MARAL
Ma r a l . Haydı, get!.. Get, söylə! Həm də içəri gəlmək istəsə, saqın, bıraqma! Bayram. Hiç bu mümkünmü ya!.. Şimdicə getmək için söz vermədinmi? Maral (hiddətli). Sana nə söylərlərsə, ona baq! Bayram. Pəki... (Çıqar). Maral (şaşqın və sərsəm bir halda). Ah, aman yarəbbi! Hər iki tərəfim təhlikəli uçurum... Burada qalsam Turxan bəyin murdar nəfəsi, qoşulub qaçsam namus, iffət məsələsi bəni bitirəcək, bəni məhv edəcəkdir.
A r s l a n b ə y sol qapıdan əcələ içəri girər, Maral ürkərək bir tərəfə çəkilir.
Arslan bəy. Maral! Maral. Ah, Arslan! (Bir az daha çəkilir). Arslan bəy. Maral! Bu nə kefsizlikdir? Maral. Hiç, Arslan! Hiç.. Arslan bəy (Maralın əllərini yaqalayaraq). Öylə isə niçin duruyorsun? Haydı, gedəlim. Maral. Xayır, xayır, Arslan, daha gedəmiyəcəyim. Artıq bundan sonra... Arslan bəy. Aman, nə demək istiyorsun?! Maral. Əvət, artıq bundan sonra bəni unut!.. Bu çarəsiz bədbaxtı unut! Arslan bəy. Maral, Maral!.. Ah, nələr eşidiyorum!? Maral (müztərib). Aman, yarəbbi! Arslan bəy. Maral!?
Bu halda Turxan bəy gəlir, onları böylə görüncə şaşırıb durur.
Maral. Ah, Arslan!.. Arslan!.. Turxan bəy (dərhal revolverini çıqarır. Maralın sözünü kəsərək acı qəhqəhə ilə). Ya!.. Səndəki vəfa bu imiş ha!? Maral (məzlumanə). Aman, bəyim! Turxan bəy. Uzun söz lazım deyil... Al, İştə bu sənin... (Revolver patlar, Maral – “Ah” deyə düşü verir. Sonra Arslan bəyi nişanlayaraq). Bu da... (Revolver açılmaz). Arslan bəy (hücum edərək). Ah, namərd! Alçaq! O, mələk kibi mə’sumdur (Haman xəncər ilə Turxan bəyi göksündən yaralar və dışarı fırlar). Turxan bəy. Xain!.. Vicdansız!..
(Deyə Arslanı izlər)
Maral (həzin və yaralı bir səslə). Uf... (Sofada bir-iki qurşun daha patlar). Humay (təlaş ilə daxil olaraq). Eyvah, bu nə fəlakət!.. (Maralı qucaqlayaraq). Maral!.. Maral!.. Maral (məhzun və acı təbəssümlə). Ah, Humay! Sənmisin?.. Humay. Sevgili Maral, hanki cəllad sana qıydı? Maral. Hiç sorma!..
Nadirlə Cəmil gəlir, mənzəreyi-faciəyi görüncə “ah” – deyə dona qalırlar. Eyni zamanda Turxan bəy də göksünü sağ əli ilə tutmuş olduğu halda geri dönər. Şaşqın və nadim bir cəllad tevri ilə baqıb durur.
Ma r a l . Humay!.. Əlvida!.. Ah, bəndən anama... salam! Unutma!.. Uf!.. Əl...vida!.. (Təslimi-ruh edər). Humay (yaralı bir fəryad ilə). Ah, Maral!.. Maral!.. Maral!..
(Deyə öpüb bağrına basar və şiddətli hıçqırıqlar içində boğulub düşər). Lakin Humay ilə Maralın son sözləri dəvam etdiyi sırada Nadirlə Cəmilin sabit və əzici nəzərləri daima yuqarıdan aşağıya olaraq Turxan bəy üzərinə dikili qalır.
Pərdə
SON
Gəncə, 1913
|