ÇALIŞMA
Çalışma elm üçün, divanə, bir bunca gecə-gündüz, İpin övrətlərin çox da boşaldıb, vermə artıq üz. Qalıb öz haqların alsınlar övrətlər, olub azad, Amandır, noxtasın çək, başını bağla, boğazın üz. Həzər qıl, məktəbə vermə ki, öyrənsin qızın yazı, Üzü açıq gəzib naməhrəm ilə oynasın göz-göz. Deyil oğlan ki, bunlar qurtarıb kurs advaqat olsun, Vəkillik eyləyib sudlarda görsün faidə yüz-yüz. Qızın var, vergilən bir varlıya, ya molla, ya seyyid, Kefincə, ömrün olduqca, yeyib iç, süd gölündə üz! Məkatib, qız uşağı?! Çadra yox, çəkməli donlu, Bu da oldu müsəlmanlıq, bu da ya oldu şərən düz? Ola doqquz yaşında qız gərək ya ərdə, ya gorda, Nəinki küçədə, uşqolda örtüksüz boyun, baş, üz. Müsəlmanlıq qalıb gör bir nə halə kim, müsəlmanlar Kitabət öyrədirlər qızlara, ismət gedir, əl üz. Mənim tək yazmağımla bitməz iş, sən də çalış, Molla! Mühərrir, yaz, müsəhhih, bax, bir az artıq, mürəttib, düz! Qabağın kəs bunun, ay mömin, ay dindar, ay molla, Gedir qeyrət, itir ismət, batır hörmət, budur son söz, Tfu dünya, sənə lənət, necə gör azdı məxluqat, Ocağında bu gün dindarlığın baqi deyil bir göz!
Kefsiz “Molla Nəsrəddin”, 1913, â„– 24.
|