Qonaq Kitabı
MƏSLƏK

 

“Təzə həyat” deyir ki, qəzetçi gərək qəzetəsini elə yaza ki, heç kəsi özündən incitməyə.

Dəxi bundan da aşkar söz ola bilməz. Əgər qəzetçi camaatı özündən incitsə, dəxi kimə lazım olacaq onun qəzeti?

Biz bunu çoxdan bilirik. Doğrudan da biz qəzetimizi təzə başlayanda xəyalımız-da qoymuşduq heç kəsi özümüzdən incitməyək və bacardığımız yerə kimi hamını özümüzə rağib eləyək[i] ki, qəzetimizi çox oxusunlar və bizə çox abunə yazsınlar

Amma allah şeytana lənət eləsin, qoymadı düz yolumuznan gedək.

Elə əvvəlinci nömrədən başladıq bij-bij sözlər yazmağa. Ona sataşmağa, buna dolaşmağa. Demək ki, “açmamış qapı” qoymadıq və axırda hamını özümüzdən incitdik. Əvvələr genə az-çox müştərimiz var idi, amma indi gəldikcə azalır.

Amma bu gündən biz məsləkimizi dəyişirik və “Təzə həyat”ın sözünə baxıb dəxi bundan sonra elə yazacağıq ki, müsəlmanların əfkarına müvafiq olsun, yəni onların keyfincə olsun, onların rəyi ilə düz gəlsin və elə mətləblər yazacağıq ki, hamı bizdən razı qalsın.

Yəni, doğrudan da bu da bir işdi ki, qələmi al əlinə, yetənə yet, yetməyənə də bir daş at?

Və bir də bunun axırı nə olacaq? Bir gün ona sataşarsan, sabah bunun üstünə gülərsən, o biri gün bir ayrısına dolaşarsan və lap axırda da dünyanı özünə düşmən elərsən və lap axırda da bircə nəfər də müştəri tapmazsan və milyonçu da olsan, axırda qəzetini bağlarsan.

Doğrudan da belədi; görürsən bir tərəfdən nuxalılar bizdən inciyir ki, niyə yazırsan “nuxalıların qiraətxanası açılandan qiraətxananın qəzetləri və stolları hambalların dalından yerə düşür – Bir ay bura köçür, bir ay o biri evə köçür”.

Doğrudan da bizə deyən gərək ki, axır sənə nə dəxli var? Nuxa hara, biz hara, bizə nə borcdu ki, Nuxa cəmiyyəti-xeyriyyəsinin nə qədər pulu var? Bizə nə borcdu ki, cəmiyyətin iki yüz manatı necə oldu?

Aşkardı ki, nuxalıların hamısı indi biznən olublar düşmən. İndi, məsələn, götürüb yazaq ki, Bakıda müsəlman bazarında yol ilə gedənləri “hay-huya” basırlar, söz yox ki, bakılılar bunu oxuyanda bizdən inciyəcəklər.

Doğrudan da bizə deyən gərək ki, Tiflisdə otura-otura Bakı ilə nə işimiz var?

Məsələn, biz hara, sərdar Mənsur hara ki, yazırıq “iki eşşəyin arpasını bölə bilməyə-bilməyə Rəştdən qaçıb gedib Tehranda postların rəisi olub”

Cəhənnəmə olub, gora olub, bizə nə dəxli var?!

 

(hələ qurtarmadı)

 

Zəli

“Molla  Məsrəddin”,  14 aprel,  1907,  N 15.



[i]  Dost eləyək, rəğbət oyadaq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info