Ki, bir zərafətinə yüz min evli qurbandır!

Elə iş işlədin axır ki, küsdü səndən xəlq,

Gələndə məscidü məktəb adı gürizandır!

Orucları yedilər pak, yayda qaldı nəmaz,

Nəmazı da yeməyə  sözbir, əhd-peymandır.

Qoğub müəllimi, mollanı sürdülər kənddən,

Budur ki, bənzəri yox kəndə, bir neyistandır!

Bu barədə demə ki, təkcə biz zərər çəkdik,

Sənin də, şükr, ziyanın bu il firavandır!

Xülasə, şükr bəlalərinə, şükr nemətinə,

Fəqət vəzifəmiz ifayi-həmdi-şükrandır!

 

 

1913, “Sijimqulunamə”.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info