Qonaq Kitabı
İYİRMİ BEŞİNCİ FƏSİL

- Yerə sal, otaq çox nəmdir, onsuz da öskürəyin kəsilmir.

Səriyyə xalanın qanlı öskürəyi, doğrudan da, getdikcə artırdı. İki gün sonra yenə işin axırında Firuzəgil onun daxmasına gəlib söhbət edirkən, o qazanların suyunu dəyişirdi. Bu gün səhərdən tez-tez təkrar olunan öskürək axşama doğru daha da şiddətlənmişdi. Arvad birtəhər otura-otura qazanların suyunu dəyişə bildi. Canı od içində özünü daxmaya saldı. Firuzəgil də qalxaraq getmək istəyirdilər. Qız onu pis halda görüb uzandırdı, yoldaşlarına:

- Siz gedin, mən Səriyyə xalanın yanında qalaram - dedi. Səriyyə xala bir ana məhəbbəti ilə onun xurmayı saçlarından, ala gözlərindən öpdü:

- Sağ ol, bala yorulmusan, evinə get.

Qız onun təkid etdiyini görüb, bir qədər sonra gedəcəyini vəd etdi və:

- Heç bir adamın yoxdurmu, Səriyyə xala? - deyə soruşdu. Səriyyə xala, lal və kədər dolu gözlərini ona dikdi, öz həyatını nağıl etdi:

- Gülnaz səndən iki-üç yaş kiçik olar, - dedi. Bilmirəm yazığın başına nə gəldi.

O, sözünü qurtarıb susdu. Firuzə yaşarmış gözlərini sildi:

- Bir Gülnaz deyil, bir sən deyilsən, xala. İranın bütün zəhmətkeş qadınlarının halı belədir, - dedi və fikirli-fikirli əlavə etdi:

- Yaşıma baxma, xala, elə bilirsən ki, mənim başım az müsibət çəkib? Ölümün ağzından qurtarmışam.

O öz həyatını Səriyyəyə nağıl etdi, Rəştdə doğulduğunu, yeddi yaşında olarkən atasının onları da götürərək iş tapmaq məqsədilə Ehvaza, Cənub neft mədənlərinə gəlib çıxdığını danışdı.

- On beş yaşım olanda, atam cənubun istisinə dözməyib titrətmə-qızdırmadan vəfat etdi. Biz küçələrdə qaldıq. Anamın yaxşı əli vardı, hər şey toxuyardı. Sürünə-sürünə Kirmanşaha gəldik. Orada xalça karxanasına girdi. Bu Fatma xanıma da elə orada rast gəlmişəm. Bir dəfə karxanada iplik anbarına yanğın düşdü. Anam yandı. O zaman mən də güclə ölümdən qurtardım. Ondan sonra Kirmanda qala bilmədim. Fatma ilə bir-birimizə qoşulub, Tehrana gəldik. O yazığın da heç kəsi yoxdur. Tək-tənhadır. İndi də ki günümüzü görürsən. İkimiz hər ay səkkiz tümən kirayəsilə beləcə bir otaqda oluruq:

Səriyyə xala öz dərdini unudub, ona təsəlli verdi:  

- Eybi yoxdur, qızım, hələ cavansan, inşallah yaxşı gün görərsən.

Firuzə durub gedərkən:

- Deyirsən ki, arvadın adı Səadət xanımdır, hə? Soraqlaşaram! – dedi. Bəlkə yerini tapdım.

- Qızım, elə bir iş görsən, qiyamətə qədər yaxşılığın yadımdan çıxmaz.

Firuzə onu huşa verib getdi.

Lakin Səriyyə bir daha qalxmadı. Mütəmadiyən canından çıxmayan istilik onu tamamilə yatağa saldı. Firuzə, qarayağız Fatma və başqa qadınlar tez-tez ona baş çəkir, hərəsi əlində bir parça şey gətirib, yastığının yanına qoyurdu. O işə çıxa bilməsə də səhərlər tezdən oyanır, qadınların həyətə gəlməsini, toxucu dəzgahlarının çarx-çurxunu diqqətlə dinləyir və bu səslərdə bir təskinlik tapırdı.

Yatağa düşdüyünün altıncı günü nahar zamanı Firuzə qeyri-adi bir kədərlə onun yanına gəldi. 

- Səriyyə xala, - dedi, - işimiz xarabdır, ərbab sabahdan karxananı bağlayır, deyir ki, çoxlu vergi gəlib, dolandıra bilmirəm. İşinin sabahına da arxayın deyil, deyir ruslarla dava olacaq, hamımızı tökür çölə.

Bu xəbər işsizliyi, küçələrdə ac gəzdiyi günləri onun yadına saldı. Bir vahimə ilə dirsəklənib qalxdı:

- Bəs nə edəcəksiniz, qızım?.. Yenə bir tikə çörək pulu çıxırdı.

- Heç özümüz də bilmirik, görək harda bir iş taparıq...

Çölə töküləcək qadınların halına yanan Səriyyə özünə bir pənah axtardı:

- Bəs Gülnazdan bir xəbər tutmadınmı, qızım?

Firuzə onun qar kimi ağarmış açıq başına, sümüyü çıxmış əllərinə və çiyinlərinə qırış-qırış olmuş üzünə baxdı, onu sevindirmək həvəsilə gülümsədi:

- Bir adam var, sabah gələcək, deyir ki, o arvadı tapıb.

Firuzə daha bir söz deməyib getdi. Səriyyə xala Gülnazı tapacağı ümidilə işsiz qalacağı ümidsizliyinin doğurduğu qarışıq fikirlər içində gecəni səhər etdi.

Daha səhər tezdən qadınlar karxanaya gəlmədilər. Yalnız gün xeyli yayıldıqdan sonra onların səsi eşidilməyə başladı. Ərbab fabriki yığışdırıb, qazanları, dəzgahları bazara tökdürürdü. Həyətdə qeyri-adi bir səs-küy vardı. Arvadların “indi hara gedəcəyini”, “allah baisin evini yıxsın”, “bir tikə çörək daşdan çıxır” kimi səsləri həyətdən qulağına gəlirdi.

İki gün bu qayda ilə həyətdən qarışıq səslər azalmadı. Lakin şeylər satıldıqdan sonra haqq-hesabını alan fəhlə qadınların getməsilə həyətdə ağır bir sakitlik əmələ gəldi. Üçüncü günü Səriyyənin qapısı döyüldü. O, Firuzə olduğunu bilib, hay verdi və dirsəkləndi. Lakin tanımadığı bir adam başını içəri salıb:

- Arvad, - dedi, - yığış get özünə yer tap... həyəti başqasına kirayə verirəm. Səni də üstündə heç kəs götürməz. Bir gecəlik qal, səhər çıx.

Gülnazı tapacağı fikrinin oyatdığı sevinc yanında bu xəbər ona heç göründü:         

“Qızı tapım, bu xarabada bir saat da qalmaram” deyib düşündü. Şam zamanı Fatma və Firuzə gəldi. Firuzə Səriyyə xalanın yanında oturdu:

- Dur, Səriyyə xala, gəl halallaşaq, kim bilir bir də bir-birimizi görəcəyikmi? Bəlkə mən Rəştə, əmimin yanına getdim...

Onlar Səriyyə xalanı qucaqlayıb öpdülər. Səriyyə Firuzənin sinəsinə tökülmüş xurmayı saçlarını oxşadı, gözləri dolmuş Fatma onu sevindirmək istər kimi qapıda dayanmış on üç-on dörd yaşlı uşağı göstərdi:

- Səriyyə xala, bu oğlan sənə Səadət xanımın evini nişan verər. Onun əsil adı Qəmərbanudur. Bəlkə Gülnazı tapdın.

Gülnaz adını eşidən Səriyyə xalanın gözünə işıq gəldi. Tez yerindən qalxdı, tələsik özünü yığışdırdı. Firuzə onun qolundan tutub, küçədə faytona oturana qədər ötürdülər. Səriyyə onlardan necə ayrıldığını bilmədi. Fayton küçələrdən keçib gedir, qaçan atların nalı ətrafına səs salırdı. Lakin o bu səsləri eşitmirdi. Tezliklə Gülnazı tapacağını və ondan sonra bütün dərdlərinə son qoyulacağını düşünürdu. Nəhayət, uşaq atları Qəmərbanunun qapısında saxlatdırdı.

- Bax, buradır, xala, - deyib faytonu yola saldı və qapının dəmir dəstəyini döydü.

Səriyyə xala bütün bədəni əsə-əsə durub gözləyirdi. Qapı açıldı, o, uşağın başından öpüb, içəri girdi. Qəmərbanu həyətdə idi:

-  Ay gədə, gələn kimdir? - deyib nökərə müraciət etdi, cavab gözləmədən irəli yeriyib, əlindəki fanusu qaldırdı və Səriyyənin üzünə tutdu. Onun meyit kimi ağarmış, sümükləri çıxmış üzünə, çuxura düşmüş gözlərinə nə qədər baxdısa tanıya bilmədi. Hansı bir dilənçinin isə gəldiyini güman edərək, dodaqaltı mırıldandı:

- Niyə danışmırsan, arvad? Kimsən?

Onun səsindəki qəzəbi hiss edən Səriyyə xala tələsik qabağa keçdi, titrək səslə:

- Mənəm, bacı, - dedi, - tanımadın? Gülnazın anasıyam.

Qəmərbanu qapını çırpıb, cəftəsini saldı:

- Arvad, sən hələ ölməmisən?.. Keç içəri görək...

Onlar aynabəndin işıqlarına yaxınlaşdığı zaman o, dönüb bir də Səriyyə xalaya baxdı.

- Bu nədir belə, lap dilənçi kökündəsən?.. Üzünə də elə bil əzrail kölgə salıb. Rəngin meyit rəngidir.

Səriyyə xala Qəmərbanunun tikanlı sözlərinə zorla qulaq asırdı. Həyatını zəhərləmiş, uşaqlarını fəlakətlərin qucağına atmış adamlardan birisi olan bu arvadın üstünə atılmaq, onu boğmaq istəyirdi. Lakin Gülnazın taleyini daha da pisləşdirmək qorxusundan özünü saxlayır və susurdu. Qəmərbanu bu sükutdakı qəzəbi duymuş kimi, üzünü zirzəmiyə tutdu və etinasız bir səslə:

- Ay qız, Gülnaz yuxarı çıx, gör bu kimdir gəlib - dedi və eyvanına qalxıb yox oldu.          Zirzəmidən cavab gəlmədi. Gün çıxandan gün batana kimi ayaq üstə olan Gülnaz yenicə aşağı enmişdi. O, yorğun və əsəbi idi. Bütün günü paltar yumuş, xalçaları çırpmış qab-qacaq təmizləmiş, həyəti süpürmüş və əldən düşmüşdü. Lakin cavab verməməyinə səbəb bu cismani yorğunluq deyildi. Qəmərbanuya olan nifrəti artıq dözülməz bir dərəcəyə gəlib çıxmışdı. İçərisində nə isə qaynayırdı. Arvadın səsini eşidəndə elə bil ki, fikri qaralırdı, hirs onu boğurdu, daxilində susmaq bilməyən bir qüvvə “vur öldür!” - deyə əmr edirdi. O, əlində nə varsa bu ifritənin başına çırpmaq istəyirdi. Xavərlə görüşdən sonra onda belə bir daxili vəziyyət yaranmışdı. Qəmərbanuya olan əvvəlki kor nifrəti indi yeni qüvvətli bir fikrin işığı ilə işıqlanmışdı. Xavər ona “Qəmərbanu qələt eləyir, onsuz da yaşamaq olar!” demişdi. Gülnaz birinci günlər “Olarmı?” - deyə düşünmüşdü. Getdikcə bu şübhə qəti bir yəqinə çevrilmişdi:

- İstəsən olar!..

Bütün qəlbinə, bütün daxili aləminə yeni bir işıq salmış bu etiqad onda nəinki Qəmərbanuya, hətta taleyin özünə qarşı üsyan etmək qüvvəsini oyatmışdı. Bir zaman anlaya bilmədiyi Fridunun sözləri indi qəribə bir aydınlıqla qulağında səslənirdi. Fridun ona deyirdi: “Bizim bədbəxtliyimizin bir səbəbi də bəzilərimizdə olan ruhi zəiflikdir; halbuki insan arzusuna çatmaq üçün vuruşmalıdır, şir kimi vuruşmalıdır!..”

Bəs Gülnaz nə etmişdi? O, taleyin əlində aciz bir oyuncaq olmuşdu, həyatın fırtınaları cansız bir şey kimi onu bu daşdan o daşa çırpmışdı. Yox,  görünür acizlərə həyat yoxdur!

Bu fikirlər onun başında Qəmərbanunun evindən çıxıb qaçmaq qərarına qədər inkişaf etdi. Əvvəllərdə iradəsini sarsıdan küçələrdə qalmaq qorxusu da indi öz kəsərini itirmişdi. Küçə də bu cəhənnəmdən yaxşıdır! Bir də ki Xavər vardı. O demişdi: “Gəl, bir yerdə qalarıq!”. Bəs Qəmərbanu, ona olan borc?.. Cəhənnəmə olsun Qəmərbanu da, borc da! Qaçmaq lazımdır!..

Qızın fikirli hərəkətlərində qəti və kəskinlik olmağa başladığını sezən Qəmərbanu ona qarşı rəftarını daha da sərtləşdirmişdi. Onu bir saat da işsiz buraxmırdı, hətta odun yarmaq kimi ağır nökər işlərini də ona tapşırırdı. Bununla kifayətlənməyib, bütün evdəkiləri Gülnazın üstünə qaldırmışdı.

- “Görürsünüzmü, kəndçi qızının iddiası nə boydadır!” - deyə əlinin altında olan xanımların Gülnaza qarşı nifrətini qızışdırmışdı. Bu nifrətin səbəbi isə pis bir paxıllıq idi. Gülnaz namusunu qoruyaraq alçalmadığı üçün o biri xanımların onu görməyə gözü yox idi. Beləliklə də, arası kəsilməz təhqiranə və kobud rəftar, tənəli və soyuq baxışlar, tamamilə tənha və ağır həyat Gülnazı tezliklə qəti qərar çıxartmağa məcbur etmişdi. Qaçmaq! Lakin Qəmərbanu da öz qurbanını asanlıqla əlindən vermək fikrində deyildi. Gülnazı sındırıb əzmək, onun üçün artıq maddi faydadan çox, canlının canlı üzərindəki üstünlüyünü sübut etmək məsələsinə çevrilmişdi. Odur ki, mübarizə daha artıq bir ehtirasla davam edirdi. Qəmərbanu qızı bir an gözdən qoymurdu. Buna baxmayaraq, Gülnaz bir axşam fürsət tapıb bir daha qayıtmamaq məqsədilə həyətdən çıxmışdı. Lakin dar döngələrdən, uzun dalanlardan keçərək, Xavərin qapısını döydüyü yerdə Qəmərbanu özünü onun üstünə atmışdı. Onu faytona basaraq evə gətirmişdilər. O vaxtdan Gülnazı bir an gözdən buraxmır, bir dəqiqə də onu göz açmağa qoymadan işlədir, işlədirdi. Çox zaman qaş qaralanda, yorğun, əzgin, zirzəmiyə endiyi yerdə qaytarır, hətta bəzən yenicə gözünü yuman kimi dümsükləyib, şirin yuxudan qaldıraraq, ağır işlər tapşırırdı. İndi də onun səsini eşidən Gülnaz bu adi işgəncələrin davam etdiyini düşündü və cavab vermədi, yerindən tərpənmədi. Lakin Qəmərbanunun adətən olduğu kimi söyə-söyə təkrarən çağırmadığını gördükdə təəccüb etdi və qalxıb yavaş-yavaş həyətə çıxdı.

Səriyyə həyətin ortasında eyvandan düşən işıqların altında durub gözləyirdi. Birdən Gülnaz gözünə dəydi, nədənsə yerindən tərpənməyə ayaqları gəlmədi. Gülnaz özünü onun üstünə atdı.

Qız onu öpə-öpə danışmağa macal vermədən aşağı zirzəmiyə apardı. Yalnız burada:

- Ana!.. Ana!.. Ah, əziz ana!.. - deyə səsləndi.

Məzardan çıxmış bir ölünü xatırladan Səriyyə xala Gülnazı bağrına basdı və ağladı: “Qızım, balam, Gülnazım...”. Başını anasının sinəsinə sıxaraq, Gülnaz da ağlayırdı.

- Ana, bəs mənim atam hanı, bəs mənim Ayazım hanı, Niyazım hanı?.. Bu zalım fələk onların başına nə gətirdi, ana?

Səriyyə xala ağladı:

- Niyazı aclıq əlimdən aldı, bala. Ayazımı bu cəhənnəm, bu şəhər yedi, qızım! Şəhər Ayazımı dərya kimi uddu. Axtardım, tapılmadı, soruşdum, soraq verən olmadı, Gülnazım!..

- Ana, ana, yazıq ana! Daşa dönəydim, bu gününü görməyəydim, ana! Bu nə müsibətdir bizim başımıza gəldi? Bəs allahda heç ədalət yoxdurmu, ana? Bəs, bir yazığa da bu qədər cəfa verərlərmi? Axı, biz nə etmişik, nə günah işləmişik, ana?.. Bəs onun ədaləti hanı?

Səriyyə xala onu bir də itirməkdən qorxurmuş kimi yenə qucaqlayıb başını oxşadı:

- Nə bilim, bala, nə bilim! Qapımızı bağlayanın qapısı bağlansın, yurdumuza od vuranın yurduna od düşsün!

Onlar yanıqlı bir ağı deyər kimi söyləşirdilər. Səsləri ucsuz-bucaqsız səhralara yayılıb gedən kədər dolu bir mahnını andırırdı.

Qeyri-adi bir titrəyişdən ananın səsi kəsildi. Arvad yarpaq kimi əsib saraldı. Gülnaz onun uçulmaqda olan divara bənzər bədənini daha bərk qucaqladı. Onlar qəlblərini didib-dağıdan nəhayətsiz qüssə və kədərdən başqa heç şey duymurdular.

Ananın vücudu ölümlə həyat arasında gedən şiddətli mübarizədən titrəsə də hələ müqavimət göstərir, yıxılmırdı. O, zarıyaraq Gülnazı qucaqladığı halda gözlərini yumdu. Lakin bu bihuşluq dövrü uzun sürmədi. Azca sonra gözləri ni açıb alnını ovuşduran Gülnazın əlindən tutdu. Gülnaz onun quru sümükdən ibarət olan vücudunu qolları arasına aldı. Bu qayda ilə nə qədər oturduğunu bilmədi.

Onun qolları arasında Səriyyəni huş apardı.

 * * *

Səriyyə xala bir daha fabrik həyətinə qayıtmadı. Gülnaz yaşayan zirzəmidə qanlı öskürək bir saat da ondan əl çəkmədi, qızdırma və hərarət içində yatıb qaldı. Onun bu halını görən Gülnaz artıq həyatın əzab və işkəncələrindən sərtləşmiş bir səslə:

- Ah, ana, dünya nə pis dünyadır, yaxşı adamlara bir zindan olub. Əlsiz-ayaqsızları dəyirman daşı kimi əzən bu yerdən hara qaçaq, ana? Ölmürük də ki, canımız qurtarsın. Bu it gününü bir də görməyək!

Gülnazın bu sözləri Səriyyə xalanın ürəyini parçaladı, doğub böyütdüyü qızına xoş bir gün verə bilmədiyi üçün özünü günahkar hiss etdi. Axı o, ana idi, böyük idi, uşaqları gözlərini onun əlinə dikmiş, ümidlərini ona bağlamışdılar. O hara getmişdisə dalınca düşüb gəlmişdilər. O isə onları sürüyüb bu cəhənnəmə salmış, öz əli ilə öz balalarını bu odun içinə atmışdı. İndi ona bir tikə çörək, sakit bir həyat vermək üçün Səriyyə xala nəyə razı olmazdı? Yox, qalxmaq lazım idi. Ömrünün son günlərini də olsa qızının səadəti üçün şam kimi əritməli idi.

O, zirzəminin kərpic döşəməsinə dirsəklənərək qalxmaq istədi:

- Gedim, mən də bir iş tapım, səni burdan qurtarım, qızım... İndi nə vaxtdır, gün çıxıbmı?

Gülnaz onun ağır halını görüb başını yastığa qoydu.

- Gün təzəcə batıb, ana, axşamdır...

- Nə vaxt çıxıb-batıb heç bilməmişəm. Görünür çox yatmışam...

Gülnaz:

- Ana can, bir az dincəl, gedim, bəlkə sənə, bir şam düzəltdim, - deyib onu boğan hıçqırıqları zorla saxlayaraq çölə çıxdı. Səriyyə xala dalınca:

- Lazım deyil, qızım, mən heç şey yeməyəcəyəm, - dedisə də səsi Gülnaza çatmadı. Çünki bu səsdə artıq heç bir qüvvət qalmamışdı. Bu səs, doğrudan da, meyitə oxşayan, hərarəti soyumaqda olan bir bədəndən çıxırdı.

Gülnaz tez qayıda bilmədi. Qəmərbanu ona qabları yudurdaraq, gələn qonaqlara xidmət etməyi tapşırdı. Qızın fikri anasının yanında olduğunu gördükdə özü ona göz qoymağa başladı:

- Ay qız, ey - deyib hədələdi, - işdən yaxşı yapış, biyar zad işləmirsən ki, gündə sənə qarın dolusu çörək verirəm, başdansovdu eləyib hirsimi başıma yığdırma...

Bütün bu sözlərə Gülnazın heç bir cavab verməməsini onun ruhən sarsıldığı ilə izah edərək, zahirən özünü daha acıqlı göstərirdi. Çünki bu yolla onu istədiyinə razı salacağını, alverini etdiyi xanımlarının cərgəsinə daxil edəcəyini düşünürdü.

Gülnazın anasının gəlməsi onun bu fikrini daha da möhkəmlətmişdi. Elə bu fikrin təsiri ilə də o, Səriyyə xalanın qolundan tutub küçəyə atmamışdı. Onun fikrincə bundan sonra qız anasını yaşatmaq xatirəsinə hər şeyə razı olacaqdı. Yalnız gecəyarısından xeyli keçmiş artıq “qonaqlar”ın ayağı kəsildiyi zaman o, Gülnazı yanına çağırdı, bir boşqaba yığdığı qablardan qalmış düyü artığını ona göstərdi:

- Götür apar, qoy anan yesin...

Gülnaz aşağı endikdə anasını sayıqlayan gördü. Əvvəlcə onun yuxuda danışdığını güman etdi. Lakin yaxınlaşıb çiyinlərindən tutduqda od içində yandığını, bihuşluq aləmində sayıqladığını anladı. Boşqabı bir kənara atıb, yanında oturdu, başını dizinə aldı:

- Ana can, ana can! - deyib alnından, sönük dodaqlarından öpdü. Onu oxşadı. Ana ayılan kimi oldu. Əllərini gəzdirib, qızının üzünü axtardı:

- Əyil, Gülnaz, əyil bir ala gözlərindən öpüm. Əyil, qızım!..

Gülnaz əyilib, başını ananın köksünə qoydu və ağladı:

- Ana, sənə nə oldu, ana?

Ana getdikcə zəifləyən bir səslə:

- Mən də gedirəm, qızım, - dedi, - mən də gedirəm. Allaha şükür olsun ki, heç olmasa axır günümdə səni gördüm. Səni allah özü göndərdi ki, gözümü bağlayasan qızım!

Gülnaz, ananın həyat çırağını sönməkdən saxlamaq, ona nəfəs vermək istəyirdi. Onu gah bağrına basır, gah oxşayır, öpürdü. Gah da təskinedici sözlər söyləyirdi. Lakin heç şey artıq dayanmaqda olan bir qəlbi döyündürəcək qüvvəyə malik deyildi. Heç şey hissə-hissə ölümə təslim olan bir bədəni yaşada bilməyəcəkdi.

Səhərə yaxın dan yerinin ilk işıqları görünəndə ana son dəfə özündən getdi. Onun ölümlə həyat arasındakı bihuşluq dövrü uzun çəkmədi, həyatda gördüyü əzablar onu can vermək əzabından qurtarmışdı.

Onun ölümü ilə sanki Gülnazı həyata bağlayan son tellər də qırılıb töküldü...

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info