Qonaq Kitabı
İYİRMİ BİRİNCİ FƏSİL

Kürd Əhməd:

- Çox yaxşı, dərhal onu götürüb bura gətirərsən! Lap yaxşı yerdir, - dedi.

Onlar sözləşərək Xavəri yola saldılar. İki gün sonra yoldaşları yığmağı qərar aldılar. Xainə cəza verməyi düşündülər. Lakin Məhbusini cəzalandırmamış Xavərin fikrini çəkmək lazım idi. Məhbusidən sonra o yaşadığı yerdə qala bilməzdi. Kürd Əhməd:

- Heç fikir eləmə, - dedi, - onu mən bir quş kimi Tehrandan çıxarıb, bizim Kürdüstan dağlarına göndərərəm. Qardaşlar oradadır. Onlar vəfalı adamlardır. Kürdün vəfasını da ki bilirsən. Ölər, amma əmanətə xəyanət etməz!

Xavər bütün varlığı ilə, Kərimxangili ələ verən adamın Hüseyn Məhbusi olduğuna inanırdı. Bu barədə onun fikrinə heç bir şübhə gəlmirdi. Qəlbində ziddiyyət oyadacaq bir hiss yox idi. O öz ürəyinə inanırdı. Bir görüşdə xoşuna gələn adam yaxşı, gəlməyən adam pis idi. İnsanlar haqqında onun başqa bir təsəvvürü, başqa bir mühakiməsi yox idi. Yaxşı adamdır, pis adamdır, bir baxışla, ilk görüşdə bilinər...

Məhbusi ona lap ilk görüşdə xoş gəlməmişdi. Axırda öz pisliyini də büruzə verdi. Lakin Xavər yalnız belə düşünməklə qalmırdı. Qəlbi bu murdar, bu yaramaz adamdan intiqam almaq hissi ilə çırpınırdı. O, Hüseyn Məhbusinin cəzalanmasını, ağır cəzalanmasını istəyirdi. Kərimxanın da, Simonyanın da, başqalarının da çəkdiyi əzablarını, başsız qalmış ailələrin acığını Hüseyn Məhbusidən çıxmaq lazım idi. Onun imkanı olsaydı, Hüseyn Məhbusini bir dəfə öldürməklə kifayətlənməzdi. “Belə adama bir ölüm azdır! - deyirdi.  - İblis ola-ola mələk sifətinə düşəsən, gedib xalqın ürəyinə girəsən, evini yıxasan. Bəs belə də iş olar? Yox, bu cür adamı birçə dəfə öldürməklə ürək soyumaz!” Buna görə də Hüseyn Məhbusi zindandan qaçıb gəldiyini söylədikdə Xavər inanmadı... Dərhal onun o qaranlıq, o canavar gözlərinə baxdı və inanmadı. Əksinə, ondan intiqam almaq, ona cəza vermək fikri daha da gücləndi:

- Mən Fridunu tanıyıram, - dedi. - Görüb, sizə deyərəm.

Fridun və Kürd Əhmədlə sözləşdiyinin ikinci günü yenə Hüseyn Məhbusi gəldi. Hətta bu dəfə o, Azad üçün bir dəst paltar da alıb gətirmişdi. Zorla onları masanın üstünə qoyaraq:

-          Uşaqdır, öz uşağımızdır, geysin, - dedi.

O, hal-əhval tutduqdan sonra Xavərdən Fridunu görüb-görmədiyini soruşdu. Xavər elə bu saat durub getməyi təklif etdi. Ani fikirdən sonra o, bu gün gedə bilməyəcəyini söylədi, görüşü sabaha qoydu. Çünki çox vacib işi varmış. Xavər təkid etmədi. Onu şübhələndirməkdən qorxdu. Bir qədər də oturub, Kərimxanın Fridunu təriflədiyindən, onun xatirini çox istədiyindən danışdı. Söhbət arasında:

- O harada olur? - deyə soruşdu.

Xavər bu suala əhəmiyyət vermədi:

- Bilmirəm.

- Bəs sənəti, işi nədir? Harada işləyir?

Xavər eyni sadəliklə, sualın mənasını qavramadan:

- Tələbədir, Danişkahda oxuyur, - dedi.

  Bu zaman Hüseyn Məhbusinin həmişə pərdəli gözlərində nədənsə bir qığılcım gördü. Ürəyində nə isə gizli bir vahimə oyadan, bir anda parlayıb, bir anda da sönmüş bu qığılcımın nə demək olduğunu Xavər bilmədi.

Məhbusi bir qədər də oturdu. Sonra imkan tapsa yenə gələcəyini deyib getdi. Xavər nədənsə qəlbinin dərinliklərində bir narahatlıq duydu. Nə qədər düşündüsə səbəbini tapa bilmədi. Onu Hüseyn Məhbusiyə qarşı ümumən nifrətinin nəticəsi kimi yozub rahat oldu, səbirsizliklə intiqam gününü gözləməyə başladı. Sadəlövhlüyündən, təcrübəsizliyindən doğan bir kəlmə ilə Fridunu fəlakət qarşısında qoyduğunu heç ağlına da gətirmədi.

 * * *

Əli əmniyyəbaşı fon Valterin yanına kefi saz girib, oradan çox fikirli və pərişan halda çıxdı. Sanki fon Valter ona illər ərzində yavaş-yavaş yedirtdiklərinin hamısını bircə dəqiqədə sıxıb, canından çıxartmaq fikrinə düşmüşdü. Əli əmniyyəbaşı əvvəlcə onun təklifini qanmadı, çünki bu adət etdiyi və həvəslə yerinə yetirdiyi tapşırıqlara bənzəmirdi. O, təəccüblə fon Valterə baxıb etiraz etmək istədikdə fon Valter əllərini tez-tez başına çəkdi:

- Qorxursan, hə?

- Cənab fon Valter, axı mənim o tayda kimim ölüb, bu tayda de, harasını istəyirsən dağıdım. Kimi istəyirsən bir gecədə yox eləyim. Əlim titrəsə heç kişi deyiləm. Lap deynən gedim, əlahəzrətin özünə bomba atım, qorxmaram, çünki bilirəm ki, sən varsan, burda dalımda durmusan.

- Alman dövləti harada olsa sənin dalındadır.

- Yox, başına dönüm, məni elə yerə göndərmə, o alman dövləti-zad batan tilsim deyil.

- Fon Zalkind də sizinlə gedəcək, çox olsa bir aya qoşun da gəlir.

- Başına dönüm, məndən keç, göndər bu ərbab hənəfi, mübaşir Məmmədi, mənim işim deyil. Bu İrandaca nə qulluğun var, mən hazır.

Fon Valter ona dediklərini xatırlatdı. Ərdəbildəki mülkünü yadına saldı.

- Nə qədər əmniyyə idin, belə danışmırdın, indi ərbab olmusan, borc-zad bilmirsən! Bizə də almanlar deyərlər, elə edərəm ki, külün də tapılmaz. Ket fikirləş.

Əli əmniyyəbaşı özünü çölə atdı. Huşu başından çıxmış halda Qəmərbanugilə yollandı. Bu vaxta qədər o elə güman edirdi ki, Ərdəbildə o, toxunulmaz bir ağadır. Axmaq almanlara bir-iki məlumat verməklə, bir-iki gədə-güdəni öldürməklə həmişəlik mülk-dövlət sahibi olub yaşayacaq. Nə İran ondan bir məsuliyyət tələb edəcək, nə də alman onu bərkə çəkə biləcəkdir. İndi isə yaman səhv etdiyini görürdü. Elə tora düşmüşdü ki, heç çıxılası şeyə oxşamırdı.

Qəmərbanu üz-gözündən onun halını anlayıb, dodaqaltı gülümsədi. Böyük salona yox, xudmani balaca otağa apardı və stol başında oturanlara təqdim etdi:

- Buyurun, bu da ağayi ərbab Əli milyonçu Ərdəbili  - deyib otaqdan çıxdı.

Azca hallı olan mübaşir Məmməd badəni qaldırıb, ayağa durdu və sözləri şişirdərək:

- Əli milyonçu Ərdəbili! Sizə zarafat gəlməsin, Əli milyonçu Ərdəbili! İçirəm o cənabların sağlığına. Ha... ha... ha... kefin necədir, aşna!.. Hə, nə olub, yoxsa soyuq-zad dəyib belə pörtmüsən? Ədə, ərbab Hənəfi, badəni doldur, ver ona, axı səfər yoldaşındır, Ha... ha... ha...

Əli əmniyyəbaşı, Qəmərbanunun istehzalı təbəssümlərinə, mübaşir Məmmədi açıq ələ salmasına fikir vermədi, konyakı alıb başına çəkdi:

- Atana lənət, fon Valter, - dedi,- köpək oğlu mənə deyir ki, keç o taya, özünü ver enkevedenin əlinə.

Mübaşir Məmməd ucadan ürəkdən güldü:

- Tək getmirsən, qorxma, yoldaşın da var. Buyur tanış ol, bu ağayi ərbab Hənəfi. Bəs niyə sevinmirsən, cəhənnəmə gedən yoldaş görəndə sevinər, sevin, mən ölüm, qaşqabağını aç.

- Gül, gül mənə, mübaşir Məmməd, sənə nə var, kefin saz, damağın çağ! Gül!

- Bəs sən necə bilmişdin, dadaş?! Ərdəbildə mülkü sənə havayı vermişdilər?!. Fon Valter dədəsinin xeyratına tümənləri tökürdü cibinə? İndi zəhmət çək, bir-bir qus... Belə deyil, ağayi Məhbusi! Axı sən belə işlərdə ustasan.

- Qorxma, Əli, gedib qayıdandan sonra o qədər pulun olacaq ki, lap istəsən ağayi Hikmət İsfahaninin də Ərdəbil malikanələrini satın ala bilərsən, qorxma!

Əli ürəyindəki acığı çıxmaq üçün zarafata salıb, Məhbusinin üzünə bərk bir sillə vurdu.

- Bizi bu kələyə salan sən olmusan, hə, aşna... Bəs özün niyə getmirsən.

Mübaşir Məmməd, mütəmadiyən içən və susan ərbab Hənəfinin döşünə döydü:

- Onun yerinə bu gedir, bu ağayi Məhbusinin İranda da işi çoxdur. O başqa qəfəsin quşudur. Sizin kimi quzğun deyil. Gedin, gedin, başınıza dönüm. Fon Zalkind sizi aparıb, alman qoşunlarına yol açacaq. Dalınızca beşcə gündən sonra Bakıdayıq. Tez gedin. Siz dağıdanları biz gəlib düzəldəcəyik, tez özünüzü ora çatdırın... Ha... ha.. ha...

Əli əmniyyəbaşı yenə fon Valterə söydü, öz planını açmaq istədi:

- Mənə də Əli deyərlər.

Mübaşir Məmməd onun sözünü kəsdi:

- Bay, necə Əli, yox, yox, ağayi Əli milyonçu Ərdəbili!..

- Yaxşı, gül, gül, mübaşir Məmməd, elə bilirsən ki, bir gün mister Harold sənin başına bu oyunu gətirməyəcək? Vallah elə oyun açacaq ki, fon Valterə min şükür edəcəksən. Nə qədər İran var, Amerika var, ingilis var, alman var, bu oyunlar var. İntəhası indi alman qabağa düşüb, sabah alman yıxılanda Amerika onun yerini tutacaq, deyəcəklər: ağayi Məmməd, buyurun Arazın o tayına. Bakıya bir od salın qayıdın. Onda hey başına döyəcəksən, qulaq asan olmayacaq. Gülmə, gülmə sənin də o gününü görəcəyəm.

- Onda sən enkevedenin damında olacaqsan, məni heç cür görə bilməyəcəksən.

- Yox, görəcəyəm. Xahiş eliyəcəyəm ki, mənə dəyməyin, bir az gözləyin, dalımca mübaşir Məmməd gəlir, bərk dostumdur, məni görməsə bağrı çatlar, onu da mənim yanıma ötürün, sonra nə edəcəksinizsə, ikimizə də bir yerdə edin.

Məhbusi dilləndi:

- Yaxşı, peyğəmbərlik eləmə, de görək nə deyirsən.

- Mənə də Əli deyərlər, mən..

Mübaşir Məmməd sözünü deməyə ona imkan vermədi. Əlini ağzına basdı:

- Sus, sus, qoy çəkilsin sonra.

- Kim çəkilsin?

- Kim olacaq, Qəmərbanu qapının arasından qulaq asır, gedib hamısını fon Valterə deyəcək.

Əli əmniyyəbaşı tüpürüb, badəni yerə çırpdı.

- Gör, bişərəf köpək oğlu, kimdən istifadə edir ey, əxlaqsızın birindən, tfu, tfu, tfu!..

Mübaşir Məmməd əlini yenə onun ağzına basdı:

- Niyə? Qəmərbanunun nəyi səndən əskikdir? Ya sənin nəyin ondan artığdır?.. Niyə səndən istifadə etmək olur, bundan olur, ondan olmur? Sözümə cavab ver ey, niyə?

Ərbab Hənəfi çaxırdan bir stəkan töküb içdi və üstündən bir lüləkabab yedi. Mübaşir Məmməd onun döşünə döydü:

- Ye, başına dönüm, ye, heç bir söz danışma, ye, haqqın yolunu yaman tapmısan!.. Ağzına su alıb oturub, kənardan baxan elə bilər ki, məsum bir mələkdir. Mən ölüm, Əli, heç deyərsən ki, bu oğlan bir ayda üç adam boğub?.. Bir danış görək, hansı çox verdi, mister Harold, mister Tomas, ya fon Valter? Bircə onu de, başqa sualım yoxdur.

Məhbusi yenə Əli əmniyyəbaşıya döndü:

- Hə, sözün yarımçıq qaldı... sən...

Əli əmniyyəbaşı xatırlamağa çalışırdı:

- Bu naqqal oğlu naqqal macal verir ki... Hə, mənə də Əli deyərlər, pulları alıb qaçacağam Şahsevənin içinə, fon Valter məni tapsın görüm, haradan tapır. Başıma hava gəlməyib ki, gedəm özümü diri-diri verəm bolşeviklərin əlinə.

- Sən öləsən. Şahsevən-zad kömək eləməz. İranda iki daşın arasında da gizlənsən fon Valter səni tapıb, bu ağayi ərbab Hənifəyə öldürdəcək... Qiyməti də çox ucuz, ikicə yüz tümənə... Ha... ha... ha... On min tümənlik mülkü olan bir ağanın başının qiyməti iki yüz tümən! Ha... ha... ha...

O, güldükcə Əli əmniyyəbaşı qızarıb-bozarırdı. Nəhayət, fon Valterin də acığını mübaşir Məmməddən çıxmağı qərara aldı. Şərab butulkasını yuxarı qaldırdı:

- Sənin başının qiyməti, bax, budur, - deyib onun başına çırpdı. Butulka parça-parça olub, ətrafa töküldü. Mübaşir özündən gedib yıxıldı. Qəmərbanu səsə içəri girdi:

- Nə olub, ağalar?

Məhbusi qabağa keçdi.

- Heç nə, bir yaş dəsmal gətir.

Əli əmniyyəbaşı:

- Kim ona kömək eləsə, başını əzəcəyəm, qoy ölsün köpək oğlu, - dedi və Məhbusi ilə üz-üzə durdu. Məhbusi nə isə ərbab Hənəfiyə göz elədi, o, cibindən çıxartdığı yumruq boyda bir şeylə Əli əmniyyəbaşının boynunun ardından elə vurdu ki, dərhal özündən getdi.

Məhbusi Qəmərbanuya:

- Qızları çağır, ikisini də özünə gətirib çölə ötürsünlər. Soyuqda ağılları başlarına gələr, - dedi və ərbab Hənəfini götürüb, otaqdan çıxdı.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info