Qonaq Kitabı
ANA DİLİ

Hərdən mənim xəyalıma bir belə şey gəlir:

Mən universitet, yəni darülfunundan təzə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı Axund Molla Səbzəli gəldi bizim evə mənim görüşümə. Evimizdə heç kəs yox idi, anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asırdı.

Qazı içəri girən kimi mən yeridim və dedim: “Salam məleyk”. Cənab qazı mənə cavab verdi: “Ay əssalamü əleyküm, ay xudahafiz, əhvali-şərif, ənasiri-lətif, maşaallah, maşaallah, Əxəvizadə, neçə müddətdi müntəziri-vücudi-zicudunuz və müştaqi-didarınız idim, inşaallah zati-alinizin məzacı-mübarəkləri salimdir”.

Mən bir şey başa düşməyib dedim: “Da”.

Cənab qazı bir qədər baxdı mənim üzümə və genə başladı: “Əxəvizadə, təhsili-fünunuzu əncama yetiribsiniz, ya dübarə təkmili-nöqsan üçün darülelmə əvdət etməlisiniz?”

Mən genə bir şey başa düşməyib dedim ki, “Cənab axund, yaxşı panimat eləmirəm ki, nə ərz edirsiniz”.

Axund soruşdu: “Necə?”

Mən dedim: “Çto?”

Söhbətimiz elə bu cür qurtardı və axund başmaqlarını geyib çıxdı getdi. Anam girdi içəri və mənə dedi: “Balam, mollaynan nə dil danışırdınız ki, mən heç başa düşmədim”.

Dedim: “Ana, mollaynan biz ana dili danışırdıq”.

Anam başını saldı aşağı və bir qədər fikrə gedib dedi: “Yazıq ana dili!”

 

 

Hərdəmxəyal

“Molla  Nəsrəddin”,  27 yanvar,  1907,  N 4.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info