Qonaq Kitabı
ON BEŞİNCİ FƏSİL

- Lap yüz ton olmasın, min ton olsun, ver iki günə Azərbaycanın, Mazəndəranın harasına deyirsən elə yeridim ki, heç quş da quşluğu ilə xəbər tutmasın. Lap aparım Arazın qırağında basdırım.

Hikmət İsfahani qəsdən bu qədər danışırdı ki, fon Valter onu avam saymasın və mətləbi tamam açsın.

Lakin fon Valter özündən razı halda əllərini başına çəkib:

- Təşəkkür edirəm, mister İsfahani, - dedi. - Biz də sənə borclu qalmarıq.

Kiçik bir fasilədən sonra Hikmət İsfahani öz dərdini açdı:

- Ağayi fon Valter, lütfünüzdən istifadə edib, bir ərvimi sizə bildirmək istəyirəm.

-  Buyurun, buyurun!

Hikmət İsfahani Rza xanla olan əhvalatı, mister Tomasa və mister Harolda danışdığı kimi, fon Valterə də danışdı. Öz əndişələrini bildirdi.

- Sizdən bircə xahişim var, elə fürerin mənim haqqımda yazdıqlarını əlahəzrətin qulağına çatdırasınız!

Fon Valter yenə şaqqıldayıb güldü:

- Siyasətdə uşaq olmayın, ağayi Hikmət İsfahani! Bunu Rza xana bildirmək olmaz. - Əlini onun çiyninə vurub əlavə etdi: - Fürer sizi də Rza xan kimi bir kişi sayır!

- Aman günüdür, məni bu namərdin qılıncının altından qurtarın. Ağayi səfir elə bircə kəlmə desə, bəsdir.

- Gedin, arxayın olun, sizə zaval yoxdur, ağayi Hikmət İsfahani.

Görüşüb ayrılarkən, fon Valter onu saxladı. Dolabdan iki kitab çıxartdı:

- Alın, bu, fürerin “Mənim mübarizəm” kitabıdır. Həm farscasını, həm də almancasını sizə bağışlayıram. Bu bir almanın öz sadiq dostuna verə biləcəyi ən yüksək hədiyyədir.

Kitabların cildinin altında nə isə yazdı və Hikmət İsfahaniyə verdi. Hikmət İsfahani hər iki əlini qabağa uzadıb, kitabları aldı:

- Allah şahiddir ki, bu kitab mənim üçün qurandan da əzizdir, - deyib, fon Valterin qarşısında əyilə-əyilə otaqdan çıxdı.



* - Keyfiniz necədir.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info