Qonaq Kitabı
İYİRMİ YEDDİNCİ FƏSİL

- Aparın!

Fridunu yenidən qaranlıq məzara atdılar. İki gün döyüb incitdilər. Min əzab verdilər... Özündən getdikdə üzünə su töküb ayıltdılar. Yenə huşsuz olana qədər əzab verdilər. Nəhayət, üçüncü gün Sərhəngin yanına gətirdilər. Fridun nifrətlə:

- Sərhəng, artıq sizi tanıdım. Məndən bir kəlmə də söz eşitməyəcəksiniz! - deyib susdu.

Sərhəngin bütün sualları cavabsız qaldı. Onu yenidən əvvəlki kamerasına salmağı tapşıraraq buraxdı. Sonra belə əmr verdi:

- Bu gecə dəlini onun yanına atın!

İlk işgəncə və ikinci istintaqdan sonra cismani və ruhi sıxıntılar qarşısında Fridunun iradəsi daha da gərkinləşmişdi. Bütün bədənində hərəkət etməyi, vuruşmağı, çarpışmağı tələb edən bir istilik, bir hərarət duyurdu. Bədəninin harasında isə bir ağrının sızıltılarını da duyurdu. Lakin harasının ağrıdığını, harasının sızıldadığını bir növ təyin edə bilmirdi. Çıxış yolu axtaran, intiqam deyə səslənən ehtiraslı və coşqun fikirlər cismani ağrıları aydın duymağa yol vermirdi. Sərhənglə olan danışıqlar, onun hiyləgər sualları, şüşə kimi cansız gözlərindən süzülən soyuq baxışlar, heç bir zaman pozulmayan sakitliyi xəyalında canlanırdı. O, həyatın bütün bu mürəkkəb insan yaşayış və münasibətlərinin mənasını bir daha anlamağa çalışırdı. İndi məhbəsin qaranlıq və rütubətli divarları arasında həyat və ictimai mühit ona əvvəlkindən yüz qat artıq dözülməz və çirkli görünürdü. Məhbəs o həyatın, o varlığın bütün xəstəliklərini, bütün yaralarını özündə təcəssüm etdirirdi.

Gecə qaranlığında məhbəsdə ağır bir sükut hakim idi. Yalnız ara-sıra gəzişən gözətçinin yeknəsəq ayaq səsləri bu sükutu xələldar edirdi. O da, nə üçünsə dayandığı zaman hər tərəfi bürüyürdü. Fridun bu sükutun zahiri və aldadıcı olduğunu, məhbəsin qalın divarları və dərin zirzəmilərində insanlara ağlasığmaz əzab və işgəncələr verdiyini bilirdi. Lakin onların şüursuz halda qopardığı ah-nalə və cəlladların acıqlı söyüşləri zindanın divarlarını yırtmaqdan aciz idi. Kim bilir, bu qayda ilə nə qədər yüksək arzu və xəyallarla yaşayan safürəkli insanlar bu lal divarların arasında məhv olub getmişdi!.. Birdən Friduna elə gəldi ki, onu da yavaş-yavaş, tədriclə çürütmək üçün bura salmışlar. Məhbəs ona naqqa balıq kimi görünürdü. O bu naqqanın qarnında yavaş-yavaş əzilməkdə, öz şəklini itirərək əriməkdədir. Beləcə, zaman keçdikcə o yox olub gedəcək və unudulacaqdır. Bu fikirdən ayağa sıçradı. Barmaqlıqdan tutaraq, pəncələri üstə qalxıb, gözünü balaca bacadan uzaqlara, mavi boşluqlara dikdi. Ulduzların sayrışan zamanı idi. Bacanın tuşundakı parlaq, təmiz bir ulduz sanki ona baxırdı. Nədənsə kəndi xatırladı, xırmanda buğda tayasının dibində uzanıb, Savalandan əsən sərin mehdən dincələrək göylərə tamaşa etdiyi gecə yadına düşdü.

Yenə Gülnaz, yenə Səriyyə xala, yenə Musa kişi xəyalında canlandı. Bu zaman qapıda səs eşitdi. Barmaqlığı buraxaraq yerə düşdü. Qapını açıb, cənazəyə oxşar bir şeyi içəri itələdilər. O üzü üstə yerə sərilərək bir müddət düşdüyü vəziyyətdə qaldı. Nə səs çıxarır, nə inildəyir, nə zarıyırdı. Fridun onu, işgəncədən sonra huşunu itirmiş bir məhbus hesab edərək yaxına getdi. Əyilib əlini çiyninə qoydu və yavaşca tərpətdi. O, taxta kimi quru, cənazə kimi cansız idi. Fridun onun artıq öldüyünü düşündü. Dizlərini yerə qoyub, onu çevirmək istədi. İki əlini də ona uzatdıqda daş kimi ağır bir pəncə boğazına keçdi. Kəlbətin kimi qovuşub, onu boğmaq istəyən bu pəncədən qurtarmaq üçün bütün qüvvəsini sərf etdi. Onun, nazik, yalnız sümükdən ibarət olan qollarından tutub silkələdi və boğulan adamın çıxaracağı heybətli bir səslə qışqırdı:  

- Əlini boğazımdan çək!.. Öldürrəm!..

Naməlum adam onun boğazını buraxıb, dəli kimi kənara sıçradı və dişlərini bir-birinə döyərək uğuldamağa başladı. Fridun ayağa durub köksünü ötürdü, dərindən nəfəs aldı, hələ də üzünü görə bilmədiyi bu adamın hərəkətlərinə baxdı. O, dişini-dişinə döyərək ağac kimi əsirdi. Azca sonra yerə oturdu və acı-acı ağlamağa başladı. Tezliklə bu hönkürtüləri qəribə qəh-qəhələr və hırıldamalar əvəz etdi. Fridun onun ya, doğrudan da, işgəncələrə davam gətirməyərək ağlını itirmiş bir məhbus, ya da yalandan dəli rolu oynayan bir komediyaçı, bir casus olduğunu düşündü. Hər iki halda bu zavallının vəziyyəti ona acınacaqlı göründü. Məhbuslardan söz almaq üçün gecələri zindanları gəzib yalandan dəli rolunu oynamaq həqiqətən dəli olmaq qədər böyük bir faciədir. Lakin ikinci qəbil insanlardan olduğu təqdirdə bu adamı salamat buraxmamağı, buradaca boğub həlak etməyi tələb edən bir hiss qəlbində baş qaldırdı. Çünki bu qədər çirkin rolu oynamaq dərəcəsinə alçalmış bir insanı ilan kimi, əqrəb kimi basıb əzməkdən ağıllı və xeyirli iş yoxdur. Mərhəmət və nifrət hisslərinin ürəyini ikiyə parçaladığı, bir-birinə qarışaraq qanını doldurduğu halda o, dayanıb hələ də titrəməkdə, dişini-dişinə döyməkdə, ağlamaqda və gülməkdə olan naməlum adama baxırdı. Daha doğrusu, qaranlıqda gözünə yalnız bir siluet, qara bir daş kimi görünən bu əcaib insanın çıxartdığı səslərə diqqətlə qulaq asır və gözlənilməz hücuma məruz qalmamaq üçün gözünü ondan çəkmirdi. Dəli də, öz qaydası ilə qaranlıqda işıldayan gözlərini ona zilləyərək, nəyinsə üstünə atılacaq vəhşi kimi, qollarını sinəsinə qoyub caynaqlarını qabağa vermiş və hücuma hazır durmuşdu. Birdən o yenə tappadan yerə yıxıldı və dırnaqları ilə torpağı eşərək ağladı. Sonra qalxdı, sanki üstünə gələn bir vəhşidən qaçar kimi küncə qısıldı, kimə isə yalvarmağa başladı:

- Vurmayın, vurmayın! Allahdan qorxun! Axı mənim günahım nədir! Mən sizə neyləmişəm? Niyə məni belə incidirsiniz? Ağa, başına dönüm bəs gözümü niyə çaxarırsan? Vay gözüm, vay gözüm? Buna baxın, insanlar, ay allahın bəndələri, buna baxın, heç belə zülm görmüsünüzmü? Bax, o ağa gözümü çıxarıb qoydu ovcumun içinə! Özü də gör necə gülür. Gör necə gülür. İnsanın müsibətinə belə gülməzlər, ağa! Heç kəsin müsibətinə gülmə... Qorx, qorx. Allahdan qorx, bir gözün əvəzinə iki gözünü çıxararlar. Yox-yox!.. Qoymaram, qoymaram bu biri, gözümü çıxarasınız. Qoyun heç olmasa bir gözüm qalsın. Axı insan bir gözü ilə də olsa işləyə bilər. Arpanı buğdadan seçər. Daş yona bilər. Qarnına bir tikə çörək çıxarar. Qoymaram, qoymaram o biri gözümü çıxarasınız.

 O, əli ilə sağ gözünü tutaraq kamerada dörd dolanır o tərəf-bu tərəfə qaçır, ürəkdağlayıcı səslər çıxarırdı. Nəhayət, nəfəsdən düşüb yoruldu və küncə qısılaraq söylədi:   

- Buğdanı aparıb tökdülər eşşəyin qabağına. Yaş yoncanı verdilər uşağa. Arvad, arvad, evin yıxılmasın, gəl bu uşağı al, yonca qarnını açıb, uşaq öləcək, gəl, gəl, gəl!..  Bay, bay, yenə bu ağa gəldi, gözünü dikdi boğaz inəyə. Kişi, boğaz inəyin əti haramdır, boğaz inəyi bıçaq kəsməz. Vay, evin yıxılmasın, ağa, diri-diri inəyin qarnını sökdü. Buzovu çəkib çıxartdı. Bay, nə ləzzətnən yeyir, buğlana-buğlana təpir ağzına. Bay, bay. Bu nədir belə? Bu ki bizim uşağın kəlləsidir. Ağa, evin yıxılsın, diri-diri uşağı nə təhər yedin?.. Balalarım, gəlin, gəlin dalıma gizlənin, bu ağa hələ doyana oxşamır, tez-tez, gizlənin burada!.. Aha... yəqin bu ağa goreşən kaftardır, gecələr uşaqları anasının qoynundan çəkib aparan yalquzaqdır, düşüb adam sifətinə, gəlib uşaqları yeyir. Qorxun, qorxun ondan, o hər cildə girə bilər. Ağa da olar ərbab da olar, əlahəzrətin öz paltarını da geyə bilər. Başına tac da qoyar. Hamısı da uşaq ətinin dərdindən! Bir dəfə ləzzətini ki gördü, daha əl çəkən deyil. Qaçın, qaçın ondan uzağa. Uşaqları gözləyin, yazıqdırlar, uşaqları gözləyin!

O, “Uşaqları gözləyin, uşaqları gözləyin” - deyə-deyə epileptit adamlar kimi yerə dəydi, xırıldayaraq yuxuya getdi. Ağır-ağır nəfəs alırdı. Ağzından köpük tökülürdü. Sanki indicə ürəyi partlayacaqdı. Fridun indi bütün bunların bir oyun olduğuna şübhə etməyə başlayırdı. Yarım saata qədər bir vaxt keçdi. Dəli yıxıldığı yerdə boğula-boğula nəfəs almaqda davam edirdi, əl-qolunu atır, əzab çəkirdi. Fridun onu narahat etmirdi, elə bu halda yarı yuxu aləmində, insan bədəninin əcaib və əsrarəngiz qanunlar əsasında öz qorxunc mərkəzləri ilə daha yaxşı mübarizə etdiyini bilirdi. Əlacsız dərdə düşmüş naxoşları, bir sehr işlədərək ağır yuxuya verib sağaldan loğmanlar haqqında uşaqlıqda eşitdiyi əfsanə və nağıllar yadına düşdü. Ancaq yuxu, ancaq insan əsəblərinin, insanın ruhi aləmi adlanan mürəkkəb mexanizmin mütləq sakitlik və rahatlığı onu adi, normal halına qaytara bilərdi. Çünki hələ onun sözlərindəki məntiq, danışığındakı həqiqi ehtiras və əzabların izi ağlın tamamən öz məhvərindən çıxmadığını, onun çaşaraq baş-ayaq çaldığını göstərirdi. Lakin bu, insan şüurunun davam gətirə biləcəyi gərginliyin son nöqtəsi idi. Bu gərginlik yumşalmasa, bütün halqalar və zəncirlər qırılacaqdı. O zaman ağıl əbədi olaraq susacaq, yalnız hafizədə keçmiş həyatın qırıq və kəsik hadisələri qalacaqdı. O zaman sözləri bir-birinə bağlayan bu nisbi məntiq, bu zəif fikir bütövlüyü də birdəfəlik düzəlməz bir qarışıqlığa çevriləcəkdi.       

Dəlinin xırıltısı getdikcə yavaşıyırdı. O əl-qolunu da o qədər tez-tez o tərəf-bu tərəfə atmırdı. Uzun və əzablı çırpıntılardan sonra rahatlıq və sakitlik dövrü başlayırdı. Əsrarlı və boğucu sükut yenə məhbəsi bürümüşdü. Hər tərəf qaranlıqdı. Hətta gecə yarısında olmayan qara bir zülmət üfüqləri tutmuşdu. Görünür bu, gecənin son nəfəsi, dan qaranlığı idi. Doğrudan da azca sonra ağaran dan yerinin işıqları balaca-balaca göründü. Bütün gecəni yatmamış Friduna elə gəldi ki, qorxunc və əzablı yuxu sona yetir. O ayılmaqda olan dəliyə yaxınlaşdı, onun qar kimi ağarmış başını yerdən qaldırdı. Boğazının altından tutmuş qulaqlarının dibinə qədər bütün üzünü və boynunu basmış ağ saqqalı vardı. Qoca birdən gözlərini açdı, hələ də gizli vahimə ilə dolu baxışlarını Friduna dikdi. O, nə isə xatırlayar kimi, başını geri atdı. Fridun bu tanış baxışları harada gördüyünü xatırlamağa çalışarkən kişi kədərli bir səslə danışdı:  

- Fridun... hanı... hanı?.. Hanı mənim Gülnaz balam hanı?

Fridun:

- Musa dayı! - deyib onu qucaqladı.

Musa kişi onun qolları arasından çıxıb, bacanın qabağına qaçdı.

- Ağa, başına dönüm, heç şey istəmirəm. Heç şey istəmirəm, torpaq da sənin olsun, mallar da sənin olsun. Qoyunları da, inəyi də götür apar. Bircə mənim balalarımı mənə ver. Səndən heç şey istəmirəm...

Nə isə düşünər kimi yenə Friduna tərəf gəldi. Davamlı baxışlarla gözünü gözünə zillədi:

- Fridun, oğul! - deyib başını onun çiyninə qoydu və ağladı.

Fridun Musa kişini sakit etməyə çalışır, ona ümidverici müxtəlif hekayələr nağıl edirdi. Musa kişi isə bu söhbətlərə gah sükut içində, gah böyük həyəcanla qulaq asaraq, heç dəxli olmadan çığır-bağır qoparır, ah-nalə edir, kaftardan, yalquzaqdan danışırdı. Bununla belə, artıq o, Fridunu uşaq əti yeyən ağaya da oxşatmır, onunla nisbətən sakit və mülayim rəftar edirdi. Ani olaraq fikri aydınlaşan kimi, Fridun ona dünyanın düzəlməyə başladığını, zülm və yoxsulluğun tamamən məhv ediləcəyi günün yaxınlaşdığını söyləyirdi.

- Musa dayı, deyirdi, - darıxmayın, səbirli olun. Dünyada əbədi bir şey yoxdur. Xüsusilə zülm və ədalətsizliyin binasını zaman tez uçuracaqdır. Siz də doğma kəndinizə dönərsiniz. Özünüzün bir parça torpağınız olar. Balalarınızı yığıb öz azad zəhmətinizlə azad bir dünya yaradarsınız. O dünyanın bayrağı əmək, andı əmək, etiqadı əmək olacaqdır! Siz ki əməkdən, işləməkdən qorxmursunuz, Musa dayı! Sabah - əməyindir, qabarlı, zəhmətkeş əllərindir. O əllər bu qaranlıq zindanları uçuracaqdır. Bu məhbəslər, bu zülm, bu işgəncəni o əllər dağıdacaqdır, səbir elə, Musa dayı. İranın qaranlıq göylərinin də işıqlandığı zaman gələcəkdir. Kim bilir, bəlkə də o günəş Savalan dağının arxasından, Azərbaycan torpağından parlayacaqdır. O zaman o günü, o səhəri ilk salamlayan sən olacaqsan, sənin ana yurdun olacaqdır. Musa dayı!..

Musa kişi tam bir sükut içərisində gözlərini onun gözündən çəkmədən qulaq asır, gərgin bir diqqətlə dediklərini fəhm etməyə çalışırdı. Görünür ki, ayların ağır işgəncə və müsibəti nəticəsində yaranmış kabuslardan təmizlənən xəyalında, dumanlı şəkildə də olsa, işıqlı bir dünya açılırdı. Onun ruhu yataqdan yenicə duran bir naxoşun bədəni kimi ağır-ağır, yavaş-yavaş dirçəlməyə başlayırdı. Fridun, daha artıq bir həvəslə ona gələcəyin parlaq səhnələrini təsvir edir, bu günün nə üçün dağılmalı olduğunu anladırdı. Əslinə baxsan, bu xəyallar Fridunun özünə də şirin görünürdü. O yorulmadan danışır, qocanın yenidən hay-küy qaldırmasını istəmirdi. Lakin bu vəziyyət uzun müddət davam etmədi. Günortaya azca qalmış qapını açdılar və Hikmət İsfahanini içəri buraxdılar. Görünür, neçə günlük məhbəs kişini bərk əldən salmışdı. Fridun onun tük basmış üzündə, işığı sönmüş gözlərində iztirab, məyusluq və ümidsizlik gördü. O içəri girən kimi Musa kişinin başını dizinə almış Friduna baxdı. Bu baxışlarda nəinki bir il, hətta üç gün əvvəlki təkəbbür və qürurdan əsər qalmamışdı Fridun: “Yoxsul və fəlakətzədələr bədbəxtliyə, taleyin amansız zərbələrinə kübarlardan daha yaxşı davam gətirirlər” deyə düşündü. Eyni zamanda onda, Hikmət İsfahani ilə söhbət etmək, onun fikrən, ruhən nələr çəkdiyini öyrənmək həvəsi oyandı. O bu fikirdə ikən Hikmət İsfahani yarı qorxaqlığı, yarı nifrəti andıran bir hərəkətlə keçib, taxtın üstündə oturdu və ordlarını şişirdərək “puff” eləyib köksünü ötürdü. Musa kişi yalnız indi kameraya başqa bir adam daxil olduğunu duydu, ehtiyatla başını qaldırdı, ətrafı süzdü. Gözləri Hikmət İsfahaniyə sataşan kimi sıçrayıb ayağa qalxdı. Yenə dişlərini-dişlərinə döyərək titrəməyə, uğuldamağa başladı:

- Ağa, aman günüdür, mənə rəhm elə! Sənə neyləmişəm burada da məndən əl çəkmirsən. Ağa, mənə yazığın gəlsin.

Hikmət İsfahani, onu ələ saldığını güman edərək, üz-gözünü turşutdu, məhbəsdə də olsa özünün ağa təbiətini büruzə verdi:

- Kişi, bəsdir, otur yerində!..

Görünür ki, bu hərəkət Musa kişini tamam haldan çıxartdı. O, artıq gecəkindən də pis bir qızğınlıqla deyinməyə, qışqırmağa, gah hədələyib, gah da yalvararaq danışmağa başladı:

- Qoyma, Fridun, uşaqların diri-diri qanını soran kaftar budur, qoyma! Ay it! Ay it, get buradan! Ay it, it, rədd ol!.. Bay, bay, bay, bay ağanın qarnına quduz itlər girib. Ağa, bərk otur, bərk otur, itlər çıxıb bizi parçalayar. Ora bax, ora bax, gör neçə it oturub orada: hamısı da dişlərini mənə qıcıyıb mırıldayır. Acıblar, acıblar. Adam əti istəyirlər... Adam əti istəyirlər. Adam əti, adam əti!!.

Dəli, doğrudan da, it görür kimi küncə qısılıb, “odur, odur!” deyə əli ilə Hikmət İsfahaninin qarnını nişan verirdi. Acığından qaralmış və nə isə mövhumi bir qorxu ilə titrəyən Hikmət İsfahani qeyri-ixtiyari olaraq gözlərini, səhər çayının vaxtı çoxdan keçdiyi üçün quruldamağa başlamış qarnına dikdi. Musa kişi birdən onun üstünə atıldı, basıb altına aldı.

- Oğru, oğru! Oğru!.. Torpaq oğrusu! Xırman oğrusu! Boğ, boğ, qoy canı çıxsın!..

Fridun, dəlinin iti və çirkli dırnaqlarını Hikmət İsfahaninin boğazında gördü. O gücü gəldiyi qədər sıxır və qışqırırdı. Hikmət İsfahani onun skeletə dönmüş bədənini havada yellədərək, boğazını dırnaqlarından qurtarmağa can atırdı. Lakin o, yellədikcə Musa kişi daha bərk sıxır, sıxırdı. Bu qayda ilə onların arasında ağır bir mübarizə getdi. Nəhayət, nəfəsi kəsilməkdə olan Hikmət İsfahani yerə yıxıldı. Musa kişi dizini onun qarnına qoyub dırnaqlarını daha də dərinlərə batırdı. Hikmət İsfahaninin xırıltısı eşidildi. Fridun onun boğulacağını görərək Musa kişinin qollarından tutub geri çəkdi. Dırnaqlarını onun boğazından zorla çıxartdı. Bundan sonra Musa kişinin titrəməsi başlandı və ağzı köpüklənərək özündən getdi. Fridun onu küncə çəkib uzatdı. Hikmət İsfahani durub taxtın üstündə oturdu. Huşsuz halda zarımaqda, əl-ayağını atmaqda olan Musa kişiyə tərəf tüpürdü.

- Kişi, bu dəlidir ki... öldürmüşdü ha...

Fridun hiddətlə ona baxdı.

- Əməllərinizin səmərəsidir, ağayi Hikmət İsfahani! - dedi. - Baxın, yaxşı baxın. Qəbirdə sümükləriniz də gərək rahat yatmasın! Bu, sizin qəbih və çirkli əməllərinizdir!.. Yaxşı baxın! Yazıq milləti, bədbəxt kəndlini adam yerinə qoymursunuz. İki il əvvəl bu biçarə qocanın torpağını, götürdüyü məhsulu siz tutub əlindən aldınız. Onunla kifayətlənməyib “borcun var” deyə, bir inəyini, arvadının tumanına qədər evinin şeylərini çəkib apardınız. Onunla da ürəyiniz soyumadı. Özünü və beş baş körpə balalarını əlsiz-ayaqsız bir arvadla kənddən qovdunuz. Özü də budur, sizin ayağınızın altındadır. Baxın, yaxşı baxın öz əməllərinizə!..

Hikmət İsfahani bir də Fridunun qəzəbdən qızarmış gözlərinə, bir də hələ ayılmamış və ağır-ağır nəfəs alan Musa kişiyə baxdı. Az qala ağlar bir cavab verdi:

- Oğlan, vallah məndə günah yoxdur, günah bu əmniyyədədir. Şümürdən pisdirlər. Kəndlinin dərisini soyurlar. İnəyi də, paltarları da alan onlardır. And olsun şərafətimizə, bax, sənə söz verirəm, buradan çıxdım ha kəndlidən bir şahılıq vergi almayacağam, torpağı da, suyu da verəcəyəm özlərinə, qoy paylasınlar, əkib-biçsinlər, balalarını saxlasınlar. Əgər yalan deyirəmsə dədəmə lənət.

Onun fəlakət qarşısında yumşalaraq, qorxu ucundan dediyi bu sözlər Fridunu daha da qəzəbləndirdi:

- Qoy o qoca ayılsın, özünə gəlsin, bax elə buradaca, məhkəmə düzəldəcəyəm. O cinayətlər ki, üzünüzə saydım, onlara layiq cəza alacaqsınız. Elə bilməyin ki, məzlumların başına nə gətirsəniz cəzasız qalacaqdır. Boğazından asa bilməsək də boğub öldürəcəyik!

Hikmət İsfahani tamam özünü itirdi. “İkisi də dəlidir, boğub öldürdülər-öldürdülər, nə edəcəksən?!” deyə düşündü. Yalvarmağa başladı:

- Gədə, vallah, elə bil ki, başım əlhəd daşına dəyib, ölüb dirilmişəm. Təzədən ayılmışam. Qoy buradan salamat qurtarım, var-yoxumdan keçib, səni də çıxaracağam. Onu da çıxaracam. Bir də qələt elərəm dədəmnən, bir adama pislik elərəm, bir kəndliyə güldən ağır söz deyərəm.

Fridun dəruni bir nifrətlə ayağına düşməyə hazır olan bu alçaq heysiyyətsiz adama baxdı və görkəmli xadimi bu cür olan bir sinfin hansı köklər üstündə hələ də yaşadığına təəccüb etdi. Musa kişi ayıldı. Yıxıldığı guşədəcə oturub, başını qaldırmadan uzun müddət yerə baxdı. Durub bacanın qabağına gəldi, qalxıb boylanmaq istədi. Bacarmadı. Qıçları əsib yerə yıxıldı. Yenidən qalxıb, günahkarı tapmış kimi, Hikmət İsfahaniyə hücum etdi və boğazından tutdu:

- Oğru!.. Talançı!.. Oğru!

Fridun onu yana çəkdi. Zorla küncə aparıb rahat etdi. Hikmət İsfahani var gücü ilə kameranın qapısını döydü. Gəlib açdılar:

- Sərhəngi, Sərhəngi! - deyə, bağırdı.

Sərhəngin iki gündür gəlmədiyini eşitdikdə üzünü Friduna tutdu:

- Görmürsən, bu da dünənki uşaq! Ozünə bax, siyasətinə bax!.. Başımıza bu müsibəti açan odur. Bunlar hamısı onun nəqşələridir. Bir azdan sonra da gəlib “Bu ağaları niyə belə incitmisiniz?” deyə başqalarını söyəcək, bizim boynumuza bir minnət də qoyacaq. Dağılsın, xaraba qalsın, altı üstünə çevrilsin belə torpağı, belə məmləkəti!

Fridun:

-          Hamınız vətən xaini, xalq düşmənisiniz! - deyib üzünü yana çevirdi.



* Azərbaycan İranın ayrılmaz bir hissəsidir.

* Başımın üstünə təbib olaraq sən gəlsən xəstəliyin ləzzətini iki aləmə dəyişmərəm.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info