MÜHÜM SÖHBƏT
M ə ş ə d i – Kabla Həsənqulu, bu biyabanda, şəhərdən kənar yerdə bu dikili nədir? K a b l a y ı – Məşədi, hankı dikilini deyirsən? M. – Bax, bu dikili, bax! Bu dərənin kənarındakı, həmi də nə gözəl tikişdir, lap məscidə oxşuyur, üstündə də ayparə var, bu nədir? K. – Məşədi, gözüm seçmir, hankı tərəfdədir, bir qolumdan yapış, barmağını da uzat, səmtini görüm, bəlkə biləm. M. – A kişi, bir bəri dur! Bax, bax, bax! Odur Gəncə şəhərindən üç-dörd verst kənarda o daşlı-dikənli səhranın içində, o boyda evi görmürsənmi? Hələ ətrafında dikili dəmirdən hasar çəkilib, hasarın içində bir neçə ağac əkilibdir. Pəh, pəh, pəh, nə gözəl evdir. Allahın altında o ev mənim olaydı. Özü də Yuropa üsulu üzrə dikilib. Kablayı, sən Allah de görüm orası nədir!? K. – Hə, hə gördüm, Məşədi! Bəs orayı bilmirsən nədir? M. – Yox nə bilirəm, indiyə kimi burada mən belə şey görməmişəm ki! K. – Vay eyb olsun sənə Məşədi! Bəs bu vəqtədək onu bilmirsən ki, nədir? M. – Yox vallah! K. – O belə Şeyx Nizaminin türbəsidir! M. – Mən ölüm necə? K. – Bu sən öləsən! M. – Sən öl inanmaram! K. – Başın üçün doğru deyirəm. M. – Degilən vallah! K. – Vallah! M. – Degilən həzrət Abbas haqqı! K. – Həzrət Abbas haqqı! M. – Bəs onun ki, günbədini dağıtmışdılar, bunu kim dikdirdi? K. – Gəncənin ürəfa və əyanı. M. – Elə təkcə ürəfa ilə əyan o qədər pul xərclədilər ha!? K. – Yox, bir dəfə də cavanlar tiyatro qoydular, kitab satdılar, əlli min qəpikdən artıq pul da yığıb banka qoydular, bu saətdə bankda durur, yerdə qalanını da Gəncə pulluları verdilər. M. – Pəh, pəh, pəh, afərin, afərin, qurban olum hikmətinizə Kabla Həsənqulu. Bəs indi niyə elə tiyatrolar qoyub pul yığmırlar ki, bir xeyir işə sərf olunsun? K. – Vallah, Məşədi! İndi Sidqinin əlində macal tapa bilmirlər ki, bir tiyatro qoysunlar. M. – A kişi, necə Sidqi? K. – Artist Sidqi.. M. – Eşqabaddakı? K. – Yox! M. – Tiflisdəki? K. – Yox! M. – Bəs hardakı? K. – Gəncədəki, Gəncədəki, tanıdınmı? M. – Hə.. K. – Eləsə xudahafiz.
Məşədi Sijimqulu “Molla Nəsrəddin”, 1914, N 12.
|