Dörd söz
MƏHƏBBƏT!-sözü var bizim lisanda, O, dağlardan axan bir şəffaf sudur. Yaşını bilməyir onun zaman da, Bəlkə də insanın ilk arzusudur!..
Varlığa güldükcə o gözəl bahar, Çiçəklər, qönçələr açır hər dilək. O ilham qızının ehtişamı var, Qəlbə həyat verir gülümsəyərək.
Onun saf qəlbində nə qəzəb, nə kin, Nə həsəd,nə də ki, bir xəyanət var. Mənim and içdiyim o məhəbbətin Qəlbində müqəddəs bir əməl yaşar... Eşqin ipək telli zərif qanadı Zamanın fövqünə qaldırdı bizi... Məhəbbət iblisə təsləm olmadı, Yaşatdı insanlıq şərəfimizi, Məhəbbət – hünərdidir! Bu yüksək əməl Bizim qismətimiz olmuş cahanda. O könül yolçusu mehriban gözəl Min ürək fəth edir hər keçən anda... Onun qarşısında diz çökür insan, Qılınclı,qalxanlı qəhrəmanlar da. Eşqin odlarından,alovlarından Yanıb şölə çəkir asimanlar da..
SƏADƏT!— sözü var bir də cahanda Səadət, o gözəl, oxöşbəxt səhər... Tale ulduzu tək onu hər yanda Daima izləmiş keçən nəsillər, Səadət zamanla məkana bənzər, Onun nə ölçüsü, nə hüdudu var. Səadətlə doğan bir azad səhər Xəyalə bir yeni kainat açar.. Ah! Onun qucağı nə mehribandır, Nə qədər məsumdur o saf dodaqlar... Yaşasın səadət! Yaşasın bahar, Bu böyük şüarı verən zamandır. Lütfkar yaranmış onun əlləri, Daima ağ günə çağırır bizi, Səadət qızının xoş əməlləri Ölümdən qurtarır saf eşqimizi.
Bir də dilimizdə VƏTƏN!— sözü var, Ana qucağıdır bu ilahi söz... Onun nəfəsidir böyük arzular, Nə könül doymuşdur ondan, nə də göz. Vətən! Döşlərindən bizə süd verir, Həyat nemətidir bu şanlı torpaq, Qulaq as gör anan nə öyüd verir: Şərəflə, vüqarla yaşayın ancaq!.. Vətən! Öz eşqilə o doğma ana , Xeyir-dua verir qəhrəmanlara. Şəhid oğulları basıb bağrına, Matəm də saxlayır axan qanlara... Qadir yaranmışdır müqəddəs Vətən, O böyük hakimin verdiyi qərar Pozulmaz zamanın xatirəsindən, Onun öz hökmü var, öz dünyası var.
ZƏFƏR!- sözünün də vurğunuyam mən, Günəşdən ucadır onun bayrağı! Dönməz oğulların iradəsindən Gəncləşir qocaman Vətən torpağı! Kimin ki, adına yazılmış Zəfər, Öpüb qucaqlayır onu səadət. Müzəffər ordular vüqarla keçər! Ölümdür cahanda dilsiz itaət... Böyükdür Zəfərin çarpan ürəyi, Qolunda el nəbzi vurur hər zaman. Əssə də dünyanın taun küləyi, Var olsun odlardan zəfərlə çıxan. Ucalsın,ey Zəfər,qoy al bayrağın Səninlə fəxr edir anamız Vətən. Sənsiz zəlil yaşar ana torpağın, İnsanın şərəfi, şöhrəti sənsən! Yaşasın MƏHƏBBƏT dediyim pəri! Yaşasın SƏADƏT ! - O yaz səhəri! Yaşasın anamız müqəddəs VƏTƏN! Oyansın səhərlər ZƏFƏR səsindən!
1944.
|