Qonaq Kitabı
ŞEYTANA CAVAB

 

Ey mənim əzizim şeytan qardaş!

“Molla Nəsrəddin”in 32-ci nömrəsində sənin imzan ilə bir məktub oxudum, o məktubda sən deyirsən ki, on ildə müsəlman içindən çıxıb gedib Yevropada olur-san və müsəlman içində üz verən pis işlərdən sənin xəbərin yoxdur.

Ay sən öləsən, ay başını piyliyim, ay meydini görüm! Hələ mənə de görüm kimi tovlamaq istəyirsən? Yoxsa müsəlmanlara dadanıbsan? Yoxsa ona arxayınsan ki, sadədil və nadan müsəlmanları asandır aldatmaq?

Sən utanmaya-utanmaya deyirsən ki, “mən on ildi müsəlmanların içindən çıxıb gedib Yevropada qalıram”. Yalansa atana lənət! Məgər sən iki ay bundan irəli Tiflisdə deyildin? Pəs kim idi gecə cənab Mahmud ağanın qapısını döyən? Mənim yaxşı yadımdadı, yağış da yağırdı. Cənab Mahmud ağa akoşkadan başını çıxartdı və soruşdu ki, “kimdi qapını döyən?” Sən dedin ki, “mənəm”. Cənab Mahmud ağa köynəkçək qapıya yenib sənə dedi ki, “gecənin bu vaxtı xeyir ola?” Sən Mahmud ağaya dedin: “Səhər tezdən bir ərizə yazdır, poçtnan göndər qubernatora və xəbər ver ki, prixod mollası Axund Mirbağır ağa müsəlmanları başına yığıb onlara hökumətin əleyhində bir para mətləblər öyrədir”. Cənab Mahmud ağa dedi ki: “Baş üstə” və sabahkı günü cənab ərizəni göndərəndən sonra Mirbağır ağanı tutub bir ay dustaqxanada saxladılar.

Əzizim şeytan qardaş, pəs sən deyirsən ki, on ildi Yevropadayam? Pəs cənab Mahmud ağanın qapısını döyən və onu bu məşqə salan kim idi? Hətta burası da yadımdadır ki, yağış yağırdı və küçələr palçıq idi və quyruğunun ucu palçığa batmışdı.

Hələ bu yalanının biri.

Əzizim şeytan qardaş, mən səni iki il bundan irəli də görmüşəm, “Qurbağalı” kəndində . Yadındadırmı Kərbəlayı Heydər gəlmişdi. Molla Fətəli axund deyirdi ki, “Kərbəlayı Hüseynin qızı Tutunun kəbinini kəs mənə” və Molla Fətəli başladı Kərbəlayı Heydəri məzəmmət eləməyə ki, Tutunun əri var və Kərbəlayı Heydər cavab verdi ki, Tutunun əri kasıb bir adamdı və özü də gedib Rusetə kasıbçılığa. Molla Fətəli genə dedi ki, olmaz, əri qayıdıb gələr və şikayət elər və Kərbəlayı Heydər cavab verdi ki, Tutunun əri avara bir adamdı və şikayətin yolunu bilməz və sonra Kərbəlayı Heydər Molla Fətəliyə iki dənə gümüş manat verdi və Molla Fətəli genə razı olmurdu.

Yadındadırmı, şeytan qardaş ki, sən yavaşca özünü verdin mollanın yanına və qulağına pıçıldadın: “A kişi, dəli olma, manatları al sal cibinə, nə vecinədir Tutu-nun əri elə gəldi, belə getdi. Canı çıxsın Tutunun da, ərinin də. Sənə nə? Millət necə tarac olur olsun, nə işim var? Axırda Molla Fətəli razı olub kəbini kəsdi.

Əzizim şeytan qardaş, bə deyirsən ki, on ildi müsəlmanların içindən çıxıb Yevropaya getmisən? Bu yalanının ikincisi.

Şeytan qardaş, mən səni çox yerdə görmüşəm. Bir neçə dəfə mən səni Rəştdə Axund Hacı Molla Mehdinin, yəni məşhur “Lotu Mehdi”nin qapısında görmüşəm. Yadındadırmı bir dəfə Rəştin hakimi “Lotu Mehdi”gildə qonaq idi, adam göndərib Zeynəb adlı bir dul övrəti gətirdilər, sonra bu övrətin qardaşı da gəldi, sonra genə bir neçə övrət gəldi, axırı bilmirəm nə oldu? Amma orası yadımdadır ki, sən xəlvətcə özünü verdin “Lotu Mehdi”nin yanına və bilmirəm ona nə dedin, ta qalanı yadımdan çıxıb. Amma orası yadımdadır ki, Zeynəb övrəti və qardaşı Kərbəlayı Novruzu mollanın həyətində yıxdılar yerə və bacı ilə qardaşın ayaqlarını qoydular falaqqaya, yazıq övrətin çılpaq qıçlarına boynuyoğun kişilər yaşşivkələri çırpırdılar, molla və hakimi-vilayət durub tamaşa edirdilər və gülürdülər və sən də gülürdün, şeytan qardaş.

Əzizim şeytan qardaş, bə deyirsən mən on il bundan irəli müsəlman içindən çıxıb getmişəm Yevropaya? Bu da yalanının üçüncüsü.

Bunlardan savayı mən səni, şeytan qardaş, çox yerdə görmüşəm: İsfahanda da, Təbrizdə də, Tehranda da, İrəvanda da.

İnşallah bundan sonra bir-bir yadına salaram və “Molla Nəsrəddin” məcmuəsində yazıb yalanını çıxardaram, ta bundan sonra belə qələtləri eləmiyəsən və yalan danışmayasan. Hələ ki, xudahafiz.

 

 

Cin

“Molla Nəsrəddin”,  17 noyabr,  1906,  N 33.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info