Qonaq Kitabı
ONUNCU FƏSİL

- Görmüşəm, mister Tomas, görmüşəm. Yaman pis zamanda yaşayırıq. Bütün sular bulanır.

- Bəs suyu bulandıranı tapmaq fikriniz yoxdurmu?

- Necə yoxdur? Elə əlləşdiyimiz də onun üçün deyilmi? Lakin nə etməli, tapmaq o qədər də asan iş deyil...

Sərhəng bu yolda görülən tədbirləri, bütün xəfiyyə agentlərinin ayağa qaldırıldığını söylədi.

Mister Tomas:

- Bunlar hamısı yaxşıdır, lakin nəticə vermədiyi üçün mənasızdır, - dedi, - mən dostluğumuzdan əlavə, sizin istedadınıza da qiymət verirəm. Elə tədbir tökün ki, nəticə hasil olsun. Havaya quşlar buraxın, elə şüarlarla işləyən yalançı dəstələr düzəldin, bütün sürgündən qayıtmış adamların siyahısını tutun və üstlərinə göz qoyun. Nəhayət, rus səfarətxanası!.. Rus vətəndaşları! Onlarla əlaqə saxlayan adamları bir dəqiqə nəzarətsiz buraxmayın.

- Edirik, mister Tomas, hamısını edirik. Bir şey çıxmır. Lakin naümid olmayın. Nə qədər dərində işləsələr, əlimizə keçəcəklər.

- Dallarınca mahir adamlar salın. Məhbusi haradadır?

- Onu da bu gecə çağırmışam.

Bir badə viski ilə sərhəng və mister Tomas boğazını islatdı.

- Nəhayət nəzərinizə çatdırıram ki, vərəqə tamamən nümayəndəsi olduğunuz dövlətə qarşı çevrilmişdir. Güman edə bilərik ki, bu bəzi ağaların zövqünə müvafiq gəlir.

- Nə danışırsınız, mister Tomas? Mən sadiq dostunuzam.

- Mən sizi demirəm, mən əminəm ki, siz yaxşılıq itirən deyilsiniz.

- Qiyamətə qədər əmin olun, sizinlə dostam, ölüncə də baqi qalacağam.

Mister Tomas yalnız gün batdıqdan sonra sərhəngin evindən çıxdı. Şəhəri dolanıb, maşınını Hikmət İsfahaninin evinə tərəf sürdü.

 ***

Darülfünun həyatı getdikcə Fridunda şadlıqdan, sevincdən artıq qüssə və kədər oyadırdı. Gah təlim haqqını verə bilmədiyi üçün, gah qalstuk və ya paltarı kifayət qədər səliqədə olmadığı və ya başı saç yağı ilə isladılmadığı üçün təhqir edilən və bəzən tamam qovulan tələbələrin dərdi onu sıxır, əzirdi. Buna baxmayaraq, o, müntəzəm surətdə dərslərə davam edir, öz müvazinətini saxlayır, evə qayıddraq ağır təəssürat altında kitabın birinci məqaləsini yazırdı. O bəzən gecəyarısından xeyli keçənə, bütün bədəni yorulub əzgin bir hala düşənə qədər işləyirdi. Qəhrəmani onun çox gərgin məşğul olduğunu gördüyü üçün heç bir söz soruşmur, mane olmaq istəmirdi. Əksinə, o özünü elə aparırdı ki, sanki otaqda başqa bir adam yox idi. Sakit durub oturur, səsini çıxarmadan qəzetləri oxuyur, hətta yeriyəndə belə pəncələri üstündə hərəkət edirdi. Bəzən çay hazırlayıb, iki stəkana tökür, birini öz stolunun üstünə, birini də Fridunun qabağına qoyurdu. Fridun çayı gördükdə başını qaldırıb:

- Mütəşəkkirəm, - deyir və yenə yazmağa davam edirdi.

Bu qayda ilə neçə gün gəlib keçdi. Nəhayət, Fridun “İş, çörək və azadlıq istəyirik!” kitabının birinci məqaləsini qurtardı. İkinci məqaləni Kərimxan Azadi yazdı. Bu məqalənin adı “İran fəhlələri və onların həyatı” idi. Üçüncü məqalə “Gördüklərim” adı altında Kürd Əhmədin, kəndlilərin vəziyyətinə aid yazısı idi.

Fridun öz məqaləsini bir də oxudu. Bəzi təshihlər etdi. Sonra Kürd Əhmədin və Azadinin məqalələrinə baxdı. Onlar da xoşuna gəldi. Lakin hər ikisində bəzi dil xətalarını aradan götürmək lazım oldu. Fridun bütün bu işləri qurtardıqdan sonra əlini əlinə sürtərək:

- Qiyamət olacaq! - deyib ayağa durdu və otaqda gəzindi. Qəhrəmani onun səadət və ümidlə dolu üzünə baxdı. Nə isə soruşmaq istədi. Özünü saxladı, sual yerinə təəssüratını bildirdi:

- Fridun, bu saat siman elə gözəl, elə nuranidir ki, xanım Şəmsiyyə burada olsa Şahpuru buraxıb, sənə aşiq olar...

- Yox, əziz dostum, mən düşündükcə sənin əvvəlki sözünə gəlib çıxıram. Xanım Şəmsiyyələrlə bizimki çətin tuta. O zavallıda gözəl bir ürək var. Lakin bu ürəyə çürük təsəvvürlər, əqidələr və yanlış tərbiyə elə damğalar basmışdır ki, onları silmək üçün bir əsr lazımdır. Mənim könlüm isə kənddə qalmışdır. Bir də ki, Şəmsiyyənin çiyinləri bizə nəsib olacaq həyatın aqırlığına dözməz.

 Qəhrəmani zarafata saldı:

- Nahaq yerə həyatdakı nəsibinə bu qədər naümid baxırsan. Sən ali təhsil almış bir vəkil olacaqsan. Bundan da gəlirli bir sənət varmı? İnşaat, ya yol və ya başqa ixtisasın mühəndisi deyilsən ki, işsiz qalacağının dərdini çəkəsən, vəkil!.. Bu kəlmə gör nə geniş üfüqlər açır. Əmniyyə, ajan, hakim, ağa, tacir, ərbab, ey... nə bilim nə! Cinayət istədiyin qədər, məhkəmələr gecə-gündüz işləyir. Zindanlarda həyat qaynaşır. Soy yazıq kəndlinin dərisini, nə qədər soyursan soy. Məncə çox gözəl bir şansın var, dadaş!

- Çox şadam ki, kefini belə saz görürəm, əzizim. Amma təəssüf ki, mən tələsirəm. Bunların  cavabını sənə axşam verərəm.

- Kitab nə zaman çıxır? Fəhlələr gözləyirlər. Paylamaq üçün adamlar ayırmışam.

- Bu yaxında çıxar. Bilirsənmi, Tehranda bir bomba kimi partlayacaqdır. Hələlik, xudahafiz!

O, məqalələri götürüb çıxdı. Kərimxan Azadinin yanına yollandı. Kitabın çapı ilə Kərimxan məşğul olacaqdı. Çünki mətbəə işçiləri arasında onun dostları çox idi. Hər şeyi hazırlamışdı.

Fridun, ürəyi xoş bir intizarla döyündüyü yenilməz bir həsrətlə kitabçanın çıxmasını arzuladığı halda, qəribə bir səadət duyaraq, Tehranın boşalmağa başlayan küçələrindən keçirdi.

 ***

Yaşı otuzdan artıq olmayan, lakin saçı-saqqalı ağarmış Kərimxan Azadi ta uşaqlıqdan başlayaraq ağır bir həyat yolu keçmişdi. Həyatın ehtiyac və çətinlikləri onda müstəsna bir iradə və mətanət tərbiyə etmişdi. Lap balaca yaşlarında o, ata və anasını itirmişdi. Sabun zavodunda işləyən atası sabun qazanına düşüb həlak olduğu zaman onun altı yaşı vardı. O, anasının öhdəsində qalmış, kimsəsiz və yoxsul arvad yeganə uşağını saxlamaq üçün qapı-qapı gəzərək, iş tapmadıqda dilənçiliyə məcbur olmuşdu. Bir neçə ay sonra sətəlcəm olmuş, küçədə vəfat etmişdi. Bu hadisə uzaq və qaranlıq bir şəkil kimi Kərimxanın hafizəsində həkk olmuşdu. Dar bir küçədə, balaca bir qapının dalında, yağışdan qorunmaq üçün uşağı bağrına basıb vücudilə onu örtməyə çalışan arvad, elə bu halda da yatıb qalmış, yuxuya getmişdi. Bunun əbədi bir yuxu olduğunu Kərimxan uzun müddət başa düşməmişdi. Daha sonra nələr olduğunu xatırlaya bilmirdi. Kimlər isə gəlmiş, onu haraya isə aparmışdılar. O gündən də anasını görməmişdi. Sonralar ağlı bir şey kəsəndə nə qədər çalışmışsa arvadın qəbrini də tapmamışdı: Onu sabun zavodunun işçilərindən biri yanına alaraq böyütmüşdü. On yaşında ikən o da atasının işləyib öldüyü həmin zavodda işləməyə başlamış və orada da qoca fəhlələrdən əlifbeyi öyrənmişdi. Təbii istedadı, çalışqanlığı, zəhmətə olan həvəsi sayəsində o böyüdükcə mütaliəyə alışmış və zavodda, nisbətən ixtisas tələb edən bir vəzifə tuta bilmişdi.

Fəhlələr ona öz doğma uşaqları kimi baxar, onu sevər, hörmət edər, sözündən çıxmazdılar. Hər şeydə onunla məsləhətə gələr, dərd və ehtiyaclarını ona deməkdən çəkinməzdilər. Bu hal getdikcə onun qəlbinə, fikrinə təsir etmiş və başında mühit və həyata dair, özünə də qəribə görünən müxtəlif fikirlərin oyanmasına səbəb olmuşdu.

Nəhayət, bu fikirlər onu inqilabi mübarizəyə çəkmişdi. O, yavaş-yavaş özü kimi düşünən adamlarla tanış olub, inqilabi mübarizə təşkilatına daxil olmuşdu.

İyirmi iki yaşı olar-olmaz özü kimi yetimliklə böyümüş Xavər adlı yoxsul, lakin yaraşıqlı və nəcib təbiətli bir qızla evlənmişdi. Onlar çiyin-çiyinə verərək, həyatın ağır yükünü birlikdə çəkir, öz qarşılıqlı məhəbbət və sədaqətlərilə ağır yaşayışlarını yüngülləşdirməyə, şad keçirməyə çalışırdılar. Xavər onun kiçik və soyuq daxmasına şadlıq gətirmiş, bir məşəl kimi oranı isitmiş və işıqlandırmışdı. O özünü sonsuz bir səadət içərisində hiss edir, Xavərə, ömrünün ağır iztirablarını və əzablarını unutduracaq bir mələk kimi pərəstiş edəcək hala gəlirdi. Evləndiklərinin ikinci ili Xavərin oğlan doğması onların səadətinə yeni bir rövnəq vermişdi. Lakin çox keçmədən həyatın gözlənilməz fırtınası onların səadətini dağıtmış, yoxsul, lakin xoşbəxt ailəni fəlakətə atmış, bütün sevinc və arzularına son qoymuşdu. 1933-cü ildə kütləvi həbslər zamanı Kərimxan Azadini də tutmuş və iki ay zindanda saxladıqdan sonra cənuba sürgün etmişdilər. Altı illik sürgün, ehtiyac, əzablar və ailənin dərdi onu vaxtsız olaraq qocaltmış və simasında əbədi bir kədər kimi yatıb qalmışdı: hələ sürgündə ikən o öz Xavərini və oğlunu düşündüyü zaman, nədənsə uşaqlığı, atası və anası gözlərində canlanırdı. Ona elə gəlirdi ki, mütləq balaca oğlu Azad da özü kimi küçələrdə qalacaq və onun kimi ağır ehtiyac içində böyüyüb, eynən atasının yolunu keçəcəkdir. O da özünə balaca bir yuva tikdiyi zaman həyatın boranı vurub dağıdacaq, balasını sahibsiz buraxacaqdı. Lakin azadlıq və səadət günəşinin doğacağına, bu fəlakətlərə bir gün son qoyulacağına onda yenilməz bir inam vardı. O, sürgündən qayıtdıqda xoşbəxtlikdən Xavəri də, balaca Azadı da sağ-salamat gördü. Gənc qadın, əri tutulduqdan sonra özünü itirib həyatın iplərini əlindən verməmiş, bütün müsibətlərə sinə gərərək mübarizə etmiş və uşağını saxlaya bilmişdi. Bir müddət sonra Kərimxanın salamat qalan yoldaşları ona əl tutmağa başlamışdı. Nəhayət, Aram onu evlərinə, atasının əlinin altında işləməyə aparmışdı. O gündən Xavərin yaşayışı müəyyən bir yola düşmüşdü.

Sürgündən qayıtdıqdan sonra Kərimxan, yenə əvvəlki hərarət, mehribanlıq və səadəti saxlamış olan ailəsinə, sevimli Xavərə qısılaraq, dəmir yolunda işə girmişdi. Sürgün onun inqilabi mübarizə iradəsini daha da qüvvətləndirmiş, əbədi olaraq onun həyat yolunu müəyyən etmişdi. O, kitabın çap edildiyi mətbəədən evə qayıdarkən gah həyatın artıq keçilmiş olduğu bu dolanbac yollarını xatırlayır, gah da Tehranın boşalmış küçələrinə tamaşa edir, qayğısız bir adam kimi yavaş-yavaş yeriyirdi. Ruhən xoş bir müvazinət və səadət duyurdu. Bütün varlığı ilə başladıqları işin şövqünə qapılmışdı və onun gələcəyini təsəvvüründə canlandırmağa çalışırdı. Bu zaman bir əlin qolundan tutduğunu duyaraq döndü və böyük bir heyrət içərisində donub qaldı:

- Ah, ağayi Məhbusi. Xoş gormüşük.

Məhbusi, böyük bir ürək qızğınlığı ilə qollarını onun boynuna salıb qucaqladı və üzündən öpərək:

- Əziz qardaşım, - dedi, - nə qədər xoşbəxtəm! Şükür olsun ki, bir də görüşdük. Neçə ildir ayrılmışıq, amma həmişə ürəyimdə olmusan. Həmişə sənin xoş xasiyyətini, möhkəm ürəyini, sədaqət və mehribanlığını xatırlayaraq o biri məhbuslara danışardım. Amma heç güman etməzdim ki, o cəhənnəmdən salamat qurtarıb, bir də səni görəcəyəm.

Məhbusi bu sözləri deyə-deyə birdən ağladı. Dəsmalını çıxarıb, gözünün yaşını sildi. Onun bu halı Kərimxan Azadinin ürəyinə toxundu. Zorla göz yaşını saxlaya bildi:

- Nə vaxt gəlmisən?

- Beş gündür bu xarabaya daxil olmuşam. Elə həmin zindandır ki var...

- Harada qalırsan?

- Harada düşdü. Hələ ki, daimi yer tapa bilməmişəm. Burda xalam uşaqları var, onlarda gecələyirəm.

Kərimxan Azadinin ona yazığı gəldi. Azca fikirləşdi.

Balaca otaqlarından köhnə dostuna bir gecəlik yer tapmağı qət etdi.

- Gedək bizə, həm söhbət edərik, həm də dincələrsən, mənim də xanəvadəmlə tanış olarsan.

- Bəlkə əziyyət oldu, sizi narahat etdim?

 Kərimxan onun getmək fikrində olduğunu, bu sözləri könülsüz dediyini hiss edərək qolundan tutdu:

- Nə zəhmət olacaq, dərvişin olanından, - dedi və onu irəli çəkdi.    

Onlar yavaş-yavaş söhbət edə-edə Kərimxan Azadinin evinə tərəf yollandılar.

Kərimxan, Hüseyn Məhbusi ilə altı il bundan qabaq məhbəsdə tanış olmuşdu.

Həbs edildiyinin ikinci günü, qapını açaraq üz-gözü qaralmış birisini zindana itələmiş və qapını bağlayaraq getmişdilər. Yeni məhbus uzun müddət ah-vay etmiş, gah qolunun, gah qıçının, gah qabırğalarının ağrısından şikayətlənərək, düşdüyü yerdə yatıb qalmışdı. Bu şikayət və iniltilərin arasında o, hökumətə, dövlət başçılarına ağzından gələn söyüşləri yağdırmış, hətta Rza xanın özünü belə möhkəm söyüşlərlə yad etmişdi. Onun inilti və ah-vayına davam gətirə bilməyən Kərimxan yaxınlaşıb təskinlik vermiş, dərdlərini yüngülləşdirə biləcək sözlər demişdi. Qaranlıq və yaş zindan, işgəncə və istintaqın əzabları onları bir-birinə daha da yaxınlaşdırmış və həmdərd etmişdi. Təqribən on beş gündən sonra Hüseyn Məhbusini Kərimxanın yanından götürərək, başqa yerə köçürmüş və bir aydan sonra birinci məhbus dəstəsilə cənuba sürgun etmişdir. İkinci dəfə Məhbusinin sürgün müddəti qurtarır və o geri qayıtmağa hazırlaşırdı: Onlar artıq köhnə tanış kimi görüşmüş və yenə bir neçə gün bir yerdə keçirmişdilər. Məhbusi azad oldu. Tehrana qayıtdığı üçün onların əlaqəsi qırılmışdı. Bir neçə ay bundan əvvəl Məhbusi yeni məhbuslar dəstəsilə yenə cənuba sürgün edilmiş və üçüncü dəfə Kərimxanla görüşərkən:

- Qardaşım, yenə tora düşdüm, - deyib ağlamışdı.

Kərimxan sürgün müddətini qurtarıb qayıdarkən onu cənubda qoyub gəlmişdi. O hələ beş il sürgündə qalmalı idi. Ayrılarkən:

- Get, qardaşım, - demişdi, - bu dəfə bu cəhənnəmdən qurtarıb gələcəyimə heç ümidim yoxdur. Ehtiyac, ağır şərait və xəstəliklərdən həlak olan məhbusları gördükdə ürəyim dagılır, nə isə bir səs mənə “yox, Hüseyn, bura sənin axır yerindir” deyir. Get, azad günlərdə məzarı kimsəyə bəlli olmayacaq. Məhbusini yad et!..

O bir daha Kərimxanla qucaqlaşaraq öpüşmüş və göz yaşları içində ondan ayrılmışdı.

Bütün bunları xatirinə gətirən Kərimxan sevinclə:

- Şükür ki, sağ-salamat qayıtdın, - dedi, - Son ayrılığımızda halın mənə yaman təsir etmişdi. Heç fikrimdən çıxmırdın.

- Mən də səni unuda bilmirdim. Məhbuslar arasında tanışlar, dostlar az deyildi. Lakin nədənsə həmişə səni bir nisgillə yad edirdim.

- Necə qurtardın? Günahından keçdilər? 

- Bizim kimi adamların günahından heç bir zaman keçmirlər, qardaşım. Qoyub qaçmışam.

- Deməli, sən şəhərdə gizli dolanırsan? Gözləmək lazımdır. Bir də ələ keçsən boğazını  kəndirdən qurtara bilməzsən.

- Eh!.. Daha hər şey məni yormuşdur. Sürgünlərə dözəsi halım yoxdur. Bir dəfə ölmək ondan yaxşıdır. Nə qədər nəfəsim var, vuruşacağam. Sən nə edirsən?

Kərimxan öz həyatını, işlərini ona nağıl etdi. Tehrandakı siyasi vəziyyətdən, fəhlə və kəndlilərin dözülməz həyatından danışdı.

Onlar Kərimxanın evinə çatdıqları üçün söhbəti kəsdilər. Kərimxan qapını döydü. Taqqıltıya Xavər özü gəldi. Kərimxanın səsini eşidən kimi, şadlıqla və titrək səslə:  

-  Bəs hardasan? Niyə belə gec gəldin? - deyə qapını açmağa başladı. Onun səsindəki bu titrəyiş Kərimxan üçün nə qədər əziz, nə qədər tanış idi! Bunun bir qəlb çırpıntısı və əbədi əndişədən doğduğunu bilirdi. Çünki Xavər hər gün qapını açıb onu evə buraxdıqda boynuna sarılır, başını məhəbbətlə qolları arasında oxşayaraq:

- Bilmirəm niyə belə olmuşam, Kərimxan, - deyərdi, - hər gün bu qapıdan içəri girəndə elə bilirəm ki, səni allah mənə təzədən veribdir. Bir saat gec qayıdırsan, ürəyimə min fikir gəlir...

Kərimxan onu qucaqlayıb, uzun və davamlı nəzərlərlə gözlərinə baxar, heç bir söz deməyib, üzündən, gözündən, dodaqlarından öpərdi.

Kərimxan indi də onun boynuna atılacağını bildiyindən tək olmadığını xəbər verməyi qərara aldı:

- Aç, Xavər, yanımda yoldaşım da var.

Onlar keçib, balaca və kasıb otaqda oturdular. Kərimxan Xavərə:

- Çayın varmı? - deyə soruşdu.

Xavər:

- Bu saat gətirərəm, - deyib, indicə tanış olduğu Hüseyn Məhbusiyə baxdı və dərhal başını yana çevirdi. Onun işıldayan gözlərində nə isə buz kimi soyuq bir şey duydu. Kərimxan adəti üzrə balaca taxta divan üstündə yatmış Azada tamaşa edirdi. Xavər ona döndü:

- Yolunu çox gözlədi, gördüm gecdir, dilə tutub yatırdım.

Kərimxan:

- Yaxşı eləmisən, - deyib, yavaşca əyildi və uşağın üzündən öpdü.

Xavər məhəbbət dolu gözlərilə onun bu hərəkətinə baxır və sevinirdi. Birdən başını yenə qonağa tərəf çevirdi və dərhal: “Aman allah, nə pis gözləri var” deyib, nəzərlərini ondan çəkdi. Ona elə gəldi ki, Kərimxanı, Xavəri və dünyadan xəbərsiz yatmış balaca Azadı gözaltı diqqətlə süzən qonağın qəlbi həsədlə, kinlə doludur.

O həyətə çıxdıqda bu fikrini Kərimxana da dedi, Kərimxan gülümsədi.

- Gözlərindəki o ağırlıq həyatın əzabları və kədərləridir, Xavərim.

- Yox, orada kədər yoxdur. Kin var. Dərdə qalsa səndən çox dərd çəkən yoxdur. Amma sənin gözlərin işıqla, məhəbbətlə doludur.

- Mənim gözlərimə işıq verən sənsən, sənin məhəbbətindir, Xavərim!..

Xavər daha bir söz deməyib, şam və çay hazırlamaqla məşğul oldu. Şamdan sonra onlar bir qədər də söhbət etdilər. Yatmağa hazırlaşdıqda qonaq həyətə çıxdı. Xavər Kərimxana:

- Onun yanında demək istəmədim, qoy indi deyim: Fridun gəlmişdi. Nə isə səni görmək istəyirdi. Sabah gözləyəcək.

- Bir söz demədi ki?

- Yox! heç bir söz demədi, “balaca bir işim var, özünü görmək istəyirdim” deyib getdi. Nə qədər çağırdım, evə də gəlmədi.

Xavər azca fikrə gedib əlavə etdi:

- Bax, adam onun kimi olar. Üzü, gözləri, danışığı - hamısı xeyirxahlıqla doludur.

Kərimxan:

- Yaxşı, Xavərim, bir gecəlik qonaqdır, yatıb səhər durub gedəcək. Daha gətirmərəm, - deyib bir də onun gözlərindən öpdü.

 Xavər:

- Ürəyinə dəyməsin, axı səndən heç bir şey gizlədə bilmirəm, - dedi və ona qısıldı...



* - Proqram.

* Patriot, vətəni sevən.

 

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info