Qonaq Kitabı
İYİRMİ ALTINCI FƏSİL

- Heyvan milləti, heyvan! - deyib üstünə qışqırdı. - Bir ağlınızı işlədin. Siz də bir şey qanın. Başım, beynim getdi. Qa-qa-qa-qa!.. Kəsin bu bayquşların səsini!

Komendant özünü itirmiş halda qayıdıb çölə çıxarkən qapıda Həkimülmülk və sərtib Səlimi ilə toqquşdu. Rza xan onun dalınca söyərək tüpürdükdə Səlimi və Həkimülmülk içəri girdi. Gecə Hikmət İsfahaninin tutulduğunu eşidən və sarayın qapısında sərhəng Səfainin bir neçə nizami əsgərlə gizləndiyini görən sərtib Səlimi xeyir iş üçün çağrılmadığını qət etmişdi. O, artıq bu cəlladın əlindən salamat qurtarmayacağını bilirdi. Lakin o, ölümü cəsarət və təkəbbürlə qəbul etməyi qərara almışdı, Buna görə də içəri girdikdə başını tərpətməyib, yalnız salam verməklə kifayətləndi. Rza xan bir ona, bir də, sanki onun dik başını nəzərə çarpdırmaq üçün qəsdən yanında ikiqat halda durmuş Həkimülmülkə baxdı:

- Başınızı çox dik tutursunuz, ağayi Sərtib, gözləyin çiyninizə ağırlıq etməsin!..

Səlimi qızardı, lakin təmkinini pozmadan:

- Peyin çuvalı çiyinə ağırlıq edib, bədəni ikiqat əyər, baş yox, qurban! - dedi. Bu zaman bir-birinin dalınca bir neçə güllə səsi eşidildi:

- Taraq, taraq...

Rza xan dəli kimi silkinərək üzünü Həkimülmülkə tutdu:

- Bu nədir? Bu nə səsdir?

Həkimülmülk tez özünü çölə atdı. İki dəqiqə keçməmiş qayıdıb, pəncərədən həyətə baxan Rza xana:

- Qarğaları qovurlar, əlahəzrət, - dedi.

Rza xan dönüb onun gözünə baxdı:

- O güllələri sənin kimi qarğalara saxlamaq lazımdır! Bəli, sənin kimi qarğalara!

Həkimülmülk yerində keyişdi.

- İxtiyarınız var, əlahəzrət!

Rza xan zəhərli bir gülüşlə Səlimiyə müraciət edib, Həkimülmülkü göstərdi.

- Budur, millətin yarısı bu cür simasız, alaqarğa, yarısı da...

Səlimiyə baxıb sol üzündəki çapığı oynatdı və sözünün dalını demədi.

Səlimi:

- Əkdiklərinizi biçirsiniz, əlahəzrət...  - dedi. - Sizə məmləkətdə qullar, nökərlər, başsız-beyinsiz iş heyvanları və hiyləgər tülkülər lazım idi, buyurun, onlar da sizi tapmışlar.

Rza xan:

- Oğlan, səndəki cəsarət mənə xoş gəlir. Otur səninlə danışmaq istəyirəm, - deyib yer göstərdi və özü də oturdu.

Səlimi də, Həkimülmülk də gözlənilməz olan və birdən-birə baş vermiş bu təğəyyürdən heyrətə gələrək oturdular. Səlimi baxışlarından onu çalmağa hazır olan Həkimülmülkün kindən qaralmış üzünə baxdı və tez başını yana çevirdi. Gözləri Rza xanın qəzəbdən qızarmış gözlərinə, hirsdən daha da eybəcərləşmiş üzünə sataşdı. Ona elə gəldi ki, yırtıcı bir pələng və qanlı bir canavarın arasına düşmüşdür. İnadla mübarizə etməkdən başqa çarəsi yoxdur. Rza xan da, Həkimülmülk də gözlərini ondan çəkmir, bütün zahiri hərəkətlərini izləyir və sanki qəlbinə girmək istəyirdilər.

Rza xan vəziyyətini pozmadan:

- Oğlan, - dedi, - hazırlaş, sabah birbaş Culfaya getməlisən. Culfanın müdafiəsini sənə etibar etmək istəyirik.

Bu gözlərin hələ əsl mətləbi ifadə etmədiyini hiss edən Səlimi heç bir cavab vermədi. Rza xan davam etdi:

- Ruslarla vuruşmağımız labüddür. Son illər əmələ gələn vəziyyət və siyasətin gedişi belə göstərir!

- Vəziyyət və siyasətin gedişi dövlətlərdən, onları idarə edən şəxslərin hüsn-niyyət və iradəsindən asılıdır, əlahəzrət!..

- Doğrudur. Lakin həm millətin qərinələr ərzində yaratdığı bir əqidə və milli amalı vardır ki, dövlət başçıları öz iradə və niyyətlərini onlara tabe tutmalıdır. Biz Rusiya ilə ancaq müdara etməyə məcburuq. Lakin heç bir zaman bir yerdə yol gedə bilməyəcəyik. Vuruşmağı zəruri edən də budur.

- Mən burada kamil bir məntiq və dəlil görmürəm. Bil’əks, elə güman edirəm ki, İran millətinin qərinələr ərzində keçdiyi yol və milli amalı onu bugünkü Rusiyaya yaxınlaşdırdığı qədər heç bir dövlətə yaxınlaşdıra bilməz. Əlahəzrət, nə qədər ki, İranda dövlət başçıları on yeddinci ilə qədər olan Rusiya ilə bugünkü Rusiyanı xalqa eyni şey kimi təlqin edir və çürük zəmində duran malikanələrini saxlamağı millətin mənafeyi və amalı deyə qələmə verirlər, o qədər İran tərəqqi edə bilməyəcək, qüdrətli və həqiqətən müstəqil dövlət yarada bilməyəcəkdir. Məmləkəti talan edən, milləti ac, çılpaq qoyan əcnəbilər, əcnəbi sərmayəsi İranın gözəl və saf torpağına elə bir alağın toxumunu səpirlər ki, onun acısını görən gələcək nəsillər bu gün ona bais olanları rəhmətlə yad edə bilməzlər.

- O nə toxumdur?

- O bizimlə iki min altı yüz kilometrlik sərhədi olan böyük bir qonşuya qarşı düşmənçilik toxumudur.

- Sizi əmin edə bilərəm ki, Sərtib, o böyük qonşudan iki-üç ay sonra heç bir şey qalmayacaqdır. Ondan birdəfəlik qurtaracağıq və o zaman səni Dərbəndə vali göndərməli olacağam.

- Əlahəzrət, bir məmləkətin şairləri və yazıçıları mövhumi xəyallarla yaşayarsa, bu, o məmləkət üçün bir bədbəxtlikdir. Lakin dövlət başçıları bu xəyallara qapıldıqda bədbəxtlik və fəlakətin hüdudunu təyin etmək çətindir.

- Sovetlər artıq dağılmaqdadır. Hitler Moskvanın qapılarına doğru getməkdədir.

- Əvvəla, Hitlerin oraya çatıb-çatmayacağı çox şübhəli bir məsələdir. İkinci də, Hitler oraya çatana qədər qorxuram sərbazlarımızın sorağı Bəhreyn adalarından gəlsin!..

Əlahəzrət yerində otura bilməyib ayağa sıçradı və əlini masaya döydü. Bunu görən Həkimülmülk də yerindən qalxdı və şahın qarşısında təzim etdi:

- Əlahəzrət, bu vətən xaini nə fizulluq edir? Əmr verin bu xainin səsini kəssinlər!..

Rza xan dodaqlarını çeynəyib yenə yerində oturdu.

- Əsəbiləşmək lazım deyil, ağayi vəzir, - dedi və üzünü Səlimiyə tutdu: - Xob, söhbətimizi davam etdirək!.. Demək almanların Moskvaya girəcəyinə şübhəniz var?

- Rusiya çox böyükdür, əlahəzrət. Napoleon da bir zaman Moskvaya gəlib çatmış və hətta oraya girmişdi də...

- Hitlerdə olan tanklar, təyyarələr Napoleonda yox idi.

- Rusiya da birinci Aleksandrın zamanındakı Rusiya deyildir. Qorxuram böyük bir iştibaha yol vermiş olasınız.

- Nə demək istəyirsiniz?

- Onu demək istəyirəm ki, Hitlerin boş vədlərinə aldanıb, həqiqətdən uzaqlaşmaq zərər gətirəcək. Napoleonun da eyni məqsədlərlə, yəni İranı Rusiya əleyhinə bir qərargaha çevirmək məqsədilə Fətəli şaha bağışladığı hədiyyələr indi də Qəsri-Zümrüddə saxlanmaqdadır.

- Belə güman edək ki, almanların vədləri yalandır və özləri də məğlub olacaqlar. Lakin şurəvilərin də bu müharibədən salamat çıxmayacaqları mühəqqiqdir! İngilislər və amerikalılar qalib gələndə bizim sərbazların Bəhreyn adalarından qayıtması o qədər də müşkül olmaz.

- Əlbəttə. İranı satın almağa dünya bazarında cibləri dolu müştəri həmişə tapılacaqdır. Güman edirəm ki, xalqın ingilislərə olan nifrəti əlahəzrətdən gizli deyil. Hər hansı bir iranlının evində arvadla kişi və ya oğul ilə ata arasında narazılıq əmələ gələndə “burada ingilis barmağı var” deyə düşünür.

Rza xan üzünü Həkimülmülkə tutdu:

- Nə deyirsən, vəzir, sənin fikrin nədir?

- Mən əlahəzrətin səbrinə təəccüb edirəm. Bu vətən-füruş və rus casusunun yeri burada yox, Qəsri-Qacardadır.

- Buna sözünüz nədir, ağayi Sərtib?.. Gedin, gedin mən sizinlə danışa bilmədim. Ağayi vəzir bəlkə danışsın.

Sərtib Səlimi ayağa durdu:

- Mən gedirəm, əlahəzrət, - dedi, - və bunun son gediş olduğunu da bilirəm. Lakin sizə Azərbaycan kəndlisindən eşitdiyim bir məsəli nağıl edib getmək istəyirəm.

Həkimülmülk:

- Onu danışmağa qoymayın, əlahəzrət, - dedikdə, Rza xan:

- Dayan, vəzir? - deyib əlini qaldırdı.

Sərtib Səlimi, balaca bir tülkü kimi büzüşmüş Həkimülmülkə yuxarıdan-aşağı nəzər saldı və nağıl etməyə başladı:

- Bir kəndli naxoşlayıb yatağa düşür, heç bir həkim, heç bir dava ona çarə etmir. Kəndli öləcəyini gördükdə dost-aşna və arvad-uşaqla halallaşmağa başlayır. Hamı ilə görüşüb qurtardıqdan sonra yadına düşür ki, bir qoca dəvəsi də var. Neçə ildir ona qulluq edir, onunla da halallaşmaq lazımdır. Dəvəni yanına çağırır və üzünü ona tutub deyir: - İllər boyu sən mənə xidmət etmisən, qışa, yaya baxmayıb, isti-soyuqdan qorxmayıb, yükümü daşımısan. Bəzən ac qalmısan, elə vaxt olub suyunu da çatdıra bilməmişəm. Hərdən yorulub belinə də minmişəm. Hətta, acığım tutub səni döydüyüm zamanlar da olub. İndi, budur, ölüm gəlib qapını kəsdirib, gedirəm, de görüm məni halal edirsənmi? Məndən gördüyün pislikləri, əziyyətləri mənə bağışlayırsanmı? Dəvə kəndliyə baxıb belə cavab verdi: - Hər şeyi sənə bağışlayıram, məni ac da saxlamısan, susuz da qoymusan, ağır yük belimi əzdiyi halda qalxıb üstümə də minmisən, acığın tutub döymüsən də, hamısı sənə qurban olsun, hamısını sənə bağışlayıram. Amma bircə şeyi sənə bağışlaya bilməyəcəyəm. - Kəndli təəccüblə: - O nədir, dəvə qardaş? - deyə soruşduqda dəvə deyir: - Yadındadırmı, filan ildə köç dağa gedəndə mənim ovsarımı aparıb eşşəyin quyruğuna bağladın. Qiyamətə qədər onu sənə bağışlaya bilməyəcəyəm!.. Əlahəzrət, siz nəinki millətin fikrinə qulaq asmadınız, namuslu və ağıllı adamların ağzını yumdunuz, bunların hamısından bədtəri odur ki, cilovunuzu bu cür eşşəklərin quyruğuna bağladınız. Məmləkətin siyasətini eşşəklərə tapşırdınız. Nə indiki, nə də gələcək nəsillər bunu sizə bağışlamayacaqlar!..

Rza xan yerindən qalxıb qışqırdı:

- Aparın! Aparın! Bir də bunun səsini eşitməyim!..

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info