Qonaq Kitabı
ONUNCU FƏSİL

Rza Qəhrəmani depoda nahar zamanı çörək almaq üçün küçəyə qaçdı. Qayıtdıqda rəisi depo işçiləri arasında gördü. Nə isə fövqəladə bir hadisə baş vermişdi. Çünki rəis adi hallarda bu vaxt fəhlələrin içinə gəlməzdi və ümumən depoda az görünərdi. Fəhlələr onu əhatə edərək, diqqətlə dinləyirdilər. Rza yaxınlaşıb, yavaşca kütləyə qarışdı və qulaq asdı. Rəis çox aramla danışırdı:

- Bolşeviklər dünyanı xaraba qoymaq istəyirlər. Öz yerləri özlərinə bəs eləmir, gözlərini dikiblər Lehistana, Belçikaya, İrana. İstəyirlər gəlib bizim torpaqları da tutsunlar. İndi ingilis və firənglə pozuluşmaqlarının da səbəbi budur.

Rəis uzun danışdı, 1939-cu ilin yayında İngiltərə və Fransa hökumətlərinin Moskva danışıqlarını pozmasını Sovet dövlətinin xarici torpaqlara göz dikməsi ilə, “heç bir dövlətlə yola getmək istəməməsi” ilə izah etdi:

- Allahın köməyilə, əlahəzrət-hümayun şahənşahi İran Rza şahın mərhəmətilə İran bu bəlanın da xətərindən kənarda qalar, inşallah, amin! - deyib sözünü qurtardı.

Bir xeyli sükutdan sonra “kimin nə sualı var?” - deyə soruşduqda qoca bir fəhlə irəli yeridi:

- Ağa, hər şey aydındır, - dedi, - bəs bizim hüququmuzu nə vaxt artıracaqsan? Vallah, ağa, dolanmaq olmur. Heç bir qarın çörəyə də çatmır. Üst-başımızı da ki, allaha min şükür olsun gözün var, özün görürsən...

O, yağ və dəmir pasından çirklənmiş, cırıq-cırıq olmuş köynəyini, şalvarını, baş barmağı burnundan çölə çıxmış, dabanı yeyilib yatmış ayaqqabısını göstərdi. Bir neçə yerdən:

- Ağa, vallah düz deyir, hamımız o gündəyik, - səsləri gəldi.

Rəis:

- İndi bu söhbətin yeri deyil, ağalar, indi söz başqa mətləbdəndir, - dedi və yenə müharibə qorxusundan danışıb, Rusiyada müsəlmanları böyük bir qorxu hədələdiyini söylədi və daha heç bir söz soruşmayıb getdi.

O getdikdən sonra fəhlələr divarın kölgəsində, kimi çömbələrək, kimi daş üstündə oturaraq, hərə qabağına bir bağlama qoyub, nahar etməyə və danışmağa başladı. Kim isə ucadan gülərək, qoca kişiyə:

- Əmi, amma nə sual verdin, - dedi, - vallah, atasına min lənət oxusaydın, ondan yaxşı idi. Lap belinin ortasından vurdun.

Biclik bilməyən qoca, bir uşaq sadəliyilə cavab verdi:

- Vallah düz deyirəm, dolanmaq olmur... 

- Əbləh köpək oğlu, mən burda acından ölürəm, gəlib ac qarnına başlayıb mövizəni...

Başqa birisi söhbəti rəisin danışığının üstünə gətirdi:

- Amma gözünə döndüyüm sovetlər də nə elədi, almanlarla müqaviləni bağlayıb, ingilisi qoydu ortalıqda.

- Çemberlen elə bilirdi ki, faşizmi söyə-söyə bolşevikləri qızışdırıb atacaq meydana, sonra da daldan qaçacaq. Özün öləsən. Aldatdın ha!.. Buna sovetlər deyərlər, yüz il bundan sonranın nəqşəsini indi tökür.

Bu danışıqlar arasında başqa sözlər də eşidilirdi:

- Rusun bizdən torpaq istəməyi düzdür, yox?

-Yox canım, axmaq sözdür, bunlar hamısı noxtadır, keçirirlər boynumuza!

- Bəs dinsizliyi necə? Deyirlər “allah” deyənin dilini boynunun ardından çıxarırlar.

-  Bir az dinsizliyi var, amma o dərəcədə yox...

- Kişi deyir, kim nəyə inanır inansın, mən inanmıram.

- Heyf, heyf belə bir dövlətə, fəhlənin köməyi, yoxsulun dirəyi ola-ola din ilə arası yoxdur.

- Mən deyirəm ki, əsl dinpərəst elə odur: camaatın ki, qarnını çörəklə doyurub, bəsdir, demək allahın işi xoddur. Çünki dinsizlik də aclıq olan yerdə çıxar. Görmürsən ki, el deyir, acın imanı olmaz.

Rza Qəhrəmani deponun divarı yanında oturmuş bu adamlarla beş il bir yerdə çalışırdı. Onların hər birinin həyatı, tərcümeyi-halını, arzu və istəyini yaxşı bilirdi. Bunlar zəhmətin sadiq övladları ndi. Onların danışıqlarına qulaq asdıqca “nə gözəl adamlar var, bizim sözümüzə nə qədər ehtiyacı olanlar var” deyib düşünürdü. Rəisə sual verən qoca sözə qarışdı:

- Nə deyirsən de, şuranın zəhmətkeş tərəfdarı olduğunu heç kəs dana bilməz. Bu gün kimi aşkar bir şeydir. Bir də bizim bu ağalar ki, allahdan bu qədər danışırlar, doğrusu mən qorxuram; deyir ki, başına gələn başmaqçı olar, görmüşəm, elə ki, bir şər işləri oldu, başlayırlar allahı bolşeviklərdən qorumağa. Yenə görəsən nə hiylələri var. Yəqin ingilisnən əlbir olublar. Keçən davada da belə elədilər. İranın yarısını acından öldürdülər...

Axşam o, eşitdiklərini Friduna nəql etdi. Fridun bütün şəhərdə ançaq sovet-alman müqaviləsindən danışıldığını söylədi. Xalq və mütərəqqi adamlar bu müqavilənin bağlanmasına sevinirdi. Onu sovet siyasətinnn qələbəsi hesab edirdi. Hətta çoxları bir-birilə gözaydınlığı verib, “inşallah, ingilisin əlindən yaxamız qurtaracaq” ümidilə gələcəyə baxırdılar. Lakin rəsmi dairələr, mürtəce təbəqələr isə başqa cür düşünürdü. Qəzetlər, Sovet dövləti ünvanına London və Paris radiolarının böhtanları ilə dolu idi. Bu isə xalqın bir qismini şübhəyə salır, iradə və fikrini sarsıdırdı.

Rza Qəhrəmani:

- Fridun, gəlsənə bu münasibətlə bir vərəqə buraxaq, -  dedi. - Bizim borcumuz həqiqəti xalqa çatdırmaqdır.

- Çox gözəl fikirdir, dostum, gəl bir səni öpüm!.. Kitabçanı bir az gec də çap etsək olar. Amma bunu gecikdirmək olmaz. Radioqəbuledicini qur, bir görək Moskva nə deyir?

- Beş dəqiqə qalır. Moskvaya qulaq asaq, sonra vərəqə hazrlayarıq. Bu dəfə mətbəədə çap edib, məmləkətin hər yerinə yaymaq lazımdır.

Onlar qapı-pəncərəni bağladılar. Pərdələri salıb, radioqəbuledici qarşısında oturdular və həyəcanla Moskvaya qulaq asmağa başladılar. Moskva dost ürəkləri sevinclə dolduran dərin bir inamla sakitcə danışırdı. Bu aram səslə həqiqətin gücü vardı. O, sovet-alman müqaviləsi haqqında izahat verirdi. Rza Qəhrəmani pıçıldadı:

- Tez, kağız-qələm götür, tut, tut.        .

Cınqırını çəkmədən dinlədikləri Moskva radiosu beynəlxalq vəziyyət haqqında geniş təsəvvür verirdi. O, son hadisələrin səbəblərini açıb şərh edir, dövlətlər arasındakı münasibətin üzərindən dumanlı pərdələri qaldırırdı.

Fridun və Rza Qəhrəmani, bu məlumatda İranın və başqa ölkələrin siyasət adamlarının çıxışında olan əllaməliyi, dəbdəbə və təntənəni görmürdülər. Bu məlumat hər kəsin anlayacağı sadə sözlərdən düzəlmişdi, özünün də bircə xasiyyəti var idi ki, bu xüsusiyyəti başqalarında tapmaq mümkün deyildi, bu xüsusiyyət də onun bəşəriyyətə əsl həqiqəti deməsində idi.

Onlar qulaq asdıqca bir-birini dümsükləyir və sevincdən gülümsəyirdilər. Fridun tez-tez yazırdı. Veriliş qurtarandan sonra yanaşı divana oturub oxudular. O, nəinki verilişin əsas ruhunu tutmuş, hətta ayrı-ayrı cümlələri tamamilə yaza bilmişdi. Fridun oxuduqca Rza Qəhrəmani onu saxlayırdı: “nə gözəl demişdi” xüsusilə radionun ingilis, fransız hakim dairələrinin Almaniyaya qarşı “ideoloji müharibə” elan etməsinin iç üzünü, imperialist mahiyyətini açması ona xoş gəldi.

-  Dayan, bir də oxu. Bunu olduğu kimi vərəqəyə köçürmək lazımdır.

Fridun yazdığını oxudu: 

- Cəmi 47 milyon əhalisi olan Britaniya imperiyası 480 milyon əhalisi olan müstəmləkələrə ağalıq edir. Əhalisi 42 milyondan artıq olmayan Fransa 70 milyon adamı olan müstəmləkələrə malikdir. Yüz milyonlarla insanları istismar etmək imkanı verən bu müstəmləkəçilik İngiltərə və Fransanın dünya ağalığının əsasıdır: Almaniya həmin müstəmləkələrə göz dikmişdir və bu da İngiltərə və Fransa imperialistlərini dəhşətə salaraq, Almaniyaya qarşı müharibəyə sövq edir. İngiltərə və Fransa hakim dairələrinin müharibə qızışdırmasının əsas səbəbi öz dünya ağalığını itirmək qorxusudur.

Vərəqəni yazmağa başlamamış, Kürd Əhməd və Kərimxan Azadi ilə görüşüb, məsləhətləşməyi qərara aldılar. Onların yanına getmək istərkən Rza Qəhrəmani Fridunun qolundan tutub, stolun başında oturtdu:

- Sən yaz, qardaş, vaxt itirmək olmaz. Onların ikisini də mən çəkib bura gətirərəm; - dedi və tələsik otaqdan çıxdı. Fridun onun hər işə ürəklə, həvəslə yapışmasını xoşlayırdı.

 * * *

Tehrana gəldiyindən bir müddət sonra Fridun Süheylilərin kontorundan çıxıb, darülfünunun hüquq fakültəsinə daxil oldu. Bu işdə Şəmsiyyə və sərtib Səliminin də ona köməyi dəymişdi. O, tez bir zamanda darülfünunun tələbələri arasında özünə hörmət və məhəbbət qazanmışdı. Gündüzlər darülfünuna gedər, axşamlar evdə oturub, dərslərini hazırlar, sonra çıxıb, yarım saat şəhəri dolanar və bazar əhlinə, küçələri dolduran səliqə ilə geyinmiş aristokratlara, tacirlərə, hər addımda bir “ağa, acam, rəhm elə” deyə, əl açan dilənçilərə, yoxsullara baxar və düşünərdi. Hələ uşaq vaxtlarında və sonralar Təbrizdə ikən o, Tehran həyatına aid çoxlu hekayətlər eşitmiş, bu həyatın bəzi dəhşətli səhnələrini təsvir edən ayrı-ayrı əsərlər oxumuşdu. Belə kitabları əksərən böyük bir çətinliklə və gizlincə ələ keçirmək olurdu. Çünki nəinki Tehran, bəlkə bütün İranda kiçik bir ictimai qüsura işarə edən hər bir əsər qadağan edilmişdi. Belə əsərlərin müəllifi və oxucusu ağır təqiblərə məruz qalırdı. Şeyx Məhəmməd Xiyabani, doktor Ərani və başqa bu kimi mütərəqqi xadimlərin yazıları qadağan olunmuş əsərlər cərgəsində idi. Buna baxmayaraq, İrandakı ictimai zülmü, orta əsr geriliyini, siyasi quruluşun yaramazlığını göstərən və ona işarə edən köhnədən qalma əsərlər gizlincə əldən-ələ gəzir, oxunurdu. Hazırkı vəziyyət, Rza xanın yaratdığı dəhşətli diktatorluq və işlənən faciələr isə heç vasitə ilə qarşısı alına bilməyən şifahi hekayətlər, rəvayətlər və nağıllarda öz ifadəsini tapır, şəhərləri, kəndləri, evləri dolanırdı. Bu eşitdikləri içərisində Fridunun yadında qalan Rza xanın dəhşətli bir zalim, amansız bir xudpəsənd olması idi. O, Zöhhak kimi əbədi bir şübhə içində yaşayaraq, qəzəbi tutan heç kəsə aman verməzdi. Onun şəhər və kənd ərbablarına olan hüsn-təvəccöhündən də danışırdılar. O, bu ağaların təşəbbüslərinə imkan yaradırdı. Onların ticarətinin artmasına, yeni karxanalar açmasına, malikanələrinin böyüməsinə kömək edən qanunlar verirdi. Şəhərdə fəhlənin, kənddə zəhmətkeş kəndlinin ixtiyarını tamamən onların əlinə vermişdi. Ərdəbildə qoca bir kəndli deyirdi:

- Sahibkar, daş-kərpici bənnanın sərəncamına verən sayağı, əlahəzrət də bizi verib ərbablara, deyib: yonun, əzin, suya qatın, palçıq qayırın, nə istəyirsiniz tikin.

Gizli danışıqların məzmunu belə idi. Əksərən hakim dairələrdə gedən açıq danışıqlarda və hər gün qəzetlərin səhifələrini dolduran yazılarda isə onun İrana etdiyi xidmətlərdən, gətirdiyi maşınlardan, çəkdirdiyi yollardan, tikdirdiyi saraylardan bəhs edilirdi. Bütün bu söhbətlərdə də Tehran və onun həyatı böyük bir yer tuturdu. Rza xanın şəhər və kənd ərbablarının siyasəti naminə böyüklük və allahlıq iddiası ilə törətdiyi qanlı və əcaib işlər burada vaqe olurdu. Buna görə də bu gəlişində Fridun şəhərin xarici görkəmindən tutmuş, onun daxili həyatına qədər hər şeyi diqqətlə müşahidə edirdi. Şəhərdə birinci gözünə dəyən ehtiyac və kasıblıqla zənginlik və zinət səhnələrinin hər addımda qarşılaşması, üz-üzə durması idi. Şəhərin siyasi və ictimai həyatı isə daha dərin ziddiyyətlərlə dolu idi. Vətəndaşların bir-birindən ürkdüyü və qorxduğu bir şəraitdə bunu müşahidə etmək, əlbəttə, daha çətin idi. Lakin düşdüyü şərait və mühit ona bu yolda imkan verirdi. Xüsusilə darülfünun həyatı!..

Fridun darülfünuna böyük bir ürək çırpıntısı ilə daxil olmuşdu. O, gələcəkdə bir tikə çörək sahibi olmaq fikrilə buraya gəlməmişdi.  Yox, tutduğu böyük yolda mətin addımlarla getmək, xalqına faydalı olmaq fikri onu buraya gətirmişdi. Odur ki, Kürd Əhməd, Rza Qəhrəmani və Aramla hansı ixtisası seçmək, hansı fakültəyə girmək məsələsini müzakirə edərkən, tərəddüd etmədən hüquq fakültəsini seçmişdi. 

- Artıq həyat özü mənim yolumu müəyyən etmişdir. Bu yol həmişə ictimai mübarizələr üstündən keçəcəkdir. Belə isə, mən hüquq elmləri ilə daha artıq məşğul olmaq istərdim.

Darülfünun tibb fakültəsində oxuyan Aram zarafatyana:

- Demək biz cəmiyyətə zidd bir yol tutmuşuq, eləmi? - deyə gülmüşdü.

Fridun ciddiyyətlə:

- Yox, - demişdi, - həm cismən, həm də ruhən xəstə olan bir cəmiyyətin hər iki təbibə ehtiyacı var və olacaqdır. Sənə də, mənə də. Bir də mən inanıram ki, sənin əlində təbabət dar bir ixtisas deyil, ictimai ideal yolunda mübarizə silahına çevriləcəkdir.

- Buna şübhə etməyə bilərsən!

Darülfünun həyatı onun azad fikirlərinin yavaş-yavaş, lakin əsaslı surətdə dərinləşməsinə səbəb olmuşdu. Əlbəttə, bu o demək deyildi ki, Tehran darülfünunu mütərəqqi ideyalar təbliğ edən proqramlar əsasında qurulmuş və ya orada inqilabi ruhlu müəllimlər dərs deyir. Əksinə, 1917-ci ildə təşkil edilmiş Tehran darülfünunu hər zaman hakim təbəqələrin və dövlətin ciddi nəzarəti altında olmuşdur. Burada illər boyu tarixi və elmi həqiqətlər pərdələnmiş, hakim feodal sinfinin vəziyyətinə və təbiətinə müvafiq ən mürtəce nəzəriyyələr təbliğ edilmişdir. Hətta saysız-hesabsız ruhani məktəblərinin yaydığı mövhumat və xurafat az imiş kimi, ən çürük dini görüşlər də burada bir “elm” kimi tələbələrə öyrədilmişdir. 1937-ci ildə aparılan reforma darülfünunun zahirən “avropalaşmasına” səbəb olmuşsa da, əslən onun proqramlarının daha mürtəce əsaslar üstündə qurulması ilə mütərəqqi-elmi fikirlərin daha amansız təqib olunması ilə nəticələnmişdi. Hekayəmizdə nağıl edilən hadisələrin cərəyan etdiyi dövrdə hüquq fakültəsində bütün dərslər mütləq belə bir nəticə ilə qurtarırdı ki, Rza xan istibdadı ideal bir dövlət quruluşudur. Hər hansı ədalət və insaniyyətdən məhrum olan müstəbid İran qanunları yer üzündə ən ideal qanunlardır. Məmləkətin və xalq səadətinin əsası şahpərəstlikdədir və sairə. Həqiqətə və şüura zidd bu çürük fikirləri azca şübhə altına alan və ya “sübut” etməkdə kifayət qədər səy göstərməyən hər bir tələbə “qorxulu ünsür” kimi əbədi nəzarət altına düşəcək idi. Eyni vəziyyət bütün başqa fakültələrdə də hakimdir. Lakin hüquq fakültəsi daha artıq “zərərli və qorxulu fikirlərin” doğduğu bir fakültə sayılır. Çünki buranın siyasi, iqtisadi və hüquq şöbələrində istər-istəməz tələbələrə başqa məmləkətlərin hüquq əsaslarından, iqtisadi həyatından məlumat verməyə məcburdurlar. Bu isə, təbii olaraq, tələbələri bir çox istənilməz mənbələrə aparıb çıxarır. Darülfünunda da olmasa, onun xaricində müxtəlif mübahisələrə səbəb olur, tələbələrin başında “zərərli” fikirlər doğurur. Odur ki, hüquq fakültəsində dərs zamanı qətiyyən mübahisələrə, hadisələrin səbəbini axtarmağa, onları təhlil etməyə yol verilmir, əzbərləmə, üzdən keçmə və yalnız deyiləni yadda saxlamaq əsas tutulur. Çünki hüquq məsələlərini dərindən təhlil etdikcə, ictimai quruluşun dözülməz və ədalətsiz olduğu meydana çıxır. Belə təşəbbüslərə əl atanlar isə öz taleyini İran nəzmiyyəsinə tapşırmış olurlar. Bütün bunları diqqətlə müşahidə edən Fridun tələbələr arasında açıq fikirli və fədakar insanların olduğunu da görürdü. Onlar əksərən xəyalpərəst gənclər, geniş ictimai fəaliyyət meydanı axtaran və həqiqi azadlıq üçün çırpınan gənc tələbələr idi. Ustad adlanan darülfünun müəllimləri arasında isə zahiri bir müvazinət və ağırlıq hökm sürdüyündən belələrini seçmək çox çətin idi. Tələbələrdən Qurban Mərəndi adlı birisi öz açıq fikirləri və cəsarətli hərəkətləri ilə Fridunun diqqətini cəlb etmişdi. Qurban Mərəndi hüquq fakültəsinin iqtisadi şöbəsində üçüncü kursda oxuyurdu. Onunla tanışlıqları da çox sadə şəkildə olmuşdu. Fridun darülfünunun geniş həyətində gəzir, gah hündür ağaclara, gah da sarı payız güllərinə baxaraq, Azərbaycanı xatırlayır və artıq uzun müddət oraya gedə bilməyəcəyini düşündükdə ürəyi qəriblik hisslərilə dolurdu. Bu zaman ortaboylu, lakin möhkəm vücudlu bir adam ona yaxınlaşaraq, çoxdankı bir tanış kimi azərbaycanca:

- Xoş gördük, qardaş - deyə, əlini ona tərəf uzatmış və cavab gözləmədən əlavə etmişdi:

- Azərbaycanlı olduğunu gördüm, davam gətirmədim. Dedim bəlkə bizim yerlərdən də bir xəbər deyəsən, hardansan?

- Təbrizdənəm.

- Çox yaxşı, mən də Marağadanam. Tanış olaq.

Fridun heyrət etmişdi:

- Bəs Mərəndi niyə?

- Babamgil Mərənddən köçüb gəlmişlər. Mən Marağada anadan olmuşam. Amma bizlərə mərəndilər deyərlər. Heç Marağada olmamısan ki?

- Xeyr.

- Çox təəssüf, görməli yerdir. Meyvə bağları nəyə desən dəyər.

O, Marağanın meyvə bağlarından, quru əriyinin məziyyətlərindən ağızdolusu danışaraq, üç ildə bir dəfə də oraya gedə bilmədiyini söylədikdə Fridun təəccüblənmişdi.

- Təəccüb etmə, əzizim, bu müddətdə ancaq otaq pulunu, təlim haqqını düzəldib, birtəhər özümü saxlaya bilmişəm. Daha yol pulu və getmək xərci tədarük edə bilməmişəm.

Zəngin çalınması onların söhbətini yarımçıq qoymuşdu. İkinci dəfə beş gün sonra görüşmüşdülər. Bu dəfə dərslər qurtardıqda Qurban Mərəndi Friduna yaxınlaşaraq, onunla birlikdə darülfünundan çıxmış, bir saata qədər söhbət edərək, şəhəri gəzmişdi. Bu söhbətdə Fridun onun Marağada heç kəsi olmadığını, ata və anasının çoxdan vəfat etdiyini, özünün pinəçi şagirdindən tutmuş, nökərçiliyə qədər uzun bir zəhmət yolu keçdiyini və yalnız öz istedadı nəticəsində orta məktəbi bitirərək, birtəhər Tehran darülfünuna girdiyini öyrənmişdi. Onun həyatı və açıq qəlbi Fridunda rəğbət və məhəbbət oyatmışdı.

Üçüncü görüşlərində o, Fridunla gələcək həyatından danışmışdı. İxtisasının ağırlığından şikayət etmişdi:

- Doğrusu, getdikcə daxili bir peşmanlıq duymaqdayam, mənəvi və əxlaqi əsasları çürük olan bir cəmiyyətdə ədalət və haqqa arxalanan qanun təsəvvür etmək çətindir. Belə bir qanun olmayan yerdə də vəkil ya gərək vicdanını satsın, rüşvət və soyğunçuluğa, qan və zülmə bəraət qazandırsın, ya da əvvəl-axır məhv olub getsin, heç bir çıxış yolu görmürəm. Bir təbib olsaydım bundan daha xeyirli olardım.

- Fridun ona təskinlik verərək bu qədər naümid olmamağı məsləhət görmüş, hər halda ədalət və haqq yolunda ölməyin bir zəli kimi yaşamaqdan şərafətli olduğunu söyləmişdi. O, Fridunun bu sözlərini nə isə qəribə əndişə ilə dinləyərək:

- Özünü gözlə ha, həmyerli - deyə xəbərdar etmişdi, - bizim danişgədə çox azarlı yerdir. İnsanın xəbəri olmadan başında elə fikirlər oyanır ki, sonra altından çıxmaq çətin olur. Yadında saxla ki, burada ən qorxulu şey düşüncədir. Özünü düşünməkdən gözlə...

- Hələ ki, qorxulu bir şey düşünmürəm.

- Onda görünür, qarnıtox xoşbəxtlərdənsən, Atan tacirdirmi?

Fridunun da özü kimi kimsəsiz olduğunu eºitdikdə:

- Onda heç şey düşünmədiyinə şübhə edirəm, - dedi, - çünki mən insanın bütün   düşüncələrini müəyyən edən iqtisadi münasibətlər olduğuna inananlardanam.

O, səsini yavaşıdıb, lap yaxına gəldi:

- Düzdür, buna bizdə marksizm deyirlər və onu ən qorxulu bir şey hesab edirlər. Hətta müəllimlər Marksın iqtisadi nəzəriyyəsindən bərnaməyə* əsasən səthi və qələt məlumatı da verərkən qorxudan titrəyirlər. Buna baxmayaraq, o mənə çox maraqlı görünür. Necə baxırsan, həmyerli?..

Fridun:

- Əzizim, belə şeylər məni maraqlandırmır, - deyə dərsə getmək bəhanəsilə ondan ayrıldıqda, Qurban Mərəndi qabağına keçdi:

- Həmyerli, mən səni vicdan sahibi hesab edərək, bu sözləri danışdım ha!..

Fridun onun səmimi, lakin tez-tez hissiyyata qapılan və hissiyyata qapıldıqda da ehtiraslarını cilovlamağı bacarmayan bir adam olduğunu yəqin etdi. Sonrakı görüşləri bunu aydın göstərdi.

Qurban Mərəndi bütün varlığı ilə istibdada, Rza xan despotizminə düşmən idi. Onu kor ehtirasların, çox zaman idraka qulaq asmayan qızğın hissiyyatın hakimiyyətindən qurtarmaq mümkün olsaydı, gizli təşkilata nə qədər fayda verərdi. Bu fikrin təsirilə Fridun onu çox diqqətlə öyrənir və hərəkətlərini izləyirdi. Lakin ikicə gün sonra darülfünunda baş verən bir hadisə göstərdi ki, artıq onda bir xasiyyət olmuş bu qızğınlığı soyutmaq qeyri-mümkündür.

Yayda cəhənnəm kürəsi kimi hər tərəfi yandıran Tehran günəşi, payızın son ayları və qışda çox ilıq və mülayim olur. Onun şüaları insanın ruhunu oxşayır, canını qızdırır. Belə günlərdə adətən küçələr, meydan və həyətlər adamla dolur. Darülfünun tələbələri tənəffüsdə böyük və geniş həyətə çıxır, bir-bir, iki-bir gəzib söhbət edirlər. Belə bir gün idi. Tələbələrin böyük bir əksəriyyəti həyətdə idi. Fridun da öz sinif yoldaşları ilə gəzişirdi. Səkkiz, on nəfərdən ibarət bir dəstə sərv ağacının güneyində durub, həvəslə nə isə danışırdı. Qurban Mərəndi də bu dəstənin içində idi. Fridun ona nəzər salaraq, gözlərinin yanmasından yeni hissiyyat əsiri olduğunu gördü. Lakin əhəmiyyət verməyib, yoldaşları ilə birlikdə onların qabağından keçib getdi. Geri qayıdanda ağac güneyində durmuş tələbələrin nisbətən qızğın danışığı Fridungili dayanmağa məcbur etdi. Fridun gözləri qızmış, dodaqları titrəyən Qurban Mərəndinin, üzünü çox balacaboylu, təqribən porsuğu xatırladan bir tələbəyə tutaraq, əsəbi halda dediyi sözləri eşitdi:

- Get, ağa, get sən yaz ki, İran məmləkəti başdan ayağa cənnəti-əladır, nə yoxsul var, nə ac, nə zülm var, nə zalım... Bütün dünya gəlib bizə baxsın və yaşamağın qaydasını bizdən öyrənsin. Get yaz!..

Balacaboylu qəzəblə onun sözünü kəsdi:

- Ağa, siz məni ələ salmayın. Siz bayaqdan heyəti-hakimənin qələt işlərindən danışırdınız, indi də əltafi-şahanənin nəticəsində millətin xoş yaşamasını danışırsınız!.. Sizin damarınızda iranlı qanı yoxdur, bir halda ki, siz belə sözlər deyirsiniz...

- Əgər iranlı qanı, aclıq və səfalət içində çürüyən yazıq millətin halına göz yummaqda isə, məndə o qan yoxdur!

Balacaboylu:

 - Xob, olmasın, ağa, olmasın! Görək kim peşmanlıq çəkəcək. Siz ya ki mən? - deyib dalına baxmadan getdi...

Qurban Mərəndi, hələ də titrədiyi halda onu sakit etmək istəyən yoldaşlarına qulaq asmayıb, sinif otağına çəkildi.

Lakin onu sinifdə oturmağa qoymadılar, darülfünun rəisinin - rektorun yanına çağırdılar. Rəis tələbələrin qabağında onu məzəmmət etdi:

- Əlahəzrət-hümayun Rza şah allahın kölgəsidir, - dedi, yer üzünün allahıdır. Onun sayeyi-mərhəmətindən biz buradə elm təliminə məşğuluq. Sən mihənpərəst* ol, cənnətin bir guşəsi olan İranı dost tut. Nəinki boş-boş sözlər danış.

 Qurban Mərəndi rəsmi bir hörmətlə:

- Ağayi cənab rəis, - dedi, - mən pis bir söz danışmadım. Ağa bilmirəm niyə kəmovqat oldular.

Rəis qəti və etiraza yol verməyən bir səslə:

- Get, - dedi, - bir də belə hərəkətlər baş versə özündən küs!

Fridun da, başqa tələbələr də o gündən başlayaraq Qurban Mərəndinin nəzarət altına alındığını hiss etdilər. Bunu Qurban Mərəndi özü də duymuşdu. Lakin bu hal onu düşündürməkdənsə daha da qəzəbləndirmişdi. Bir axşam təsadüfən Şah Rza xiyabanında ona rast gələn Fridun ehtiyatlı olmağı məsləhət gördü. O isə əsəbiliklə:

-  Lap cəhənnəmə düşmüşəm, boğuluram, - dedi, - nə olacaqsa olsun, mən bu ağalar kimi vicdan və əqidəmi satmayacağam. Dünyanın hər zülmünü, hər əziyyətini görmüşəm, heç şeydən də qorxmuram. On il yaşamaram, on gün yaşaram, lakin namusla yaşaram.

Fridun artıq bir söz deməyib ondan ayrıldı.

Onu təşkilata çəkmək fikrini qəti olaraq başından çıxartdı. Ürəkdə isə halına yanır, “istibdad rejimi nəinki aclıq və səfalətlər törədir, həm də insanların ruhi müvazinətini, mənəvi bütövlüyünü pozub dağıdır” deyə düşünürdü.

Qurban Mərəndi kimi adamlar, hazırkı şəraitdə həyatın fəlakət və rəzalətlərinə qarşı tək-tənha vuruşmalı və nəhayət məhv olmalı idilər. Yalnız açıq ümumxalq üsyanları və çıxışları başlanan bir dövrdə onların həyat və fəaliyyəti faydalı bir istiqamətə düşə bilərdi.

 ***

Mister Toması dünyada heç bir şey heyrətə salmazdı. Ümumən o, şərqə gəldikdən sonra qərara almışdı ki, dünyada nə desələr mümkündür və heç bir şeyə də heyrət etmək lazım deyil. Doğrudan da, onun son on beş ildəki danışığı və hərəkətləri kağıza köçürülsəydi nə bir dənə nida və nə də sual işarəsi lazım olardı. Hər şey hamar, hər şey müstəqim istiqamətdə axıb gedərdi.

Lakin bu gün mister Tomas heyrət içində idi. O, trubkasını tüstulədir və otağında gəzinərək, heyrət edirdi. Düzdür, onun Şiraz torpağı kimi sapsarı olan rəngi bu heyrəti büruzə vermirdi. Otağı titrədən kəsafətli və enli bədəni insan iztirabları önündə alınmaz bir qala kimi görünsə də o daxilən narahat idi. Trubkanı ağzında tutaraq, əllərini belinə qoyduğu halda gəzinir və ara-sıra stol üstündəki bir parça kağıza baxırdı. Onu heyrətə salan bu bir parça kağız idi. Trubkanı keçirib oturdu, yavaş-yavaş qurdalayıb, külünü təmizlədi, yenidən tütün doldurub alışdırdı və dodağına aldı. Yerindən qalxmayıb, vərəqi stoldan götürdü və bir də kirpiksiz görünən iri gözlərini ora dikdi. Bu, Fridungilin buraxdığı vərəqə idi. O, belə başlanırdı: “Vətəndaşlar! Eşidin! həqiqətin səsinə qulaq asın! Mürtəce İran ruznamələrinin dediyinə inanmayın! Onlar Londonun yalanlarını və böhtanlarını təkrar edir! Onlar bəşəriyyət üçün hazırladıqları qanlı müharibələrin günahını fəhlə və zəhmətkeşlərin vətəni olan Sovet məmləkətinin üstünə atmaq istəyirlər. Biz, İranın bir dəstə namuslu oğlu özümüzə borc bildik, həqiqəti sizə çatdıraq”.

Vərəqə bu sözlərlə qurtarırdı: “İran zəhmətkeşi! Ayağa qalx! Səsini bütün dünya zəhmətkeşlərinin səsinə qat! Ucadan qışqır ki, rədd olsun müharibə qızışdıran imperialistlər! Üzümüzü ingilis müstəmləkəçilərinə tutub, bir ağızdan deyirik: çıxın bizim vətənimizdən! Bəsdir onu talan etdiniz! Rədd olun!”

Mister Tomas heyrət etməklə bərabər darıxırdı da. Onu darıxdıran səbəb dərin idi. O, belə şeylərin qabağını vaxtında ala bilmədiyi üçün geri çağırıla bilərdi. İmperiyanın bu dolaşıq vəziyyətində onun təcrübəsinə də, stajına da baxmaya bilərdilər, halbuki bu staj çox böyük idi.

Mister Tomas özünü şərqə həsr etmiş ingilislərdən idi. O hələ gənc yaşlarından başlayaraq fars və ərəb dillərini öyrənmiş, islamiyyət və onun ehkamları ilə tanış olmuşdu.

Bununla da, kifayətlənməyərək, ayrı-ayrı müsəlman ölkələrinin tarixini, həyat və məişətini, adət və ənənələrini bu ölkələri bir-birinə yaxınlaşdıran, bir-birindən uzaqlaşdıran cəhətləri, xalqının xasiyyətini və əhvali-ruhiyyəsini uzun mütaliə və müşahidələr nəticəsində öyrənə bilmişdi. Onun şərqdə ilk fəaliyyətə başladığı yer Hindistan və sonra da Əfqanıstan olmuşdu. Əmənulla xanın əleyhinə qəbilə üsyanları və onun yıxılması bu dövrə təsadüf etmişdi. Bu hadisələrdən iki-üç ay sonra mister Tomas İrana göndərilmiş və burada ilişib qalmışdı. Təbiidir ki, İran haqqında kitablardan aldığı təsəvvür və məlumat uzun illərin müşahidə və təcrübəsi nəticəsində daha da dərinləşmişdi. Bütün İran dövləti daxilində gəzmədiyi bir nöqtə yox idi. Azərbaycan, Kürdüstan, Mazəndəran, Gilan, Xorasan və Cənubun az-çox görkəmli elə bir şəhəri yox idi ki, ora mister Tomasın ayağı dəyməmiş ola, orada mister Tomasın sahib-mənsəblər, tacirlər və ərbablar içərisində tanış və dostları olmaya. Bu adamlar nəinki ticarət və siyasət məsələlərində, hətta bir-birilə münasibətdə də mister Tomasla məsləhələşirdilər. Tomas, kimin-kimdən acığı gəldiyini, hətta kimin-kiminlə ata-baba düşmənçiliyi olduğunu da bilər və bundan məharətlə istifadə edərdi.

Bir sözlə, o Şərqdə inkglis müstəmləkə siyasətinin yüz illərdən bəri əldə etdiyi təcrübə əsasında yetişmiş, öz fəaliyyəti ilə bu təcrübəni zənginləşdirən şəxslərdən biri idi.

Tehranın özündə də mister Tomasın ayaq basmadığı görkəmli bir ev yox idi. Sarayın və bütun zadəganların qapısı onun üzünə açıq idi. Kübar ailələrdə onu “Bizim Tomas” deyə çağırırdılar. Çünki o nəinki İran məişətini, adət və ənənələrini çox gözəl bilir, həm də özünü bu adət və ənənələrin pərəstişkarı kimi tanıtmışdı. Mister Tomas ancaq rəsmiyyət üçün sahib-mənsəblər və görkəmli şəxslərin görüşünə gedən adamlardan deyildi. Xeyr! Mister Tomas özünü çox sərbəst və açıq aparırdı. Sanki onu məhdudlaşdıracaq heç bir rəsmi çərçivə yox idi. Belə ki, o, heç gözlənmədən bu və ya digər qapını açıb girər, saatlarla min cür boş-boş əhvalatlardan danışıb, laqqırtı vurar, yaxud da əlindən düşməyən trubkasını tüstülədərək, kirpik çalmadan oturub, müsahibinə baxardı.

İranlılar indi onun qarşısında belə sürpriz çıxartmışdılar.

İstirahət zamanı olduğuna baxmayaraq, o, birbaş sərhəng Səfainin evinə getdi. Sərhəng onu ikimərtəbəli evinin həyət bağına çıxan yaşıl üzüm tənəkləri ilə örtulmüş balkonunda qəbul etdi.

- Mister Tomas, viski meyl edəcəksiniz, ya çay? - deyib soruşdu:

Mister Tomas birdən cavab vermədi. Trubkasını çıxarıb, tütün doldurmağa və balkondan sallanmış üzüm salxımlarına baxmağa başladı:

- Ağayi sərhəng, yaxşı səliqəniz var.

Sərhəng gülümsədi:

- İltifat sahibisiniz, mister Tomas. Vaxtım olmur. Yaxşı baxa bilmirəm.

Sərhəng bir anlığa çıxdı və tez qayıtdı. Mister Tomas artıq qıçını-qıçının üstündən aşıraraq, kresloda oturub çubuğunu tüstülədirdi. Azca sonra xidmətçi çay, viski və şirniyyat gətirib səliqə ilə stolun ustünə düzdü və getdi. Sərhəng badəni qaldırdı, birini mister Tomasa verdi:

- Sizin sağlığınıza, mister Tomas.

Sərhəng axıra qədər içdi. Mister Tomas dodağı na vurub qaytardı və stolun üstünə qoydu. Eyni səliqə ilə vərəqəni cibindən çıxarıb açdı. Sərhəngə tərəf uzatdı:

- Görmüsünüzmü?



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info