Qonaq Kitabı
QOLOŞAPOVA

 

Ey yari-bivəfa Qoloşapov! Bu imiş məgər dostluğun şəraiti? Biz məgər sənlə belə danışmışdıq? Heç bilirsənmi ki, kimi qırırsan, kimin evlərini topa tutursan, kimin məhəlləsinə od vurub yandırırsan? Məgər Qarabağ müsəlmanlarını tanımırsan? Məgər qeyri müsəlmanları tanımırsan? Məgər müsəlmanlar sənin padşahın barəsində etdiyi rəftarının əvəzidir ki, sən müsəlmanlar barəsində eləyir-sən?..

Məgər bu onun əvəzidir ki, Rusiya dövləti bina tutandan indiyə kimi hər bir müsəlman küçədə getdiyi yerdə bir rus görəndə tez qaçıb düşüb onun ayaqlarına və deyib: “Fəda olum sənə, ey rus?”

Məgər bunun əvəzidir ki, rus-yapon davası başlanandan axıra kimi müftə və şeyxül-islamlarımız dəxi minbərlərdən aşağı yenmirdilər və müsəlman camaatını məscidlərə yığıb, yaponiyalıların basılmağına gecə və gündüz dua edirdilər? Bəlkə qazılarımız bu duaları eləməyəydilər, onda canını hara qoyacaq idin? Yəqin bil ki, bir nəfər rus əsgəri Mancuryadan sağ və səlamət geri qayıtmayacaq idi. Məgər belə sədaqətin əvəzidir ki, indi sən eləyirsən, ey vəfasız Qoloşapov?

Bu məgər onun əvəzidir ki, sənin padşahın yolunda Sultanov kimi müftilərimiz Peterburqa cəm olan müsəlman vəkillərinin barəsində şipyonluq, şeytançılıq ediblər ki, padşah ona “spasibo” göndərsin?

Məgər bu onun əvəzidir ki, neçə ağıllı və zəkavətli vəzirlər yığılıb dumanı dağıda bilmədilər, axırı Şamaxıdan hacı Əbdürrəhim əfəndi çörək paralarına tilsim yazıb və padşaha təqdim edib, bir həftənin içində dumanı dağıtdı?

Bu məgər onun əvəzidir ki, yetmiş iki millət baş qaldırıb yapışıblar sənin padşahının yaxasından və deyirlər: “Canın üçün, ey padşah, dəxi bəsdi bura kimi! Dəxi qoymayacayıq ki, sənin vəzirlərin və qubernatorların bizi boğsunlar!” Amma biz müsəlmana növbət gələndə deyirik: “Bu işlər hamısı allah yanındadır, bizə dəxli yoxdur”.

Yoxsa, ey bivəfa Qoloşapov, bu işləri ondan ötrü eləyirsən ki, müsəlmanları yaxşı tanıyırsan? Yoxsa ondan ötrü eləyirsən ki, bilirmişsən ki, müftivə şeyxül-islam gedib sərdara səndən şikayət edəndə sərdar onları görmək də istəməyəcək?

Yoxsa ondan ötrü eləyirsən ki, müsəlmanın həmiyyət və qeyrətindən xəbərdarsan?

Yoxsa ondan ötrü eləyirsən ki, sənə qabaqca yəqin imiş ki, müsəlman vəhşi bir millətdir, birinin-birindən xəbəri yoxdur, gəncəlinin bakılı ilə, bakılının iranlı ilə irəvanlının şirvanlı ilə işi yoxdur?

Yoxsa qabaqca sənə məlum imiş ki, sən Qarabağı topa-tüfəngə tutan vaxt Bakıda müsəlmanlar sazəndə məclisi quracaqlar, Tiflisdə Vəzirov və Ağalarov kimi millət başçıları fahişəxana açmaq fikrinə düşəcəklər, kəndlərdə və şəhərlərdə qazılar və mollalar camaatın yuxusunu səkkiz qəpik alıb təbir edəcəklər?

Yoxsa bunları sən qabaqca bilirmişsən, ey vəfasız Qoloşapov?

 

Molla  Nəsrəddinə

“Molla  Nəsrəddinə”,  28  iyul,  1906,  N 17.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info