Qonaq Kitabı
ON ÜÇÜNCÜ FƏSİL

Xəzan fəslinin qüssəli günləri gəlib keçdikcə havalar soyuyur, mal-qaranın ayağı çöllərdən kəsilirdi. Savalanın üstü qalın duman və buludla örtülürdü.

Arvad-uşaq ağacların dibini və çuxurları doldurmuş payız küləyinin o tərəf-bu tərəfə qovduğu xəzəli çuvallara yığırdı. Bağ-bağça öz yaşıl donunu çoxdan tökmüş, ayrı-ayrı ağaclarda beş-on saralmış yarpaqdan başqa bir şey qalmamışdı. Təbiət yenidən yaratmaq, yenidən canlanmaq üçün qış yuxusuna hazırlanırdı. Həyat çöllərdən örtülü daxmalara, palçıq divarların arasına çəkilirdi. Kənd arvadları qışın tədarükünü qurtarırdı: kimi hazırladığı unu kəndiyə doldurur, kimisi yarmanı kisəyə yığır, kimisi yaman günün köməyi olan kudu və balqabaqları gizlədirdi.

Səriyyə xala və Gülnaz da qollarını çırmayaraq, evin içini səliqəyə salıb, qış azuqəsini yerbəyer etmiş, həyətə çıxmışdılar. Onlar uçuq toyuq hinini palçıqlayır və həyətin bir guşəsinə yapılmış təzəkləri qalağa yığırdılar. Musa kişi isə yenicə kələyə gəlmiş sarı inəyin axurunu təmizləyib, yerini rahatlamış və tövlənin bir küncünə atdığı sınıq-salxaq kürsünün qıçına mıx çalırdı. Balaca Ayaz gah kürsüdən yapışmaqla, gah çəkic verməklə, gah mıxları ovcunda saxlamaqla atasına kömək edirdi. O biri uşaqlar başını tövlənin divarına sürtən kök toğlu ilə oynayırdılar. Musa kişi kürsünü düzəldib, səkiyə qoydu və dönüb toğluya baxdı.

- Arvad, yeri o bıçağı mənə ver, toğlunu da kəsim. Bundan sonra qalmağının bir faydası yoxdur. Yemini çatdıra bilməyəcəyəm, başlayacaq arıqlamağa. Cümə axşamıdır, kəsək içalatını uşaqlar yesin, ətini də qovurma qayır, doldur küpəyə, qış uzun olacaq, yavaş-yavaş uşaqlara yavanlıq edərsən.

- Hə, kəs, kəs! - deyə uşaqlar bir-birinə qarışdı. Gülnaz qaçıb evdən taxta dəstəli, pas atmış uzun bıçağı gətirdi. Musa kişi qolunu çırmadı, bıçağı daşa çəkdi. Toğlunu ayağının altına yıxıb kəsdi və tövlənin qapısından başıaşağı asıb soymağa başladı.

- Arvad, sən allah yadından çıxmasın, bu ətdən bir tikə də o Həsənalının yetimlərinə göndər, yazıqdırlar. Bunun savabı dünyaya dəyər, - dedi və gecə düşməmiş toğlunu soyub qurtarmağa tələsdi. Lakin hələ quyruğunu soyub qurtarmamış qaş qaraldı, bütün kəndi və həyəti bir qaranlıq bürüməyə başladı. Gülnaz qaçıb saxsı çırağı yandırdı və tövlənin iç tərəfindən qapının yanından asdı. Musa kişi toğlunun içini təzəcə çıxarıb Gülnazın əlindəki mis qaba qoymuşdu ki, həyət qapısı döyüldü. Hamısı diqqətlə gözlərini qapıya dikdi. Hər qapı döyüləndə min bir həyəcan keçirən Gülnaz, bu dəfə də özünü saxlaya bilmədi. Dərhal ürəyi döyündü. Qeyri-ixtiyari:

- Fridun?- deyə səsləndi.

Musa kişi gözaltı ona baxdı. Fridunun fikrini birdəfəlik onun başından çıxartmağa çalışdı:

- O bir də haradan buralara gəlib çatacaqdır, qızım. Kim bilir başında nələr var...

Lakin qapı döyənin Fridun olduğuna inanan Gülnaz onun sözlərini eşitmədi. Qapıya tərəf yollandı, Musa kişi onu saxladı:

- Sən getmə, bala, birdən yad adam olar. Qayıt, qoy anan açsın.

Bu dəfə qapı daha səbirsizliklə döyüldü. At kişnəməsi eşidildi. Musa kişinin ürəyinə gizli bir qorxu girdi.

- Kim ola bilər? Axşam qovuşan vaxtda kimdir görəsən... Arvad, əvvəl soruş, sonra aç.

Üçünçü kərə qapını taqqataqla döydülər, az qaldı dabanı çıxsın. Səriyyə xala özünü yetirdi:

- Kimsən?.. Qapı döyən, kimsən?..

Küçədən acıqlı bir səs eşidildi:

- Qırılmamısınız ki, hay niyə vermirsiniz? Aç qapını...

Arvadın səsi titrədi:

- Kimsən, ay qardaş?

- Qorxma, adam yeyən deyiləm, aç!

Musa kişi mübaşir Məmmədin yoğun səsini tanıdı.

- Zatına lənət,- deyib tüpürdü. - İt kimi iy bilir -  Çarəsiz qalıb, özü qapını açdı.

Əli əmniyyəbaşının da mübaşir Məmmədlə gəldiyini gördükdə ürəyinə dammış qara-qorxu artdı. Mübaşir Məmməd atının cilovunu ona uzatdı:

- Al bunları, yerbəyer elə! Qapını niyə açmırsan, kişi? 

- Eşitməmişəm.

Mübaşir Məmməd istehza ilə onu Əli əmniyyəbaşıya göstərdi:

- Hi, hi, eşitməyib? Niyə, kar olmusan, qulaqların tutulub?

Al cilovu!

Onun hələ də yerindən tərpənmədiyini gördükdə acıqlandı, axşam qaranlığında gözlərini qıyıb, diqqətlə bütün vücuduna nəzər saldı.

- Qollarını niyə çırmalamısan, kişi? Yoxsa pəhləvanlıq eləmək fikrindəsən? Al, atları çək pəyəyə!

Cilovu onun üstünə atıb, həyətə girdi. Çıraq işığında ağaran yarı soyulmuş cəmdəyə yaxınlaşdı, o tərəf-bu tərəfə hərləyib:

- Yaxşı kabablıqdır! - dedi və Əli əmniyyəbaşıya döndü. 

- Sənə demədim ki, bu kişi halal adamdır. Bir gör qonağı necə qarşılayır?!

Əli əmniyyəbaşı gəlib toğluya baxdı: 

- Ətə söz yoxdur! - dedi. - Amma mən dilimə vurmayacağam. Canın üçün, Məmməd, vurmayaçağam... Bir tikə ağzıma alsam dədəmə lənət!

- Niyə, gədə, yoxsa orucsan? Bəlkə tövbə eləmisən?

- Kişi, adam nə qədər ət yeyər. Hara gedirəm ət, hansı qapını döyürəm kabab. Lap iyrənmişəm. Bilirsən dadaş bu əmniyyənin günü də bir gün deyil. Kəndli ona Şümürə baxan kimi baxır. Qabağına bir tikə dadlı xörək qoymaz. Yediyi arıq dana, ya da qoca inək ətidir. Amma mən o əmniyyələrdən deyiləm. Hara çatdım ya gərək əmlik quzu, ya da altıaylıq toğlu kəsələr! Yuxarısı ilə işim yoxdur.

- Bir yaxşı bax, bu da elə builki toğludur.

- Lap istəyir biraylıq quzu olsun, dilimə vurmayacağam. Çünki iyrənmişəm! Qoyun əti görəndə ürəyim bulanır.

O, bir-birini dimdikləyib, hinə doluşan toyuqlara baxdı və sonra üzü yaşmaqlı və məyus halda körpələrinin yanında dayanmış Səriyyə xalaya döndü. Onun gözlərindəki nifrəti görmədən:

- Arvad, o fərələrdən bir-ikisini tut, - dedi, - yaxşı çığırtması olar. Çox lazım deyil! Elə ikisi-üçü olsa kifayətdir. Yatar qarına çox yeməyin faydası yoxdur...

Səriyyə cavab verməyib, atları həyətə çəkən Musa kişiyə tərəf döndü. Əyəyindən tutmuş və axşam sərinində titrəşən körpələr bir az da ona qısıldılar. Yalnız Gülnaz yerindən tərpənmədi. Səkinin yanında neçə şax durmuşdusa, eləcə də durub qaldı. Əsəbi halda başındakı yaylığının ucunu düyünləyib açır, gözaltı mübaşir Məmmədə və Əli əmniyyəbaşıya baxırdı. O, bayquş kimi həyətlərinə kədər və qüssə gətirmiş bu adamların yaxasından tutub çölə atmaq, qovub eşiyə salmaq istəyirdi. Lakin atasına, onun vahimə ilə dolu baxışlarına və itaətkarlıqla qəzəbin bir-birinə qarışaraq ağırlaşdırdığı hərəkətlərinə baxdıqda nifrətini boğmalı olurdu. Mübaşir Məmməd heykəl kimi hərəkətsiz durmuş qıza nəzər saldı, bir anda xırman yadına düşdü. Kinli bir səslə:

- Ay qız, bir bardaq su gətir əlimə tök! - dedi və qollarını çırmadı.

Gülnaz bir ona, bir də atasına baxıb, yerindən tərpənmədi. Musa kişi: “şər qapımdan içəri girib” deyə düşündü, bəlkə xoş üz və insaniyyətlə onları yola gətirmək mümkün olacağını qərara alaraq Gülnaza:

- Qızım, su gətir, qonaqdır, hörmətlərini saxla, - dedi və onlara döndü:

- Buyurun evə, bu saat hər şey hazır olar. Buyurun evə.

Mübaşir Məmməd qeyri-insani ehtirasla yanan gözlərini bir də Gülnaza tərəf çevirdi və gözlənilmədən:

- Ay Musa kişi, qızı niyə ərə vermirsən? - dedi. - Qız uşağını nə qədər tez versən o qədər yaxşıdır. Ver getsin! Evdə qaldı, havayı çörək yeməkdən başqa bir xeyri olmayacaq. Ver getsin! Yoxsa bir gözləmən var, ay lotu? Ha, ha, ha!.. Yəqin gözləmən var! De görüm bir kimi gözləyirsən? Sən allah, bir de görüm belə qızı kimin üçün bəsləmisən?..

- Ağayi mübaşir Məmməd, - dedi, - içəri buyurun, bu sözlər, bu danışıq nəyə lazımdır? Mənə qonaq gəlmisiniz, buyurun içəri, gözüm üstə yeriniz var. Daha arvad-uşaq yanında bu sözlərin nə mənası var?..

Mübaşir Məmməd özünü sındırmadı:

- Acığın niyə tutur, ay kişi? Mən nə dedim ki, sənin kefinə dəydi? Sözdür, soruşdum, istəyirəm görüm bizi də toya çağıracaqsan, ya yox? Belə qıza gərək bir toy eləyəsən ki, bütün mahal tamaşasına gəlsin!..

Əli əmniyyəbaşı əlini Musa kişinin çiyninə vurdu:

- Kişi, sevin ki, allah sənə belə bir nemət əta eləyib!  - Vallah nemətdir! Heç Ərdəbil tacirlərində belə qız yoxdur. İndiki zamanda bu cür qız bir xəzinəyə bərabərdir. İmanımız haqqı, mən onu bir xəzinəyə dəyişmərəm, kişi!..

Musa kişi söhbəti uzatdıqca onların həyasızlaşacağını görüb cavab vermədi, sözü dəyişdi.

- Ağalar şama nə meyl edəcəklər?

Mübaşir Məmməd:

- Mənim üçün heç nə,  - dedi, - bir az iç qovurması, bir az qabırğa kababı, bir-iki stəkan çay, yatana yaxın bir kasa qatıq da tapılsa lap qiyamət olar. Adət etmişəm, qatıqsız yatanda yuxum qaçır, bu mənimki. O ki qaldı ağayi Əli əmniyyəbaşıya, özləri buyursunlar.

- Nə buyuracağam, dadaş! Bir gecəlik qonağıq, ev sahibi nə versə ona da şükür. İndi ki soruşursunuz, nə eybi, deyə bilərəm. Bir-iki fərə çığırtması pis olmaz. Bəlkə iç qovurmasından da bir tikə ağzıma qoydum. Bir də o ətin yumşaq yerindən quyruq qarışıq bir kabab hazırlasınlar, işdir, birdən ürəyimiz istəsə yeyərik, çünki payız gecəsinin işini bilmək olmaz.

Mübaşir Məmməd onun sözünü kəsdi:

- Doğrudan da, dünyada bu payız gecəsindən pis şey yoxdur. O qədər uzundur ki, qurtarmaq bilmir ki, bilmir. Yeyirsən, içirsən, durub gəzirsən, kart oynayırsan, dərviş nağılına qulaq asırsan. Ləndəni* tutursan, yenə gecə gəlib keçmir. Bura bax, ay Musa kişi, bir-iki şüşə abco** tapsan necə olar? Hə? Sən öl, gecəni xoş keçirmək üçün abcodan yaxşı şey yoxdur. Bəlkə sən tiryək çəkirsən? O da var. Bax bu tiryək məndən! Sən də yeri, abco tap!..

Musa kişi bərk xataya keçdiyini gördü.

- Ağalar, - dedi, - insaf eləyin, burada abco nə gəzir. Kənd yerində abco içən kimdir? Tiryəkiniz də özünüzün olsun. Çəkin nə qədər çəkirsiniz. Ancaq insafı yerə qoymayın!..

Mübaşir Məmməd israr etdi:

- Abcosuz o əti yemək haramdır! Adamın canına sinməz! Gərək iştahaçan, qızışdıran bir şey olsun ki, yeyə biləsən!.. Səni and verirəm o getdiyin Xorasana. Musa kişi, bizi naümid eləmə, bir-iki şüşə o zəhrimardan tap!

Əli əmniyyəbaşı Musa kişinin ümidsiz nəzərlərini görüb sözə qarışdı:

- Musa kişi sən zəhmət çək o xurcunun gözünü aç, orada bir-iki şüşə var. Onları bura gətir!

Mübaşir Məmməd narazı bir səslə:

- Nədir, abcodur? - deyə soruşdu.

- Yox, dadaş, abco da içkidir ki, xurcuna qoyub kəndbə-kənd gəzdirəsən. Konyakdır, xalis firəngi konyak!..

Mübaşir Məmmədin üzü yenidən güldü:

- Yox canım üçün, mən abcosuz dilimə şey vura bilmərəm!

Əli əmniyyəbaşı Musa kişiyə:

- Sən hələ bir xurcundakıları gətir! - deyə əmr etdi.

Musa kişi qaranlıq həyətə çıxdıqda Əli əmniyyəbaşı təəccüblə mübaşir Məmməddən soruşdu:

- Nə tutmusan abconun yaxasından. Konyak da var, Şiraz şərabı da!..

Mübaşir Məmməd güldü:

- Cavansan, cavansan, ağayi-mən! Dünya görməmisən!

- Abconu ingilis konyakından, Şiraz şərabından üstün tutmaq cavanlıq isə, mən cavanam.

Mübaşir Məmməd bu dəfə lap ucadan güldü.

- Gördün, dadaş, cavansan! Əzizim, dərd abco dərdi deyil. Mətləb bu qara qurumsağı evdən yayındırmaqdır. Dərd Gülnazın dərdidir!.. Mən də bilirəm ki, Şiraz şərabı abcodan ləzzətlidir. Mən də bilirəm ki, kənd hara, abco hara. Ancaq mənim fikrim bu kişini başdan eləməkdir. İndi mültəfit oldun, yox?

Musa kişi xurcunu gətirib içəri qoydu. Artıq onun hərəkətlərində bir qətiyyət və təmkin vardı. Səriyyəni çağırdı:

- Arvad, su gətir, ağalar əllərini yusunlar, sonra süfrəni aç.

Səriyyə tas və aftafanı gətirib, mübaşir Məmmədin və Əli əmniyyəbaşının əllərinə su tökdü. Sonra süfrəni açdı. Çörək və qabları düzüb çıxdı. Musa kişi iç qovurmasını ortalığa qoydu.

- Hələlik bir qəlyanaltı eləyin!

Əli əmniyyəbaşı konyakı açıb, piyalələrə doldurdu. Birini mübaşir Məmmədə uzatdı:

- Buyur, Musa kişinin sağlığına!

Musa kişi “lənətullah” deyib, başını yana çevirdi. Onlar birnəfəsə piyalələri başlarına çəkib, iç qovurmasını bürmələyib yedilər. Mübaşir Məmməd qapının ağzında ayaq üstə durmuş Musa kişiyə döndü, şişkin ordlarını tərpədə-tərpədə:

-  Ay Musa kişi, bəlkə bir şüşə abco tapıldı? - deyə soruşdu.

Musa kişi qəti cavab verdi:

- Bu kənddə abco olmaz!

- Burdan şəhərə çox olsa yarım ağac ancaq ola. Musa kişi, gəlsənə bizə bir yaxşılıq   eləyəsən. Min mənim boz atımın belinə, sür birbaş şəhərə! Onca şüşə abco al, qayıt. Buyur, bu da pulu. On tüməndir. Abco eləyir dörd tümən, qalanı da sənin. Durma, tərpən!..

Musa kişi ani bir fikirdən sonra:

- Baş üstə, gedərəm. Ancaq pulunuzu cibinizə qoyun, mənim evimə qonaq gəlmisiniz, hər xərci də məndəndir. Pulunuzu cibinizə qoyun, - dedi və qəti hərəkətlə dönüb otaqdan çıxdı. Mübaşir Məmməd arxayınlaşmaq üçün qapıda durub, onun dalınca baxdı. Musa kişi birbaş tövləyə getdi. Boz atı yəhərlədi və həyətə çəkdi. Belinə sıçrayarkən Gülnaz ona yaxınlaşdı, titrək səslə soruşdu:

- Ata, bu gecəgözü hara?

Musa kişi sərt bir səslə:

- İşin olmasın, qızım! Siz qonaqlara qulluq eləyin, -  dedi və Səriyyəni kənara çəkib nə isə qulağına pıçıldadı. Sonra boz atı məhmizlədi. Azca keçməmiş atın ayaq səsləri qaranlıq və sakit payız gecəsinnn qoynunda itib getdi.

Onlar arxayınlıqla içib yeyirdilər. Əli əmniyyəbaşı içdikcə ilhama gəlib danışan adamlardan idi. Ona görə də mübaşir Məmmədə fürsət vermədən başına gələn kənd macəralarından nağıl edir, bir xatirəni qurtarmamış, o birisini başlayırdı:      

- Səndən naxoş, bu Nəmin tərəfdə çox gözəl gəlinlər olur. Bir dəfə minakərdən, sağrısı ət bağlamış birisi gözümə dəydi. Ərə getdiyi də bircə ay ola-olmaya. Gördüm keçməli can deyil. Göz-göz eləyib, bir gecə özümü saldım həyətlərinə. Əri çölə, taxıl suvarmağa getmişdi. Evdə qoca qarı və körpə uşaqlardan başqa heç kəs yox idi. Gözlədim hamı yatdı. Gördüm gəlin yerini uşaqlarnan qaynanasının arasında salıb, gördüm, onu da yuxu apardı. Gecənin bir aləmində yavaşca yerimdən tərpəndim, girdim gəlinin qoynuna, ayılanda istədi hay sala, dedim, özünü də ölmüş bil, ərini də. Yalvardı, ilan kimi dil çıxartdı ki, mənə əl vurma. Qulaq asan kimdir. Məgər ilan ağzından qurbağa qurtarar? Dan söküləmdə atın belinə minib, kənddən çıxdım.

Gülnaz kabab gətirdi. Süfrəyə qoyub qayıtmaq istədi. Mübaşir Məmməd xumarlanan gözlərini onun ala gözlərinə tutdu. Qız başını aşağı saldı. Mübaşir qalxıb, qolundan tutdu:

- Otur xanım qız, otur, bizimlə xörək ye! Nə olar, bircə tikə yesən? - dedi və qızı özünə tərəf çəkdi. Qız sivişib, onun qolları arasından çıxdı, otağın ortasında durub gözünün içinə baxdı.

- Heç elə fikirlərə düşməyin, ağa! Mən siz deyənlərdən deyiləm!

- Səndən də uca uçanları vurub, yerə salmışıq!

- Şərafətiniz varsa, ağa, bu qapıdan içəri qonaq kimi girmisiniz, qonaq kimi də çıxıb gedin. Duz-çörək sizi tutar!..

Gülnaz mübaşir Məmmədin cavabına qulaq asmadan otaqdan çıxdı. Əli əmniyyəbaşı qızın gözəlliyini sanki indi hiss etdi:

- Amma mən heç beləsinə rast gəlməmişəm. Dünyaya dəyər. Mübaşir Məmməd bir rəqib kimi ona baxdı, gözlərində bir qısqanclıq gördü və onun tamahını kəsmək istədi:

- Doğrusu, mən bu qızı almaq istəyirəm. Fikrim ciddidir. Kəndli qızı olanda nə olar? Yaman ürəyimə yatıb.

Əli əmniyyəbaşı onun çənəsindən tutub silkələdi:

- Bu kələkləri kimə gəlirsən, dadaş?.. Lazım deyil, qorxma, arxayın ol, mənim işim yoxdur. Mən tamah dişimi çəkdim.

Onlar bir piyalə də içdilər. Əli əmniyyəbaşı:

- Doğrudan da, keçməli xanım deyil! - deyə mızıldandı. Mübaşir Məmməd onunla dalaşacağından qorxaraq, hiylə işlətmək istədi:

- Əli, heç yaxşı deyil ki, bir adamın çörəyini yeyəsən, arvad-uşağına da xəyanət gözü ilə baxasan... Gəl lənət şeytana deyək, tökək bu daşı ətəyimizdən. Özü də cavan qızdır, yazıqdır. Heç bu namərdliyi eləmək kişilikdən deyil. Gəl ömrümüzdə bir dəfə biz də kişi kimi hərəkət edək!

Mübaşir Məmməd Əli əmniyyəbaşını içirib yuxuya vermək, Gülnazı fikrindən daşındıraraq yatırmaq və sonra istədiyinə nail olmaq xəyalında idi. Əli əmniyyəbaşı bunu duyaraq:

- Əzizim, mübaşir Məmməd, - dedi, - bu biclikləri mənə gəlmə. Belə işə birinci dəfə düşürəm ki, məni tovlayasan? Mən özüm çoxlarını bu cür aldatmışam. Amma indi sənə kişi sözü verirəm. Üç saat qız sənin ixtiyarında, nə bacarırsan elə. Maneçilik yoxdur. Üç saatdan sonra istəyir allah da gəlsə mənim qabağımda dura bilməz. Vəssəlam!.. Mənim şərtim budur, de görüm razısan, ya yox?

Mübaşir Məmməd əlini onun üzünə vurdu:

- Gədə, sən məndən də həyasızsan, razıyam!..

Çığırtmanı da yeyib, konyak və şərab şüşələrini boşaltdıqdan sonra mübaşir Məmməd Əli əmniyyəbaşıya:

- İndi zəhmət çək, sən yat! - dedi, - vaxtında mən özüm səni oyadaram.

Əli əmniyyəbaşı:

- Zəhmət çəkmə, özüm də oyanaram, - dedi və soyunmadan yatağa uzandı. Çox keçməmiş Gülnaz süfrəni yığışdırarkən, onun xorultusu evi bürüdü. Kənddə məzar sükutu vardı. Yalnız kəsik-kəsik hürən kənd itlərinin səsi eşidilirdi: Mübaşir Məmməd qayıdıb, içəri girdi. Qabları tələsik yığıb, getmək istəyən Gülnazı qucaqladı. Qız yenə çırpınıb onun əlindən çıxdı. O, qapını kəsdi.

-  Qız, mən sənə aşiq olmuşam, gəl səni alım. Şəhərə aparım, xanım olarsan!..

Yanaqları odlanıb yanan Gülnaz:



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info