Qonaq Kitabı
İYİRMİ DÖRDÜNCÜ FƏSİL

- Ayaz da bu boyda idi.

Nəcabət və rəzalətin, çirkab və təmizliyin qəribə bir ixtilatını andıran bu hərəkətlər Xavərə öz dərdini unutdurdu. Bu qızların, göründüyü kimi, xanım və qulluqçu olmadığı qərarına gəldi:

- Bacı səni and verirəm allaha, - dedi, - söylə görüm siz kimsiniz? Biriniz mələk kimi saf və təmiz, o biriniz... nə deyim... Sənin üz-gözündən xeyir tökülür, onunkundan... Məni başa sal, de görüm siz niyə bura gəlmisiniz?..

Gülnaz cavab verməyib, Azadı bağrına basdı. Qolları arasında sıxıb öpərkən uşağın sağ əlindəki şəkil yerə düşdü. Xavərin gözü şəklə sataşdı. Kərimxan həmişəki ciddi və dalğın gözlərlə baxırdı. Aman allah!.. İndi bu sözlər sanki Xavəri danlayır və gileylənirdi. “O sözlərə qulaq asma!” deyə onu haraylayırdı. Şəkli qapıb, dodaqlarına basdı və ayağa durdu:

- Bacım, -  dedi, - kim olduğunuzu bilməsəm də halınıza yanıram. Yazığım gəlir. Nə edim ki, kömək edəsi imkanım yoxdur. Mən isə elə bu boş evdə acından ölərəm, özümü satmaram. Ora gedə bilmərəm.

Gülnazın gözləri nə isə həyəcan və iztirabla dolu idi. Xavərin əlindəki şəklə baxıb dururdu. Titrək səslə:

- Baxmaq olarmı? Rica edirəm, - dedi.

Heç bir şey anlamayan Xavər şəkli ona uzatdı:

- Buyurun!..

Gülnaz şəklə baxdıqda saraldı və dizləri tutulmuş kimi səndələyərək, pəncərədə oturdu. Qıçlarını cüt qoyub dizlərinə dirsəkləndi. Uzun müddət gözünü şəkildən çəkmədi. Baxdı... Baxdı... Xavər onun gözlərindən ixtiyarsız axan yaş damlalarını gördükdə:

- Niyə ağlayırsan, xanım, ağlama, - dedi. - Onları tanıyırsanmı?

Gülnaz başı ilə təsdiq etdi. Məyus, ümidsiz bir səslə Fridunu göstərdi.        

- Bu sizin tanışınızdır, eləmi?

- O mənim qardaşımdır. Qardaşımdan da artıqdır!

Xavər birdən-birə nə isə xatırladı:

- Ay qız, yoxsa, sən Gülnazsan?'

Qız hönkürtü ilə ağladı:

- Bəli, Gülnazam. Gülnazam.

Ah, bilsən Fridun sənin haqqında nələr danışardı. Nə yaxşı sözlər deyərdi. 

Qız ayağa durub, Xavəri qucaqladı. Başını onun çiyninə qoyub yenidən ağladı. Bu oğlanı nə böyük xəyallarla sevdiyini nə ümidlər, nə arzularla yaşadığını və öz faciə macərasını nağıl etdi:

- Getmə, Xavər, bacım, getmə, - dedi. - Bu xanımı bura Qəmərbanu göndəribdi. Üç gündür o sözləri, o hərəkətləri buna öyrədir. Belə söylə, belə et, deyib dərs verir. Səni aparsaq hərəmizə on tümən bəxşiş vəd etmişdir. Aparmasaq gecə şamsız yatacağıq!.. Getmə, aman günüdür. Ora getmə! Ora bir cəhənnəmdir ki, düşən çıxmaz. Qurtuluş yoxdur... Getmə! Xavər onun başını oxşayaraq:

- Sən də qal, bir yerdə olarıq. Ölsək də bir yerdə ölərik. Qayıtma! - dedikdə, o başını buladı:

- Daha mənə qurtuluş yoxdur. Mənim ona yüz tümən borcum var. Verməmiş heç yerə gedə bilmərəm.

Xavər təəccüb etdi:  

- Nə borc?

O, Qəmərbanuya olan borcunun tarixini danışmaq istədi. - Yer pulu, yemək pulu, nə bilim, paltar pulu...

Xavər dərhal məsələni anlayıb, sözünü kəsdi:

- Qələt eləyir Qəmərbanu, - dedi, - çıx gəl, o cəhənnəmdə qalma!

- O məni öldürər, bacım, sən onun necə əjdaha olduğunu bilmirsən... Onun pəncəsindən qurtarmaq mümkün deyil. Mən namusumu qoruya bilmişəm. O da böyük şeydir.

Astanada duraraq gah həyətə baxan, gah otaqdakı mənzərəni seyr edən əndamlı xanımın nəhayət, səbri tükəndi. Üzünü Gülnaza tutdu:

- Ay qız, çibanın deşilməsin, gəl gedək!

Gülnaz ona əhəmiyyət vermədi. Bir də Azadı qucaqlayıb öpdü. İki tümən pulu Xavərə uzatdı:

- Götür, get buna çörək al!..

Xavər etiraz etdi. Gülnaz pulu zorla onun ovcuna basdı:

- Ürəyimi sındırma, rica edirəm!

Bir çığırtıdan hər ikisi geri döndü. Bu, Xavərin unudaraq açıq qoyduğu qapıdan içəri girmiş və söhbətlərinin sonunu dinləyən Qəmərbanu idi. O, pulu Xavərin əlindən dartaraq aldı: Gülnazın saçlarından tutub həyətə sürüdü:

- Qancıq, səni mən bazara göndərmişdim, ya bura? Gəl, gör indi başına nə oyun gətirəcəyəm!

Gülnaz nə qışqırır, nə müqavimət göstərirdi.

Qəmərbanunun sillə və yumruqları altında başını əymədən, gözünü qırpmadan dayanıb dururdu. Qəmərbanu döyə-döyə onu küçə qapısına apardı. Bu zaman qız döndü, onun əllərini havada saxladı və Xavərə baxıb gülümsəməyə çalışdı.

- Sağ ol, bacım, Xavər, sağ ol!

Ala gözlərindən yanaqlarına doğru süzülən göz yaşları Xavərin xəyalında həkk olub qaldı.

Qəmərbanu onu küçəyə itələyərək, Xavərə döndü:  

- Dayan, hələ bununla səndən əl çəkməyəcəyəm. Ərbab özü sənə göz yetirib, ölsən də, qalsan da axır yerin mənim yanımdadır!

Xavər özündə onun təhdidlərinə qarşı duracaq daxili bir qüvvə hiss etdiyindən onları tez unutdu. Lakin Gülnazı unuda bilmədi. Çox düşündükdən sonra belə qərara gəldi ki, yəqin Gülnaz da yüzlərlə başqaları kimi istər-istəməz artıq yaman yola düşmüşdür və ona qurtuluş yoxdur.

Qəmərbanu isə hələ də Gülnazı dişi altında çeynəyir, lakin əzə bilmirdi. Xavər hadisəsindən sonra, qızı əlində saxlamaq üçün bir daha nə bazara buraxdı, nə küçəyə. Qapıları üzünə bağlayıb, bir məhbus kimi saxladı. Satınalma bir qul kimi hər cür zəhmətə qatlaşmağa, hər cür təhqirə dözməyə məcbur etdi. Dəfələrlə yorub, incidib, ümidsiz hala gətirdikdən, bütün günü  ac saxladıqdan sonra yanına gəlib yaxşı paltarlar, yemək, geymək və azadlıq vəd etdi. Yuxarı salona çıxmasını, xanımlara qarışmasını şərt qoydu. Lakin Gülnaz daha artıq bir qəzəblə “yox” deyib durdu. Qəmərbanu bunu bir inad sanıb getdikcə daha sərt rəftara əl atdı. Hər sərt rəftar isə Gülnazın iradəsini daha da möhkəmlətdi. Onların arasında daha coşğun bir mübarizə, yalnız ölümlə qurtara biləcək bir çarpışma qızışır, qızışırdı...

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info