Qonaq Kitabı
DAHA DÜZƏLDİ

Bəli, daha işlər düzəlib getdi! Daha cəmi əyrilərimiz düzəlib, sınıqlarımız bitdi! Daha müsəlman vilayətlərində azadlıqlar olub, məşrutələr verildi! Daha hamı əməlləndi, hər yerdə, hər şəhərdə, hətta Danabaş kəndində məktəb-mədrəsələr açıldı! Müsəlman balaları aşıqları tullayıb məktəblərə doluşdular! Daha mollalar, əfəndilər, xəfiyyə və casus, xuliqanlar da məşrutə tərəfinə keçməyə məcbur oldular!! Daha kimlərə məsxərə eliyəcəyik?! Kimin eybini yazacayıq, daha Xorasanda siğəbazlıq olmayacaq, biçarə məşədilərin işi nə günə olacaq? Xorasanın boynuyoğun müftəxorları acından naziklənəcəkdirlər. Daha Qafqaz zavvarlarını qaz sürüsü kimi aparıb bir dama qatıb tüklərini yolmayacaqlar. Daha bundan belə Qafqaz mollaları oğurlanmış qızlara kəbin kəsmiyib və zor ilə onları iqrar etməyə məcbur etməyəcəklər! İranda və Türküstanda tiryak və şirəxanələr bağlanacaqdır. Küçələrdə divar dibində əl qabına getmək qadağan olacaqdır, mollalar və əsnaflar küçələrdə və arxların üstündə çömbəltmə oturub istibra eləyə bilməyəcəklər!! Bakıda qoçular və uşaqbazlar, Qarabağda oğrular, tülüngülər və moqufat siçanları, Səlyanda hacılar və mollalar, pəzəvənglər, Şirvanda şeyxlər və möcüzənümalər, Şəkidə sadə və surətpərəst və inhitat tənəzzül cəmiyyəti! Gəncədə tazə kərbəlayılar və üsuli-təfriqə tərəfdarları, İravanda möminlər, Naxçıvanda köhnəpərəstlər və Ordubadda qırmızısaqqal əmilər, Culfada mütrübbazlar, Batumda kisəbirlər, Tiflisdə şeytanbazar müsəlmanları və sudəzdeyi yar olan alış-verişçi cəvanlar daha öz günahlarından və xilafi-insaniyyət olan əməllərindən tövbə eliyəcəklər! Və bundan sonra milliyyət və mədəniyyətə köməklər eliyəcəklər, daha bundan sonra biz nə yazacayıq? Daha Gəncədə Ağasıbəyli kəndinin ruhanisi Molla Qəmbərlər və tazə Xorasandan ziyarət eliyib gəlmiş olan Məşhədi Məhəmmədlər, – evlərində övrətləri qoşa-qoşa qoyub yeddi dəfə ərə gedib 14 dəfə təlaq almış bir ismətsiz dul övrətdən ötrü boğuşmayacaqlar, işlər belə olanda daha biz nəyə lazım olacayıq? Jurnalçılar və qəzetçilər daha şələ-pələlərini yığışdırmalıdırlar, daha bundan sonra Bakıda mömin məşədilər rus uşaqlarını tovlayıb evlərinə aparıb namusuna toxunmayacaqlar, Yevlax tacirləri müsəlman qulluqçularını qoyub ğılman kimi olan gürcü uşaqlarını saxlamayacaqlar. Daha heç gün çıxana cənəb qalıb namazını qəzayə qoymayacaqlar. Vəssalam.

 

Şəmşir

“Zənbur”, 1909, N 10.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info