Qonaq Kitabı
İYİRMİ DOQQUZUNCU FƏSİL

- Tərslik etməyin, Sərtib, xoşluqla yaxşıdır! -  deyib onu taxta uzandırmaq üçün üstünə yeridikdə əlini qaldırdı. Nə isə demək istədi. Bu zaman gözləri balaca pəncərədən ona dikilmiş Sərhəngin gözlərinə sataşdı:  

- Sərhəng, dörd yüz il bundan qabaq İtaliyada Cordano Bruno adlı bir adam yaşamışdır. O, orta əsr qaranlığı qurtarıb, yeni dünyanın ilk səhəri açılarkən sizin kimi cəlladlar tərəfindən odlarda yandırılmışdı. Bilirsənmi, o öz cəlladlarına nə demişdi? Bilmirsən! Qulaq as, o demişdi ki, ağalar, siz mənə ölüm hökmü oxuyursunuz, lakin özünüz daha dəhşətli bir vahimə içindəsiniz. Mən də sizin yadınıza o böyük insanın sözlərini salıram. Sərhəng, siz saralmısınız! Çünki sizin dünyanızın axırı gəlmişdir. Bax, yeni dünyanın səhəri açılır, qoy mənim qanım o səhərin al şəfəqlərinə qarışsın!

Sərhəng:  

- Vurun iynəni, vurun! - deyə qışqırdı.

Lakin Sərtib üstünə hücum edən xidmətçiləri sinəsindən itələyib, geri oturtdu. Köynəyini cırıb, əynindən çıxartdı və qolunu uzatdı:

- Gəl, cəllad, işini gör!

Ağ xalatlı adam dərhal iynəni onun həyəcan və qəzəbdən gərginləşmiş damarına batırdı. Zəhər qanı dolaşdıqca Sərtib ağarırdı. Lakin müvazinətini pozmur, şüurunu itirməməyə çalışırdı. O öz ölümü ilə də Sərhəngi titrətmək istəyirdi. Zəhər isə öz işini görməkdə idi. Azca sonra onun gözləri axdı. Titrəyərək, taxtın üstünə uzandı. Xidmətçilər və ağ xalatlı adam nə isə bir vərəq kağıza imza ataraq, balaca qutuya qoyub yaşıl güllü yaylığa bükdülər. Bu zaman Sərtib artıq şüursuz halda gözlərini yummuşdu. Onun çinar kimi gövdəsi hələ də titrəyir, sanki bütün məhbəsi lərzəyə salırdı. Birdən bu titrətmə Sərhəngin bədəninə keçdi, o yarpaq kimi əsməyə başladı:  

- Gəlin, gəlin məni buradan götürün! - deyə zəif bir səs çıxartdı.

 ***

Musa kişi iki gün Fridunla bir yerdə qaldı. Bu iki gündə Fridunun bütün səyinə baxmayaraq, onun ruhi aləmində bir sakitlik əmələ gəlmədi. Gah qızışır, söylənir, xəyalında canlanan qorxunc kabuslarla mübarizəyə başlayır, ağlayır, qışqırır, deyinir, gah da yorularaq özündən gedir, saatlarla bir küncə düşüb qalırdı.

Yalnız ürəkgetməsindən sonra özünə gəldikdə ağlında bir işıqlanma görünür, hafizəsində həyatın bəzi real səhnələri canlanırdı. Çox tez keçən bu anlarda Fridun onun nə üçün bu hala düşdüyünü öyrənməyə çalışırdı. O, çəkdiyi əzabları, döyüldüyünü nağıl edir, indiyə qədər mahiyyətini anlamadığı günahlarda ittiham edildiyini söyləyirdi. Belə anlardan birisində “Fridunun yerini söylə!” deyə onu döyüb incitdiklərini danışaraq ağlamışdı. Kəsik və yarımçıq sözlərindən Fridun belə nəticəyə gəldi ki, Sərhəng hər şeyə aşinadır. Kənddəki əhvalatı da, onun sonrakı fəaliyyətini bilir. Musa kişi və Hikmət İsfahaninin yanına salındığı təsadüfi deyildi. Sərhəng artıq onu fərziyyələr və rezin kimi hər tərəfə burula bilən dumanlı sözlər əsasında deyil, alçaq sübutlarla ittiham edəcəkdi. Lakin o bundan qorxmurdu. Sərhəngin Rza Qəhrəmani və Kürd Əhmədə qədər gəlib çıxa biləcəyi ehtimalı onu daha artıq narahat edirdi.

Üçüncü günü onu da, Musa kişini də kameradan çıxartdılar.

O, məhbəsin uzun koridorundan keçib, Sərhəngin kabinetinə tərəf dönərkən Musa kişini əks tərəfə apardıqlarını gördü. “Bəlkə də bu son görüşdür!” deyə, bir fikrin təsirilə Fridun ayaq saxladı. Vidaedici nəzərlərlə arxasınca baxdı. Musa kişi böyük bir dərd içində başını aşağı salıb gedirdi. O, sakit və fikirli idi. Birdən dönüb yana baxdı. Fridunu görmədikdə həyəcana düşdü. Geri qayıtdı. Onu yaxınlaşmağa qoymayıb, tüfəngin qundağı ilə boynundan vurdular. O, üzüüstə yerə dəydi. Fridun “vəhşilər!” deyib, əli ilə gözlərini qapadı. Kim isə onun kürəyindən itələdi:  

-  Uzunçuluq eləmə, ağa! Sərhəngin yanına yeri!

Fridun büdrəyib iki addım irəli keçdi, dönüb bir də baxdıqda dar koridorun başında nə isə kölgəyə bənzər bir şeyi sürüdüklərini gördü. Bu, son dəfə gördüyü Musa kişi idi. Fridun gözlərini qapayıb döndu və əlacsız halda böyuk bir kədərlə Sərhəngin otağına getdi.

Sərhəng onu nisbətən mülayim bir halda qarşıladı:  

- İndi inandınız ki, bizə hər şey məlumdur? Bizdən gizli bir sirr yoxdur. Gunahlarınızı gizlətməyə çalışmağınız əbəsdir! Etiraf, etiraf etmək və yoldaşlarınızın adını, yerini demək sizin vəziyyətinizdə olan adam uçün ən ağıllı hərəkətdir.

Fridun qəti cavab verdi:

- Sərhəng, bütün bunlar nahaqdır. Mən son qərarı gözləyirəm!..

Onu yenə qaytardılar. Kameraya aqıb uzun müddət sorğu-suala çağırmadılar. O, Musa kişinin başına nələr gəldiyini də bilmədi. Axırıncı dəfə Sərhəngin yanına gətirildikdə bütün əsəbləri gərgin halda idi. Dünya hadisələrinin cərəyanından xəbərsiz idi. İran tarixinin yeni səhifələri açıldığını və bütün bunların Sərhəngin rəftarında qəribə dəyişikliklər törətdiyini bilmirdi. Buna görə də Sərhəngdən tam bir cəllad qəzəbi gözləyərək içəri girdi.

Sərhəng başını aşağı salaraq, nə isə oxuyurdu. Simasından mühüm bir şeyin, doğrudan da, bütün fikirlərini məşğul etdiyi anlaşılırdı. O, Friduna son dərəcə tutqun göründü. Ordları azca batmış, gözlərinin altı qaralmış və həmişə tünd çayı andıran rəngi ağarmışdı. Fridun qapı ağzında ayaq üstə durub, diqqətlə onun bütün hərəkətlərini izləyirdi. Bu zaman Sərhəngin gözləri Kürd Əhmədgilin yazdığı məktuba dikilmişdi. Daha doğrusu, bir saatın ərzində onuncu dəfə idi ki, bu məktubu nəzərdən keçirir, hər sətrinin, hər nöqtəsinin üstündə düşünərək müəyyən bir qərara gəlmək istəyirdi. Məktubu birinci oxuyanda qızışmış, acıqlanmışdı. Onun yazılarındakı təhdid hələ də ona xoş gəlməmiş, mənliyinə toxunmuşdu. Bu hissin oyatdığı kin və qəzəb Fridunu məhv etmək fikrini başına salmışdı. Lakin yavaş-yavaş əməli düşüncələr və həyat instinktinin nəticəsində kin və qəzəb soyumuş və bu fikir də ona mənasız görünmüşdü. Fridunun, doğrudan da, bir dəstə qüdrətli adamla əlaqədar olduğu məlum idi. Son günlər başında dolanan və bütün varlığına hakim olan mülahizələrə əsasən Sərhəng onu azad etməyi qərara almışdı. Gələcəkdə o da kara gələ bilərdi. Bu gün Rza xan hakimiyyətdən əl çəkəcəkdi. Bununla da böyük bir kötük güclü bir suyun ağzından götürülürdü. Kim bilir, qabağı açılan bu sel haralara qədər axıb gedəcəkdi. Həyat nə məna və rəng alacaqdı, Bu axın içərisində çayaşağı buraxılmış hər dirək bir yerdə işə yarayacaqdı. Fridun içəri girdikdə bu son qərar fikrində dolanaraq qəti şəklə düşməkdə idi. Buna görə də Friduna anlaşılmaz görünən bir nəzakətlə:  

- Oho, ağayi Fridun, - deyə başını qaldırdı və gülümsədi.  - Ağayi Fridun, buyurun, əyləşin! Sizi mən şad bir xəbərlə sevindirmək istəyirəm.         

Fridun hələ heç bir şey anlamadan oturdu. Şübhə və etimadsızlıq dolu gözlərini Sərhəngə dikdi. Sərhəng eyni ahənglə davam etdi:  

- Mən əldə olan dəlillərin kifayət olmadığını gördüm. Dərindən və ətraflı məsələyə baxdıqda ədalət və həqiqət naminə sizə bəraət qazandırmaqdan başqa bir yol tapmadım. Bəli, ədalət və həqiqət naminə! Axı bizim işimizdə ədalət və həqiqət hər şeydən yüksək olmalıdır. Bizim kimi adamlar gərək nə mənsəb, nə şöhrət həvəsinə aldanmasın. Heç bir təzyiqdən qorxmasın, yalnız həqiqəti tapmaq həvəsilə yaşasın. Bəlkə də belə hərəkət etməklə, o, yüksək mənsəb, böyük şöhrət və varidat qazana bilməz. Lakin nahaq yerə zindanda çürümək əzabından qurtarmış adamların təşəkkür və minnətdarlığı onun mükafatıdır. Mənim əqidəmə görə dünyada bundan da böyük bir mükafat yoxdur. İnsan yaxşılıq üçün yaşamalı və yaxşılıqdan zövq almalıdır. Deyilmi ağayi Fridun?

Sərhəngdə əmələ gəlmiş bu təbəddülata heyrət edən Fridun hələ də onun əsl səbəblərini təsəvvürünə gətirə bilmirdi. Sualı cavabsız qoymamaq üçün:  

- Elədir! Elədir! - dedi.

Sərhəng yerindən qalxıb onun ayağına gəldi və əlini sıxdı:

- Bilirsinizmi, ağayi Fridun, mən sizin günahsız olduğunuza çoxdan qəti iman gətirmişdim. Sizin azad olunmağınız haqqındakı nəticəni də yazmışdım. Lakin maneə törədən bir cəhət əlahəzrətin insaf və ədalət bilməyən müstəbid təbiəti idi. Bəlkə siz mənim bu sözlərimə inanmırsınız? Lakin həqiqət belədir. Mən sizinlə qərəzsiz danışıram. Nəhayət, mən rəisi razı sala bildim. Təbrik edirəm. Siz azadsınız!

Fridun hələ də Sərhəngin bir oyun oynadığını zənn edərək soyuqqanlılıqla ona baxırdı. Lakin Sərhəng azadlıq kağızını onun qabağına qoyduqda qəribə bir həyəcana düşdü. Sərhəng gülümsədi:  

-  Güman edirəm ki, bundan sonra daha xoş şəraitdə sizinlə görüşmək mənə qismət olacaqdır. Axı, demək olar ki, biz köhnə dostlarıq. Deyilmi?

Fridun:  

- Xudahafiz, köhnə dost! - deyib kağızı götürdü və kabinetdən çıxdı.

Sərhəng onu qapıya tərəf ötürmək istədi, lakin Fridun nə isə xatırlamış kimi, geri döndü:  

- Sizdən bir şey soruşum, Sərhəng!

- Buyurun, buyurun!

- Bir müddət əvvəl mənim yanıma bir dəli göndərmişdiniz. Bildiyiniz kimi, axı o mənim dayımdır. Bədbəxt bir adamdır. Bəlkə onu mənə verəsiniz!

Sərhəng gözləmədiyi bu xahişdən qızardı. Dili topuq çala-çala:  

- Ağayi Fridun, - dedi, - o qoca və naxoş bir adam idi. Nə qədər müalicə etməyə çalışdıqsa mümkün olmadı. Sizdən ayrıldıqdan iki gün sonra vəfat etdi.

Fridun heç bir söz deməyib otaqdan çıxdı. Başı gicəldiyindən zorla özünü saxlayaraq, bu cəhənnəmdən qaçıb uzaqlaşmağa tələsdi. Sərhəng onun arxasınca baxıb, özündən razı bir halda yerində oturdu, ayna kimi işıldayan çəkmələrini bir-birinin üstünə aşırdı, siqarını ağzına qoyub tüstülətdi. Sentyabrın isti havasında tüstü ağır-ağır burularaq, müxtəlif şəkillər yaradır və pərdə kimi Sərhəngin gözlərinin önündə asılıb dururdu. Bu dumanlı pərdənin dalında gah Hikmət İsfahaninin, gah Şəmsiyyənin, gah Fridunun siması, gah Sərtibin titrəyən bədəni görünür və dənizdə batıb-çıxan bir kabus kimi nəhayətsiz bir boşluq içərisində itib gedir, yenə qalxır, yenə itib gedir və Sərhəngin qəlbini rahat olmağa qoymurdu...

 ***

Açıq hava və mavi üfüqlərə baxdıqca Fridunun qəlbi sevinclə dolurdu. Onda ilk baharın ətrilə cuşa gələn quşlar kimi, uçmaq həvəsilə oyanırdı. Torpaq və daşları, çinarların tozlu yarpaqlarını qucaqlayıb öpmək istəyirdi. Ah, azadlıq... Dünyada səndən şirin, səndən ləzzətli bir şey varmı?.. Sənin ətrini gətirən xəfif bir meh qupquru çöllərdə al-əlvan çiçəklər bitirir, boz dağlara yaşıl don geydirir, insanın qəlbində min həvəs və ehtiras oyadaraq, yorulmadan yaratmağa, ağır və əzab hiss etmədən yaşamağa, ülvi, müqəddəs bir həyatla yaşamağa ruhlandırır. Ah, azadlıq!.. Sənin ruh oxşayan, xəyal oynadan qanadların altında insan nələr yaratmaz, nələrə qadir olmaz!..

O, məhbəsin dar və qaranlıq mühitini unutmağa çalışır, açıq havada dərindən nəfəs alırdı. Başının üstündə ağır bir yük kimi daima qəlbini sıxan zindanın alçaq tavanı deyil, nəhayətsiz və parlaq göylər uzanıb gedirdi. O bu göylərə tamaşa etməkdən doymurdu. Qabaqlar da göz qırpmadan açıq üfüqlərə, mavi göylərə baxıb, nə isə, yeni hisslər, duyğular oyadırdı. Ona elə gəlirdi ki, torpağı və ümumiyyətlə bütün kainatı heç bir zaman indiki qədər dərindən duymamışdır. Onlar heç bir zaman ürəyində indiki qədər təravətli hisslər doğurmamışdır.

Şəhəri doldurmuş hərbi adamlar və maşınlar ona qəribə görünürdü. Bunun səbəbini anlaya bilmədi. İlk rastına çıxan bir adamdan:  

- Ağa, xahiş edirəm, de görək bu nə işdir, belə? - deyib soruşdu.

Adam ona müharibədən, baş vermiş yeni hadisələrdən danışdı. 

- Hardan belə, qardaş.

- Qəsri-Qacardan çıxmışam.  

- İnşallah tezliklə ora da dağılar.

Fridun şəhərdəki böyük təbəddülatı bildikdə öz otağına yox, birbaşa Rza Qəhrəmaninin evinə getməyi qərara aldı.

Evə yaxınlaşdıqda nəbzi daha həyəcanla atmağa başladı. Evdən çıxdığı ona illər, on illər qədər uzun göründü. Ayaq saxlayıb, bütün evi nəzərdən keçirtdi. Gözləri küçəyə açılan pəncərələrinə sataşdı. “Kaş Rza Qəhrəmani evdə olaydı, nə qədər sevinəcəkdir!” - deyə düşündü və tələsik pillələri yuxarı çıxdı. Qoca arvad qapını açdıqda gözlərinə inanmadı. Ani heyrətdən sonra onu qucaqlayıb öpdü. Gözlərinin yaşını silərək:  

- Şükür, min şükür, - dedi, - salamat qayıtdın! Görüm zindanların qapısı açılsın, gedənlər hamısı qayıtsın, hamının üzü gülsün!..

Fridun hal-əhvaldan sonra Rza Qəhrəmanini soruşdu, arvad onun mütəmadiyən dəmir yolunda olduğunu, həyəcanlı və təlaşlı göründüyünü söyləyib əlavə etdi:  

- Nə gecə bilir, nə gündüz. İşləyirlər, oğul, yaman işləyirlər. Deyirlər ki, tezliklə şahı qovacaqlar, azadlıq olacaq. Hər yerdə deyirlər ki, şura olacaq. Hamıya azadlıq veriləcək. Əmniyyənin, ajanın zülmündən camaatın yaxası qurtaracaq. Qızıl əsgərlər də Qəzvindən keçib Kərəcə gəliblər. Almanlar hamısı qoyub qaçır. Bizim ərbablardan da yığılıb o tərəfə gedirlər (o, əli ilə cənubu göstərdi), amma camaatı qorxudan bircə ingilisin gəlməsidir. Deyirlər ki, ingilis hər şeyi dolaşdıracaq. Qoymayacaq su durulsun.

 Arvadın qırıq-kəsik cümlələrlə tələsik bildirdiyi bu xəbərlər Fridunu xeyli maraqlandırdı. O, tez ayaqüstü bir stəkan çay içib çıxmaq istədikdə arvad onu saxladı:  

- Belə hara gedirsən? Üst-başın gör nə gündədir, üz-gözünü çirk, toz basıb, lap dərvişə oxşayırsan. Beşcə dəqiqə dayan su gətirim, yuyun, paltarını dəyiş, get.

Arvad su qızdırdı, Rza Qəhrəmaninin dəyişəklərindən ona verdi. Fridun yuyunub, paltarını dəyişdi. Kürd Əhmədi görmək üçün evdən çıxdı.

Yeriyir və diqqətlə ətrafa baxırdı. İndi şəhər və insanlar da ona başqa cür görünməyə başlamışdı. Adamların hərəkət və danışıqlarında nə isə bir təlaş, gözlərində bir canlılıq və intizar vardı. Sanki bu adamlar onları mübarizəyə, qəti döyüşlərə çağıracaq bir şeyin intizarını çəkirdilər. Sanki azadlıq bayrağını əlinə alıb meydana çıxacaq bir təşkilat, bir başçı gözləyirdilər ki, sel kimi axıb dalınca getsinlər, istibdad və zülmün binasını tar-mar etsinlər. Bu hiss onun ruhunu daha da qaldırdı. Demək, böyük azadlıq idealı yolunda ölümə hazır olan ordu yetişməkdədir. Demək, həyatın dərinliklərində, ehtiyac və zülmün ağır əzabları altında çalxalanaraq, hazırlanmış bu böyük ideal artıq aşkara çıxmaqdadır, şirin bir xəyal kimi bütün zəhmətkeş və namuslu insanların gözlərində, arzu və əməllərində təcəssüm etməkdədir. O özündə tükənməz bir qüvvə hiss etdi. Qəlbi, mübarizə etmək, yenidən təşkilatın işini canlandırmaq, məmləkətin hər tərəfində onun şöbələrini düzəldərək bu minlər, milyonlarla insanlarla qırılmaz, əbədi əlaqə yaratmaq ehtirası ilə döyündü. Kürd Əhmədi kontorda tapdı. O, Hikmət İsfahaniyə ticarətin vəziyyəti haqqında məlumat verib qurtararkən Fridun içəri girdi. Kürd Əhməd onun azad olduğunu gördükdə sevindi. Lakin Hikmət İsfahaninin yanında öz hisslərini gizlətməyə çalışdı. Fridunu tanımır kimi:  

- Ağa, zəhmət çəkin bir qədər gözləyin! - dedi.

Lakin Fridun gözləməyib qabağa yeridi. Kürd Əhməd həyəcanla sözlərini bir də təkrar etdikdə Hikmət İsfahani Fridunu gördü. Qalxıb qabağa getdi.  

- Oho, ağayi Fridun, xoş görmüşük! Buyur, əyləş, özünüzü də kontora şərik eləyəcəyəm. Bundan sonra gərək möhkəm dost olaq. Sən demokrat, mən demokrat! İkimiz də o mənhus köpək oğlunun zindanında yatmışıq, azadlıq ələmini gərək əlimizdən yerə qoymayaq! Buyur, əyləş!

Fridun oturdu. Lakin istehzalı təbəssümdən özünü ala bilmədi. Hikmət İsfahani:

- Bilirəm niyə gülürsən, - dedi, - biz tacirik, bizim gözümüzdən şey qaçmaz, nəyə güldüyünü bilirəm. Yəqin deyirsən ki, qurumsaq da özünü demokratlar cərgəsinə qatdı. Amma and olsun inandığımıza, mən elə bu iyirmi illik istibdad dövründə də ürəyimdə demokrat idim. Kişi, belə azadlığın yerini heç şey verə bilməz. Gərək məmləkətdə azadlıq olsun ki, ticarət rövnəq tapsın, alış-veriş artsın, bazar dirilsin, Amerikadan, İngiltərədən, Firəngistandan, (burada o azca dayanıb, əlavə etdi) məmləkəti-şurəvidən alasan, gətirib tökəsən bazara. Azadlığın dadı, belə başqa daddır!

Fridun güldü:  

- Ağayi Hikmət İsfahani, heç torpağın üstündə durmursan?

Demokratlığın birinci şərti torpağı kəndliyə paylamaqdır.

Hikmət İsfahani ciddi cavab verdi:  

- Nə olar, qoy bir azadlıq alaq, qoy bir bu köpək oğlunu qovaq, təzə məclis seçək, torpaq məsələsinə də baxarıq. Ona da bir yol tapıb həll edərik.

Fridun ayağa durdu. Kürd Əhmədin qolundan tutdu və Hikmət İsfahaniyə müraciətlə:

- Ağa, bağışlayın, bu ağa ilə bir az işim var, - dedi və onu qapıya tərəf apardı. Qapıdan çıxmamış yenə Hikmət İsfahaniyə döndü:  

- Ağa, bu başdan deyim ki, demokratiya üstündə davamız düşəcək.

Hikmət İsfahani gedib onu saxladı:  

- Əzizim, niyə davamız düşür? Bu demokratiya qazanını quran birinci biz deyilik ki, davamız düşə? Baxarıq İngilistana, Amerikaya, orada necədir, yavaş-yavaş biz də elə edərik.

- Axı bir demokratiya da var ki, onu siz heç yada salmırsınız.  

- Bilirəm nə deyirsən. Demokrat-şurəvi! Yox, ağa, o burada keçməz. Bu İran məmləkətində o tündlükdə demokratiya işləməz. Bizimki ingilisdi, Amerikadı, baxarıq onlara, demokratiyamızı düzəldərik.   

- İngilis və Amerika demokratiyası İranı gətirib lap uçurumun ortasına salıbdır. Qırx ildir millət o demokratiyanın acı həblərini udur. İndi millətə başqa demokratiya lazımdır!        

- Xob, ona gələcəkdə baxarıq, ağa! Hələlik xoş gəldin! Allah ömrünü uzun eləsin!

Fridun:

- Ömrünüz uzun olsun, - deyib çıxdı. İki addım atmamış Kürd Əhməd onu saxladı:

-  Dayan, bir doyunca sənə baxım, qardaşım, sən cəlladların əlindən, xəncərlərin ağzından salamat çıxmısan. Şükür, min şükür! - dedi və qeyri-ixtiyari onu qucaqlayıb öpdü.

Heyrətlə onlara baxan adamlara fikir vermədən Fridun da onu qucaqladı.  

- Səadət budur, - dedi, - xoşbəxtəm!

Bir qədər sakit yeridilər. Sanki eyni ahəng, eyni duyğularla döyünən qəlbləri danışırdı. Fridun, Hikmət İsfahani ilə olan söhbətini xatırlayıb:  

- Görürsənmi, hələ müharibə qabaqdadır, - dedi, - Rza şahı uçurtmaqla məmləkət azad olmur.

- Doğrudur, bizim əsil mübarizəmiz bundan sonra başlayır. Bu mübarizə çox çətin və şiddətli olacaqdır. Çünki şahlar və hakimlər, yoğun köklər üstündə ucalan alağın qol-qanadına bənzər. Onu kəsməklə hələ torpağı cana gətirmək olmaz. Gərək kökləri çəkib çıxarasan, rişələri qazasan, biz, torpağın şirəsini sümürən, məmləkətin zəmilərini saraldan, güllərini solduran alağın köklərinə gəlib çatmışıq. Mübarizə bundan sonradır.

Onlar, gələcək mübarizənin xarakterindən, şəklindən, hadisələrin hara inkişaf edə biləcəyindən və qarşıda duran məqsədlərdən danışdılar. Kürd Əhməd müharibə, hazırkı vəziyyət, təşkilatın işi, Xavər, Aram, Rza Qəhrəmani, Fəridə və başqaları haqqında Friduna ətraflı məlumat verdi.

Sonra zindandan, siyasi məhbusların məziyyətindən danışdılar. Fridun başına gələnləri Kürd Əhmədə nağıl etdi.  Kürd Əhməd onun çəkmiş olduğu ruhi və çismani işgəncələri haqqında eşitdikdə:  

- Eybi yoxdur, - dedi, - istibdadın son günləri yaxınlaşır. Zaman hər zülmün intiqamını da özüylə çəkib gətirir. Şəhidlərin qanı ilə qızarmış torpaqda yeni lalələr bitir. Azadlığın baharı gəlir.

- Məhbəsin qaranlıq və rütubətli divarları arasında da mən bu baharın eşqiylə yaşayırdım, dostum. Bilirdim ki, siz işləyirsiniz, azadlıq üçün vuruşursunuz. Deməli, cərkələrimiz dağılmamışdır! Bu fikir ürəyimə qüvvət verirdi. Ruhumu sarsılmağa qoymurdu. Hətta işgəncələr əlində dəli olmuş bədbəxt qoca dayımı yanıma atdıqda belə tir-tir titrədiyim halda məni ruhən sarsılmağa qoymayan bu fikir idi.

Kürd Əhməd sevincindən ayaq saxladı: 

- Deməli Musa dayını tapmısan?  

- Tapdım da, itirdim də.

Fridun Musa dayının faciəsini ona danışdı.  

- Minlərlə bu cür ailələri məhv edən bir quruluş tar-mar olmalıdır!

Kurd Əhməd:  

- Çəkdiyin əzablara mükafat olaraq sənə yaxşı bir hədiyyə verəcəyəm, - dedi və məna dolu gözlərlə Friduna baxıb gülümsədi. Fridun sualedici nəzərlərini ona dikdi.  

- Deməyəcəyəm, evə gedək, görərsən.

Fridun Kürd Əhmədgilin həyətinə girəndə lap qapı ağzında Ayazla qarşılaşdı. Uşaq bir anda heyrət içində donub qaldı və bütün ailəsini tapmış kimi sevinclə özünü Fridunun üstünə atdı. Fridun onu qucaqlayıb yerdən qaldırdı, bağrına basdı:

- Ah, Ayaz!.. Əziz bala!..        

Onun başını oxşadı, üzündən, gözlərindən öpdü. Sevincinin böyüklüyünü indi duyan uşaq gülümsədi, rəngi açıldı və sanki ən vacib saydığı bir şeyi Friduna bildirdi:  

- Mən küçələrdə qaldım, pis yola düşmədim.

Fridun bu sözlərdə, onların deyilişində ciddi və yetkin bir məna eşitdi:

- Bilirəm, Ayaz. Sən həmişə özünü yaxşı aparmısan, aparacaqsan da.

Otağa keçib oturduqda uşağa sonsuz suallar verdi, onun tələsik və qarışıq sözlərindən Səriyyə xala və Gülnaz haqqında bir şey öyrənməyə çalışdı. Lakin qəti bir şey müəyyən edə bilmədi. Fridunun darıxdığını görən Kürd Əhməd Xavərdən Gülnaz haqqında eşitdiklərini danışdı:  

- Xavər və Fəridə bu gün onun ünvanını öyrənməyi vəd etmişlər. Sabah dalınca gedərik.

Çay gətirdilər. Fridun ona güc gələn daxili səbirsizliyə boğaraq yenə ümumi işlərdən söz açdı. Təşkilatın vəziyyətindən soruşmağa başladı. Kürd Əhməd ona ətraflı məlumat verdi. Saatına baxıb:  

- Bir saat sonra mitinq olacaq, gedərik, - dedi.  

- Mütləq gedərik.

Bir saat gəlib keçməmiş onlar yerlərindən durdular. Şəhəri gəzmək istəyirdilər. Küçəyə çıxdıqları zaman artıq günəş qərb üfüqlərinə tərəf əyilirdi. Bir az gedib, Laləzara döndükdə Kürd Əhməd soruşdu:  

- Südabəni görmüsənmi?  

- Xeyr, zindandan evə, evdən də sənin yanına gəlmişəm.  

- Elə isə onlara gedək. Onu da götürüb, mitinqə apararıq. Çox yaxşı qızdır. Bütün varlığı ilə bizimlədir. Gedək, səni görsə çox sevinəcəkdir, gedək!

Fridun heç bir söz demədi. Şəhərin həyəcanlı insan axını ilə qaynaşan küçələrindən keçərək, Südabəgilə tərəf yollandılar.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info