MAARİF
Şura hökumətinin məşhur komissarlarından doktor Sultanməcid Əfəndiyevin maarif barəsində qəzetlərdə dərc etdiyi məqaləni biz nəzərdən sala bilmədik və buna da iki səbəb var: Birinci səbəb: 1) Həmin bu məqaləni biz ən səmim-qəlbdən yazılmış hesab edirik. 2) İkinci səbəb budur ki, məqalənin elə bir guşələri var ki, onları oxuyan gərək qabaqca gülə, amma sonra bəlkə ağlamağı tutacaq; ya da qabaqca gərək ağlaya, sonra gülməyi gələ. Məqalənin ağlamalı yerləri ilə bizim işimiz yoxdur – bu tarixçilərin vəzifəsi. Bizim sözümüz gülməli və məzəli yerləridir. _____
Əvvələn – Soltanməcid yazır: Biz inqilabın qabaqlarında o qədər özümüzü təriflədik ki, axırda baxdıq gördük ki, hələ inqilabdan qabaq mövcud olan məktəblərin sanıca da indi bizim məktəbimiz yoxdur (çox qəribə). _____
İkinci: - Müəllimlərimiz təmamən qaçdılar Quba meydanına, çünki səkkiz aylarla məvacib almırdılar (bu da çox məzəli). _____
Üçüncü: - Məktəb kitablarımız Türkiyənin Kürdüstan və Ərəbistan dilində yazıldıqları səbəbdən onların içindən millətimiz bir mətləb çıxarda bilmədi (bu da çox təəccüb). _____
O şey ki, bizi bu barədə danışmağa məcbur etdi, - o da Soltanməcidin bir neçə ibarəsidir ki, məqalənin axırlarında deyir; məqalə sahibi yazır: “Özümüzü boş-boşuna mədh və təhsil ilə yox, özümüzü quru tərif və yalançı alqışlar ilə yox – məhz acı həqiqəti meydana qoymaq ilə biz maarif evini abad edə bilərik”. _____
Molla Nəsrəddin əmi də deyir: - Özümüzü boş-boşuna mədh və təhsil ilə yox – özümüzü quru tərif və yalançı alqışlar ilə yox, məhz acı həqiqəti meydana qoymaq ilə biz maarif evini abad edə bilərik. Qeyri bir yolu yoxdur.
Molla Nəsrəddin. “Yeni yol”, 3 mart, 1923, â„– 8.
|