Qonaq Kitabı
ON ÜÇÜNCÜ FƏSİL

- Sən ancaq mənim cənazəmə əl vura bilərsən! - dedi.

Mübaşir Məmməd onun üstünə şığıdı. Qızı qucaqlayıb, ayaqlarını yerdən üzdü. Gülnaz əllərilə onun üzünü, gözünü didir, çırpınıb çıxmağa can atırdı. Lakin əmlik quzunu qamarlamış canavar kimi, mübaşir qızı qolları arasında sıxırdı. Nəhayət, onu yatağa basdı. Bu halda qüdrətli bir əl çiyinlərindən tutub, onu geri çəkdi və macal vermədən tövləyə sürüdü:

- Arvad, örkəni mənə ver!

Səriyyə xala örkəni gətirdi, Musa mübaşir Məmmədin əl-qolunu bağladı. Mübaşir təəccüblə Musa kişiyə baxdı.

- Kişi, bəs Ərdəbilə nə tez gedib-qayıtdın?

- Mən axmaq idim ki, arvad-uşağı sənin kimi namərdlərin ixtiyarına qoyub, bu gecəgözü şəhərə gedəydim?! Tfu sənin üzünə! Heç utanmırsan? Çörək səni tutsun, barı çörəkdən qorxaydın!

- Qələt eləmişəm. Musa kişi, keç günahımdan, əl-qolumu aç, məni biabır eləmə!

- Yox, açmayacağam. Səhər bütün kəndi bura yığacağam. Bu yekəlikdə də qurumsaqlıq olar, siz eləyirsiniz?

Mübaşir Məmməd yalvardı. Musa kişi yola gəlmədi. Nəhayət, o təhdid etməyə başladı. Bunun da Musa kişiyə təsiri olmadığını gördükdə susdu və başını çiyinlərinə qoyub, tövlənin bir küncündə yuxuya getdi. Musa kişi Əli əmniyyəbaşı yatan otağı çöl tərəfdən qıfıllayıb, uşaqlarının yanına qayıtdı.

 ***

Gecəyarısından iki saat keçmiş Əli əmniyyəbaşı ayıldı. Gözlərini ovub, otağa nəzər saldı. Qaranlıqda heç bir şey görmədikdə mübaşir Məmmədi çağırdı. Səs gəlmədi. Cibindən kibrit çıxarıb yandırdı. Otaqda heç kəs yox idi. Onu heyrət aldı. “Bu köpək oğlu mübaşirin kələyidir” - dedi, durub qapıya cumdu. Qapı çöl tərəfdən bağlı idi. Qəzəblə ayaqları, əlləri ilə onu silkələdi, qışqırıb hay qaldırdı. Lakin kəsik-kəsik hürən itlərdən başqa kimsə səsinə səs vermədi.

- Yaxşı, mübaşir köpək oğlu, bu acığı səndən çıxmasam heç Əli deyiləm, - deyib, əvvəlki yerinə qayıtdı və azca sonra xorna çəkə-çəkə yuxuladı.

Sübh açılanda Musa kişi qonum-qonşudan bir neçə nəfəri başına yığıb, əhvalatı danışdı:

- Başıma belə bir müsibət gəlib, şahid olun!

Onlar təəssüf etdilər. Mübaşir Məmməd və Əli əmniyyəbaşının ondan ağır intiqam alacaqlarını söylədilər.

- Bundan belə sənə bu mahalda yaşamaq əl verməz. Köç bir başqa yerə get!

- Hara gedim, bir sürü külfəti hara aparım? Qabağı da qışa gedir. Soyuqdan qırılarlar, acından ölərlər. Nə olacaq qoy öz evimdə olsun, heç yerə getməyəcəyəm.

O, camaatın gözü qabağında mübaşir Məmmədin əl-qolunu açdı. Əli əmniyyəbaşını otaqdan çıxartdı, atlarını yəhərləyib, cilovunu əllərinə verdi:

- Xoş gəldiniz, ağalar! - deyib, qapını onlara göstərdi. Məsələnin nə yerdə olduğunu anlayan Əli əmniyyəbaşı atını məhmizlədi:

- Yaxşı, Musa kişi, qalsın qulluğunda!

Mübaşir Məmməd heç bir söz deməyib, boz atı onun dalınca sürdü. Onlar qara bir kölgə kimi payız səhərinin çəni içərisində gözdən itdilər. Musa kişi bütün günü heç bir iş görə bilmədi. Nəyə əl atırdısa qərarı gəlmirdi. Evdə hamı matəm içində idi. Hamı qaranlıq və qorxulu gələcəyi gözləyirdi. Körpələr belə bunu duymuş kimi susur və səslərini çıxartmırdılar.

Gün batana iki saat qalmış kəndin qırağında bir neçə atlı göründü. Bunlar əmniyyələr idi. Mübaşir Məmməd və Əli əmniyyəbaşı da onların içində idi. Onlar kəndə girib, birbaş Musa kişinin evinə tərəf getdilər. Bunu görən qonum-qonşu da oraya yığıldı. Mübaşir Məmməd irəli yeriyib, Musa kişinin yaxasından tutdu:

- On ildir ərbabın su pulunu vermirsən! İnəyi də, eşşəyi də, davarları da çıxart çölə!

Hirsindən qaralmış Musa kişi:

- Mübaşir Məmməd, - dedi, - keç, özün çıxart, apar, əlində küc var! Nə bacarırsan elə? Eybi yoxdur!.. Bir gün bu zülmün intiqamını görərsən!..

Əli əmniyyəbaşı əmr etdi:

- Kişi, artıq-əskik danışma! Heyvanları çölə çıxart! Musa kişinin tərpənmədiyini gördükdə əmniyyələrə  döndü:

- Tez, mal-qaranı çıxardın!

Əmniyyələr boğaz inəyi, eşşəyi və qoyunları tövlədən çıxartdılar. Səriyyə xala və uşaqlar ağlamağa başladı. Əmniyyələr onları yana itələyib, malları qabaqlarına qatdılar...

Mübaşir Məmməd Musa kişiyə:

- Beş günə qədər bu kənddən çıxmalısan. Hara gedirsən, cəhənnəm ol get! - dedi və qayıdıb özünü küçəyə atdı.

Elə həmin gecə Musa kişi keçə papaqını başına basdı. Yun şərfini boğazına sarıdı, köhnə çuxasını geydi və bir bağlama çörək götürüb kənddən çıxdı.

- Şahın yapına gedəcəyəm... Şikayət edəcəyəm.

Bu ümidlə üzünü Tehrana tərəf tutdu.

Lakin mübaşir Məmməd və Əli əmniyyəbaşı ondan əl çəkmədilər. Şəhərə qayıtdıqda onun əmlakını zəbt və özünü ailəsilə birlikdə Ərdəbil mahalından qovmaq haqqında əmr aldılar; artıq kökünü kəsmək, yer üzündən silib atmaq ixtiyarı əllərinə keçdiyini gördükdə sevindiklərindən şəhərdə bir saat qalmayıb, dərhal geri döndülər. Musa kişinin Tehrana getdiyini öyrəndikdə daha da qəzəbləndilər. Səriyyə xalanın qolundan tutub, uşaqları da yanına qoşdular. Kənddən çıxarıb qovdular.

- Ərin hara gedib, sən də ora get!

Səriyyə arvad naçar qaldı. Bir kəndli belə qorxusundan onlara əl tuta bilmədi. Gecəni yatmağa yer verə bilmədi Çünki mübaşir Məmməd və Əli əmniyyəbaşı:

- Şahın əmridir. Ərdəbil mahalında bunları kim himayə eləsə sürgün ediləcəkdir! - deyə bütün kəndə xəbər vermişdilər.    

Səriyyə arvad Gülnazın və uşaqların qolundan yapışıb, üzünü Tehrana tərəf çevirdi. “Bəlkə soraqlaşa-soraqlaşa kişini tapdım, başımızı bir yerə yığdı” - deyə yola düşdü, lakin daha böyük bir fəlakəti qarşılamağa doğru getdiyini canavardan qaçırkən özünü əjdaha ağzına atdığını bilmədi.

 ***

Payız küləyi Savalanın başından dərələrə və kəndlərə enirdi. Ayaz və şaxta getdikcə artır, çiskin və duman kəndi bürüyürdü. Odunu və kömürü olmayanlar ilk axşamdan yorğana bürünüb yatırdılar. Çillə yaxınlaşırdı. Yavaş-yavaş payız qışa çevrilir, ocaqların tüstüsü qalınlaşırdı. Yalnız Musa kişinin bacasından tüstü çıxmır, qaş qaralanda qapısında işıq görünmürdü. İlk axşamdan sonra qatı qaranlıqda ağır bir sükut onun evinə hakim kəsilirdi. Gecələr tövləyə dolmuş sahibsiz kənd itlərinin mırıltısından başqa bir səs bu sükutu xələldar etmirdi.

Belə bir axşamda Fridun kəndə daxil oldu. Həyəcan və intizarla ona tanış olan və qəlbində min bir xatirə oyadan kəndin səssiz küçələrindən keçib, Gülnazgilin evinə gəldi. Qapını açıq gördükdə heyrət etdi, dəhşətli bir fikir və gizli bir vahimədən sarsıldı. Özünü həyətə atdı, həyətin ortasında, nə isə sümük gəmirən bir it bu gözlənilməz gəlişdən hürkərək mırıldayıb, tövləyə soxuldu. Başqa bir it onu dişləyib, yenə çölə çıxartdı... Fridun, bir zaman parlaq ay işığında, Gülnazgilin yatdığı səkiyə çıxdı, o əndişə ilə dolu gecəni xatırladı. Əlindəki balaca çamadanı yerə qoyub oturdu, qəzəb qarışıq dərin bir kədər onu sarsıdırdı.

Kənd səssiz bir halda məzar sükutu içində yatırdı. Göylər qalın buludlarla örtülmüşdü. Hava şaxtalı və sakit idi. Hətta itlər belə bu sükutu pozmaq istəməyərək susmuşdular. Fridun bir müddət bu halda oturdu. İnsanın başına gələn sonsuz faciə və fəlakətlər fikrində cərəyan etdi. Bu dərdlər, bu göz yaşları qurtaracaqmı? Bir anda insan səadətini tarmar edən taleyin bu amansız oyunları bir nəhayətə çatacaqmı?.. Yenə sahibsiz bir it həyətə girdi. İnsan hənirtisi duyaraq təəccüblə uladı və birbaş tövləyə getdi. Orada yenə bir boğuşma qalxıb kəsildi. Fridun çamadanı götürüb həyətdən çıxdı. Kəndi tərk etməmiş ətraflı bir məlumat öyrənmək istədi. Tələsik Həsənalının qapısına getdi. Səsə onun arvadı çıxdı. Fridunu tanıyıb, sevinclə qapını açdı. Qucaqlayıb ağladı. Musa kişinin başına gələn müsibəti nağıl etdi. Fridun onun həsir üstündə yatmış çıl-çılpaq yetimlərinə baxıb ah çəkdi.

- Bəs Həsənalı hardadır?..

Arvad ağladı:

- Harda olacaq, gördü dolana bilmir, evdə oturub, uşaqları döyməkdən başqa bir işi yoxdur, getdi məscidə. Beş-on gün oturdu. Ərrəhmanı, yasini əzbərlədi, cümə axşamları onun-bunun ölüsünə yasin oxudu. Ondan da bir şey çıxmadı. Kənd məscididir, gələn azdır, biri verir, biri vermir. Baş götürüb, sürünə-sürünə getdi Ərdəbilə, beş gün qabaq gələn var idi, deyir cümə məscidinin həyətində qoşulub dilənçilərə...

Fridunun sanki boğazı qurumuşdu. Deməyə bir söz də tapmadı. Balaca çamadanı açıb, Musa kişinin uşaqları üçün gətirdiyi pal-paltarı arvada verdi və onun duaları altında kəndi tərk etdi.



* - London.

** - Pivə.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info