Qonaq Kitabı
ON DÖRDÜNCÜ FƏSİL

- Əlahəzrət, - dedi, - mənə ölümü və zindanı xatırlatmağın lüzumu yoxdur. Siz fikrimi soruşdunuz, mən də deyirəm. Bəli, bu yol vətən üçün fəlakətli bir yoldur. Ağayi vəzir Rusiyanın Polşa və Baltik ölkələrindəki divarları uçurduğunu buyurdular. Lakin orasını demədilər ki, onlar köhnə çar Rusiyası və ingilislər tərəfindən ölümə məhkum edilmiş xırda məmləkətlər idi. Sovet dövləti onlara azadlıq və tərəqqi gətirən bir məramnamə ilə meydana çıxdı Bu böyük dövlətə qarşı onlar hiyləgər və düşmənanə siyasətə əl atdılar. Axırları da ki, elə oldu. Yeni Rusiyanın İrana nələr verdiyini, onun parça-parça bölünməsinin qabağını aldığını yadınıza salın, əlahəzrət. Bunun məna və əhəmiyyətini bir dəqiqəliyə düşünən həqiqi vətənpərəstlər nə şimal neftini amerikanlara verməz, nə də şimal göylərini və meydanlarını ingilis təyyarələrinə bağışlamazlar.

Səlimi danışdıqca qızışır və geri dönmək mümkün olmadığını görüb, ölümə gedən bir adam kimi heç şeydən qorxmadan düşündüyünü deyirdi. Rza xan, bütün simasını qara kölgələr örtdüyü halda, qəzəbini boğaraq dinləyirdi. Şah bu adamın səltənət üçün qorxulu olan gizli bir işə iqdam etdiyini onun böyük yerlərlə bağlandığını, son zamanlar məmləkətdə baş verən hadisələrlə mütləq əlaqədar olduğunu düşünürdü. Danışdıqca özünü ifşa edəcəyini güman edərək dururdu. Lakin sərtibin son sözlərinə davam gətirə bilmədi, əlini masaya çırpdı:

- Bəsdir! Get, bolşeviklər sənin kimi bir casusu gözləri üstündə saxlarlar!

“Casus” sözündən təhqir olunmuş Səlimi:

- Mən buranı Kəbə bilmişdim, əlahəzrət dedi, - siz mənim qəlbimdə bir dağ uçurtdunuz. Mən sizin yanınıza bir bütpərəst öz bütünün yanına gələn kimi gəlmişdim. Buradan isə ürəyi boş qayıdıram.

Rza xan:

- Nankor!.. Casus, rus casusu!.. - deyib onu boğmaq istər kimi, özünü irəli verdi.

Səlimi:  

- Bu, vətənin bütün namuslu oğullarına vurduğunuz ləkədir. Mən sizə əqidəmi söylədim. Əqidə də arvad deyil ki, zorla boğazıma keçirəsiniz! - dedi və qapıdan çıxdı. Son sözləri bir güllə kimi Hikmət İsfahaninin ürəyinə sancıldı:  

- Məni bağışlayın, əlahəzrət, mən belə adama qız verə bilmərəm.

Şübhəli, gizlin mülahizələr yenə Rza xanın varlığına hakim oldu.     

Gizli bir təşkilatın izinə düşdüyünü, böyük bir kələfin ucunu əlinə keçirdiyini kəsdirdi və gözlənilməz bir təmkinlə:

- Sözümüz qüvvədə qalır, - dedi, - gedin və toya hazırlaşın.

 Hikmət İsfahani əllərini döşünə qoyub təzim etdi və bu halda da, dalı-dalı çəkilib, qapıdan çıxdı. Rza xan Həkimülmülkə baxdı: -

Hər ikisi taxt-tac düşmənidir. Birisi qocalmış tülkü, o birisi hələ dişləri çıxmamış canavar balasıdır. Vaxtı çatanda ikisini də rahat etmək lazımdır!..



* - Beyt Sədinindir. Mənası:  qurdun balası adam yanında böyüsə də axırda yenə qurd olar.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info