Qonaq Kitabı
ON BİRİNCİ FƏSİL

Rza xan, heç bir şey düşünmədən, qəti bir hökm kimi, əmr etdi:

- Get!.. Başımı ağrıtma!

Həkimülmülk tez dönüb çıxmaq istədi. Rza xan onu saxladı:

- Vəzir, Mazəndaranda Hikmət İsfahaninin malikanəsi varmı?

- Bəli, əlahəzrət, gərək olsun.

-  Çox yaxşı malikanədir, Rəmsərin*-  gəliri hesabıma onu almaq lazımdır.

- Bəçeşm, əlahəzrət!

- Get!

Vəzir, qulağı səsdə ola-ola otaqdan çıxdı. Bir də çağrılmadığını gördükdə qapını örtdü və dərindən nəfəs aldı. Başını qaldırıb ətrafına baxdı. Saray qulluqçuları nüfuzedici nəzərlərlə onu süzdülər. O bu baxışlara fikir vermədən belini düzəldib, başını dik tutaraq, təkəbbürlə yeridi. Fikrində isə ağayi Hikmət İsfahaninin Mazəndəran malikanəsini Rza xanın adına keçirmək yollarını axtarırdı.

 * * *

Təyin olunmuş zamanda İngiltərə səfiri, yanında mister Tomas diplomatlara məxsus bir dəqiqliklə Sədabada, Rza xanın sarayına gəldi. Onları qapıda xaricə vəziri və vəziri-dərbar qarşıladı. O, anqlosaksların bütün şərq ölkələrində adət etdiyi ağayana bir təkəbbürlə davranır, vəzirlər isə öz hərəkətlərində İran kübarlarına xas olan zahiri nəvazişə bir də əcnəbilər qarşısındakı yaltaqlığı əlavə edirdilər. Səfir böyük bağa və saraya baxaraq:

- Mən, - dedi, - həmişə bura gələndə özümu Londonda hiss edirəm. Buradakı stil, səliqə və mədəniyyətə hər hansı Avropa şəhri qibtə edə bilər. Əlahəzrətin nəinki siyasət məsələlərində, sənət və yaşayışında da anlayışı dərin, zövqü kamildir.

Mister Tomas səfirin sözünə qüvvət verdi:

- Əlahəzrətin qeyrəti sayəsində İran Avropa tərəqqi yoluna düşdü.

Mister Tomas, sanki qəsdən sözlərin mənasını öldürmək üçün cansız bir mikrofon kimi danışırdı. Hətta dinləyən onun istehza etdiyini, kimi isə ələ saldığını düşünə bilərdi. O, eyni ahənglə sözünü davam etdirdi:

- Bu tərəqqi sürətilə İran tez bir zamanda bütün islam şərqinə nümunə ola bilər.

İngilisin ağzından çıxan bu sözlər vəzirlərə və xüsusən Həkimülmülkə təsir etmişdi. O, İran saray adamlarına xas olan şirin bir dil ilə cavab verdi:

- İngiltərə dövlətinin köməyi və hüsn-niyyəti sayəsində və əlahəzrətin səy və bacarığı nəticəsində İran daha artıq tərəqqi edəcəkdir. Vəziri-xaricə onun sözünü təsdiq etdi:

- Əlbəttə, əlbəttə.

Onlar yavaş addımlarla irəliləyib, söhbət edə-edə saraya doğru gedirdilər. Danışıqları bir mövzu ətrafında deyildi. Söhbət gah oradan, gah buradan düşürdu. Sarayın geniş dəhlizindən keçərək, xalılarla döşənmiş otağa girdikdə Rza xan durub qabağa gəldi. Səfir mister Tomasla görüşərkən, xeyli müddət əllərini əlində saxlayıb hal-əhval sordu, dumanlı simasını süni gülüşlə işıqlatmağa çalışaraq, təbiətindən xaric bir nəvaziş və hörmət göstərdi. Hətta bu mülayimlik və yumşaqlıqda nə isə bir nökər mütiliyi və zavallılığı vardı.

Rza xan onları oturmağa dəvət etdi. Vəziri-xaricə və vəziri-dərbar səfirin altına adama bir kürsü çəkdilər. O, vəziri-xaricənin qoyduğu kürsüyə oturdu. Sonra da mister Tomasa yer göstərdilər. Aralığa İran adəti üzrə çay deyil, balaca, zərli qrafinlərdə konyak və şirniyyat gətirdilər. Rza xan özü səfirə və mister Tomasa konyak təklif edərək, bir də əhvalını soruşub, Tehran istisinin onlara əziyyət edib-etmədiyi ilə maraqlandı və əlavə etdi:

- Artıq istilər qurtarmaqdadır. Gözəl payız başlanır. Mister Tomas söhbəti istədiyi məcaraya salmaq və özünün oynaq fikirli adam olduğunu göstərmək üçun:

- İstilər hələ bundan sonra başlayacaq, əlahəzrət, - dedi.

Rza xan da, vəzirlər də güldülər. Mister Tomas:

- Bəli, abü havadan çox tünd istilər olacağı görünməkdədir, - deyə əlavə etdi.

Beləliklə onlar söhbəti yavaş-yavaş siyasi məcrayə saldılar.

Səfir Avropada başlanmış müharibədən, böyük dövlətlər arasındakı münasibətdən, şərqin hadisələr axınından kənarda qala bilməyəcəyindən və məlum səbəblərə görə İngiltərənin İrana xüsusi diqqət yetirməsindən danışdı.

- Nümayəndəsi olduğum əlahəzrət Kral dövləti İranın hər hansı bir dövlət əlində krallığın mənafeyinə qarşı alət olmasına heç bir vəchlə yol verə bilməz. Dünya hadisələrinin gedişi elə bir mərhələyə gəlib çatmışdır ki, İran torpağı imperiyanın müdafiəsində həmişəkindən daha artıq bir əhəmiyyət kəsb etmişdir. Kral dövləti hər hansı gözlənilməz vəziyyət və əmrvaqe qarşısında qalmamaq üçün İngiltərənin özünə sadiq dost bildiyi əlahəzrət hümayunla danışıqlara başlamağı məsləhət görür.

Rza xan özünü fikrən mütərəddid kimi göstərdi. Səfirin hansı dövlətə, Sovetlər İttifaqına, yoxsa İngiltərə ilə müharibə vəziyyətində olan Almaniyaya işarə etdiyini bir növ kəsdirə bilmədiyini söylədi. Onu açıq olmağa dəvət etdi:  

-  Mənim möhtərəm dostum hansı dövlətin İranı alətə çevirmək istədiyini nəzərdə tutur!

Səfir Rza xanın sualındakı mənanı anlayaraq, ona rahatverici bir cavab verməyə tələsdi:

- İranın şimal sərhədlərindəki dövlət quruluşu krallığın nəzərində İranı da, başqa şərq ölkələrini də əndişədə saxlayır. Əlahəzrət Hümayunun özünün də bu məsələnin incə nöqtələrini başa düşdüyünü biz bilirik. Bircə dəqiqəliyə İranın xəritəsini nəzərinizə gətirin. Bu tərəfdə: Azərbaycan, Kürdüstan, Gilan, Mazəndəran, Xəzər dənizi. O tərəfdə Sovet Azərbaycanı, Bakı, Ermənistan, Türkmənistan, yenə Xəzər dənizi. Məsələ heç bir izah tələb etmir.

Səfirin sözlərini çox rəsmi və soyuq hesab edən mister Tomas söhbətə qarışdı:

- Almanlarla biz mübahisələrimizi ya dava meydanında, ya da stol dalında həll edə bilərik. Yeni bir Münhen tapıb, Hitleri ora dəvət etmək mümkündür. Lakin bolşeviklərlə heç bir danışıq mümkün deyil. Onlarla bizim davamız iki ideolojinin davasıdır ki, biri aradan çıxmayınca qurtarmayacaq. İran bu davada bizim qabaq cəbhəmizdir. O krallığın böyük həyat mənbələrilə Rusiya arasında düşmüş bir körpüdür. Britaniya pələngi bir gün sıçramalı olarsa bu körpüdən başqa yolu yoxdur.

Rza xan mister Tomasın sözünü kəsdi:

- On beş ildir ki, İran bir hasar olub, Rusiyadakı qarışıqlığın Hindistan sərhədlərinə gəlib çıxmasına yol vermir...

İran hakim dairələrinin hər bir danışıq zamanı özlərini baha satmaq üçün irəli atdıqları bu səbəb səfirin də, mister Tomasın da əsəblərinə toxunurdu. Lakin onlar ingilis soyuqqanlılığı ilə bir-birinə baxıb bu sözü qulaqardına vurdular. Mister Tomas əvvəlki fikrinə qayıtdı:

- Rusiya ilə biz burada birinci dəfə üz-üzə gəlmirik. Lakin köhnə rus dövləti ilə danışmaq mümkün idi. O qoşun saxlamağa yer istəyirdi. Mal satmağa bazar. Daha dövləti dəyişmirdi, qarışıqlıq salmırdı. Bunlar isə ayaqları dəyən yerdə torpağı eşməyə başlayırlar. Onları Volqa sahillərinə qədər sıxışdırmayınca nə siz rahat ola bilərsiniz, nə biz... Qafqaz İranın təsiri altında olmalıdır.

Artıq çoxdan İran hakimlərinə bir xəyal qədər mahal görünən bu fikirlər Rza şahı şirnikdirir, nəzərlərində Qafqazın uca dağlarını, Azərbaycan, Gürcüstan və Ermənistanın abad şəhərlərini, münbit torpaqlarını canlandırırdı. Mister Tomas isə ingilis müstəmləkə qoşunlarının İrandan keçərək, Qafqazı zəbt etdikdən sonra oralarda ingilis imperiyasına daxil olan yeni dominionlar yaradılacağını, Bakı neftini ələ keçirəcəyini və İran məsələsinin də birdəfəlik həll olunacağını düşünürdü.

Mister Tomasın sözlərindən sonra Rza xanın simasında yeni süni təbəssüm əlamətləri və bir sakitlik göründü.

- Biz heç vaxt Birləşmiş krallığın köməyindən boyun qaçırmamışıq. Şimal əleyhinə mübarizədə balaca İran böyük dövlətlərin hər cür təşəbbüsündə iştirak etməyə və əlində olan bütün vəsaiti onların sərəncamına verməyə hazırdır.

Səfir razılıqla gülümsədi:

- Biz əlahəzrətin siyasət aləmindəki istedad və fərasətini həmişə yüksək dərəcədə qiymətləndirmişik. Öz xeyirxah işlərimizdə ona ümid bağlamışıq. İran üfüqlərini və krallığın üstünü qara buludlar aldığı bir zamanda onun tədbirlə hərəkət edəcəyinə əminik. Hazırda ümumi mənafeyimiz İranın şimal məntəqələrində yeni təyyarə meydanları tikilməsini, istehkamlar yaradılmasını və ingilis müşavirləri və köməkçilərinin maneəsiz fəaliyyətini tələb edir.

Rza xan üzünu vəziri-dərbara və vəziri-xariciyə tutdu:

- Cənab səfirin nümayəndələrilə birlikdə üç günə qədər bütün məntəqələr və lazımi şərtlər müəyyən edilsin!

Vəzirlər “bəçeşm!” deyib, təzim etdilər.

Mister Tomas:

- Əlahəzrətin nəzərini İranın əmniyyət və tərəqqisində böyük əhəmiyyəti olan bir məsələyə də cəlb etmək istəyirəm -  dedikdə, Rza xan və vəzirlər diqqətlə ona baxdılar. Mister Tomas bolşevik təbliğatının gücləndiyini və buna qarşı mübarizənin zəifliyini şahın nəzərinə çatdırdı. O bu məsələləri dünyanın vəziyyəti ilə bağlayıb, Polşa, Finlandiya və Baltik sahili ölkələrini xatırlatdı. “Rus təhlükəsinin” İranı heç də oralardan az təhdid etmədiyini söylədi:

- Bu təhlükəyə qarşı mübarizə lazımdır. Kommunizm təhlükəsi ifşa olunmalıdır. Tehranda və İranın başqa yerlərində çıxan qəzetlərdə isə buna əhəmiyyət verilmir. Krallıq dövləti adından nəzərinizi bu vacib məsələyə cəlb etməyi borc bilirəm.

Rza xan acıqlı və tənəli nəzərlə öz vəzirlərinə baxdı. Bunun mənasını anlayan vəzirlər başlarını aşağı saldılar. Rza xan gözünü başıaşağı oturmuş vəzirlərdən çəkmədi:

- Mister Tomas, düz buyururlar. İran ruznamələrinin qulaqları kar, gözləri də kor olubdur. Nə dünyanın övzaini, nə də məmləkətini, istiqlaliyyətini təhdid edən qorxunu görmürlər. Ya da görüb susurlar. Bir də onlara deyin ki, İranda çıxan hər bir ruznamə İran dövlətinin siyasətinə xidmət etməlidir. Sabahdan rusların bizim daxili işlərimizə qarışlıqları, üstümüzə qoşun çəkməyə, müharibə etməyə hazırlaşdıqları, şimal neftini, hətta bütün şimal əyalətlərini qəsb etmək istədikləri qəzetlərdə faş olunmalıdır.

 Mister Tomas portfelindən bir kitabça çıxartdı:

- Əlahəzrət, heç bir şübhə yoxdur ki, bunu ruslar nəşr edib, İranda yaymışlar. Bütün bunlar rusların işidir.

Rza xan:           

- Əlbəttə, - deyə təsdiq etdi və vəzirlərə döndü:

- Rus təhlükəsi, rus təhlükəsi deyib hay salın! Təbil çalın, bütün məmləkəti oyadın!

Vəzirlər “bəçeşm” deyib, təzim etdilər.

 ***

Səfir, Rza xanla olacaq görüşlərini mister Hapolda xəbər verdi və hazırlaşmasını xahiş  etdi:

- Şimal neftinin tarixinə aid nə varsa, gözdən keçirin  - dedi.

Səfir də, mister Harold da şimal neftinə dişəgəlməz bir qoz kimi baxırdılar. Cənub nefti ingilislərin əlində idi. Onlar amerikanların cidd-cəhdini pozur və heç cür yaxına buraxmırdılar. Amerikanlar ingilisləri oradan sıxışdırıb çıxartmağı qarşılarında əməli bir vəzifə olaraq qoysalar da, onun çətinliyini və uzun vaxt tələb edəcəyini bilirdilər. Onlar nəzərlərini şimalda, İranın Sovetlərə həmsərhəd olan məntəqələrinə dikmişdilər. Mister Harold şəxsən, bütün rəsmi danışıqlara baxmayaraq, bu əqidədə idi ki, şimal məntəqələrinə ayaq basmaqla Amerika bir güllə ilə iki yox, bəlkə bir neçə ov ovlamış olacaqdır. Əvvəla o, zəngin neft yataqlarını ələ keçirəcəkdi, ikincisi mühüm strateji əhəmiyyəti olan yerləri nəzarət altına alacaqdı. Uzun bir sahədə, sovet sərhədlərində və birinci növbədə Bakının ətəyində hərbi bazalar yaradacaqdı. Nəhayət o, İranda neft istehsalına başlamaqla, ingilis - İran neft şirkəti ilə daha təsirli bir rəqabətə girib onu tezliklə öz əlinə keçirəcəkdi. Xususilə ikinci cahan müharibəsinin alovlanmağa başlaması, Almaniyanın yeni tələbləri İngiltərə imperiyasının açıq böhranlar keçirməsi mister Haroldu qəti olaraq bu əqidəyə gətirmişdi ki, Amerikanın İranda rəqabət edən dövlətləri sıxışdırıb çıxartmaq vaxtı gəlib çatmışdır.

Səfir də bu fikirdə idi. O, mister Haroldun İran haqqındakı mülahizələrinə qulaq asaraq, ciddi surətdə:

- İngilis və rusların İranda nüfuz məntəqələri var, -  demişdi. - Lakin Amerika İranı idarə etməlidir.

Bu sözlər mister Haroldun fikrini ifadə edirdi. O Amerikanın nəinki İranı, bəlkə bütün dünyanı idarə etməli olduğuİa bir dini ehkam kimi inanırdı. Hətta bu yolda müqəddəs müharibələr elan etməyə hazır idi. Buna görə də o, Amerika prezidenti mister Ruzvelti qəlbən liberal, uzağı görməyən bir siyasət adamı hesab edirdi. Onun siyasəti ilə barışa bilmirdi. Mister Haroldu İrana göndərən və dövlət departamentində oturmuş özü kimi düşünən adamlar olmuşdu. Onlar hamısı Ruzveltin siyasətini çox yumşaq və yaramaz bir siyasət sayır, bunu onun qocalığından doğan bir idealizm ilə izah edirdilər. Mister Harold inanırdı ki, şişməkdə olan Amerika bankları qarşısında bu yumşaq idealist siyasət davam gətirə bilməyəcək və onlar bir gün bütün dünyanı udacaqlar. Hitler dünya aralığı uğrunda ilk addımlarını atdığı dövrdə mister Harold belə düşünürdü. Hitlerin fikirlərini isə o, maddi əsasdan məhrum olan boş bir xəyal, hərəkətlərini əsl bir Don Kixotluq sayırdı. Lakin bu boş xəyal və Don Kixotluğun mister Haroldun nəzərində yaxşı bir cəhəti var idi ki, o da dünya üzərində həqiqi Amerika ağalığını yaxınlaşdırırdı.

Mister Harold Şimal neftinin tarixinə aid materialları varaqladıqca, bu sahədə Amerikanın atdığı hər addıma qarşı həmişə bircə maneə çıxdığını görürdü. 1921-ci il Sovet - İran müqaviləsi, 1920-ci ildə Amerikan kompaniyası “Standart oyl” Xorasan, Qorkan, Mazəndəran, Gilan və Azərbaycan neft yataqlarını istismar üçün İran dövləti ilə konsessiya bağlamışdı. Bircə il sonra 1921-ci il müqaviləsinə əsasən İran dövləti bu konsessiyanı ləğv etməyə məcbur olmuşdu. Lakin amerikanlar əl çəkməmişdilər. 1923-cü ildə Amerikan kompaniyası “Sinkler” İran dövləti ilə həmin rayonlarda neft istehsalı üçün yeni bir saziş bağlamışdı.

Yenə 1921-ci il müqaviləsi onun yerinə yetirilməsinə imkan vermədi. 1937-ci ildə Amerikan kompaniyası “Delavar” neft istismarı üçün İran dövlətinin yeni razılığını almışdı. 1921-ci il müqaviləsinə əsasən Sovet dövlətinin təkidi nəticəsində bu da baş tutmamışdı. İndi isə mister Harolda elə gəlirdi ki, şimal neftini qəti olaraq ələ keçirtmək vaxtı çatmışdır. Bu da Amerikanın İranı idarə etməsi və dünya ağalığı yolunda atdığı mühüm addım olacaqdı.

 ***

Hikmət İsfahani saraya çağırıldığını eşitdikdə öz-özünə “xeyir olsun” - deyib fikrə getdi. Xeyli düşündükdən, bütün işləri götür-qoy etdikdən sonra ya siyasət, ya da ticarət məsələləri ətrafında məsləhətə çağırıldığını qərara aldı. Çünki başqa heç elə bir məsələ xəyalına gətirmirdi ki, o, sarayda həll edilməli olsun. Bəli, yəqin şimal neftinin amerikalılara verilmək şərtləri haqqında əlahəzrət mənim fikrimi bilmək istəyir. Bəlkə də ingilislərin  təyyarə meydanları və havapeyma* haqqındakı təkliflərinə dair danışacaqdır. Ola bilsin ki, amerikalılara satılan kişmiş, yun, tütün məsələsidir. O, sarayın hətta bütün bu məsələlərin hamısı haqqında onun məsləhətinə möhtac olduğunu düşünüb, öz-özündən razı bir halda əlini jiletinin ciblərinə, ətli qabırğalarının üstünə qoyub, təkəbbürlə otaqda gəzinirdi. Müəyyən olunmuş zamana on beş dəqiqə qalanda o eyni təkəbbürlə evdən çıxdı və məşhur Amerikan firması Fordun ona hədiyyə olaraq göndərdiyi təzə avtomobilə oturub şoferə:

- Dərbara sür! - dedi.

Sarayın hərbi xidmətçiləri Hikmət İsfahaninin kök vücudunu uzaqdan görən kimi qapını açdılar. O, maşından düşüb, sarayın geniş həyətinə girdi və birbaş Həkimülmülkün yanına getdi. Hikmət İsfahani “saray siçanı” adlandırdığı Həkimülmülkü görməmiş Rza xanın otağına girmək mümkün olmayacağını bilirdi. Bu, sarayda adət şəklini almışdı. Çünki Həkimülmülkdən qabaqca bütün vəziyyəti öyrənər və ona müvafiq öz hərəkətlərini müəyyənləşdirə bilərdi. Çoxdan tanış olan bu iki adam bir-birini bircə baxışda anlayar, başa düşərdi. Eyni zamanda onların bir-birinə qarşılıqlı nifrəti də hamıya məlum idi, biri iynə kimi o birinin gözünə sancılardı. Hər ikisi bunu bilir, hər ikisi də susurdu. Çünki mənafelərinin bir-birini saxlamaqda olduğunu hər ikisi anlayırdı. Hikmət İsfahani qapını açıb içəri girdikdə Həkimülmülk yerindən durub, onun qabağına gəldi, əllərini bərk-bərk sıxıb, üzünə baxdı:

- Ağa, on beş gecəlik ay kimi üzünüzü görmək olmur. Axı bir insaf elə, camalının şövqilə özünü oda vuranlara da bir üz göstər.

Hikmət İsfahani ona “mən yarın ürəyində olum, dünyanın o başına da getsə gözündən ayrılmaram” deyən bir beyt oxudu. Həkimülmülk:

- Bəh, bəh, bəh, bəh, maşallah, kəlamə bax! - deyib, başını bir neçə dəfə o tərəf-bu tərəfə tərpətdi. Kürsü çəkib, Hikmət İsfahaninin altına qoydu. Özü də onunla üz-üzə oturdu. Pişxidmət iki balaca fincanda tünd çay gətirdi, Həkimülmülk çayın birini Hikmət İsfahaninin, birini də öz qabağına qoydu. Hikmət İsfahani fincanı əlinə alıb, ağzındakı qəndi o tərəf-bu tərəfə dolandıra-dolandıra:

- Hə, nə var, nə yox? - dedi, ingilislər gəlir, amerikanlar gedir, almanları qəbul edirsiniz, heç bir bizim əhvalımızı soruşmursunuz.

Həkimülmülk onun mister Tomas və fon Valterlə olan danışıqlardan xəbərsiz olmadığını duyub, bu danışıqların nəticəsini müxtəsərcə ona nağıl etdi. Bu işin gələcək təsirləri haqqında, öz fikirlərini də bildirib, alman məsələsinə keçdi:

- İndi də almanlarla müahidə bağlanır, - dedi, - yollar inşaatı, xüsusilə şimal məntəqələri onlara tapşırılır. Təbrizdə almanlara xalça karxanası açmağa, Zəncan dəmir mədənlərini istismar etməyə də icazə verilmişdir. Əlahəzrət, almanların da, ingilislərin də, amerikanların da ağzını şimala çevirmişdir. Qoy ruslar tərpənsinlər görək necə tərpənirlər.

- Ağa, belə yaxşıdır da. Belə olanda ticarət də genişlənər, malımı istərəm almana sataram, istərəm ingilisə sataram, istərəm Amerikaya sataram, hansı çox verər, hansı xeyirli olar onunla da ticarət edərəm. Bu bolşeviklərdən nə xeyir görəcəyik? Hələ ki, lat-lütü üstümüzə qaldırmaqdan başqa bir fayda verməyiblər. Ticarətə gələndə də hər şey dövlətin əlində. Amma Amerika, ingilis, alman başqa məsələ, hansına gedirsən yüz firma var. Bu firma xoşuma gəlməz, o birinə sataram. Ticarətinki də açıq bazardır, açıq yoldur, açıq sərhəddir. Bağladın, elə bil ki, tülkünü tüstüyə saldın. Boğulub öləcək. Əlahəzrətin bu işinə heç sözüm yoxdur, nə qədər şimal sərhədlərini bərk bağlasa o qədər bizim ticarətin xeyrinədir.

Həkimülmülk, onun kefini daha da açmaq üçün Amerikanın yun, tütün və kişmiş qiymətini qəbul etdiyini bildirdi. Hikmət İsfahani bu xəbər, bu məsələ şəhərə yayılmamış, gedib xırda tacirlərdəki malı yığmağı fikrindən keçirtdi. Yüz min tümənlərlə gəlir gözünün qabağında durdu. Söhbəti qurtarmaq üçün:

- Yəqin məni əlahəzrət çağırıb? Məsləhətləşmək istəyir, hə?

Həkimülmülk pis bir vəziyyətə düşdü. Yox desə, Hikmət İsfahaninin kefi pozulacaq və bəlkə tərsliyə salıb, Mazəndəran malikanəsini verməyə razı olmayacaqdı. Bu mülahizələrə əsasən onun mənliyini oxşamağı qərara aldı:

- Bəli, əlahəzrət mənə tapşırdı ki, bu məsələləri cənabınıza xəbər verəm, fikrinizi soruşam, allaha şükur ki, hamısı da ürəyinizdəndir.      

- Əlbəttə, əlbəttə, mütəşəkkirəm!

Hikmət İsfahani durub getmək istədi. Əlini Həkimülmülkə uzatdı:  

- Xudahafiz, əziz dost!

Həkimülmülk onun əlini əlində saxlayıb, birdən-birə xatırlayar kimi:

- Ruhi-mən, çeşmi-mən, - dedi, - sənin Mazəndəranda bir malikanən varmı?           

Bu sözü eşidən kimi İsfahani qaşqabağını salladı.

- Var... Amma elə bir şey deyil...

- Əlahəzrət xeyli bəyənibdir. Xahiş edir, o malikanəni satasan.

“Satasan” sözünün mənasını anlayan İsfahani özünü saxlaya bilməyib açılışdı:

- Qurumsaq kişi, - dedi, - səhərdən niyə başımı ağrıdırsan. Elə birbaş mətləbi açıb deyəydin, mən də təklifimi biləydim...

Həkimülmülk rəngini dəyişmədən:

- Əlahəzrət özü görübdür. Bəyənibdir. Ancaq satın almaq istəyir.

İsfahani qəzəbini boğa bilmədi:

- O da sizin olsun! Neynək! Götürün, sizin olsun! Biz acından ölsək də eybi yoxdur!

Bu sözləri deyib, qapıdan çıxdı. Lakin bir az gedib qayıtdı. Acıqlanmaq və deyinməklə Mazəndəran malikanəsini qaytarmaq mümkün olmayacağını, ancaq saray siçanı Həkimülmülkə dəstavüz verəcəyini düşünüb, geri döndü:

 Səsindəki süni və zorakı mülayimliklə:

- Malımız da, canımız da əlahəzrətə qurban olsun, sabah qəbaləsini hüzuri-şahanayə təqdim edərəm, - deyib yel kimi özünü çölə atdı.



* - Məlumat.

** İsanın eşşəyini Məkkəyə aparsalar da, qayıdanda elə eşşək olaraq qalır.

 

* - Hərbi.

*    - Sən mənim üçün diktatorsan, ağa!

**   - Köpək oğlu sənə kim icazə verib ki, sədlər qayırılması üçün yeddi milyon yarım buraxasan?

***  - Axmaq kişi, elə xəyal  edirsən ki, hoqqabazlıq və köpəkoğluluğundan xəbərim yoxdur?

 

* - Xəzər dənizinin cənub sahilində Calus yaxınlığında mədən suları olan bir sanatoriyadır. Bura Rza xanın şəxsi mehmanxanası hesab olunur. Orada İran zadəganları yay zamanı əylənir və istirahət edərlər. Onun gəliri Rza xanın xüsusi hesabına gedirdi.

* - Təyyarə.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info