Qonaq Kitabı
GETDİ CAHANDAN HƏZRƏTİ ”“ SİDQİ

Əz cahan rəft Həzrəti – Sidqi,

Səd həzəran driğ, səd əfsus!

 

Amma çox zamanlar çəkər ki, mərhumun adı vətəndaşlarımızın yadından fəramuş ola[i]. Çox zamanlar maarifpərvər həmşəhrilərimiz deyəcəklər: “Səd həzəran driğ, səd əfsus”.

Nədir buna bais? Nə eləyibdi bizə Sidqi ki, onun dünyadan getməyinə bu qədər ah-nalə çəkib, ağlayırıq?

Cavabım budur: ah-naləmiz məhz bir bundan ötrü deyil ki, Sidqi şəhərimizdə bir nizamlı məktəb açmış. Ah-naləmiz ondan ötrü deyil ki, əgər Sidqi olmasaydı, bəlkə hələ indiyədək yazıq vətənimizin fəqir balaları məcbur idilər dükanların qaranlıq bucaqlarında və samanlıqların soyuq künclərində, nəm torpaqlar üstə çöküb, cırıq çərəkələrin üstə səriştəsiz müdərrislərin[ii] çubuqlarının xovfundan göz yaşı töksünlər. Ah-naləmiz məhz ondan ötrü deyil ki, mərhumun dövlətindən indi həmşəhrilərimizin yüz iyirmi (bəlkə dəxi də artıq) balaları məscidi-camenin civarında tikilmiş böyük bir imarətdə, güşad, isti və quru klas[iii] otaqlarında, stullar üstə, nizam ilə əyləşib, neçə-neçə bakəmal ustalardan elmi-ilahi, türki, rus, fars və ərəb dilləri, coğrafiya, mühəndislik, tarix və başqa elm və tərbiyə öyrənirlər. Və ah-naləmiz məhz ondan ötrü deyil ki, Naxçıvan şəhərində haman məktəbi həzrəti – Sidqi təsis edən zaman (on il bundan irəli) belə qaydalı müsəlman mədrəsəsi nəinki İrəvanda, bəlkə Qafqazın böyük müsəlman şəhərlərinin çoxunda yox idi. Həzrət Sidqinin getməyinə etdiyimiz ah-naləmizin əsl səbəbi budur.

Sidqi Naxçıvana gəlməmiş şəhərimizin camaatı təzə qayda üzrə elm təhsil eləməyi xoşlamayıb, təzə üsul məktəbxana açılmasına bilmərrə rağib[iv] deyildi. Çox sözlər bu barədə danışılıb, çox müzakirə və mübahisələr olub və heç biri nəticə bağışlamayıb. Və bu tövr söhbətlərin şiddətli vaxtı idi ki, Sidqi varid oldu Naxçıvana.

Mərhum qırx-qırx iki sinidə bir adam idi. Anadan olub Ordubad şəhərində və Ordubad mədrəsəsində bir qədər oxuyandan sonra əhli-əyal sahibi olub, çayçılıqla güzaran kəsb edirdi. Mərhumun qəhvəxanasında çay içənlərin çoxu bu saat sağdır. Bir yada salsınlar haman dükanda keçən günləri, orada danışılan söhbətləri, orada olunan mübahisələri. Gətirsinlər yada Sidqinin vəz və nəsihətini. Məgər yalandı ki, çayxanada özgə bir söhbət yox idi savayı millət, mərifət, elm, şəriət, təməddün və bu qism işlər?

Çay satmaq müvəqqəti və arizi[v] məşğələ idi mərhum üçün. Onun təbii sənəti vaizlik və müdərrislik idi. Bir az vaxtda çayçılığı boşlayıb, Ordubad şəhərində mərhum bir neçə uşaq başına cəm edib, başladı müəllimliyi. Bir belə vücudun tərifi ola bilməzdi sair yerlərə yayılmasın və az vaxtda Sidqinin adı şəhərimizdə o qədər şöhrət tapdı ki, çoxları mərhumu ziyarət etməyə müştaq idilər. Dəxi aşkardır ki, Naxçıvana Sidqinin məhz varid olmağı lazım imiş ki, çətin məsələlər kəşf olunsun, mətləblər zikr olunsun, söhbət qızışsın və neçə illərlə ürəklərdə olan arzular yerinə gəlsin.

Sidqi əvvəl istəmirdi vətənindən uzaqlaşsın, istəmirdi həmşəhrilərinin uşaqlarını mərifət və tərbiyə feyzindən məhrum eləsin. Amma Naxçıvan maarifpərvər və millətpərəstlərinin dəfəatla göndərilən təkidli dəvətlərini axirül-əmr qəbul etdi, bu niyyət ilə ki, Naxçıvanda millət yolunda xidmət etmək meydanı mərhum üçün dəxi də gen ola bilər. Allah şahiddir ki, Sidqinin vətənimizə varid olmaqlığı şəhərimizin mədəniyyət və maarif tarixi üçün bir mühüm fəqərə oldu.

Naxçıvana gələn kimi burada guya ki, zəmana birdən təğyir tapdı. Mərhumun vəz və nəsihətinin səmərəsi bir az vaxtda görsəndi. Hər bir kəs ki, dünən deyirdi: “Mən sisin təzə məktəbinizi istəmirəm”, bu gün Sidqi ilə söhbət edəndən sonra söyləyirdi: “razıyam”. Hər kəs dünən rus dərsini oxumağı təkfir edirdi, bu gün mərhumun məsləhəti ilə uşağını qoyurdu rus dərsinə.

Mərhum camaat ilə etdiyi söhbətlər təxminən bu növ idilər: “Qardaş, Məşədi Həsən, nə səbəbə razı olmursan ki, oğlun gəlsin təzə məktəbimizə? Niyə razı olmursan və nədən qorxursan? Sənin oğlun bizim məktəbdə oxuyacaq türk dili, yəni ata-anasının dilini. Şəriət, fars, rus, qeyri-bir şey. Niyə razı olmursan və niyə mənim sözlərimə etina eləmirsən? Bir bax gör mən kiməm? İnsafdırmı mənim kimi adama sən etbar etməyəsən? Vay, vay!..”

Bu sözlər mötad[vi] sözlərdir. Amma Sidqinin təqrirində sözlər özgə şəklə düşüb, əlahiddə məna verirdilər. Şirinkəlam və xoştəqrir olmaqdan savayı mərhumun vəzinin təsiri o mərtəbədə idi ki, həmsöhbəti hər anda özünə mürid etməkdə idi.

Bəs nə idi mərhumun əfkarı, nə yolda mərhum çalışırdı və nə mətləbə qulluq edirdi? Bu sualların cavabını eşitmək xahiş edən oxusun mərhumun düzdüyü gözəl mənzumələri, danışdırsın o tərbiyə verdiyi şagirdləri: nəşri-maarif və təməddün, dini-islama rəvac vermək, dövlətə itaət və insaniyyət aləminə məhəbbət.

Bu bir neçə mətləblər idi. Sidqi tamam ömründə axtardığı şeylər.

Sidqinin vətənimizə etdiyi qulluğun qədrini bilməkdən ötrü lazımdırmüqabilə etmək camaatımızın savad və maarif aləmində olan indiki əhvalı ilə on il bundan əqdəm olan halətini. Tərəqqi çox atrıq görünür və əgər söyləsək ki, bu tərəqqinin onda doqquzuna bais məhz Sidqidir, - insafdan və həqiqətdən bilmərrə uzaq olmaz.

Mərhumun şəxsi sifətləri misilsiz idilər: təmkinli mömin, sadiq, sakit, xoşəhval, rəhmdil və xeyirxah. Gözəl – gözəl xasiyyətlər Sidqini Naxçıvanda zərbül-məsəl eləmişdilər. O hörmət və məhəbbəti ki, camaatımız mərhuma göstərirdi, - indiyə kimi heç bir şəxsə göstərməyib. Mərhumu cani-dildən dost tuturdular mollalar, seyidlər, xanlar, əsnaf və hammal. Küçə və bazarda Sidqini barmaq ilə göstərirdilər. Mərhumun vəfatı günü çox kişilər göz yaşı töküb. Cənazəsini dəfn eləməyə gedən camaatı küçələr tutmurdu və yəqinül-yəqin bu camaatın hamısı başını aşağı dikib, qəlbində deyirdi: “Səd həzəran driğ, səd əfsus”.

 

 

Cəlil  Məmmədquluzadə.

“Şərqi-Rus” qəzeti, 30 yanvar, 1904, â„– 11.



[i]  Fəramuş olmaq – yaddan çıxmaq.

[ii]  Müdərris – dərs deyən, müəllim.

[iii] Klas – sinif.

[iv] Rağib – rəğbət bəsləyən, xoşlayan.

[v] Arizi– burada: məcburi çarəsiz.

[vi] Mötad – adi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info