Qonaq Kitabı
İZHARİ-QƏDRDANİ

İZHARİ-QƏDRDANİ [1]

 

Müddət idi çahi-zülmətdə çıxırdı canımız,

Bir soyuq zülmətdə ki, həm donmuş idi qanımız.

Dolmuş idi vəhşiyani-cəhl ilə hər yanımız,

Qeydi-cansuzi-əsarətdə qalıb nisvanımız,

Getmiş idi həm fənayə dinimiz, imanımız.

 

Çəkməz idi hiç kəs hali-pürdərd ilə dəm,

Qoymaz idi bir nəfər parlaq yola hərgiz qədəm,

İzdiyad etməkdə idi cəhl, qəflət dəmbədəm,

Həmdülillah, hopladı meydanə bir əhli-qələm,

Oldu girdabi-cəhalət içrə kəştibanımız.

 

Zülməti-cəhl içrə ikən asimanı, bir işıq,

Doğdu güntək üstümüzdə nagəhani bir işıq.

Şəhri-Bakudən çıxıb dutdu cahanı bir işıq,

Bilmüsavi eylədi mərdü zənanı bir “İşıq”,

Bu işıqda etdi istirdadi-həqq nisvanımız.

 

Ay müdirə, ay mənim istəklicə bacım, xanım!

Axirət dünya bacımsan, başıma tacım, xanım!

Tiri-tənqidi nikuguyanə amacım, xanım.

Oldunuz kəmhövsələ bilməm belə zaçim, xanım.

Boyləmi idi əzəldən əhdimiz, peymanımız?

 

Barakallah, barakallah, barakallah, mərhəba!

Bu nə məcmuə, nə jurnaldır, nə şivə, nə əda!

O nə yazı, nə söz, o nə məqalə... rəhnüma?

Yazdığın sözlər müğayirdir təmamən halına,

Bax ədalət ilə, var insafımız, vicdanımız.

 

Bu mürəbbilikmi, bu məcmuəçilikmi, balam?

Doldurursan jurnalı latayilat ilə təmam.

Aldada bilməzsiniz artıq, gözün açmış əvam,

Etmək olmaz bu təməllüq sayəsində kəsbi-nam,

Həp ikiyüzlülərə məsduddur meydanımız.

 

Sən yazırsan ki, məhərrəmdə tökürsən yaşını,

Küçədə açıq gəzirsən, örtməyirsən başını.

İstəmirsən sən fəqət açıq gəzə yoldaşını,

Doldurub məcmuənin boşqabına bu aşını,

Qoymursan ortalığa, yox həzminə imkanımız.

 

Bir tərəfdən xud yüzü açıq gəzirsən, bihicab,

Bir tərəfdən də deyirsən ki, gərək qalsın hicab,

Hansıdır əyri həmin cohərlərin, hansı səvab?

Hansı qövlünə inansınlar sənin, xanəxərab?

Get-gedə artıq qəmü ənduhi-bipayanımız.

 

Səndə yox təqsir, Bakunun həvası boylədir,

O yerin əfkarını həp mavərası boylədir.

Mollası, şeyxi, axundu, rəhnüması boylədir.

İbtidası işbu gunə, intəhası boylədir.

Pərvərişyab olmuş əvvəldən bu gunə qanımız.

 

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1911, â„– 22.

 

[1]  “Sijimqulunamə”də “Qədr bilmək” başlığı ilə gedən bu şerin əvvəlində yazılmışdır: “Vaxtilə Bakıda nəşr edilən “İşıq” məcmuəsi müdirəsi Xədicə xanıma”.

 


 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info