Qonaq Kitabı
ON ALTINCI FƏSİL

Kürd Əhməd Təbrizdə Azəroğlunu necə tapmağı ona söylədi. Gecədən xeyli keçmiş hamısı bir-bir çıxıb dağıldıqdan sonra, Sərxan Fəridənin çiyinlərindən tutdu və qayğı dolu bir səslə:

- Fəridəm, özünü gözlə ha, - dedi.

Fəridə ona qısıldı...

- İndi mənim heç şeydən qorxum yoxdur. Sərxan, əzizim, bir gör bizim gözümüzə işıq verən kimdir, elə bil ki, Lenin burada, yanımdadır, ürəyimin içindədir... Mənə deyir ki, cəsarətli ol, qızım, qorxma, yolun düz yoldur!.. 

Onun səsindəki həyəcan və sevinc Sərxana təsir etdi:

- Elədir, Fəridə, dünyanın harasında inqilabçılar var, Lenin də onların arasındadır... Bizim azadlıq bayrağımız odur!

Fəridə birdən uşaq kimi soruşdu:

- Deyirlər, o peyğəmbər kimi bir adam olub, özü də çox iradəli və qorxmaz... Elədirmi?

Sərxan sevinc və iftixarla cavab verdi:

- Sibirdə olub, sürgünlər çəkib, dünyanın əzabını gözüylə görüb, gəlib belə ad çıxarıb... Elə adamlar, Fəridə, yüz ildə, min ildə bir yaranır!..

- And içirəm ki, mən də onun kimi, tutduğum yoldan dönməyəcəyəm! Öldürsələr də dönməyəcəyəm!

Sərxan Fəridənin özünə ürək vermək üçün belə and içdiyini duyub, nə isə demək istədi. Lakin qapı ağzında oturub, qulaq asan ananın səsi ona mane oldu:

- Leninin bayrağı dünya durduqca dursun!.. Görüm sizi də ağ günə çıxartsın!..

Bu xeyir-duadan sonra Sərxan danışmayıb, Fəridənin saçlarını oxşadı.

 * * *

Fridun Qurban Mərəndi ilə bir daha yaxınlıq etmədi. Yalnız ara-sıra darülfünun həyətində və ya koridorlarda rastlaşdıqda salamlaşar, “Ağa, necəsən?”, “Yaxşıyam, sağ ol, sən necəsən?”, “Mən də yaxşıyam” kimi adi mükalimələrdən sonra keçib gedərdilər. Dalınca nəzarət qoyulduğunu hiss edən və hamının ondan şübhələndiyini düşünən Qurban Mərəndi də heç kəsə inanmır, heç kəslə yaxınlıq etmir, başını dik tutub gəzirdi. Fridun bu gün darülfünuna çox fikirli və tutqun gəlmişdi. O, bütün varlığını məşğul edən təşkilatın işlərini unutmağa, fikrini dərslər ətrafında toplamağa çalışırdı. Tənəffüs zamanı koridora çıxıb, zümzümə edərək gəzirkən, pəncərə qabağında durmuş bnr dəstə tələbə nəzərini cəlb etdi. Bunlar üçüncü kurs tələbələri idi. Bir zaman Qurban Mərəndi ilə mübahisə etmiş balacaboylu adam da orada idi. Fridun onlara fikir verməyib, gəzmək istərkən, Qurban Mərəndi ilə qarşılaşdı. Onun kefi duru idi, gözləri gülürdü. Fridunla salamlaşıb keçdi eə ikicə addım o yanda rastına çıxan bir tələbəyə baş əydi, vəcd ilə aşağıdakı misraları söylədi: 

Nə ehtiyac ki, saqi vsrə şərab sənə,

Ki verdi badəsini çünki afitab sənə.

Xoş bir təbəssümlə gülümsəyən dostu cavab verməmiş balacaboylu tələbə dəstədən ayrılıb, onlara yaxınlaşdı:

- Ağa, bura İrandır, dilimiz də fars dilidir!

Azca pərt olmuş və hiddətlənmiş Qurban:  

- Bilirəm, - dedi. - O üsuliddini mən də bilirəm. Ancaq oxuduğum beyt Sahib Təbrizinin qəzəlindəndir. Özü də “Daniş-məndani-Azərbaycan”da çap olunmuşdur.

- Ağa, mənə dərs demək lazım deyil, mən deyirəm ki, bu xəyanətdir, çirkin işdir!..

Qurban Mərəndi yenə müvazinətini itirdi:  

- Çirkin iş çirkin adama yaraşar... Gedin öz əməllərinizə baxın!..

Balacaboylu adama daha bir neçə ağır söz dedi və dedikcə də qızışdı. Onda ayıldı ki, ədəbiyyat fakültəsi dekanı onun yanında dayanmışdır, dekan Azərbaycan dilində danışmağın və oxumağın vətən qarşısında xəyanət olduğunu Mərəndiyə xatırlatdı. Bu ona acıq gəldi. Özunü saxlaya bilmədi:

- Ağa, bu Saibin şeiridir, gözəl, nəfis bir kəlamdır, - deyə etiraz etdi.

O:

- Get, Sədi və Hafizin fars dilində yazılmış əşarını əzbərlə, - dedi. - Bu kobud, biməzmun və biməna ləhcədə yazılan şeyləri bir kənara at.

- Hüzurunuza ərz elədim ki, bu Saibin şeiridir, çox nəfis, mənalı və gözəl bir dildə yazılmışdır!

- Füzulluq lazım deyil. Sizə nə deyirlər onu da eləyin.

- Ağa, bizim atamızın, anamızın danışdığı bir dildə əş’ar oxumaq fuzulluq niyə olur?

 Görünür ki, o da bərk acıqlandı və özündən çıxdı:

- Müstofi yaxşı deyib ki, sizlərə arpa yedirtmək lazımdır!

Bu söz onu bir şapalaq kimi tutdu. Təhqirə dözə bilmədi:

- Ağa, ədəbli danışsanız yaxşıdır!..

Mübahisə yerinə yığışmış bir neçə azərbaycanlı, kürd və erməni tələbələr onu müdafiəyə qalxmışdılar. Dekan onlara acıqlandı, xəyanətdə ittiham etdi. Qələbələr də qızışaraq, onu hədələdilər və döymək dərəcəsinə gəldilər. Nəhayət, məsələ gedib müdiriyyətə çıxdı. Müdir onu “vətənpərəstlik hisslərini itirməkdə və şuriş salmaqda” ittiham etdi. Kitablarını qoltuğuna verib, darülfünundan çıxartdı. Bundan sonra Fridun onu nəinki darülfünunda, bəlkə bütün Tehranda bir daha görmədi...

Bu hal tələbələr arasında dərin həyəcan oyatdı. Xüsusilə azərbaycanlı, kürd və erməni tələbələr özlərini pis hiss edirdilər. Onlar yadlar və yabançılar içinə düşmüş kimi dərdlənir və qüssələnirdilər.

Axşam Fridun bu hadisəni Rza Qəhrəmaniyə danışdı:

- Ah, bu farsçılıq, bu farspərəstlik, - dedi, - nə çirkin bir fikirdir. Ağalar kargər və kəndlinin qanını sormaqdan doymadılar, bir də İranda yaşayan millətləri bir-birinə düşmən eləmək istəyirlər. Yer üzündə mən bundan böyük cinayət görmürəm. Çünki bəşərin səadəti mnllətlərin bir-birinə hörmət və məhəbbət gözü ilə baxmasındadır.

Rza Qəhrəmani çox mütəəssir oldu:

- Mən də bir fars oğluyam, lakin xalqımın adından bu çirkin işləri görənlərin hərəkətindən utanıram. Nifrət edirəm. Məni təskin edən odur ki, siznən ürəkdən qardaş olmuşam. Kürd Əhmədə, Arama və sənə qoy bu qardaşlıq bir rəmz olsun, xalqımızın ürəklərini birləşdirsin!..

Fridun “Ana”da hansı bir qəhrəmanınsa dediyi sözləri xatırladı:

- Elədir, dostum, biz ürəklərimizin alovu ilə başqalarının yolunu işıqlandırmalıyıq!..

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info