Qonaq Kitabı
GİMNAZİYADA TƏZƏ MƏSCİD

 

Yazırlar ki, yunan filosofu məşhur Sokrat dörd yaşında olan zamanlar bir gün bıçağı götürüb gedir durur aynanın qabağında və öz surətinə baxa-baxa deyir:

- Ay mənim gözlərim və ay mənim qulaqlarım! Allah sizi mənə ondan ötrü verib ki, mən siz ilə dünyanı görüm və eşidim. Əgər siz mənə necə ki, lazımdır qulluq edəcəksiniz, – xub[i]; və əgər etməyəcəksiniz, bu saat mənə məlum edin ki, bu bıçaqla mən sizi tələf edim.

Bəli, görüm sözüm harda qaldı?.. Hə, gimnaziyada təzə məscid.

Neçə ildir ki, Tiflisdə əvvəlinci zükur gimnaziyasının uşaqları müəllimlərinə şikayət edirdilər ki, Şeytanbazarda məscidə gedəndə müsəlman baqqalları bizə elə ha deyirlər: “Oxqay, oxqay, oxqay!” Müəllimlər əvvəllər uşaqların sözlərini başa düşmürdülər; ondan ötrü ki, haman müəllimlər rus, gürcü, polyakdırlar və o millətlərin içində kişilər məhz övrətlərə deyirlər: “Oxqay!” Amma müsəlman içində həmi balaca uşaqlara deyirlər “oxqay”, həmi rus xanımlarına deyirlər “oxqay”.

Müəllimlər işin həqiqətini biləndən sonra qərar qoydular ki, gimnaziyada müsəlman uşaqları üçün bir məscid bina olunsun ki, bundan sonra müsəlman mütəəllimləri Şeytanbazar məscidinə getməsinlər.

Dekabrın 6-da Tiflis müsəlmanları gimnaziyaya dəvət olunmuşdular ki, məscidi rəsmi surətdə güşad etsinlər. Mən də orada idim. Əvvəl fəsih[ii] və bəliğ[iii] nitqlər söyləndi. Mən ancaq bunu soruşdum ki, ay ağalar, bir məni başa salın görüm ki, bu məsciddə uşaqlar namazı rus dilində qılacaqlar ya müsəlman dilində? Mənim bu sözlərimin cavabında ağalardan bir neçəsi bir-birini üzünə baxdılar və mənə bir cavab vermədilər.

Sonra ruhani rəislərimizin biri yeridi qabağa və ərəb dilində başladı danışmağa. Bir neçə kəlmə deyəndən sonra başladı rusca danışmağa. Bir az rusca danışıb başladı türkcə danışmağa, sonra başladı dua oxumağa və hər bir duanı zikr eləyən-dən sonra deyirdi: “Amin deyən dillər lal olmasın!” Molla əfəndinin bu sözlərini eşitcək Qazan tatarları birdən rusca deyirdilər: “Amin!”

Təxminən bir saat qədərincə molla əfəndi dua oxudu, oxudu, oxudu, oxudu... Axırda birdən başladı ağlamağa. Ağladı, ağladı və başını yuxarı qalxızıb, başladı divarlarda hadşahın şəklini axtarmağa. Gözünü divarlara dolandırıb üzünü çöndərdi dal divara və divardan asılan şəkillərin birini hadşahın şəkli bilib, getdi durdu həmin şəklin qabağında, dalını çöndərdi camaata və başladı dua eləməyə. Bu heyndə rus qulluqçularından bir parası başladı gülməyə. Mən əvvəl təəccüb elədim, amma sonra gördüm ki, molla əfəndi dua dua elədiyi şəkil hadşahın şəkli deyil, rus ədiblərindən Turgenevin şəklidir. Müsəlmanlardan bir neçəsi molla əfəndiyə yavıqlaşıb başladılar pıçıldamağa ki, ay rəhmətlik oğlu, o ki padşahın şəkli deyil. Amma eşidirmi? “Məhəbbət bir bəla şeydir”.

Sonra hannan-hana əfəndini başa salıblar və padşahın şəklini göstəriblər və yazıq gözlərinin yaşını silə-silə gedib padşahın qabağında durub, dua və sənasını tamam elədi:

“Amin deyən dillər lal olmasın!..”

 

*   *   *

 

Sokrat dörd yaşında olanda gözlərinə və qulaqlarına deyirmiş ki, əgər dünyanı görməsəniz və eşitməsəniz, mən sizi tələf edərəm. O vədədən neçə min il keçir. İndi bizim sokratlar əlli-altmış yaşında ola-ola aynanın qabağında durub mübarək surətlərinə baxanda deyirlər: - Ay mənim gözlərim və qulaqlarım, Allah sizi mənə verib görməkdən və eşitməkdən ötrü. İndi kef sizindir istəyirsiniz görün və eşidin, istəyirsiniz kor və kar olun. Hər nə edirsiniz edin, amma qarnımnan işiniz olmasın.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  15  dekabr,  1906,  N 37.



[i]  Yaxşı.

[ii]  Mənalı, gözəl.

[iii]  Yüksək üslubda təsirli.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info