Qonaq Kitabı
OTUZ ÜÇÜNCÜ FƏSİL

Xavər hələ də Sudabəgildə yaşayırdı. Onların arasında çox tez mehribanlıq əmələ gəlmişdi. Xavərin fəlakətzədə həyatı Südabənin qəlbində ona qarşı silinməyəcək bir məhəbbət oyatmışdı. Xavər də Südabəni ilk gündəcə sevmişdi. Onun sadə təbiəti, açıq və saf qəlbi, həyat və insanlara xeyirxah əlaqəsi xoşuna gəlmişdi. Hələ, Friduna olan məhəbbətini bildikdə qəlbində ona daha artıq bir yaxınlıq duymuşdu. Südabə ona xüsusi bir otaq ayırmışdı. Azad və Ayaz üçün də orada iki balaca çarpayı qoymuşdu.

Bütün günü Xavərlə birlikdə gah fəhlə qadınlar arasında, gah məktəblərdə olan Südabə, axşamlar vaxt tapıb hər iki uşağa dərs də verirdi. Arabir Xavər zarafat edirdi:  

- Azad mənim balamdır, Ayaz da Südabənin!..

Bir axşam artıq uşaqlar yatdığı zaman Fridun və Kürd Əhməd gəldi.  

- Hə, necəsən, fars qızı? - deyə Kürd Əhməd Xavərə müraciət etdi: - Artıq Südabə və Fəridə ilə birlikdə İran qadınlarının azadlıq bayrağını qaldırmaq vaxtı çatmışdır!

Südabə:  

- Biz hazırıq, - dedi və Friduna baxıb qızardı.

Bu zaman Aram, Sərxan və Fəridə də gəldi. Fridun Fəridəyə baxdı:

- İndicə Kürd Əhməd sizdən danışırdı.

Fəridə güldü:

- Deyirəm axı, yolda qulağım qaşındı.

- Hansı qulağın?

- Sağ qulağım idi. Yəqin yaxşılığıma danışıb.

Aram yarızarafatla:

- Sizin kimi qoçaq qadınlardan da pis danışmaq olarmı? - deyib güldü. Yenə qapı döyüldükdə Südabə qapıya qaçdı. Bu dəfə gələn Yavər Əzimi və Hafiz Biluri idi. Sərtibin əqidə yoldaşı olan bu adamlar, onun xatirəsini əziz tutaraq vəsiyyətinə əməl etmiş və Fridun, Kürd Əhməd, Rza Qəhrəmani ilə birləşmişdilər.

Fridun Hafiz Bilurinin əlini sıxdı:  

- Oturunuz, möhtərəm müəllim, - dedi, indi elm və biliyin həqiqi sahibləri gəlib sizi tapacaqdır.

Hafiz Biluri gülümsədi:

- Zəhmətkeşlər və əliqabarlıların balaları!. Mən onları çoxdan gözləyirəm, oğul.

Fridun:  

- Bilirəm, bilirəm, müəllim, - deyib onların ardınca içəri girmiş Qurban Mərəndiyə döndü:  

- Hə, necəsən, dost?! Yenədəmi qızğınlıq edirsən?

Qurban:

- Bəs necə, - dedi, - cənubun istiləri məni süstləşdirə bilməzdi. Lakin indi necə mübarizə aparmaq lazım olduğunu bilirəm. Həyat insana çox şey öyrədir.

Yenə qapı döyüldü. Gələn cənub sürgünündən yeni qayıtmış və fəaliyyətə qoşulmuş Cəlili idi. Yanında da Fridungilin tanımadığı iki adam vardı. Hələ onlar içəri girməmiş hamı ayağa durmuşdu. Cəlili salam verib görüşdükdən sonra hörmətlə yana çəkildi, ortaboylu, geniş alınlı, saçları ağarmış ağıllı və kəskin baxışları ilə məclisi süzən adamı təqdim etdi:

- Ağayi Seyid Cəfər Pişəvəri!..

Bu adı eşidən kimi gözlərdə təəccüb və sevinci andıran bir canlılıq əmələ gəldi. Pişəvərinin dodaqlarında daima üzünü işıqlandıran xəfif bir təbəssüm vardı. Fridun, Kürd Əhməd, Aram və başqaları yaxınlaşaraq, onunla görüşdülər. Hərəkətlərdə, danışıq və baxışlarda, açıq hiss edilən hörmətdən Pişəvəri sıxılır kimi idi. O, məğrur boyu, düz və iti baxışları ilə qəribə şəkildə Sərtibi xatırladan adamı təqdim etdi.

- Ağayi Həmid Həmidi!

Kürd Əhməd və Fridun köhnə bir dost kimi onu qucaqladılar:

-  Qardaş, biz sənin haqqında nə qədər düşünmüşük.

Həyəcan içərisində yanaqları qızarmış Fəridə də onun əlini sıxdı:  

- Təbrizlilər indi də sizdən danışırlar.

Bu sözlərə Həmidi, xoş sirayətedici bir təbəssümlə cavab verdi. Pişəvəri hələ də gözlərini onlardan çəkməyən yoldaşlara:  

- Ağalar, oturun, - dedi, - ayaq üstə durmaq nə üçün?

Kürd Əhməd:

- Oturacaqsınız, - deyə onun qolundan tutdu və yuxarı başdakı səndələ tərəf apardı.

Həmid Həmidiyə Fridun yanında yer verdi:  

- Buyurun, xahiş edirəm.

Oturdular. Hamı, haqqında çox eşitdiyi, inqilabi fəaliyyəti ilə məşhur olan Pişəvəriyə və Həmid Həmidiyə baxırdı. Pişəvəri məclisdə adi və sadə bir şərait yaratmağa çalışaraq, gah sual verir, hal-əhval soruşur, gah da siyasətdən söhbət salırdı. Beləliklə, çox tez bir zamanda tamam sərbəstliklə onlar günün vəziyyətindən danışmağa başladılar.

Sudabə daxil olduğu zaman Fridun “İttilat”ı açaraq ucadan oxuyur, hərdənbir ara verərək danışırdı:

- Budur, ağalar, mürtəcelər və istibdad nökərləri öz donlarını dəyişirlər. Onlar buqələmun kimi dərhal mühitin rəngini qəbul edib demokratlıqdan, azadxahlıqdan danışırdılar.     

Həmid Həmidi “İttilat”a tərəf əyildi.

- Ahaaa... Hikmət İsfahani İran azadlığının və istiqlaliyyətinin ələmdarı!.. Yaxşı komediyadır!

Aram:

- Siz onu tanıyırsınızmı? - deyə soruşdu: 

- İranda onu tanımayan kimdir ki?!

Fridun gözünü qəzetdən çəkmədən:

- Özünü də yeni dövlətin baş vəzirliyinə layiq görürlər, - dedi.

Aram acı-acı güldü.  

- İnanın ki, belə də olacaqdır. Mütləq belə olacaqdır! Bu cür yığıncaqda ilk dəfə danışan Hafiz Biluri:

- Bu ingilis və amerikan nökəri, demokratlıq bayrağı altında fitnəkar bir dövlət yaratmağa cəhd edəcəkdir, - dedi, - keçən davada da belə oldu. Hikmət İsfahanilər donlarını dəyişib, ortalığa düşdülər.

Kürd Əhməd:  

- Ola bilməz! – dedi - gərək olmasın... Biz xalqı ayağa qaldırmalıyıq. Belə fitnəkarların oyunlarına son qoymalıyıq.

Pişəvəri oturanların ona baxdığını, fikrini bilmək istədiklərini görüb, özünəməxsus kəskin və aydın bir ahənglə sözə başladı:

- İşin gedişindən mən mübarizənin çox uzun olacağını görürəm. Siz deşiklərdən boylanaraq siyasət meydanına baş uzadanlara bir baxın! Bunlar kimlərdir: Qəvamüssəltənə, Həkimülmülk, Hikmət İsfahani, İbrahim Həkimi, Sədr; nə bilim daha kimlər! Bu köhnə tülkülər, bu siyasət oyunbazları hələ İranın başına çox işlər gətirəcəklər.

Həmid Həmidi üzünü Friduna, Kürd Əhmədə, Rza Qəhrəmaniyə və başqa gənclərə tutdu:

- Su duranda iylənər. İran cəmiyyəti də belədir. Bu iylənmiş bataqlığı aradan qaldırıb, arxa təmiz su buraxmaq vəzifəsini tarix siz cavanlara həvalə etmişdir.

Rza Qəhrəmani danışanlara qulaq asdıqca hiss edirdi ki, hamısı nədənsə narazıdır, əslən bu narazılıq onun öz daxilində də vardır. Burada, yoldaşlara qulaq asarkən, onun səbəblərini anlamağa başlayırdı. Tarix birdən-birə onları gizlin işin dar yollarından açıq mübarizə meydanına atmış, qarşılarında böyük yol açaraq, öz həllini tələb edən çoxlu yeni vəzifələr qoymuşdu. Köhnə üsullarla, bir dəstə fədainin əli ilə vəzifələri yerinə yetirmək mümkün deyildi. İndi proqramı bütün millətə məlum olan, məmləkətin hər guşəsinə qol-budaq atmış böyük və qüdrətli bir təşkilata ehtiyac yaranmışdı.  

- Biz indi bütün mütərəqqi qüvvələri birləşdirən bir hizb yaratmalıyıq, - dedi, - elə bir şəhər, elə bir böyük kənd qalmamalıdır ki, orada onun şöbələri olmasın.  

- Fridun onun fikrinə şərik çıxdı:  

- Doğrudur, kütləvi təşkilat olmadan bundan sonra heç bir şey eləmək olmaz. Xüsusən, hazırda, xalq hərəkətə gəlməyə başladığı bir zamanda onun qabağında belə bir təşkilat getməlidir. Biz bunu etməsək, düşmənlər edəcəkdir.

Hələ Təbrizdə ikən bu zərurəti duymağa başlayan Kürd Əhməd öz yoldaşlarının fikrini tamamilə bəyəndi:

- Həm də bu təşkilatın möhkəm məramı olmalıdır. O öz fikrini, nə istədiyini açıq-aydın xalqa deməlidir.

Onlar yaranacaq bu təşkilatın böyük siyasi məqsədlər yolunda mübarizə aparmaqla xalqın bütün mütərəqqi qüvvələrini birləşdirməli olacağını qeyd etdilər. O, əsasən fəhlə və yoxsul kəndlilərə istinad etməklə bərabər cəmiyyətin bütün qabaqcıl və mütərəqqi qüvvələrini öz ətrafına toplamalı idi. Ölkə daxilində əməyin azadlığı, vətəndaşların bərabər demokratik hüquqları, milli sənaye və təsərrüfatın inkişafı uğrunda, imperialist zülmü əleyhinə mübarizədə bütün xalqı səfərbər etməli idi. Kürd Əhmədin bu barədəki fikirlərinə qulaq asan Sərxan:  

-  Mən bunun əleyhinə deyiləm, - dedi. - Ancaq məncə biz İran zəhmətkeşlərinin həmkarlar ittifaqını da yaratmalıyıq.

- Doğrudur, doğrudur, - deyə bir neçə yerdən onun sözünə qüvvət verdilər.

Bunu görən Fəridə birdən ayağa durdu:  

- Bəs qadınları niyə yaddan çıxarırsınız?.. Onların da təşkilatını yaratmaq lazımdır.

Təklifin tam bur sükutla və hətta bəziləri tərəfindən şübhəli ifadə ilə qarşılanması Fəridəni daha da həyəcana gətirdi, pul kimi qızarmış halda üzünü Südabəyə, Xavərə və birinci dəfə belə iclasda iştirak edən Firuzəyə və Fatmaya tutdu:  

-  Belədir, yox, ay qızlar? Niyə ağzınıza su alıb oturmusunuz?..

Məclisdə gülüşmə düşdü. Bu gülüşdən sıxılan qadınlar özlərini düzəldərək, bir ağızdan “düzdür, düzdür!”, deyib səsdəndilər.

Pişəvəri ciddiyyətlə:

- İran qadınlarını yaddan çıxaran mütərəqqi bir təşkilat, - dedi, - çox pis iş görmüş olur. Çünki qız övladı zülm altında və siyasi hüquqlardan məhrum olan bir vətən bədbəxtdir. Mən xanımın təklifinə xüsusi qiymət verirəm. Yeni hizb qadınlar arasında ayrıca iş aparmalıdır.

Fridun, yeni firqənin öz proqramında, İran şovinistlərinin və hakim dairələrinin böhtanlarından qorxmayaraq, milli məsələyə aid fikirlərini aydın söyləməsinin çox vacib olduğunu göstərdi:  

- İran kimi bir məmləkətdə milli məsələnin üstündən keçmək olmaz. İranda fars olmayan millətlərə hizb öz əlaqəsini müəyyən etməlidir.

Kim isə:

-  O məsələnin vaxtı çatmayıb, - dedikdə, Pişəvəri dərhal qeyd etdi:

Ağayi Fridun düz deyir, İranda azərbaycanlı, kürd və sair xalqların öz müqəddəratını müəyyən etmək hüququ mütərəqqi və demokrat bir hizbin məramında gərək qeyd olunsun.

Bu məsələnin də bəzilərini ağır fikirlərə saldığını görən Rza Qəhrəmani özünü saxlaya bilməyib:

- Mən farsam, - dedi, - bilirəm ki, heç bir namuslu fars İranda Azərbaycan, kürd, erməni, türkmən və başqa millətlərin dilini, adət və ənənəsini aradan qaldırmağı istəmir. O əmindir ki, güclülük prinsipi yox, yalnız azadlıq və bərabərlik prinsipləri əsasında xalqların möhkəm birliyi yarana bilər.

Kürd Əhməd, Kürdüstanda və Azərbaycanda, xüsusən Təbrizdə gördüklərini xatırlayıb Fridunun necə böyük bir məsələyə toxunduğunu dərhal başa düşdü.

- Bu məsələdə iki fikir ola bilməz. Biz böyük Sovet ölkəsinə baxıb, bu məsələnin həllini onlardan öyrənməliyik. Başqa yol milli ədavət və zülm yoludur ki, o da bizim yolumuz deyil.

İnqilabi fəaliyyətə, cəmiyyətin köhnəlmiş və çürümüş əsaslarını dəyişməyə olan ümumi meyl Həmid Həmidini sevindirirdi. Deməli, təqib və sürgünlərdə çəkilən əzablar nahaq getməmişdir!.. Həyatı dəyişməyə qadir olan qüdrətli bir gənclik yetişməkdədir. O:  

- Kəndli məsələsini yaddan çıxarmayın, - dedi, - İran kəndi böyük bir islahata möhtacdır. Yeni hizb kəndi demokratik əsaslar üstündə qurmağı məramnaməsində ayrıca qeyd etməlidir.

Kəndli söhbəti araya atılan kimi, Rizvan bir zaman buraxdığı səhvləri xatırlayıb qızardı və ayağa durdu:

- Məmləkətimizin yarısından çoxu kəndistandır. Məramımızda onun gələcəyi haqqında qəti fikirlər olmalıdır. Kəndlini ərbabın zülmündən qurtarıb torpağa sahib etmək lazımdır:

- Fridun Rza Qəhrəmaniyə baxıb güldü:  

- Sağ ol, Rizvan, kəndistan şöbəsini sənə tapşıracağıq.  

- Məmnuniyyətlə idarə edərəm.

“Hizb Tudeyi İran” və “İran zəhmətkeşləri həmkarlar ittifaqı şurası” yaratmaq üçün əməli təkliflər hazırlamaq böyük bir dəstəyə tapşırıldı. Fridun, Kürd Əhməd, Rza Qəhrəmani, Fəridə və Aram da onun tərkibinə daxil oldu.

Kürd Əhməd, mərkəzdə təşkilat işləri qurtaran kimi yerlərə adamlar göndərmək fikrini irəli sürdü.

Aram:

- Mütləq lazımdır, - dedi, - Azərbaycana da, Kürdüstana da, Farsa da, Gilana da, Mazəndərana da adamlarımız getməli, dərhal yerli şöbələri təşkil etməlidir. Mən məmnuniyyətlə Gilana gedərəm...

Kürd Əhməd:  

- Təbrizlilər Fridunu istəyirlər, - deyib gülümsədi. Necə baxırsınız?

Fridun mütəəssir bir halda:

- Doğrusu, - dedi, - könül quşu çoxdan məni Azərbaycana çəkir. Nə isə buralarda dayana bilmirəm.

Rza Qəhrəmani mehriban gözlə ona baxdı:  

- Nə olar ki, Hizbin Azərbaycan şöbəsini idarə edərsən.

Axşamdan xeyli keçmiş onlar durub dağılarkən Pişəvəri Fridunun əlini sıxdı:

- Get, bəlkə mən də tezliklə Təbrizə gəldim, get. Azərbaycanın və Kürdüstanın milli azadlıq fikri böyük fikirdir!

Qarşıda aydın və yeni bir mübarizə yolu açan bu sözlər Fridunun xəyalında həkk olub qaldı. O, Pişəvərinin əlini sıxıb:  

- Gözləyəcəyəm, - dedi və onu qapıya qədər ötürdü.

 ***

Şəhər bir döyüş meydanını andırırdı. Bu meydanda sanki gecə ilə gündüz, keçmişlə gələcək üz-üzə, döş-döşə durmuşdu. Lakin onlar nə güləşən pəhləvanlar kimi bir-birilə pəncələşir, qəti savaşa başlayır, nə də ayrılıb gedirdilər. Qeyri-müəyyən, qeyri-sabit bir vəziyyət hər şeydə özünü göstərirdi. Bununla belə üz-üzə durmuş hər iki tərəfin ölümcül mübarizə üçün hazır olduğu bilinirdi. Sanki budur, qanlı bir çarpışma başlanacaqdır. Zahirdə hər şeydə qəribə bir anlaşılmazlıq vardı. Köhnə müstəbid şah getmiş, yerini oz oğluna vermişdi. İstibdadın qanlı qüvvələri meydandan çəkilmiş kimi idi. Rza xanın yıxılması ilə azadlığın qələbə çalacağını gözləyənlər heyrətdə idilər. Çünki azadlıq yalnız arzularda, yalnız sözlərdə, yalnız tribunalarda yaşamağa başlamışdı. Həyatın axınında, onun hər günkü təzahür və çırpıntısında isə köhnə ahəng, köhnə qaydalar hakimdi. İş və çörək gözləyənlər hələ ki, öz tələblərini açıq deməkdən başqa bir şeyə nail ola bilməmişdilər. Hələ ki, yenə də küçələr saysız-hesabsız işsizlərlə, bir tikə çörək qazanmaq üçün hər cür zəhmətə dözməyə hazır olanlarla dolu idi, hələ də gəlib-gedənə əl açan yetim uşaqlar və yurdsuz arvadların əlindən tərpənmək mümkün deyildi.

Onları küçələrə tökən ağalar, ilk şaşqınlıqdan sonra yenidən bellərini düzəldib, xalq hərəkatının, demokratik təşkilatların qabağını almaq üçün sarayın ətrafına toplanırdılar. Hikmət İsfahani, Həkimülmülk və sərhənglər arxalarını yenə mister Tomaslara, mister Haroldlara verərək azadlığı qan içində boğmaq planlarını hazırlayırdılar. Onların ikiüzlülük və yalançılığı, zahirən əyinlərinə geydikləri “demokratlıq” donu ilə daha da iyrənc və riyakar şəkil almışdı.

Hikmət İsfahani saraydan qayıtdıqdan sonra Kürd Əhmədi yanına çağırdı. O, gizlin fəaliyyətdə olduğunu, zəhmətkeş əhali arasında böyük nüfuz qazandığını gördükdə onu özünə yaxınlaşdırmağı qərara almışdı. Bu məqsədlə sarayda və hakim dairələrdə vaqe olan əhvalatlar və söhbətlərdən ona nağıl edib, özünü ona məhrəm kimi göstərirdi. Kürd Əhməd böyük həyətdən keçib, kərpic pillələri qalxdı və içəri girdi. Şlyapasını çıxarıb paltarasana keçirtdi. Döndükdə Hikmət İsfahaninin otağından çıxmış bir adamın tələsik dəhlizin başındakı qapıya burularaq gözdən itdiyini gördü. Bu adam ona çox tanış gəldi. Kim olduğunu xatırlamağa çalışdıqda fon Valterin siması gözləri önündə durdu. Kürd Əhməd onu otağın qapısında qarşılayan Hikmət İsfahaniyə tərəddüd və şübhəyə yol verməyən bir səslə:  

- Ağa, indicə fon Valteri buradan çıxan gördüm, - dedi.

Hikmət İsfahani bir əlini onun ağzına qoydu və o biri əli ilə qolundan tutub otağına saldı:

- Mənim əzizim, onu burada gördüyünü yaddan çıxart, - dedi, - aqil adamlar, o şeyi ki, görmək lazım deyil, görmə demişlər.

- Lakin hər halda mən heyrət edirəm! Siz təhlükəli bir addım atırsınız.

- Niyə heyrət edirsən, əzizi-mən?! Burada heyrət ediləsi heç bir şey yoxdur. Bunlar hamısı siyasətdir və vətənin xeyri üçündür. Şərafətimizə and olsun, məni belə şeylərə vadar edən vətən məhəbbətidir.  

- Məncə vətən məhəbbəti fon Valterə cəza verməyi tələb edir.

- Yox, əzizim, vallah yox! Sən hələ cavansan, İran demokratiyasının necə dolaşıq yolları olduğunu bilmirsən. Həqiqəti bilmək istəsən fon Valteri mən özüm dolaşdırıb saxlamışam. O indi tələyə düşmüş bir pələngdir. Almanlar qalib gəlsə, onu tələdən açıb buraxarıq. Bizə xeyri dəyər.

- Məgər elə bir ehtimala siz yol verirsiniz?  

- Hansı ehtimala? Almanların qalib gəlməsinəmi?

- Bəli!

-  Siyasət aləminin hazırkı vəziyyətində mən heç şeyə inanmıram və hər şeyə də inanıram. Bəli, bəli! Heç şeyə inanmıram və hər şeyə də inanıram. Çox mümkündür ki, almanlar müharibəni udsunlar. O zaman fon Valterə söykənən adam gör vətəni üçün nələr edə bilər.

- Bəs məğlub olsalar? Axı belə bir ehtimal da mümkündür.

- Əlbəttə, o ehtimal da həqiqət ola bilər. Məğlub olsalar başqa məsələ. Onda tələyə düşmüş bu pələngin dərisi baha qiymətə gedər. Sat qoy vətənin yolunda. Beləliklə, biz hər iki halda heç bir şey itirmirik. İndi otur və mənə qulaq as! Bu saat mən əlahəzrət humayun Məhəmməd Rza Pəhləvinin yanından gəlirəm. Dövlətin təşkili müzakirə olunurdu.

- Cənabınızı bir baş vəzir kimi təbrik edə bilərəmmi?  



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info