Qonaq Kitabı
4

- Böyük hökmdar, canım sənə fəda olsun, bu gün sənin müzəffər qoşunların yalnız kabab yeyir. Mən özüm elə buna görə əlli erkək vermişəm. Qonaqlarım yığılıb beş cöngə alıb. Moltanı qonağımız çox yaxşı adamdır. O, ət yemir, amma min adamın plovunun xərcini verib.

- Bu qırmızısaqqal qurumsaq yalan danışır. Ona inanmayın və müsadirə eləyin.

- Hökmdar, axı sonra Şamaxı bazarına heç kim ayaq basmayacaq. Ticarət korlanandan sonra Şirvanın işləri fəna ola bilər.

- Bayquş! - deyə Sultan Mahmud onun sinəsinə bir təpik vurdu. - Tez olun. Qara bəy, niyə tərpənmirsən?

- Hökmdar, mən sizi qoruyuram.

- Deyirsən mənə öz ölkəmdə sui-qəsd də eləyə bilərlər?

- Onu demirəm. Amma mənim vəzifəm budur.

Qara bəy Sultan Mahmudun bu acgözlüyünü, gədalığını görüb təəccüb eləyirdi. Təəccüb eləyirdi ki, belə bir adam sabah o sarayı alıb taxta çıxsa, gör bu rəiyyətin vəziyyəti necə olacaq. Yaxşı, bəs, Şah İsmayıl niyə beləsinə bel bağlayıb? Axı Şah İsmayılın hörmətini aşağı salmaqdan başqa onun əlindən heç nə gəlməz. Tacirlər hamısı bazarda idi və onların mallarının aparılması karvansara sahibini pis vəziyyətdə qoyurdu, ona görə də o, yaxasını cırıb qarğış- nifrin tökürdü.

Həmin gecə Qara bəy Gülüstan qalasının ətrafında atla hərləndi. Tonqalların yandırılmasına nəzarət elədi. Ona dedilər ki, bu gün qaladan daha çox meyit tullayıblar. Onlar hamısı kabab iyinin qurbanlarıdır. Bəli, kabab iyi də insanı öldürərmiş.

O, heç kimlə bir kəlmə də kəsmədən atını sürüb geriyə - hökmdarın çadırına qayıtdı. Hökmdar süfrə başında əyləşib turac-qırqovul çığırtmasını ləzzətlə yeyir, qızıl kuzədən Mədrəsə şərabı içirdi. O, süfrədə həmişə tək oturar, heç kimi süfrə başına buraxmazdı. Şərabı da tək içər, heç bir sağlıq-filan söyləməz və dinləmək istəməzdi. Qara boy çadırın qabağında qorçuların sakit, müti kölgələrinə baxdı və ona elə gəldi ki, ikisi də acdır. Yadına düşdü ki, səhərdən bəri onları heç kim əvəz etməyib. Əli ilə işarə verib çağırdı, yeməyə göndərdi. Özü isə çadırın qabağındakı daşın üstündə oturdu. Buradan Gülüstan qalası çox aydın görünürdü. Orada işıq da yoxdu. Budur, Sultan Mahmud bu gün nə qədər vicdansız, ədalətsiz işlər törədib. Amma allah onun süfrəsini beləcə zəngin eləyib. O biri isə öz yurdunu, torpağını qorumaq üçün özünü oda atıb, orada acından köpük qusur.

O, Gülüstanın və Pirdirəyinin kölgələrinə baxdı. Bəli, elə bunlardı. Bu dağlar onun uşaqlıq xatirələrində qalıb. Bəlkə də onun burada qohumları var. Lap atası, anası durur. Qara bəy isə onların nə adını bilir, nə sifətlərini görüb. Tutaq ki, onları tapdı. Nə deyəcək onlara? Deyəcək ki, bu vicdansız, qansız adama qulluq eləyir? Onu taxta çıxarmaq fıkrindədir? Taxta çıxarır ki, atasını da, anasını da zülmə düçar eləsin, ahları-nalələri ərşə çıxsın? Mən buna görəmi gəlmişəm? Vətənə pislik eləmək üçünmü qayıdarlar? Valideynlərin zülmünü artırmaq üçünmü gələrlər? Bütün günü o qaraqabaq gəzmişdi. Gördükləri onu tamam dəyişmişdi. “Ya indi, ya da heç vaxt. Bir azdan onun yadına qadınlar düşəcək və onların yanından səhərə qədər çıxmaq bilməyəcək. Onsuz da sakitlikdir. Qoşun başçıları belə onun görüşünə gəlmək istəmirlər. Özü də heç kəsi çağırmayıb. Qoy süfrəsini aparsınlar, sonra”.

Xidmətçi bir azdan süfrəni yığışdırıb getdi. O, yaşlı bir kişi idi və özünün də şəraba bərk meyli vardı. Yeyəndən sonra möhkəm içib yatacaqdı.

Qara bəy içəri girdi. Onun fikri tam aydın idi. Heç bir şey onu fikrindən döndərə bilməzdi. Sultan Mahmud mütəkkəyə söykənib dişlərinin dibini çöplə təmizləyirdi.

- Hə, gördün də, sənin hökmdarın bu gün nə işlər gördü. Moltanlı qurumsaq qardaşınnan da yaxşı yandı, ha, ha, ha!..

Qara bəy dinmədi.

- Niyə dinmirsən? Sənin bugünkü hərəkətlərin mənim xoşuma gəlmir. Səndə qara fikirlər görürəm. Olmaya...

- Mənim heç bir qara fikrim yoxdur.

- Qara fikrin olmasa, mənim gördüyüm işləri ürəkdən bəyənərsən. Səndə narazılıq görürəm. Bəlkə səni Şah İsmayıl mənim başımı yemək üçün göndərib?

- Mən Şah İsmayılı harda görmüşəm ki?.. Həm də bu dünyada hər adamın öz başı, öz fikri var.

- Öz fikri olan başı hökmdarın yanında saxlamaq çətin işdir. Əgər Şah İsmayıla arxayınsansa, arxayın olma. Elə bilmə ki, Şirvanşahlar ona nökər olacaq. Yox, bu gün mənə lazım idi, kömək istədim, sabah isə lazım olmayacaq.

Onun bu fikrini açıq söyləməsi o demək idi ki, qorçubaşı Qara bəyin işi bitib və bu gecə onun üçün axırıncı gecə olacaq. Heç bu çadırdan da kənara çıxmayacaq. Yəqin ki, qarşıda dayanmış şirvanlı qorçulara arxayındı. Xəbəri yoxdur ki, Qara bəy ondan tez tərpənib. Qara bəy Ərəbistan səhrasında yanıb tunca dönüb, əzələləri dəmir kimi möhkəm, ürəyi qorxu hissindən uzaq bir döyüşçüdür. Özündən sonra qalacaq arvadı, uşaqları, üstündə ağlayacaq qohum-əqrəbası da yoxdur. Nədən qorxmalı, nədən çəkinməlidir? Gecikmək olmazdı. Adamlar gəlsə, hər şey bitə bilər.

Sultan Mahmud ona yaxınlaşdı: onun ağzından sarımsaq və çəllək şərabının iyi gəlirdi. Belində qılıncı, xəncəri də yoxdu. Onları divardan asmışdı. Onunla təkbətək döyüşə çıxmaq da mənasız idi. Onsuz da o çoxlarının qanına, günahına batıb. Qara bəy onu öldürsə, onların da intıqamını almış olar.

Birdən-birə Qara bəy qılıncını çəkdi. Dəməşq tiyəsi havada parıldadı və Sultan Mahmudun bədəni yerə gəlməmiş, başı xalçanın üstünə düşdü. O, tez-tələsik bu qanlı bası şamdanın altından götürdüyü zərxara örtüyə büküb cıxdı. Atı yaxınlıqda bağlanmışdı. Başı atın tərkindəkı xurcuna qoydu. Bu vaxt səs eşitdi. Bunlar yeməkdən qayıdan qorçular idi. Qara bəy özünü itirmədi. Onlara tapşırığını verdi ki. şübhələnməsinlər.

- Hökmdar yatıb. Çadıra mənim icazəm olmadan heç kimi buraxmayın. Mən onun çox vacib tapşırığını yerinə yetirməyə gedirəm! Oldu?

- Baş üstə! - deyib onlar hərəsi çadırın örtülü qapısının bir tərəfində dayandı.

Qara bəy ata mindi, üzünü Gülüstan qalasına dondərib çapıb getdi. Sultan Mahmudun qoşununda hamı onu yaxşı tanıyır, bütün əmrlərinə sözsüz əməl edirdi. Ona görə də Gülüstan qalasına gedən yolda onu heç saxlamadılar da. Fikirləşdilər ki, yəqin qalanın təslim olması üçün təklifə gedir. Qoşun başçılarından biri ona zarafatla dedı:

- Ürəkli adamsan, bəy, başını itirməkdən qorxmursan?

- Yox, əzizim. Mən elə baş aparmıram ki, onu itirəm.

Onun bu sözünə əhəmiyyət vermədilər. Gülüstan qalasının qapısına çatıb qışqırdı.

- Açın qapını, hökmdar üçün çox lazımlı bır xəbər aparıram.

Keşikçilərin pıçıltısı eşidildi:  

-  Gələsən bunun...

- Lazım deyil, - deyə Qara bəy dilləndi. Sizə lazım olaram. Tez xəbər verin. Gecikməyin, yoxsa gec olar.

Saraya xəbər aparıb gətirənə qədər o gözləməli oldu. Sonra dəmir darvazanın kiçik qapısı açıldı. Məşəli başi üstünə qaldırdığından kölgəyə oxşayan keşikçi onu içəri buraxdı və çox qəribə bir baxışla ata baxdı.

- Qoy at qalsın...

- Qalsın. Ancaq xurcunu aparacağam.

- Xurcunda yeməyə nə var?

- Heç nə. Deyəsən pendir-çörək olmalıdı.

- Ver bura.

Qara bəy pendir-çörəyi onlara verdi.

- Bəs o nədi?

- O, yaxşı şeydi, hökmdara aparıram.

Hökmdar adı eşidən kimi susdular və onu saraya apardılar. Hökmdarın oturduğu salonun qarşısında onu xeyli gözlətdilər. Qara bəy adamlara baxırdı, ətrafa baxırdı. Fikirləşirdi ki, aclıqdan böyük kəsalət yoxdur. Sarayda şamlar da yanıb qurtarıb. Adamlar güclə yeriyir. Pərdələr çoxdandı yuyulmayıb, xalçaların üstü süpürülməyib. Belə bir vəziyyətdə hökmdar bilsəydi ki, qapıda gözlətdiyi adam onun xilaskarıdır, buradakıların hamısının xilaskarıdır, onun əlinə-ayağına düşərdilər.

Bir azdan iri qılıncını güclə sürüyən bir adam gəlib ona baxdı deyəsən, boğazına, boynuna daha çox baxırdı, keçib-getdi. Qara bəy başa düşdü ki, bu, sarayın cəlladıdır və çağırıblar Sultan Mahmudun elçisini edam eləsin. Sonra da qaladan tullasınlar aşağı. Ürəyində onların bu fikrinə güldü. Bir az sonra iki silahlı adam çıxıb onu hökmdarın hüzuruna apardı.

Burada hər tərəfdə şamlar yansa da, onların çoxu yarımçıq idi. Şirvanşahların qədim, qoltuqları şir başlı qızıl taxtında oturan arıq, qaraşın hökmdar zəif və çox xəstəhal görünürdü. “O da aclıq çəkir!” - deyə Qara bəy fıkirləşdi.

- Hə, sənin o vicdansız ağan nə təklif eləyir? Deyir ki, təslim olum? Taxt-tacı ona verim?

- Yox! Mən tamam başqa bir işdən ötəri gəlmişəm.

- Nədən ötəri gəlmisənsə, bilmirik. Amma meyitin bizim əziz adamlarımızın meyitlərindən artıq deyil, bir azdan itləriniz yeyəcək.

- Fərman sizindir, hökmdar, amma əvvəlcə məni dinləyin, sözümü deyim.

- De görək!

Qara bəy xurcundan Sultan Mahmudun başını çıxarıb hökmdarın ayaqları altına atdı.

- Bu xidmətimə görə boynumu vurdurmaq istəyirsinizsə, vurdurun. Onsuz da mən bu intiqamı almalıydım.

Hökmdar dik qalxdı. Cəllad qılıncını qınına soxdu.

Vəzirin üzü güldü. Kimsə lənət oxudu, kimsə “ilahi, şükür!” dedi.

Bu vaxt Gülüstan qalasının darvazasında Qara bəyin atını qılıncla, balta ilə parçalayırdılar. Qalaya səs-küy düşmüşdü. Hamı yüyürüb gəlirdi.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info