Qonaq Kitabı
OTUZ ÜÇÜNCÜ FƏSİL

- Xeyr!  

- Necə yəni xeyr?  

- Bəli, mən bütün təkidlərə baxmayaraq rədd etdim. Hazırkı şəraitdə İran dövlətinin baş vəziri olmaq, bataqlığa yuvarlanmış yüklü bir arabanı çiyinlərində qaldırmaq kimi, axmaq bir  işdir.

- Demək, siz dövlətdə iştirak etməyəcəksiniz?  

- Yox, edəcəyəm. Lakin vəziri-xaricə sifətində. İndi dövlət maşınının ikicə halqası vardır ki, əsil dövlət də bu halqaları əlində saxlayan adamdır... Vəziri-xaricə və vəziri-kişvər!

- Doğru fikirdir. Lakin siz eyni zamanda vəziri-kişvər ki, ola bilməzsiniz!  

- Əlahəzrət cavan olsa da, təklifini bilən adamdır. Vəziri-kişvər vəzifəsini bizim yeznəyə vermişdir.  

- Sərhəng Səfaiyəmi?!.. Təbrik edirəm, ağayi Hikmət İsfahani! İndi deyə bilərəm ki, doğrudan da, dövlət sizsiniz!  

- Bəli, həyatımın əndişəli dövrləri bundan sonra başlayır. Çünki hakimiyyət yolunda vuruşmaq, hakimiyyəti saxlamaqdan çox-çox asandır...  

- Sizin kimi tədbirli bir adamın o çətinliyi də rəf edəcəyinə əminəm.  

- Lakin bunun nə qədər ağır olduğunu bilsəniz! Min düşmən var, min gözü götürməyən var. Birisi elə o saray siçanı Həkimülmülk.  

- Bundan sonra o sizə heç şey edə bilməz. Vəzarəti-daxilə də, vəzarəti-xaricə də öz əlinizdə olacaqdır.  

- Edə bilməz demək asandır. Amma yeri düşəndə bir növ bir əjdahanı həlak edir. O, yenə də sarayda öz köhnə yerində qaldıqca mənə rahatlıq yoxdur. Gecə-gündüz əlahəzrətin qulağına pıçıldayacaqdır.  

- Demək, yenə vəziri-dərbar olaraq qalır, eləmi?  

- Bəli, qalır. Könlündən baş vəzirlik keçirdi. Hələlik deyəsən, o da bu fikirdən əl çəkib.  

- Yəqin eyni mülahizələrə görə?..  

- Köhnə tülküdür. Yerin altını da bilir, üstünü də.

Onlar susdular. Hikmət İsfahani, nə isə, bir tələ qurur kimi düşünürdü. Kürd Əhmədin gözləmədiyi halda yaxınlaşıb qolundan tutdu:  

- İstəsən, səni də vəzirliyə düzəldə bilərəm. Vəziri-ticarət və sənaye. Necədir?  

- Mütəşəkkirəm. Mən vəzirliyə hazır deyiləm.  

- İndi də olmasa, gələcəyə hazırlaş! Camaat, xalq sənin dalında, yuxarılar mənim dalımda. Elə ki, özüm baş vəzir oldum, gərək mənimlə sən də şirkət edəsən. İndi isə get və sabah Şirmanda gözəl bir ziyafət düzəlt. Qonaqlar olacaq, bəlkə əlahəzrət də təşrif gətirdi.  

- Gərək məni bağışlayasınız. Yerimə başqa bir adam tapmanızı xahiş etmək istəyirəm.

Hikmət İsfahani təəccüblə ona baxdı:  

- Yox, yox hələ səninlə əsil işimiz bundan sonra başlanır. “İradeyi milli” və demokrasi hizbini düzəltmək istəyirik. Səni də özümüzə yoldaş eliyəcəyik.

- Təşəkkür edirəm, artıq biz də öz hizbimizi düzəltməyi qərara almışıq.

- O nə hizbdir, oğlan bəlkə elə mən də ora gəldim. İkisində də olsam necədir? Həm bizimkində, həm də sizinkində.

Kürd Əhməd istehzalı və nifrət dolu nəzərlə onu süzdü:   

- Qorxuram o hizb sizə əl verməyə. Hizb Tudeyi İran...

- Niyə əl vermir, qardaş!.. Lap elə mənim yerimdir. Mən ki əyyamı qədimdən tudə yolunda can verənlərdənəm. Özün görmədin ki, o müstəbid köpək oğlu məni də tutub sənin yoldaşınla bir zindana saldı.

Kürd Əhməd, onunla danışmağın nahaq vaxt itirmək olduğunu düşündü və:  

- Rica edirəm, sabahdan məni azad hesab ediniz, - dedi. -  Hizbidə işləyəcəyəm.

Hikmət İsfahani onun qəti təklifini eşitdikdə halını pozmadan ayağa durdu:  

- Yaxşı, ağayi mən, allah xeyir versin. Get sən bir yola, mən bir yola. Harda rast gəlsək bir-birimizi yaddan çıxarmayaq. İkimiz də vətən üçün işləyirik.

Kürd Əhməd onun son sözlərini eşitməmək üçün şlyapasını götürüb qapını tez örtdü və həyətə çıxdıqda içəri girən mister Tomasla qarşılaşdı. Salamlaşıb keçdi. Həyətin başına çatmamış Şəmsiyyənin xidmətçisi dalda özünü yetirib onu saxladı:

- Xanım sizi görməyi arzu edir!

Xanım Şəmsiyyə onu yüngül ipək paltarda qarşıladı. Gülümsəyib əlini sıxdı:

- Əhvalınız necədir?  

- Mütəşəkkirəm, xanımın kefini saz gördüyümə şadam! Şəmsiyyə onu oturmağa dəvət edib çay gətirtdi. Adəti üzrə, şad zamanlarında olduğu kimi deyib-danışırdı. Söhbət əsasında Kürd Əhməd ondan dərbara yolunun açıldığını, hətta ikicə gün əvvəl əlahəzrətlə görüşmüş olduğunu öyrəndi. Kürd Əhməd çay içib qalxdıqda o:  

- Rica edirəm, - dedi, - Fridunu sabahkı ziyafətə dəvət edin. Mütləq gəlsin. Mən özüm ona kart göndərərəm. Südabəni də gətirsin!  

- Təəssüf ki, bu mümkün deyil, xanım! O bu gün Tehranı tərk edir.  

- Niyə? Hara gedir?  

- Azərbaycana, Təbrizə köçür. Tehran mühiti ona bir çox dözülməz faciələri xatırlatdığı üçün qalması qeyri-mümkündur.  

- Bilirəm. Sərhəng Səfai onun başına gələn bəzi əhvalatları mənə danışmışdır. Təəssüf edirəm ki, o bizi tərk edir. Lakin deyin ki, həmişə yaxşı bir dost kimi qapım onun üzünə açıq olacaqdır!

Kürd Əhməd soyuq cavab verdi:  

- Deyərəm, xanım. Lakin bu iltifatınızdan onun istifadə edib-etməyəcəyini bilmirəm.

Kürd Əhməd onunla vidalaşıb çıxdıqda, nə isə, daxilində bir ağırlıq, bir narazılıq duydu. Ona elə gəldi ki, ətir qoxuduğuna baxmayaraq bu evin, bu həyətin havası dözülməyəcək dərəcədə ağırlaşmışdır. Hər şey ürəkbulandırıcı, cansıxıcı bir hala gəlib çatmışdır. Küçədə maşına doğru gedən Hikmət İsfahanini gördü və dönüb qayıtmaq istədi. Lakin Hikmət İsfahani onu səslədi:  

- Mən, amerikalı dostum mister Haroldun görüşünə gedirəm. Onun məsləhətləri olmadan vəzarəti-xaricəni idarə etmək müşküldür, - dedi və diqqətlə Kürd Əhmədə baxıb, əlavə etdi:  

- Naxoş deyilsiniz ki? Gözümə çox tutqun dəyirsiniz. Fikir verməyin, keçər. Əslinə baxsan, hər şey keçəcəkdir. Axşam da hizbimizin cəlsəsidir, xudahafiz.

O, kök vücudunu zorla maşına salıb, “sür” əmrini verdi. Maşın görünməz olduqda, Kürd Əhməd daha ağır bir təəssüratla geri döndu. Şəhərin küçələrini doldurmuş adamların arasına qarışıb itdi. Ona elə gəldi ki, bu dünyada həqiqi insan səadətinə çatmaq çox çətindir. Bu səadət, daima nə isə gözləyən və qaniçici riyakarlarla əhatə olunduğu üçün heç zaman gözlədiyinə nail olmayan namuslu və təmiz ürəkli zəhmət adamlarının nakam istək və arzularında, sevinc və kədərlərində, yaxşılığa, xoş həyata doğru əbədi çırpıntılarındadır.

Təzadla və iztirabla dolu bu fikirlər Kürd Əhmədin başında qəti bir hökmə çevrildi.  

-  Yox, bu dəfə İranın zəhmətkeş kütlələri gözlədiklərinə nail olacaqdır! 1908-ci il və 1920-ci illər hərəkatının məğlubiyyətini görmüş yüz minlərin bu dəfə qüdrətli bir təşkilatı yaranırdı. Bu təşkilat onları ağır mübarizələrdən keçirib əbədi azadlığa aparacaqdı.

Bu fikirlər Kürd Əhmədin ruhunu qaldırdı.

O, Fridunun Azərbaycana köçməyə hazırlaşdığını xatırladaraq, Xavəri evlərinə gətirmək üçün Südabəgilə getdi. Artıq İran Həmkarlar İttifaqı Şurasında işləyən Rza Qəhrəmani, “Hizb Tudeyi İran”ın qadınlar şöbəsində çalışan Fəridə də orada idi. Həyətə girdikdə bir qarışıqlıq gördü. Qulluqçu qadın xalçaları çırparaq mafracları qablayır, çamadanları yığışdırırdı. Rza Qəhrəmani və Fridun qollarını çırmayıb ona kömək edirdilər. Südabə ilə Xavər də böyük bir qarışıqlıq içində otaq şeylərini yığışdırırdılar. Hətta uşaqlar da Südabənin tapşırıqlarını yerinə yetirib o tərəf-bu tərəfə qaçırdılar.

 Fridun Kürd Əhmədi görən kimi qabağına gəldi və bir kağız çıxarıb ona uzatdı:  

- Gözün aydın olsun, Aram Rəştdə otuz min nəfərlik mitinq keçirmişdir. Hizbin şöbəsi təşkil olunmuşdur.

Kürd Əhməd teleqramı alıb oxudu.  

- Mazəndərandan və İsfahandan teleqramlar almışıq.

Rza Qəhrəmani işi buraxıb qalxdı və maraqlandı:  

- Oralarda nə xəbər var?  

- Mazəndəranda çox yaxşı keçmişdir. İsfahanda isə ajanlar mitinqi pozmağa çalışmışdır. Dalaşma olub. İki adamımızı huşunu itirənə qədər döymüşlər.

Fridun: 

- Budur, ingilis qoşunlarının bizə verdikləri ilk hədiyyə belədir! – dedi. - Tehrandan şimala və cənuba, sanki məmləkət iki ideoloji cəbhəyə ayrılmışdır.

Rza Qəhrəmani acı-acı danışdı:  

- Bəs necə bilmişdin, dadaş?! İngilisin müstəmləkə orduları bizə azadlıq gətirməyəcəkdi ki! Onlar şərq xalqlarının qanını tökməyə adət etmişlər.

Kürd Əhməd:

- Bütün şimaldan qaçan mürtəcelər də cənuba toplanıblar, - dedi, - xalq hərəkatını boğmaq üçün bacardıqlarını edirlər. Bu bizi daha inadla işləməyə məcbur etməlidir. Bu gün dünənki gün deyil ki!.. - deyə Xavərə döndü:  

- Fars qızı, Azadı da götür, gedək. Bacım sənin otağını hazırlamışdır, - dedi və Fridunun əlindən tutdu:  

- Get, bizi də unutma... Həmişə yadında saxla ki, şimal bizim üçün əbədi bir qüvvət və işıq mənbəyidir! Yenə azadlıq günəşi oradan doğacaqdır. Əmin ol ki, biz də burada gələcək işıqlı gün uğrunda vuruşmaqdan dönməyəcəyik!..

Onlar qucaqlaşıb öpüşdülər...

1941-ci il oktyabr ayının əvvəlləri idi. Payızın sərin havaları başlanırdı. Günəş üfüqlərdən xeyli qalxdığı zaman Tehrandan gələn boz bir maşın Qəzvinin tozlu və kəsəkli küçələrinə daxil oldu. Maşının üstünə böyük bir mafrac sərilmiş, yük yerinə iki iri çamadan qoyulmuşdu. O, çayçı dükanının qabağında durduqda ortaboylu, qara kostyum geymiş bir oğlan yerə düşdü. Şlyapasını çıxarıb çırpdı və şəhərə göz gəzdirib maşında oturana müraciət etdi:  

- Qəzvindir... Azərbaycanın ilk böyük və qədim şəhərlərindəndir… Mahalın mərkəzidir... Bir ucu Kirəcə qədər uzanıb gedir. Kəndlərində də hamısı azərbaycanlılardır.

Sarı şal paltar geymiş bir qız doqquz yaşlı, üstü-başı təmiz bir oğlan uşağının qolundan tutub maşından endi, maraqla şəhərin sökük və bozaran evlərinə baxdı:  

- Yaman dağınıqdır, - dedi və azca düşünüb, əlavə etdi: - İbrahim bəyin səyahətnaməsini xatırlayırsanmı? Orada gərək ki, Qəzvin haqqında belə deyir, “İnsan bəsirət ilə baxarsa, aşkar görər ki, şəhərin hər bir tərəfindən bu səs qulağa gəlir ki, mənim sahibim yoxdur. Mənim abadlığıma bir nəfər çalışan yoxdur”.

 Oğlan böyük bir həsrət və arzu dolu gözlərini qıza dikdi:  

- Sağlıq olsun, hamısını təzədən tikəcəyik. Abad edəcəyik. Çay içirsənmi? Bəlkə meyvə alım?

- Könlüm heç nə istəmir. Məst kimiyəm. Nədən, özüm də bilmirəm!

Qız, hələ də əlindən tutduğu uşağın başını sığalladı:  

- Bir şey istəmirsənmi? Acmamısan ki?

Uşaq ona qısıldı:  

- Xeyr, heç nə istəmirəm.

Oğlan:

- Elə isə vaxt itirməyə dəyməz. Termosa çay töküm, gedək, - dedi.

Çayxanaya tərəf yollandıqda şofer qaçıb termosu onun əlindən aldı:

- Verin, mən gətirim!

Qız yumşaq və xoş bir səslə:  

- Bundan sonra hansı şəhərdir? - deyə soruşdu:

- Zəncandır. Gecəni orada qalarıq.

Şofer termosu doldurub qayıtdı. Oğlan qızın qolundan tutub maşına tərəf apardı. Kədər və məhəbbətlə dolu bir nəzərlə ona baxdı:   

- Yorulanda deyərsən, gizlətsən də gözlərinə baxanda biləcəyəm.

Qız gülümsədi:  

- Bütün ömrüm boyu səndən heç şeyi gizlətməyəcəyəm, - dedi və öz sözündən utanmış kimi, söhbəti dəyişdi. - Təbrizə nə vaxt çatacağıq?  

- İki gündən sonra. Təbriz! Təbriz! Görək bizi necə qarşılayacaq. İranda yaşayan hər bir azərbaycanlı üçün Təbriz bilirsənmi nədir? Xəyal, ümid və gələcəkdir!

Bu sözlər hər ikisinin qəlbində mən bir arzu və həvəs oyatdı. Ürəkləri xoş bir gələcək duyğusu ilə titrətdi. Bu titrəyiş insan ürəyinə tez-tez nəsib olmur. O, ilk bahar sularının şırıltısından, qar altından baş qaldıran bənövşənin xoş ətrindən, yazın müjdəsini verən qaranquşun nəğmələrindən yaranır.          

Maşın Qəzvindən çıxaraq getdikcə artan bir sürətlə Zəncan yoluna düşdü. Ayazı qucağına almış Fridun yanında oturmuş Südabənin yanar gözlərinə baxıb fikrə getdi. O, ömrünün kələ-kötür və tikanlı keçmişini deyil, min bir xəyal və ümidlə dolu gələcəyini düşünürdü. Maşın yel kimi uçaraq onları Azərbaycan, Təbriz, Şimal tərəfə çəkib aparırdı. Onlar azadlıq, səadət və gələcəyi qurmaq üçün gedirdilər.

Pişəvəri ilə olan ikinci görüşü yadına düşdü. Onlar Azərbaycanda demokratik hərəkat haqqında uzun-uzadı danışmışdılar. Pişəvərinin bu sözləri hələ də qulaqlarında səslənirdi:  

- Azərbaycan İran inqilablarının beşiyidir. Biz yenə azadlıq şeypurunu orada çalıb, bütün zəhmətkeş İranı ayağa qaldıracağıq!

Fridun bilirdi ki, qabaqda onu da, həyat və ömür yoldaşını da ağır və iztirablarla dolu bir mübarizə yolu gözləyir. Bu yolda yenə dar ağacları, zindanlar və alçaq xəyanətlər olacaqdı. Bunu düşünərkən gözlərində yorulmadan İranda azadlıq əleyhinə fitnə-fəsad düzəldən mister Tomas və mister Haroldların, onların əmrlərinə bir qul kimi itaət edən, vətənini satmış Həkimülmülk, Hikmət İsfahani və Sərhənglərin murdar siması canlandı. Onu daha qəti, daha amansız və barışmaz mübarizələrə çəkən bir nifrət və qəzəb bütün varlığını bürüdü. Fridun inanırdı ki, qaldırdıqları al bayaq bir də xalqın qanına boyanacaq, bir də yatırılacaq olursa, yenə mürtəce və müstəbidlərə qurtuluş yoxdur. Ölüm onların yaxasından əl çəkməyəcəkdir. Çünki gələcək, azadlığın və əməyindir. Bəli, tarixin pozulmaz hökmü belədir!

Fridun bu fikirlərlə Azərbaycan torpağına qədəm qoyurdu.

Qaranlıq və kədərli bir aləm maşının qaldırdığı toz buludları içində itərək, arxada qalırdı. Qabaqda isə işıqlı və nəhayətsiz bir yol açılırdı.

Bu yol parlaq sabaha, xoşbəxt gələcəyə gedirdi.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info