Qonaq Kitabı
ON ALTINCI FƏSİL

Tehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı, O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.

Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərkərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq həsrətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:

- Gördün, dadaş, mən deyən oldu, olmadı, - demişdi. - Gərək bütün millət dilsiz-ağızsız heyvan ola ki, bu yekəlikdə zülmə davam gətirə. Heç cınqırını da çıxartmaya, intihası, mən deyirdim ki, gəl əl-ələ verək, biz başlayaq razı olmadın, bu şərəf başqalarına qismət oldu...

Fridun vərəqə buraxanların kim olduğu haqqında camaatın nə düşündüyünü bilmək marağı ilə:

- Görəsən hansı qurd ürəyi yemişin işidir, - demişdi.

Qurban Mərəndi onu təshih etmişdi:

- Qurd ürəyi yemişin yox, yemişlərin. Bilirsən nə həngamədir. Deyirlər ki, qoşundan tutmuş vəzarəti kişvərin özünə qədər hər yerdə adamları var. Fürsət gözləyirlər, tüfəng götürüb girələr səngərə, dağıdalar bu çürümüş binanı. Hə, onu da deyim ki, gözdə-qulaqda ol, bu gün, sabah ikinci kitab çıxacaq. Əlinə keçməsə, xəlvəti mənə de, verərəm... Qorxma, mənim dalımca nə qədər adam salsalar, yenə birini tapacağam...

Bu sözlər Fridunu sevindirməklə bərabər, düşündürürdü də. O, xalqın bu ümidini doğrultmağı, işi davam etdirməyi özlərinə borc bilirdi. Sanki onlar səadət həsrətilə yaşayan minlərlə adamların qarşısında bu yoldan dönməyəcəklərinə and içmişdilər və bu andı pozmaqdan böyük günah ola bilməzdi.

İndi işi ləngitmək, yeni kitabı gecikdirmək, bu insanları naümid etmək idi; həm də bu, mürtəce dairələri bu adamların üstünə qaldırıb, meydandan qaçmaq kimi bir alçaqlığa bərabər idi. Buna görə də Fridun bütün fikrini ikinci kitabın nəşrinə vermişdi. Kitabla yanaşı, o, yeni bir vərəqə də hazırlayırdı. Bu vərəqə də hakim və mürtəce dairələrin böhtan və yalanlarına cavab olmalı idi. Vərəqə hazırlamaq üçün Rza Qəhrəmani hələ gündüzdən şəhərdə əlinə keçən bütün qəzetləri alıb stolun üstünə yığmışdı. Hətta bəzilərini oxuyaraq, yanından qırmızı xətt çəkmiş və ayırıb, bir kənara qoymuşdu. Fridunu gördükdə:

- Buyur, əzizi-mən, gör gələcəkdə yeni dövlətin vəziri olsan məni katibliyə götürərsənmi? -deyə zarafat etdi.

Fridun ciddi olaraq:

- Qardaş, doğrudan da, deyəsən camaatın bizdən umduğu yeni dövlətdir, nə az, nə də çox -dedi.

Rza Qəhrəmani də ciddiləşdi:

- Bəs sən necə bilmişdin? Xalqı bidar edib, onun qabağından qaçmaqmı olar? Xalqın istəyi də həmişə yerində və vaxtında olur.       

- Elədir, xalq istəyini zaman doğurur. Lakin biz hələ bu sadə istəkdən nə qədər uzaqdayıq!.. Hətta biz fikrən belə bu məsələni özümüz üçün həll etməmişik ki, nə istəyirik, necə dövlət istəyirik. Biz elə köhnəni uçurmaqdan danışırıq.

- Fikir eləmə, əzizim, sən bu köhnəni uçurt, elə o günü mən sənə deyim yeni dövlət necə olacaq. Onun şəklini xalq özü tapar.

Rza Qəhrəmani nə isə fikrə getdi, bütün simasında, gözlərində bir işıq və ilham göründü:

- Bilirsənmi, Fridun, getdikcə mənim ürəyim elə bil ki, bir dağ kimi ucalır. Sanki mən dünyanı təzədən qanmağa, hiss etməyə başlayıram. Hətta özümü də... Deyirəm ki, nə üçün uşaqlıqdan sənə deyən olmayıb ki, sən baxma ki, belə balacasan, boyundan qorxma. Əslində sən çox böyüksən, sən böyük bir dağın parçasısan. O dağ xalqdır. Ona bərk söykən ondan ayrılma, onun fikrilə yaşa! Görərsən ki, sən nə qədər canlısan, qiymətlisən, gözəlsən!..

Fridun qəzetləri gözdən keçirə-keçirə dostuna qulaq asırdı. Bu sözlərdə onun dostu, nə isə böyük bir fikir ifadə etmək istəyirdi. Fridun onun, doğrudan da, dediklərindən daha çox duyduğunu hiss edirdi:

- Sən xoşbəxtsən, dostum, qəlbin dilindən çox zəngindir Sözlərin kələ-kötür olsa da, hissiyyatın uca və təmizdir. İnsan üçün bu, böyük xoşbəxtlikdir. Mən dünyada başqa cür adamlara da rast gəlmişəm. Bax, onlardan birisi gör nə yazır.

Bu, “Səda” qəzetində Sofi İranpərəstin “Vətən xainləri tutuldu” adlı məqaləsi idi. Sofi İranpərəst vəzarəti kişvər tərəfindən, Rəhmanzadə adlı bir nəfər başda olmaqla üç adamın tutulduğunu yazırdı. Guya Rəhmanzadə kitabların Bakıda nəşr edildiyini söyləmiş və özlərinin də paraşütlə bu tərəfə salındığını boynuna almışdır. Hətta qəzetdə Rəhmanzadənin paraşütlü şəkli də çap edilmişdi. Sofi İranpərəst məqaləsinin altında qeyd edirdi ki, vəzarəti kişvərin lütfü nəticəsində şəxsən Rəhmanzadə ilə görüşmüş və müsahibə etmişdir. Fridun qəzeti bir kənara atdı:

- Bütün bunlar nə qədər gülüncdür!.. Ağayi Hikmət İsfahaninin pulu ilə çıxarılan bir ruznamədən bundan artıq nə gözləmək olar.

- Yox, çox şey gözləmək olar, - deyib Rza Qəhrəmani qəzeti qaldırdı və yenidən Friduna verib, əlini başqa bir məqalə üzərinə qoydu.

- Ah əzizim, açığın dövlətə zərəri var, deyərlər. Dalını oxu. Gör Hikmət İsfahani məclisdə nə tufan eləyib.

Bu, Hikmət İsfahaninin məclisdə olan nitqi idi. Nitq İranın şimalını qaranlıq buludlar bürüdüyündən, yer üzərində dinsizlər və allahsızların ayaq almasından, dəccalın xürucundan danışır və imam Sahibəzzamanın qərb tərəfdən zühur edəcəyini xəbər verirdi.

 Rza Qəhrəmani:

- Kişi, riyakarlığa bir bax, - dedi, - özü ömründə namaz qılmaz, Sahibəzzamandan danışır, camaatı yaman dolayıblar!

Fridun “Səda”nı bir kənara qoydu. “Fəryad”ı götürdü. Bu qəzet də vərəqələrdən, kitabdan söhbət açmışdı. Həm də o tamamilə başqa bir xəbər verirdi: o yazırdı ki, bu kitabı da,  vərəqələri də Kominternin başqa ad altında bu tərəfə göndərdiyi adamlar buraxmışdı. Bu adamlara Musa adlı bir Fələstin yəhudisi başçılıq edirmiş.

Ruznamə oxucusunu inandırmağa çalışırdı ki, bu adamların sayı minləri keçir və onların çoxu İran adətlərini bilmədiklərindən çayxanalarda böyük stəkanlarda çay içdikləri zaman tutulmuş və özlərinin qafqazlı olduqlarını da etiraf etmişlər. Ruznamə bilatəxir bu adamların edam olunmasını tələb edirdi.

Fridun bu qəzeti də bir kənara qoyaraq:

- Maraqlıdır, görəsən kimləri dardan asmağa bəhanə axtarırlar, - dedikdə, Rza Qəhrəmani ayağa durdu:

- Lap ağıllarını itiriblər! Deyir ki, gözəl ağa çox gözəldi, vurdu çiçək də çıxartdı. Bizim ağaların da işi bu cür olub, - dedi və qapıya yollandı.

- Fəridə ilə Kərimxan məni gözləyir, kitabları çıxartmaq vaxtıdır, yadından çıxmasın, gecə Sərxangildə görüşməliyik.

Fridun:

- Elə şey yaddan çıxmaz, get gör axşam sizə nə böyük bir müjdə gətirəcəyəm! - deyib başqa bir qəzeti götürdü.

Rza Qəhrəmani deyilməsi lazım görülməyən məsələni soruşmazdı.

Buna görə də maraq və xoş bir intizar içində heç söz deməyib, qapıdan çıxdı.

 ***

Fridun və Kürd Əhmədlə tanışlıqdan sonra, Sərxan özünün nə cür dəyişməyə başladığını hiss etmirdi. O, yalnız nə isə yüngülləşdiyini, qabaqlarda gözünə qaranlıq və dumanlı görünən həyat yolunda bir işıq əmələ gəldiyini duyurdu. Həmişə qəmgin, həmişə ümidsiz və qaşqabaqlı olan Sərxan, xoşrəftar və mehriban bir adama çevrilirdi. Bunu, hər kəsdən əvvəl evdə anası və Fəridə hiss edirdi. O, artıq xırda məsələlər üçün hirslənmirdi. Səbirli və dözümlü olmuşdu. Onun dünya və insanlarla əlaqəsi də dəyişmişdi. Ürəyində onlara qarşı olan əvvəlki nifrəti, indi bir məhəbbət evəz etmişdi.

Fəridə də onun nəzərlərində hər gün qalxır, böyüyür və qiymətli olurdu. Əvvəllər onu həftələrlə görmədikdə yadına düşməzdi. İndi isə evdən çıxdığının üçüncü-dördüncü günü ürəyi darıxırdı.

Cümə axşamı işdən qayıtdıqda, Sərxan ananı astanada oturub, cəhrə əyirən gördü. Acıqlı və ya kefi saz olmasından asılı olmayaraq, daima qabağına çıxan, əlinə su töküb, dörd yanına dolanan Fəridə evdə yox idi. Ana cəhrəni bir kənara qoyub, əyri belini azca düzəltdi. Həyət divarından asılmış balaca dəmir əlüzyuyanı su ilə doldurdu.

- Ana, bəs Fəridə haradadır?

Onun acıqlanacağını gözləyən ana səsindəki mülayim ahəngdən ruhlandı və yavaşca:

- Yenə ora gedib, oğul, indilərdə gərək qayıtsın... Gedəndə tapşırdı sənə deyəm ki, bu gün ağaların ikinci payı hazır olur, onu götürəcəklər...

Sərxan arvadının zirəkliyi və açıqfikirliyini düşündükcə gülümsədi:

- Ana, yaxşı gəlinin var.

Oğlundan birinci dəfə Fəridə haqqında belə açıq tərif eşidən ana:

- Oğul, - dedi, - maşallah, od parçasıdır, bulaq kimi qaynayır. Tapşırsan, bir hökumətin işini qabağa aparar, dünyada bir məsələ yoxdur ki, xəbəri olmasın. Beş dəqiqə bazara çıxır, qayıdıb şəhərdə nə var danışır. Özünün də yaxşı ürəyi var. Hamıya əl tutandır. Adamcanlıdır.

Sərxan qapıdan çiynində göyərti ilə dolu bir zənbil içəri girən Fəridəyə:

- Hə, gəl gör qaynanan səni necə tərifləyir, - dedi və irəli gedib, ona kömək etmək istədi. Alnından tər süzülən Fəridə zənbili ona verdi:  

- Amma çiynimi saldı.

Sərxan göyərtiləri aralayıb, altdakı ağ cildli balaca kitablardan birini götürdü, bir uşaq sevincilə öpüb bağrına basdı və Fəridəyə döndü:

- Çiyinlərinə qurban olum, onlar xalqa səadət daşıyır və əyilib Fəridəni öpmək istədikdə o, ərini saxladı:

- Dayan, ürəyim döyünür, qoy bir nəfəsimi dərim, sonra.

Rza Qəhrəmaninin içəri girməsi ilə Fəridədən əl çəkdi.

- Hə, əliboş gəlirsən, usta...  

-  Rza Qəhrəmani:

- Malların hamısını verdim maşına, göndərdim İsfahanda xırıd eləsinlər. Orda qiymət bahadır, - dedi və güldü.

- Mazəndəran tərəfdə də bu mala ehtiyac çoxdur, bir az bizə də ver, gözləyirlər...

- Fikir eləmə, hamıya çatacaq!..

Ana onları ikinci otağa, çaya dəvət etdi. Rza Qəhrəmani stolun üstündə bir böyrü batmış, lakin möhkəm pıqqıldayan samovara, onun üstündə dəm alan lüləsi sınıq çaynikə baxdı!

- Varam sənin bu samovar çayına, ay ana, gör necə də fit çalır. Heç Sərxanın parovozu bu cür səs vermir.

Sərxan onun zarafatını cavabsız qoymadı:

- Sənin kimi ustası olanın parovozu elə səs verər...

- Eybi yoxdur, çolaq atın kor da nalbəndi olar.

Onlar gülüşüb oturdular. Bu zaman qapı vuruldu: Rza Qəhrəmani:

- Zalım oğlu gör nə vaxtında gəldi - deyib güldü.

Rizvan içəri girən kimi, ana ona yer göstərdi,

- Oğul, qaynanan səni çox istəyəcək.

Rza Qəhrəmani Rizvana baxdı:

- Aşna, qaynanan deyir, xanımın demir ha...

Rizvan hazırcavab oldu:

- Qaynanası bir istəyəni, xanımı min istər...

Ana stəkanları yuyub, yaxşı dəm almış tünd çayla doldurdu və hərəsinin qabağına bir stəkan qoydu. Sərxan Mazəndəranda kəndlilərlə ərbablar arasında baş vermiş ixtilaflardan danışdı.

- Kəndlinin nəyi var ərbablar çəkib aparır, kəndli də imanını verər, malını verməz. İki kənddə ərbabı döyüblər birində mübaşiri öldürüblər.

Rza Qəhrəmani Rizvana işarə ilə:

- Bizim bəzi ağalar isə kəndlini adam yerinə qoymur dedi, - bağa qınından çıxdı qınını bəyənmədi...

Rizvan ona baxdı:

- Əvvəla, xahiş edirəm su bulandırmayasınız, sözünüz kimədir, adını deyin. İkinci də, mən kəndlini lap böyük adam yerinə qoyuram. Ancaq deyirəm ki, kəndliyə arxayın olub bu boyda dəstgahın altını qazmaq olmaz. Mən bunu deyirəm.

Rza Qəhrəmani:

- Elə səhvin yekəsini də burada eləyirsən, - dedi, - gör kişi sənə nə danışır, bu qədər zülmə baxmayıb, əmniyyənin şallağından qorxmayıb, kəndli ərbabın üzünə durur sən buna nə deyirsən? Yoxsa bu, dediyin dəstgahın altını qazmaq deyil, ona paya vurmaqdır? O da altını qazmaqdır, amma bilirsən necə qazmaqdır?.. Dırnağnan! Mən isə deyirəm ki, külüng lazımdır, bel lazımdır. Dinamit qoymaq lazımdır.

- Səni inandırıram ki, kəndlini unutsan, vaxtı gələndə bel tutanın, külüng vuranın olmayacaq.

Mübahisə uzandıqca onlar gah qızışır, gah soyuyurdular. Sərxan Rizvanın səhvini etiraf etmək istəməsə də əvvəlkinə nisbətən xeyli yumşaldığını və başqa cür danışdığını hiss edirdi. Rza Qəhrəmani isə onu tamam tərksilah etməyincə əl çəkmək istəmirdi. Bu zaman Fridun gəldi. Fəridə qaçıb, onu qapıda qarşıladı. Sevindirmək həvəsilə:

- Fridun qardaş, - dedi, - arxayın ol, hamısını çıxartdıq, yerbəyer elədik...   

 Fridun:

- Sağ ol, Fəridə, - deyib onun əlini sıxdı. O biri yoldaşlarla görüşdü, anaya salam verib, halını soruşdu:

- Ana, yenə sandığın qəndini işlədirsən, hə... Kasa necədir?

- Canın sağ olsun, oğul, kaş sizin kimi qonaqlar gələ, mən də sandıqdan qənd çıxarım. Kasanı da görürsən, yaxşıdır, - deyib ləmədən kasanı götürdü və əlində o tərəf bu tərəfə çevirə-çevirə tozunu sildn.

Rza Qəhrəmani və Rizvan Fridunu öz mübahisələrinə çəkdilər. Fridun oturduqdan sonra yavaşca əlini qoltuq cibinə saldı. Bir kitab çıxartdı:

- Sizi maraqlandıran məsələnin hər nöqtəsi burada yazılıb - dedi. - Əlimə yenicə keçib! Oxuyuram və heyran qalıram. Biz hələ nə qədər cahilik. Dünyada, çoxdan aydın olan məsələlər bizə qaranlıq görünür. Demə bu fəhlə və kəndli məsələsinin uzun bir tarixi var imiş. Biz isə elə bilirdik ki, onu tarix səhnəsinə atan ağayi Rizvandır.

Rizvan qızardı, əlini uzadıb, kitabı götürmək istədi.

- Bu nə kitabıdır!..

Fridun onun əlini saxladı:

- Tələsmə, deyəcəyəm, - dedi və onlara tərəf əyildi, səsini xüsusi bir ahəng verərək, davam etdi:

- Mənim dostlarım, bu, Lenin yoldaşın “Kənd yoxsullarına” adlı kitabıdır. Oxuduqca elə bil ki, kitabın arasından bir günəş boylanır və qaranlıq görünən yollarımıza işıq salır. İndi mənə keçdiyimiz yollar qəribə görünür. Biz indiyə qədər bu çətin yollarda bir kor kimi hərəkət etmişik.      Hamısı diqqətlə gözünü Friduna dikib, qulaq asırdı, Sərxan, tünd çayın stəkanda soyuduğunu yadından çıxartmışdı. Rza Qəhrəmani Rizvanla azca əvvəlki qızğın mübahisəni unudaraq, ona söykənmişdi. O da sağ əlini Sərxanın çiyninə qoyub, Rza Qəhrəmaniyə qısılmışdı. Ana əli çənəsində təəccüblə Friduna baxırdı. Ayaq üstə durmuş Fəridə də gözlərini onlardan çəkmirdi. Fridun danışarkən içəri girib oturmuş. Aram da gözünü onun ağzına dikmişdi. Fridun bir az da onlara tərəf əyildi:

- Dostlar, elə bil ki, böyük bir həqiqət öz qapılarını üzümə açmışdır. Mən çox düşünüb, belə fikrə gəlmişəm ki, dünyanın harasında olursa-olsun, inkişafın hansı dərəcəsində dayanır dayansın, zəmanəmizdə azadlıq və tərəqqi yolunda mübarizə bayrağını qaldıran siyasi bir firqə leninizm günəşindən işıq almasa kordur, yıxılacaqdır. Əsrimizdə xalqların azadlıq bayrağı budur!

O danışdığı zaman Kürd Əhməd gəlib yavaşça yanda oturmuşdu. Azca sonra Kərimxan Azadi ilə Xavər də gəlmişdilər.

Fridun sözünə davam etdi:

- Baxın, Lenin yoldaş bu vaxta qədər mübahisənizə səbəb olan kəndli məsələsinə necə dərindən və aydın təhlil verir. Kəndçiləri azadlıq mübarizəsinə qaldırmağın yollarını necə aydın göstərir.

Fridun kitabı açdı, vərəqləyib, bir səhifəsində durdu. Yoldaşları bir az da sıxlaşıb, gözlərini açıq səhifəyə zillədilər. Fridun aramla danışdı:

- Lenin yoldaş deyir ki, inqilabçı partiya kargərlə kəndçinin ittifaqını yaratmalıdır. O zaman...

Fridun dayandı, mənalı nəzərlərlə yoldaşlarını süzüb yenə kitaba baxdı, hazır sətirləri oxuduğu və ya öz fikirlərini şərh etdiyi məlum olmayan sərbəstlik və canlılıqla davam etdi:

- O zaman Lenin yoldaşa görə kəndçilər də qəddar soyğunçulara qarşı mübarizə etməyin yollarını öyrənərlər, vəziyyəti yüngülləşdirmək üçün birgə necə çıxış etmək lazım gəldiyini dərk edərlər, yavaş-yavaş, mətanətlə və hər yerdə azadlıq uğrunda böyük vuruşlara hazırlaşmağı bacararlar. Tezliklə elə bir gün gələcəkdir ki, şəhər fəhlələri yalnız qışqıra-qışqıra küçələri dolanmaq üçün yox, böyük və qəti mübarizə üçün ayağa qalxacaqdır. O zaman bütün fəhlələr bir adam kimi deyəcəklər: “Biz bu mübarizədə ya öləcəyik, ya da azad olacağıq!” O zaman yüzlərlə ölənlərin və mübarizədə həlak olanların yerini minlərlə daha dönməz qəhrəmanlar tutacaqdır. O zaman kəndçilər də ayağa qalxacaqlar, şəhər fəhlələrinə kömək etmək üçün mübarizəyə qoşulacaqlar, kəndçi və fəhlə azadlığı uğrunda döyüşə atılacaqlar və o zaman heç bir istibdad dəstəsi davam gətirə bilməyəcəkdir.

Fridun alovlu gözlərlə yoldaşlarına baxıb durduqda, Kürd Əhməd qalxıb onun boynunu qucaqladı və üzündən öpdü.

- Sağ ol, qardaşım, aramıza bir istilik, bir işıq gətirdin, - dedi və yoldaşlara döndü: - bilirsinizmi, son zamanlar mənim başıma belə bir fikir gəlir ki, biz gizli vərəqələr, kitabçalar və təşkilat işlərilə birlikdə yoldaşlarımızın fikir və tərbiyəsilə də məşğul olmalıyıq. Siyasi mübarizəyə qalxan adamların möhkəm nəzəriyyəsi də olmalıdır. Gəlin on gündə bir dəfə nəzəri məşğələ təşkil edək. Orada bu cür məsələlərdən danışaq. Ədəbiyyat da tapılar.

Hamısı bir ağızdan:

- Çox gözəl fikirdir! - deyə səsləndi.

Fridun oxuyarkən qızarıb tərləmiş və fikrə getmiş Rizvan, yoldaşların diqqətli baxışları altında yavaş-yavaş danışdı:

- Yoldaşlar, dərin bir səhvə yol verdiyim mənə indi aşkar oldu. Elə bil ki, gözlərimdən bir pərdə götürüldü. Kəndliyə etinasız baxmaqla, doğrudan da, mən böyük bir iştibah etmişəm:

Azca dayanıb, əlavə etdi:

- Yaxşı sözdür, biliksiz siyasi mübarizə etmək olmaz. Oxumalıyıq. Nəzəri bilik almaq özü belə istibdad əleyhinə mübarizə aparmaqdır.

Birinci məşğələ gününü təyin etdilər. Onu Fridun aparmalı və ictimai hərəkatda fəhlə və kəndlinin rolu və vəzifələri haqqında danışmalı idi. Bundan sonra ikinci kitabı necə yaymaq məsələsini danışdılar. Tehranda bu iş Kərimxana, Xavərə və Rza Qəhrəmaniyə həvalə olundu. Mazəndəranda Sərxana tapşırıldı. Kürdüstan məsələsinə gəldikdə, Kürd Əhməd dedi:

- Ağa mənə Kürdüstana getməyi təklif edir. Yüz ədəd özümlə apararam.

Təbrizdə və Azərbaycanın başqa yerlərində kitabı yaymağı Fridun boynuna götürmək istədi, bir on günlüyə darülfünundan icazə alıb gedəcəyini söylədi. Hamısı tərəddüddə ikən birinci etiraz edən Fəridə oldu:

- Mən Fridun qardaşın ora getməsini lazım görmürəm, İcazə versəniz özüm apararam.

Hamı təəccüblə ona baxdı.

Fridun soruşdu:  

- Qorxmursan ki?.. Birdən...

- Nədən qorxacağam. Elə apararam ki, heç kəsin xəbəri olmasın.

Onların ehtiyat etdiyini görən ana:

- Qorxmayın, - dedi, - qız deyil, od parçasıdır. Lap yaxşı aparar, qorxmayın!..



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info