Qonaq Kitabı
İYİRMİ İKİNCİ FƏSİL

Fəridə də içi kişmiş, badam ləpəsi və noxudla dolu balaca bir qutunu uşaqların qabağına qoydu:

- Azərbaycan sovqatıdır.

Mədinə və Rüstəm ona da təşəkkür etdilər. Fridun:

- Hə, necə gedib-gəldin, qəhrəman xanım? - deyə soruşdu.

Sərxan üzünü Mədinəyə tutdu:

- Bacı, arvad uzunçudur, başlamamış sən zəhmət çək mənə bir məxməri çay ver, - dedi.

Fəridə ona qıyqacı baxdı:

- Molla plovsuz dura bilmədiyi kimi, bu da çaysız dura bilməz. Mədinə bacı, özü də birinci stəkan nə rəngdə olsa, gərək onuncu stəkan da o rəngdə olsun.

Mədinə:

- Lap on beşinci stəkan da o rəngdə olar, - deyib od saldığı samovara yaxınlaşdı və dudkeşini tərpətdi.

- İndicə qaynar, dəmlərəm.

Fəridə yolda gördüklərini, kitabçaların Azərbaycanda buraxdığı təsiri tələsə-tələsə, həyəcanla nağıl etdi:

- Hər yerə yaydım. Gön zavoduna, kibrit karxanasına da apardım. Hətta almanların xalça fabrikində işləyənlərə də verdim.

Mədinə çay gətirdi. Hərənin qabağına bir stəkan qoydu.

Sərxan nəlbəkiyə töküb, buğlana-buğlana, püləyərək içdi və:

- Oxqay, nə canım dincəlir, bacı zəhmət çək birin də ver, - dedi.

İkinci stəkanı da nəlbəkiyə töküb, öz işlərindən danışmağa başladı. O, kitabları ən etibarlı adamlar vasitəsilə Mazəndəranın şəhər və kəndlərinə yaydığını söylədi, özək başçıları ilə olan göruşü və onları maraqlandıran məsələlər haqqında məlumat verdi. O, fəhlələr arasında olan həbslərdən danışdı:

- Xoşbəxtlikdən tutulanların içərisində bir nəfər də bizim adamlardan yoxdur, hamısı şübhə altında olan, canı boğazına gəlib, yaşayışdan şikayətlənən adamlardır. Tutulan fəhlələrin içində xüsusən azərbaycanlılar çoxdur. Çünki yersizlik, yurdsuzluq, ağır həyat onları daha tez üsyankar edir.

Fridun maraqlandı:

- Məgər oralarda da azərbaycanlı var?

- Harada yoxdur ki? Mən Əhvazdan tutmuş Bəndərşaha qədər İranın hər yerində olmuşam. Haraya getməmişəm iş üçun, bir tikə çörək üçün dərbədər olmuş Azərbaycan kəndlisinə, Azərbaycan yoxsuluna rast gəlmişəm. Dəmiryol fəhlələrinin yüzdə yetmişi azərbaycanlılardır desəm səhv etmərəm. Onlara nə etibar edir, nə də insan münasibəti bəsləyirlər.

- Həbslər davam edirmi?

- Arası kəsildiyi yoxdur. Bizim adamlara tapşırmışam kn, mümkün olduqca tutulanların xilası üçün çalışsınlar, fəhlələrin özlərini bu işə cəlb etsinlər.

Fridun:

- Yalnız ehtiyatla hərəkət etmək şərtilə. Hazırda bizə ən vacib olan ehtiyat və yenə ehtiyatdır. Artıq qurban verməkdən çəkinib, qüvvələri toplamaq, böyük döyüşlərə hazırlaşmaq deməkdir.

- Elə mən də bunun üçün sizə əziyyət verdim. Mazəndəran yoldaşlarımızdan çoxusu Tehranda, yaxud başqa münasib bir yerdə əyalət nümayəndələrinin iştirakı ilə ümumi bir yığıncaq keçirməyi arzu edirlər. Gələcək vəzifələrimiz, hazırkı iş üsullarımız haqqında danışmaq pis olmaz.

Fridun fikrə getdi. Belə bir yığıncağın çətinliyini və hazırda çox təhlükəli olduğunu xəyalından keçirdi:

- Bu, qorxulu nəticələrlə qurtara bilər, - dedi. - Yoldaşlarımızın bir qismi məhbəsdə ikən hər tərəfdən nümayəndələr toplamaq məsləhət deyil. Biz indi yerlərlə canlı əlaqə yaratmağa səy etməliyik. Elə etməliyik ki, istibdad tüstünün haradan çıxdığını, yanğının haradan başlayacağını bilməsin. Eyni zamanda hər yerdə, hər əyalətdə, hər şəhərdə adamlarımız olmalıdır. Əqilli, iradəli, şəraitə görə özü iş üsulu tapa biləcək adamlar. Mübarizəmizin aqibəti bundan asılıdır.

Onlar gecədən xeyli keçənə qədər danışdılar. Ümumi işlərə dair söhbəti qurtardıqdan sonra Sərxan üzünü Friduna tutdu:

- Bir şeyi də sizinlə məsləhətləşmək istəyirəm, deyirəm ki, bizim bu xanımı bir yerdə işə düzəltsək yaxşı olar. Necə bilirsiniz. Fəhlə qadınların içində olsa məsləhətlidir, belə deyilmi, Fəridə?

Fəridə mehriban gözlə, altdan-yuxarı ərinə baxdı:

- O çoxdan mənim fikrimə gəlib. Amma sənə deməyə qorxurdum.

- Qorxma, arvad, azadlıq yolunda nə fikrin olsa, de, canımı da verməyə hazıram.

Fridun da Fəridənin işləməsi fikrini bəyəndi. Beləliklə zəhmətkeş qadınlarla bilavasitə əlaqə yaratmaq olardı.

- Çox gözəl fikirdir, ancaq çətindir, iş tapmaq olmayacaq.

Rza Qəhrəmani:

- Hamımız soraqlaşmağı özümüzə borc bilək, - deyib yerindən qalxdı, Fridun onu saxladı:

- Mənim də bir məsləhətim var, yoldaşların fikrini bilmək istəyirəm.

Hamı sualedici nəzərlərlə ona baxdı.

- Xahiş edirəm, yoldaşlar məni düz başa düşsünlər. Mən qorxaq deyiləm, lakin ehtiyat sevən adamam.

Axşamdan bəri zarafata meyli olan Sərxan:

- Yaxşı, rəngləmə görək, birbaş mətləbə keç, sənin qoçaqlığını birinci gün görmüşəm, - deyib güldü və Fəridəyə göz vurdu. Fəridə ərinə qısıldı:

- Onun qoçaqlığı olmasaydı, sən düzəlməzdin.

Fridun, Rza Qəhrəmaniyə baxdı:

- Yoldaşlar məsləhət görsə mən başqa bir yerdə yaşayardım.

Rza etiraz etdi:

- Heç elə söz yoxdur, buraxmayacağam. Nə olacaqsa qoy ikimizə də olsun...

Sərxan ciddiləşdi:

- Usta, bir az hövsələ elə. Fridun düz deyir. Sabah ona yer tapmaq mənim boynuma.

Durub dağılarkən, artıq Rüstəmin uşaqları divara qısılaraq yatmışdı. Bütün söhbət zamanı Fridun gözünü onlardan çəkmirdi. Onlar üçün yaratmaq istədiyi xoşbəxt gələcəyin gözəl səhnələri ilə bu günün səfalət mənzərələri xəyalında bir-birinə qarışırdı. Sanki dumanlar, tufanlar içində bir səhər doğurdu. Üfüqlər gah qaralır, gah qızarırdı.

***

Fridun Kürd Əhməd və Aramla olan növbəti görüşdən qayıtdıqda dəmiryol fəhlələri arasından yenicə gəlmiş Qəhrəmani onu oturmağa qoymadı.

- Gedək, gedək, - dedi, indicə Südabə gəlmişdi. Qız çox pis haldadır, anası bərk mərizdir. Sətəlcəm olub, sayıqlayır. Nə isə bizi görmək istəyir, gedək.

Fridun etiraz etmək istədi. Qəhrəmani onun sözünü ağzında kəsdi:

- Nə danışırsan, belə gündə getməmək olarmı! - dedi.

Onları Südabə özü qarşıladı. Doğrudan da, qız çox kədərli idi. Hətta Fridun və Qəhrəmanini gördükdə gözləri yaşardı.

- İki gün əvvəl qızdırma gəldi, yatırtdım, üstünü basdırdım. Həkim çağırdım, çarə olmadı. Soyuq dəyib, sətəlcəm eləyibdir. Hər gecə sayıqlayır. Səhərə qədər yatmayıb, yastığının dibində oturmuşam. Allah eləməsin başına bir iş gələ, mən...

Qızın boğazı tutuldu. Sezünün dalını deyə bilmədi. Fridun və Qəhrəmanini birbaş anası yatan otağa apardı. Məryəm xala başını qaldırıb onlara baxdı. Gözlərində bir sevinc göründü. Onlar hal-əhval soruşdular. Arvad:

- Qocalmışam, balalarım, - dedi, - ölürəm!

 Bunu eşidən Südabə başını onun yastığına qoyub ağladı. Arvad sümükləri çıxmış əli ilə onun ətir qoxusu verən qara saçlarını, başını oxşadı:

- Niyə ağlayırsan, qızım, ölüm haqdır. Bir gün hamıya var. Ağlama. Dur get, dincəl, gecəni yatmamısan.

Südabə:

- Yuxum gəlmir, getmirəm, - deyib oturdu. Arvad üzünü Friduna tərəf çevirdi. Nə isə onun gözlərində, üzündə, bütün hərəkətlərində qeyri-adi bir canlılıq vardı:

- Oğlum, Fridun, - dedi, - yəqin indi oralarda badam çiçəkləyir, hə?.. Bir azdan sonra ərik də, alma da çiçəkləyər. Söyüdün də indi yarpaqlanan vaxtıdır. Gör neçə ildir görməmişəm!.. Heç bilmirəm iyirmi ildir otuz ildir.

İlləri saymağa başladı. Zəif hafizəsində axtardığını tapmadığı, əzab çəkdiyi aydın idi. Südabə:

- Ana can, iyirmi ildir, - dedi.

- Hə, iyirmi il olsun, gərək. O zaman sənin bir yaşın vardı. Elə onda da badam təzəcə çiçəkləyirdi...

O susub, qurumuş dodaqlarını yaladı. Üzündə bir-birinə qarışan qırışıqlardan nə isə əzablı bir şey xatırladığı bilinirdi. Yenə Friduna müraciət etdi:

- Oğlum, Fridun, niyə danışmırsan? Danış. Bir az oralardan danış. Axı necə olsa vətəndir. Eşitməmisənmi, deyərlər, vətənə gəldim, imana gəldim. Bir də, yaxşı bir bayatı var, rəhmətlik atam oxuyardı. Çoxdan ey! Lap çoxdan eşitmişəm, nə bilim, altı yaşım olardı, yeddi yaşım olardı. Rəhmətlik yaxşı bayatı deyərdi. Onunku allah vergisi idi. Sinədəftər idi. Hə, nə deyirdim?.. Sözüm harada qaldı?

Qəhrəmani tez:

- Vətən bayatısından danışırdınız, - dedi.

- Hə, yaxşı bayatıdır ey... Görüm necə deyir.

O fikirləşdi, görünür bayatını yadına salırdı. Yerində qımıldandı. Bayatını xatırladıqda, gözlərində bir işıq göründü:

Əzizim vətən yaxşı,

Geyməyə kətan yaxşı,

Gəzməyə qürbət ölkə

Ölməyə vətən yaxşı!..

 O sanki mahnı oxuyurdu. Bayatının sözlərini elə bir təsir, elə bir ürəklə dedi ki, Fridunun da, Qəhrəmaninin də gözləri yaşardı. Arvad son misranı təkrar etdi:

 - Ölməyə vətən yaxşı!..

 O, birdən-birə dartınıb dikəlmək istədi.

- Aparın, aparın məni vətənə! -  dedi. - Ölüm gəlib, Əzrail qapını kəsibdir. Qızım Südabə, oğlum Fridun, götürün, aparın məni vətənə!.. Bu xarabadan, bu zindandan məni qurtarın. Qoyun heç olmasa öləndə vətəndə ölüm. Qonum-qonşu dövrəmə yığışsın, gözümü özümüzünkülər bağlasınlar... Aparın!..

Qalxıb balışın üstə düşdü və özündən getdi. Südabə yaş dəsmal gətirib, onun alnına qoydu. Göz yaşlarını saxlaya bilməyərək, xəstənin başına söykəndi. Bütün bunlar Friduna da, Qəhrəmaniyə də bir xəyal kimi görünür, ürək dağlayıcı bir faciə təsiri bağışlayırdı,

Onlar hər ikisi bu qadının acı taleyindən xəbərdar olsalar da bir söz danışa bilmirdilər. Ürəyinin dərdini danışmaq istədiyini hiss edərək susurdular.

Bir az sonra o ayıldı, gözlərini açdı. Südabəyə baxdı, tutub əlindən öpdü və sinəsinə basdı:

- Get, ceyran qızım, get, öz otağına bir az dincəl. Mən də Fridungilə bir-iki kəlmə söz deyəcəyəm... Get!..

Südabə əyilib, onun alnından öpərək çəkilib getdi. Arvad onun dalınca baxdı. O görünməz olduqda başı ilə Friduna qapını örtmək işarəsi verdi. Fridun qapını örtüb yerində oturdu.

- Oğlum, Fridun, sən mənim oğlumsan, halal süd əmmiş bir adama oxşayırsan... Allaha çox şükür eləyirəm ki, mənim bircə balamın qabağına sənin kimi zatı, südü təmiz bir adam çıxarıb. O ki qaldı buna (başını Qəhrəmaniyə tərəf çevirdi), elə bu da mənim oğlumdur. Pak süd əmdiyi görünür. Qulaq asın, mənim balalarım, ürəyimə damıb ki, mən bu yastıqdan durmayacağam. Yuxumda da görmüşəm. Daha mənə qalxdı yoxdur. Qulaq asın, sizə bir sirr deyəcəyəm.

Məryəm xala dərin bir nəfəs aldı, udqundu və davam etdi:  

- Südabə Həkimülmülkün qızı deyil. Bunun atası bizim öz yerlimiz, öz ellimiz idi. Uzunboylu, gülərüzlü bir igiddi. Bu tiryəki kimi (o, Həkimülmülkə işarə edirdi) kirpiyə oxşamırdı, qaşqabağından zəhirmar yağmırdı. Özü də gözünü açan gündən məni görmuş, məni tanımışdı. Bir könüldən min könülə aşiq olmuşdu. On səkkiz yaşım olanda mən də ona qoşulub qaçdım. Vurdu Südabə dünyaya gəldi. Dava zamanı idi. Dünyanın bir-birinə dəydiyi zaman idi. Onda Təbrizdə Şeyxin qiyamı baş verdi. O da gedib qiyama qoşuldu. Şeyxdən sonra birinci adam idi. Təbrizdə azadlıq yaratdılar. Gecə-gündüz silah götürüb, küçələrdən çəkilmədilər. Bu xarabadan onların üstünə qoşun göndərdilər. Həkimülmülk də onları tutmağa göndərilmişdi. O zaman bu, indiki qoca tülkü deyildi. Hələ dişləri sağ idi. Gəlib bizimkilərlə vuruşdular. Bir dəfə bu, bizim kişinin əlinə keçir. Tutub sol qulağını və bığlarını kəsib buraxır: “Get Tehrana, səni göndərənlərə müjdə apar” - deyir. Axırda hər yandan qarğa-quzğun kimi dövlətlilər tökülüb, Şeyxi yatırtdılar. Kişi də ələ keçdi. Bu qara tülkü onun başını kəsdirib, cənazəsini Şeyxin cənazəsi ilə birlikdə Təbrizin küçələrində sürütdürdü. Ürəyi soyumadı. Hərəsi bir mücahidin* arvadını çəkib gətirdi. O vaxtdan mən də zindana düşmüşəm, balalarım, indi də bu qoca kaftar dişlərini qıcıyıb qızımın üstünə. İtin xəyalından qaysava keçən kimi, onun da fikrindən Südabə keçir. Bunları sizə ona görə deyirəm ki, mənim Südabəmdən muğayat olasınız. Onun bu dünyada heç kəsi yoxdur.

Arvadı hıçqırıq boğdu. Lakin gözlərindən yaş gəlmədi. Fridun və Qəhrəmani böyük bir təsir içərisində susurdular. Bu sümükləri çıxmış qoca arvada onların məhəbbəti qat-qat artmışdı. Fridun heç bir söz danışa bilmirdi. Qəhrəmani:

- Arxayın ol, xala, nə qədər canımız sağdır, Südabəni gözümüz üstə saxlarıq, - dedi.

Südabə qapını açdı. Anası onu gördükdə səsləndi:

- Gəl, gəl qızım!

O gəlib əvvəlki yerində oturdu. Yenə əlini arvadın alnına qoydu. Arvad üzünü ona tutdu:

- Daha axırıncı sözümdür! Daha sizə əziyyət verməyəcəyəm, İşdir, ölsəm, bir gün sümüklərimi də olsa çıxarıb, Azərşəhrə apararsınız. Orada basdırarsınız. Vətən torpağında rahat yataram.

O, bir daha ağzını açıb danışmadı. Vidalaşırmış kimi, oturanları bir-bir süzərək gözlərini yumdu.

Gecədən xeyli keçmiş Fridun ayağa durdu. Qəhrəmani də qalxdı. Südabə onlara yataq hazırlandığını, bu vaxt getməyə ehtiyac olmadığını təkidlə söylədi. Qəhrəmani qalmağa razılıq verdi. Fridun isə səhər tezdən baş çəkəcəyini vəd edərək, işi olduğunu söyləyib üzr istədi və qəlbində min hiss, min duyğu bir-birinə qarışdığı halda çıxıb getdi...



* - Azadlıq uğrunda vuruşan döyüşçülər, fədailər.

 

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info