Qonaq Kitabı
GƏNCƏDƏN

Hörmətli Molla Nəsrəddin əmi!

Türkdə bir məsəl var ki, deyərlər qolumuzdan tutan gəlməz, qılçamızdan qaldıran gələr – hə, keçən erməni-müsəlman iğtişaşı münasibətilə Tiflisdə Sumbatov küçəsində əyləşən istəkli rəfiqlər pərakəndə olub biçarə Tiflisin müsəlman qardaşlarımızı avarə və sərgərdan qoyan kimi, indi ondan böyük bir müsibət də biz yazıq gəncəlilərin başına gəldi! Tiflisdəki əzizləri pərakəndə edən erməni-müsəlman davası və daşnaqsaqanların qorxusu oldu! Ama bizi küçələrə salan və istəkli məhbubələri dağıdıb pərakəndə edən tək bircə nəfər evi yıxılmış bir adam oldu. Bu adam özü rusdur, adı da Canibəyovdur və həmi də adını qoyub ki, mən doxduram və halanke nə Təbrizi görüb, nə Ərdəbili və nə də Mazandaranı, nə də həkimliyi məlumdur. Çünki bu şəhərlərin hansında təhsil edibdir ki, doxtur ola. Məhz bijlik ilə başlayıb müsəlmanları ələ salmağa və yağlı dillər ilə müsəlmanları özünə ram eliyib soymağa. Müsəlmanlar da xah qoca xah cavan hər kəs naxoş olanda müsəlman həkimlərini qoyub buna müraciət edirlər. Bu öyü xarab doxtur baxıb görür ki, bunun yanına nə qədər ki, naxoş gəlir istər qoca, ortabab, istər cavan və uşaq hamısı azarlıdır. Doxtur ağanın müsəlmanlar ilə əlaqəsi olduğundan bir müddətdən sonra hesab eliyib baxır görür ki, Gəncədə təmam 28 min adam müsəlman bu bəlayə giriftardır. Ay yalan (mən təmiz söz verirəm ki, Gəncədə adı bir nəfər Məşhədi də azarlı ölmüyübdür və doxturun hesabı başdan ayağə yalan-palandır).

Bəli, bu öyü yıxılmış doxtur bu hesab ilə götürüb hökumətə bir ərizə verir ki, gərək müsəlmanların içindən fahişəxanalar götürülsün, yoxsa iki aya kimi Gəncədə bir müsəlman da qalmaz, hamısı qırılıb qurtarar!! Ay yalanına od düşsün, bir belə adam da qırılıb qurtararmı? Dərənin axmağı özü azarın əlacını, dərmanını bilmir, o səbəbə bilmir nə danışsın. Nə olub müsəlman qırılır. Odu həkim Ağa Məhəmmədtəqi iyirmicə manat alır, adamı bircə il yarımadək lap anadan doğma kimi eliyir!!! Bu utanmaz həyasız öyü yıxılmış hökumətə gündə bir ərizə verə-verə axırı məqsudinə çatdı və Əttarlar küçəsində olan fahişəxanələri bağlatdı və bir tağım ayaqsız, atasız-anasız ğərib qonaqları saldı çöllərə! Adamın yazığı bu qonaqlardan artıq Gəncənin cavanlarına gəlir ki, bunlar nə növ tab edəcəklər, o istəkli rəfiqələrinin fəraqinə çünki məhəbbət bir bəla şeydir! Bir də Gəncə bir elə yer deyil ki, adam qüssə edəndə bir yer ola gedib bir az ürəyini aça, məsəla, Bakı kimi, Tiflis kimi. Bakıda qüssə əl verəndə adam gedir dərya kənarına və dəryada çimənlərə-zada tamaşa eləyib dərdini dağıdır, Tiflis də həmçinin. Ama Gəncə xeyr, əgər məşğuliyyət üçün istəsən ğastinə gedəsən, gedib görəcəksən ki, üç nəfər müsafirə var, leykin 20 – 25 nəfər ğəribnəvaz mehman, dost müsəlman qardaşlar kəsiblər bunların yanını növbət gözləyirlər. Xülasə, allah baisin öyünü yıxsın, qapısını onların qapısı kimi bağlı qoysun ki, xəlqi avarə qoydu. Bu gün görürəm axırı cavanların bir parəsinin əlacı kəsilib gedib küçədə 8 – 9 yaşında uşaqlar ilə gildirim parç oynuyurlar.

Xülasə, Allah baisin öyün yıxsın!

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1909, â„– 33.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info