Çün bəyan oldu rümuzi-əlləməl-əsma bizə
Çün bəyan oldu rümuzi-əlləməl-əsma bizə, Rövşən oldu nükteyi-sirri-şəbi-əsra bizə.
Zərreyi-mehriz, əgərçi mətləi-nur olmuşuz, Qətreyi-bəhriz və lakin mövc urar dərya bizə.
Zahida, biz çəkməziz imruzü fərda qüssəsin, İbni-vəqtiz, lacərəm imruz olur fərda bizə.
Ümmuhatın zübdəsiyiz, həqqə məzhər düşmüşüz, Şoylə zatız kim, bulunmaz bir dəxi həmta bizə.
Bilmişiz dünyayi-faninin nədir keyfiyyəti, Rövşən olubdur xifayi-aləmi-üqba bizə.
Yar eşiyindən bizi, zahid, çağırma cənnətə, Cənnətül-mə’va sizə, bu surəti-ziba bizə.
Çar ənasirdir bizi surətdə qıldıran qərar, Yoxsa mə’nidə məqami-qürbi-həqdir ca bizə.
Mən ki, mə’ni gülşənində söylərəm bülbül kimi, Həsrət eylər nitq ilə tutiyi-şəkkərxa bizə.
Cənnəti-didar imiş məqsudi-əhli mə’rifət, Bir nəfəs ansız gərəkməz cənnətul-mə’va bizə.
Ey Nəsimi, qafil olma şol humayun kölgədən Kim, qılır hərdəm təcəlli Qafdan ənqa bizə.
|